Məhkəmə qərarları › İş №e-2-2(119)-547/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-547/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-547/2025 14.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 55803,85 manat məbləğində əsas borc, 16741,155 manat məbləğində peniya və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 5580,38 manat məbləğində faiz borcunun və ödənilmiş 258 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08 dekabr 2022-ci il tarixli 45/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı satıcı qismində armatur və metal çubuqlardan ibarət malları alıcı qismində çıxış edən Cavabdehnə təqdim etməklə satmağı, sonuncu isə müqavilə üzrə təqdim edilmiş malları qəbul edərək dəyərinin ödənilməsini təmin etməyi üzərlərinə götürmüşlər. Göstərilən müqavilə əsasında İddiaçı tərəfindən İnternet Vergi İdarəsi vasitəsi ilə elektron qaydada təqdim edilmiş 09 dekabr 2022-ci ildə eyni tarixli, EBCK seriyalı 836256 nömrəli elektron qaimə-faktura ilə 14358,24 manat dəyərində, EBCK seriyalı 892747 nömrəli elektron qaimə-faktura ilə 14082,12 manat dəyərində, EBCK seriyalı 893915 nömrəli elektron qaimə-faktura ilə 27363,49 manat dəyərində, cəmi 55803,85 manat dəyərində armatur Cavabdehnə təqdim edilmiş, satılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1 və 4.1-ci maddələrinin tələbinə görə Cavabdeh elektron vergi qaimə-faktura təqdim edildiyi gündən 3 iş günü ərzində aldığı malların dəyərini ödəməli olduğu halda, bu günə kimi öhdəliyini icra etməmiş, malların dəyəri olan 55803,85 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Bundan başqa müqavilənin 4.2-ci maddəsinə əsasən Cavabdeh hər gecikdirilmiş bir günə malların dəyərinin 1%-i məbləğində peniya ödəməlidir. Müqavilədə bu peniya məbləğinin 30%-dən artıq olmaması barəsində qeydin olması nəzərə alınarsa, Cavabdeh İddiaçınə malların dəyərinin 30%-i olaraq 16741,155 manat məbləğində peniya ödəməlidir. Bundan əlavə Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə İddiaçınə gecikdirilmiş vaxt üçün illik 5 faiz (2790,19 manat), yəni gecikdirilmiş iki il üçün 5580,38 manat ödəməlidir.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

7. Belə ki, iş materiallarında olan satıcı - İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli, 45/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya armatur, metal çubuq satır, alıcı isə həmin malları qəbul edir və haqqını ödəyir.

8. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satılacaq malların adı, miqdarı və qiyməti elektron-qaimə ilə tənzimlənəcəkdir.

9. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satılan malların təhvil verilməsi hər dəfə satıcı tərəfindənn İnternet Vergi İdarəsi vasitəsi ilə elektron qaydada təqdim edilmiş elektron vergi qaimə-faktura ilə rəsmiləşdirilir. Malları təhvil verərkən satıcı alıcıya onlayn qaydada elektron vergi qaimə-faktura təqdim edir, alıcı isə həmin gün asan imza vasitəsi ilə elektron qaimə-fakturanı təsdiq etdikdə və ya alıcı tərəfindən həmin gün ərzində elektron vergi qaimə-faktura geri qaytarılmadıqda mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən isə təhvil alınmış hesab edilir. Satılan mallar əlavə olaraq tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında da təhvil verilə bilər. Lakin təhvil-təslim aktının tərtib edilməməsi malların təhvil verilməməsi kimi qiymətləndirilə bilməz.

10. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, malların təhvil verilməsi məhz satıcı tərəfindən elektron vergi qaimə-fakturanın alıcıya təqdim edilməsi ilə təsdiq edilir və alıcı həmin gün elektron vergi qaimə-fakturanı geri qaytarmadıqda və ya asan imza ilə təsdiq etdikdə malların təhvil alınması kimi qəbul edilir.

11. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş müddət əzrində malların dəyərini satıcıya ödəmədiyi təqdirdə, hər gecikdirilmiş 1 (bir) günə görə malların dəyərinin 1%-i məbləğində satıcıya əlavə olaraq peniya ödəyəcək. Tərəflər razılığa gəlirlər ki, ödənişlərin gecikdirilməsinə görə hesablanmış peniya məbləği malların dəyərinin 30%-dan çox ola bilməz.

12. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 14358,24 manat dəyərində malların satılması ilə əlaqədar 09 dekabr 2022-ci il tarixli EBCK seriyalı 836256 nömrəli, 14082,12 manat dəyərində malların satılması ilə əlaqədar 09 dekabr 2022-ci il tarixli EBCK seriyalı 892747 nömrəli, 27363,49 manat dəyərində malların satılması ilə əlaqədar 09 dekabr 2022-ci il tarixli EBCK seriyalı 893915 nömrəli elektron qaimələr təqdim olunmuşdur.

13. İş materiallarından görünür ki, göstərilən elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

21. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

24. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

26. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 08 dekabr 2022-ci il tarixli, 45/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 55803,85 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 08 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 55803,85 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir.

27. İddia tələbinin cavabdehdən 16741,155 manat məbləğində peniyanın tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 4.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

30. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 16741,155 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

32. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Buna görə iddia tələbi həmin hissədə də təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 5580,3 (beş min beş yüz səksən manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır.

33. İddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 258 manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 258 (iki yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

35. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 55803,85 (əlli beş min səkkiz yüz üç manat səksən beş qəpik) manat əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ödəniş gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 5580,3 (beş min beş yüz səksən manat otuz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 258 (iki yüz əlii səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 62142,23 (altmış iki min yüz qırx iki manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

37. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 55803,85 (əlli beş min səkkiz yüz üç manat səksən beş qəpik) manat əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ödəniş gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 5580,3 (beş min beş yüz səksən manat otuz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 258 (iki yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 62142,23 (altmış iki min yüz qırx iki manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar