Məhkəmə qərarları › İş №e-2-2(119)-541/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-541/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-541/2025 06.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 23 noyabr 2023-cü il tarixli AS-QQH/300 nömrəli alqı-satqı müqaviləsi üzrə 558,5 (beş yüz əlli səkkiz manat, əlli qəpik) manat məbləğində əsas borc, 1228,7 (min iki yüz iyirmi səkkiz manat, yetmiş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1787,2 (min yeddi yüz səksən yeddi manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin və 37,88 (otuz yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında 23 noyabr 2023-cü il tarixli AS-QQH/300 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini ödəməmişdir. Bununla əlaqədar, cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 23 noyabr 2023-cü il tarixli AS-QQH/300 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, hazırki müqavilə şərtlərinə əsasən alıcının (Cavabdeh MMC-nin) sifarişinə uyğun olaraq satıcı (İddiaçı MMC) sifarişçiyə ərzaq, sənaye və s. gündəlik tələbat malları (məhsulları) satacaq və təchiz edəcək. Alıcı müqavilənin madddələrinin müddəaları əsasında satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malların (məhsulların) çatdırılması müqavilənin 2-ci bəndinə və müddəalarında göstərilən şərtlərin tələbləri əsasında həyata keçirilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı ilə alıcı arasında məhsulların (malların) illik və ya aylıq qiymətləri razılaşdırılıbsa, qiymətlər protokolu tərtib olunur, əks halda malların dəyəri bazar qiymətinə uyğun olaraq təhvil-təslim aktı ilə tənzimlənir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, malların dəyəri satıcı tərəfindən təqdim olunmuş elektron qaimə/vergi hesab fakturasına uyğun olaraq 30 (otuz) iş günü müddətində satıcıya ödənilməlidir. Satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını və elektron qaimə-fakturanı da alıcıya təqdim etməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, satıcı sifariş formasını alıcıdan qəbul etdikdən sonra satdığı məhsulları 3 (üç) iş günü ərzində və ya gün ərzində tərəflər arasında əldə edilmiş razılığa əsasən çatdırmalıdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, satıcı satdığı malları alıcıya alıcı tərəfindən sifariş zamanı yazılı qeyd olunan ünvanda təhvil verir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən iki nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir. Təhviltəslim aktı imzalandıqdan sonra mallara mülkiyyət hüququ və malların təsadüfən itməsi, məhv olması və ya təsadüfən zədələnməsi riski alıcıya keçir. Təhvil-təslim anınadək qeyd edilən riski satıcı daşıyır. Həmin müqavilənin 5.2.3-cü yarımbəndinə əsasən, təhvil aldığı malların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək alıcının öhdəliyidir. Həmin Müqavilənin 6.7-ci bəndinə əsasən, alıcı müqavilə üzrə malların dəyərinin ödənilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə ödənilməyən məbləğin 2 % (iki) faizi həcmində satıcıya penya ödəməlidir. İş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli BP00-011683 nömrəli qaimə fakturadan görünür ki, ümumi dəyəri 558,5 manat məbləğində olan mallar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 10521870 nömrəli elektron qaimə-fakturadan görünür ki, cavabdehə göndərilən malların ümumi dəyəri 558,5 manat təşkil edir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 23 noyabr 2023-cü il tarixli AS-QQH/300 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 558,5 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 23 noyabr 2023-cü il tarixli AS-QQH/300 nömrəli alqı-satqı müqaviləsi üzrə 558,5 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 1228,7 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 6.7-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 1228,7 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 28 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 38 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 11 fevral 2025-ci il tarixli **********21 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 23 noyabr 2023-cü il tarixli AS-QQH/300 nömrəli alqı-satqı müqaviləsi üzrə 558,5 manat məbləğində əsas borc, 28 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 616,5 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 23 noyabr 2023-cü il tarixli AS-QQH/300 nömrəli alqı-satqı müqaviləsi üzrə 558,5 (beş yüz əlli səkkiz manat, əlli qəpik) manat məbləğində əsas borc, 28 (iyirmi səkkiz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 616,5 (altı yüz on altı manat, əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar