Məhkəmə qərarları › İş №e-2-2(119)-55/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-55/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-55/2024 31.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma müqaviləsinə əsasən avans olaraq ödənilmiş 44266,9 manat vəsait və 205 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 44471,9 (qırx dörd min dörd yüz yetmiş bir manat 90 qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə icraçı Cavabdeh MMC arasında 01 noyabr 2021-ci il tarixində 43/2021 nömrəli Satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Sifarişçi əməyin təhlükəsizliyi sahəsində 196 yeni standartın hazırlanması xidmətinin satın alınması məqsədi ilə İcraçının ümumilikdə 147556,64 manat məbləğində təklifini qəbul etmiş və Müqavilənin 10-cu bəndinə əsasən (müqavilə üzrə ödəmələr) Satınalma müqaviləsinin yerinə yetirilməsi üçün İcraçıya bu müqavilənin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödənilməsi nəzərdə tutulmuşdur. İcraçı Cavabdeh MMC tərəfindən sifarişçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 29 mart 2022-ci il tarixdə 08/22 nömrəli məktubla müraciət edilərək, müqavilənin ümumi dəyərinin 30 faizi miqdarında avansın ödənilməsi xahiş edilmişdir. Daha sonra 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli müqavilə üzrə öhdəliklərin dəyişdirilməsinin razılaşdırılması haqqında 19 aprel 2022-ci il tarixli 01/22 nömrəli “Razılaşma”ya əsasən İcraçı tərəfindən təqdim edilən xidmətlərin qəbul edilməsi və müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişin həyata keçirilməsi öhdəliyi X3 Xidmətinə (bundan sonra “Xidmət”) ötürülmüş və Xidmət tərəfindən 19 iyul 2022-ci il tarixdə avans olaraq icraçı Cavabdeh MMC-yə 44266,9 (qırx dörd min iki yüz altmış altı manat 90 qəpik) manat vəsait ödənilmişdir. Nazirlik (X3 Xidməti) sözügedən müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etsə də, icraçı Cavabdeh MMC müqavilənin predmetini təşkil edən 196 standartın hazırlanması xidmətini müəyyən edilmiş müddətdə, yəni 20 dekabr 2022-ci il tarixədək təhvil verməmiş, habelə müqavilə üzrə öhdəliklərinin icra edilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı cavabdehə pretenziya göndərilərək məlum işlərin görülməsi üçün 10 gün müddət verilsə də, bu vaxta kimi heç bir nəticə əldə edilməmişdir. Göründüyü kimi, Cavabdeh MMC iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə arasında olan 01 noyabr 2021-ci il tarixli müqavilənin 24-cü bəndində (icraçının vəzifə və öhdəlikləri) nəzərdə tutulmuş öhdəliklərini icra etməkdən boyun qaçıraraq, həmin Müqavilənin 21-ci bəndinə (müqavilənin ləğv edilməsi) əsasən müqavilənin ləğv edilərək Nazirliyə vurulmuş zərərin tələb edilməsi üçün zəmin yaratmışdır. İş üzrə məhkəmə araşdırması zamanı Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən məhkəməyə 26 dekabr 2023-cü il tarixli "Mediasiyanın etibarsız hesab edilməsi" barədə vəsatətlə müraciət edilərək, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keşirilmiş mediasiya prosesinin etibarsız hesab edilməsi xahiş olunmuş və həmin vəsatət – “mediasiya işlərinin kim tərəfindən, hansı formada aparılması ilə bağlı cavabdehə hər hansı bir məlumatın daxil olmaması, Şirkətin hüquqi və faktiki ünvanına, onlayn kargüzarlığa, mobil telefona mediator tərəfindən heç bir müraciətin edilməməsi, Nazirliyin cavabdehə qarşı “pul tələbi” haqqında məlumatı isə X3 Xidmətinin hüquq şöbəsinin müdirinin zəngindən sonra əldə etməsi və onda da artıq mediasiya prosesinin başa çatmış olması” ilə əsaslandırmışdır. Bu vəsatətlə əlaqədar iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə isə məhkəməyə “İşin halları ilə bağlı” Mülahizə təqdim edərək, işin mahiyyəti üzrə baxılmasının davam etdirilərək, iddia tələbinin təmin olunmasını xahiş etmiş və həmin Mülahizə onunla əsaslandırılmışdır ki, qanuna uyğun olaraq keçirilmiş tender nəticəsində sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi ilə icraçı “Burea de Qualité" MMC arasında 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma müqaviləsi bağlanmış və həmin müqavilənin tələbinə əsasən İcraçı əməyin təhlükəsizliyi sahəsində yeni standartların hazırlanıb təqdim edilməsini öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin müddəti 15 fevral 2022-ci il tarixli dəyişikliyə əsasən 15 fevral 2022-ci il tarixdən 31 may 2022-ci il tarixə kimi, 31 may 2022-ci il tarixli dəyişikliyə əsasən isə 31 may 2022-ci il tarixdən 20 dekabr 2022-ci il tarixə kimi uzadılmışdır. Bu müddətlərdə cavabdeh 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma müqaviləsinin 24-cü bəndinin (icraçının vəzifə və öhdəlikləri) nəzərdə tutulmuş öhdəliklərini icra etməmiş və həmin müqavilənin 21-ci bəndinə (müqavilənin ləğv edilmə əsasları) əsasən müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün əsas yaratmışdır. İcraçı "xxxx" MMC ilə müqavilə öhdəliklərini icra etməməsi ilə bağlı dəfələrlə əlaqə saxlanılsa da, heç bir nəticə əldə edilməmiş və müqavilənin müddətinin keçməsi nəzərə alınaraq MMC-yə pretenziya ilə bağlı məktub göndərilmişdir (poçt qəbzi və məktub qoşmaya əlavə edilir). Əlavə olaraq, “e-taxes.gov.az”-da onlayn kargüzarlıq vasitəsi ilə də öhdəliklərin pozulması ilə bağlı pretenziya "xxxx" MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir (sistemdən çıxarış qoşmaya əlavə edilir). Bütün bu proseslərdən cavabdehin məlumatlı olmasına baxmayaraq, sözügedən mübahisəyə, habelə iddiaçıya vurulmuş zərərə onun münasibətini müəyyən etmək mümkün olmamışdır. Bu da iddianın mahiyyətinin doğruluğunu və əsaslılığını təsdiq edir. Digər bir məsələ isə, cavabdehin mediasiyanın təşkili ilə bağlı məhkəməyə vəsatət verməsidir ki, iddiaçının hüquqları və qanunvericiliyin tələbləri nəzərə alınaraq, həmin vəsatət əsaslı hesab edilə bilməz. İlk növbədə bildirmək istəyirik ki, müqavilənin müddətinin bitməsi, müqavilə üzrə öhdəliklərin bundan sonra icrasının hazırda iddiaçı üçün heç bir mahiyyətinin qalmaması və cavabdehin barışıq niyyətinin yalnız müqavilə üzrə xidmətlərin göstərilməsinin olması halları - iddiaçı tərəfindən yenidən mediasiyanın təşkilinə öz hüquqlarının müdafiəsinə maneəçilik törədilməsi kimi və könüllülük prinsipinin pozulması kimi qiymətləndirməsinə əsas yaradır. Habelə, qanunvericiliyin tələblərinə əsasən məhkəməyə müraciət etmək üçün ilkin mərhələ mediasiya olduğundan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi ilk növbədə mediasiyaya müraciət etmiş və lazımı prosedurları keçdikdən sonra qanunvericiliyə uyğun olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda bütün məsələlər məhkəmədə müzakirə edilmiş və iddiaçı ilə cavabdehin mövqeyi mediasiyanın təşkili üçün şəraitin və əsasın olmamasını ehtiva edir (bundan sonra “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 4.2.1-ci və 21.9-cu maddələrinin məzmunu qeyd olunur). Yuxarıda sadalananlardan göründüyü kimi iddia ərizəsinin baxılmaması və ya işin dayandırılması üçün hər hansı əsas yoxdur və məhkəmə haqlı olaraq iddia tələbinə mahiyyəti üzrə baxmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsindən maliyyələşən qurum olduğundan, müqavilə üzrə ödənilmiş məbləğ Dövlət Büdcəsindən alınmış, lakin cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində dövlət büdcəsindən ayrılmış pulun qarşılığı alına bilinmədiyi üçün həmin məbləğ dövlət büdcəsinə geri qaytarılmalı məbləğ kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “İşin halları ilə bağlı” Mülahizədə yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və Cavabdehndən 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma müqaviləsinə əsasən avans olaraq ödənilmiş 44266,9 manat məbləğində pul vəsaitinin və 205 manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzinin tutularaq, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (VÖEN **********) ilə icraçı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli “Əməyin təhlükəsizliyi sahəsində yeni standartların hazırlanması xidmətinin” Satınalma Müqaviləsinin şərtlərinə uyğun olaraq tərəflər təsdiq edirlər ki, Sifarişçi Əməyin təhlükəsizliyi sahəsində yeni standartların hazırlanması xidmətinin satın alınması üçün İcraçının ƏDV ilə birlikdə 147556,64 (yüz qırx yeddi min beş yüz əlli altı manat 64 qəpik) manat məbləğində təklifini qəbul etmişdir (2.1-ci bənd). Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, müqavilə üzrə satın alınacaq xidmətin vahid və cəm qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (bundan sonra - Əlavə 1) göstərilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, İcraçı bu müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, hazırkı müqavilənin Əlavə 1-də göstərilmiş xidmətin Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında (Əlavə 2-də göstərilmiş xidmətin qəbulu qrafikinə uyğun) təhvil verməsini, bu tapşırığın icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqlarını pozmamağı öhdəsinə götürür. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında və sənədlərdə çatışmamazlıq olmadığı halda, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. İcraçının təqdim etdiyi sənədlərdə çatışmamazlıq olduğu halda, çatışmamazlıqlar aradan qaldırıldıqdan 5 bank günü ərzində Sifarişçi tərəfindən ödənişlər həyata keçirilir. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən, Sifarişçi “Satınalma müqaviləsi”nin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərində göstərilən həcmdə, lakin bu Müqavilənin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız bu müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçinin ilk tələbi ilə 2 iş günü müddətində Sifarişçiyə təqdim etməlidir. Həmin Müqavilənin 11.2-ci bəndinə əsasən, bu müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir və bu Müqavilənin 16.1-ci bəndi istisna olmaqla 15 fevral 2022-ci ilədək qüvvədə qalır. Bu Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir. Həmin Müqavilənin 15.4-cü bəndinə əsasən, tərəflər razılığa gəlir ki, bu Müqavilə üzrə xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) Sifarişçinin ixtiyarı var ki, bu müqaviləsinin icrasından imtina etsin və xidmət üçün ödədiyi pul məbləğinin qaytarılmasını İcraçıdan tələb etsin. Həmin Müqavilənin 17-ci bəndinə əsasən, İcraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1 %-i həcmində İcraçıya cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olunmaqla) tətbiq edə bilir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10%-dən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. Həmin Müqavilənin 21.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, Sifarişçi və İcraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Aşağıdakı pozuntular əsaslı sayılır: Xidmət(lər)in təhvil verilməsinin 15 (on beş) gündən artıq müddətə gecikdirməsi və gecikdirmələrin xərclərinin ödənilməsi üçün razılığın əldə edilməməsi; Sifarişçi və ya İcraçının iflasa uğraması və ya ləğv olunması (müəssisə və təşkilatlarən yenidən qurulması hallan istisna edilməklə); Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişə baxmayaraq, İcraçının təqdim edilmiş sənəd əsasında 30 (otuz) gün müddətinə tədbir görməməsi; Müqavilədə göstərilən qaydada vurulmuş ziyanların maksimum həddi aşması; Tərəflərin tətbiq etdikləri cərimə məbləğinin yuxarı həddi aşması; Tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirməməsi. Müqavilə ləğv olunarsa, İcraçı 15 gün müddətində müqavilənin icrasını dayandırır və müqavilələr icrası nəticəsində əldə edilmiş işlərin qorunması üçün təxirəsalınmaz tədbirləri görərək, onları Sifarişçiyə təhvil verir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi üzrə tərtib edilərək, sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icraçı Cavabdeh tərəfindən imzalanaraq təsdiq olunmuş “İş və xidmətlərin təhvil verilmə” cədvəli olan Əlavə 1-dən görünür ki, 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi üzrə icraçı Cavabdeh tərəfindən sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Əməyin təhlükəsizliyi sahəsində yeni standartların hazırlanması” xidməti üzrə işlərin təhvil verilmə tarixi 01 noyabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi üzrə tərtib edilərək, sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icraçı Cavabdeh tərəfindən imzalanaraq təsdiq olunmuş "Qiymət Razılaşdırma” Protokolundan görünür ki, həmin Protokola əsasən 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi üzrə icraçı Cavabdeh tərəfindən sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ƏDV (X5) daxil ümumilikdə cəmi 147556,64 manat dəyərində xidmətlərin göstərilməsi barədə razılığa gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə X3 Xidməti arasında imzalanaraq bağlanılmış 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi üzrə öhdəliklərin dəyişdirilməsinin razılaşdırılması haqqında 01/22 nömrəli Razılaşmadan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 522-ci maddəsinə uyğun olaraq Nazirliyin müqavilə ilə bağlı öhdəlikləri müqavilə məbləği həcmində Xidmətə ötürülmüş və X3 Xidməti Nazirliklə razılaşdırılmaqla, İcraçı tərəfindən təqdim edilən xidmətləri (işləri və ya malları) qəbul edir və müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişini həyata keçirir. İş materialları ilə müəyyən olunur ki, icraçı Cavabdeh MMC-nin 14 fevral 2022-ci il tarixli 02/22 nömrəli məktubu əsasında tərəflər arasında 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsinə 15 fevral 2022-ci il tarixli 01/22 nömrəli Dəyişiklik imzalanmış və həmin Dəyişikliyin 1-ci bəndinə əsasən 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsinin 11.2-ci bəndinin 1-ci cümləsində ”15 fevral 2022” sözləri “31 may 2022" sözləri ilə əvəz olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 29 mart 2022-ci il tarixli 08/22 nömrəli məktubdan görünür ki, 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsinin ümumi dəyərinin 30 (otuz) faizi miqdarında avansın icraçı Cavabdehnə ödənilməsi xahiş edilmişdir. İş materialları ilə müəyyən olunur ki, icraçı Cavabdeh MMC-nin 26 may 2022-ci il tarixli məktubu əsasında 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsinə 31 may 2022-ci il tarixli 02 nömrəli Dəyişiklik imzalanmış və həmin Dəyişikliyin 1-ci bəndinə əsasən, 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli müqavilənin 11.2-ci bəndində ”31 may 2022-ci il tarixədək" sözləri “20 dekabr 2022-ci il tarixədək" sözləri ilə əvəz olunmuşdur. Həmin Dəyişikliyin 2-ci bəndinə əsasən, 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli müqavilənin 2 saylı əlavəsinin çatdırılma tarixi hissəsində "31 may 2022-ci il tarixədək" sözləri “20 dekabr 2022-ci il tarixədək" sözləri ilə əvəz olunmuşdur. İş materiallarında olan "Azərbaycan Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinə aid X1 məlumatlarla müəyyən olunur ki, sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi əsasında avans qismində icraçı Cavabdeh MMC-nin bank hesabına 15 iyul 2022-ci il tarixli Ödəniş Tapşırıqlarına əsasən 37514,4 manat və 6752,5 manat məbləğində olmaqla, ümumilikdə cəmi 44266,9 (qırx dörd min iki yüz altmış altı manat 90 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli 05 nömrəli "Qabaqcadan ödənişlər üzrə Qısamüddətli öhdəlik" barədə sənəddən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi üzrə Əməyin təhlükəsizliyi sahəsində yeni standartların hazırlanması görə avans olaraq (30%) icraçı Cavabdeh MMC-nin bank hesabına 37514,4 manat avans və həmin məbləğin ƏDV-si olaraq 6752,5 manat olmaqla, ümumilikdə cəmi 44266,9 (qırx dörd min iki yüz altmış altı manat 90 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Qaimə Fakturadan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən köçürülmüş 37514,4 manat avans və 6752,5 manat məbləğində ƏDV olmaqla, ümumilikdə cəmi 44266,9 (qırx dörd min iki yüz altmış altı manat 90 qəpik) manat məbləğində pul vəsaiti icraçı Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, tender-satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, satınalan təşkilat şərtlər toplusunda satınalma müqaviləsinin icrası üçün qalib təchizatçıya avans ödənilməsini müəyyən edə bilər. Avans şərtlər toplusunda göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi məbləğinin 30 faizindən (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 50 faizindən) çox olmayaraq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə icraçı Cavabdeh MMC (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi əsasında göstərilən xidmətlər (31 may 2022-ci il tarixli 02 nömrəli Dəyişikliyə əsasən müqavilədə nəzərdə tutulan xidmətin son icra müddəti 20 dekabr 2022-ci il tarixi müəyyən edilmişdir) üzrə iddiaçı (sifarişçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cavabdeh (icraçı) Cavabdehnə əvvəlcədən avans olaraq ƏDV daxil ümumilikdə cəmi 44266,9 (qırx dörd min iki yüz altmış altı manat 90 qəpik) manat məbləğində pul vəsaiti ödənilsə də (37514,4 manat avans və 6752,5 manat ƏDV), sonuncu həmin Müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini tamamilə icra etməmiş və Müqavilədə nəzərdə tutulan əməyin təhlükəsizliyi sahəsində yeni standartları hazırlayıb Sifarişçiyə (iddiaçıya) təhvil verməmişdir. Ona görə də, hazırkı iddia ərizəsində “avans olaraq ödənilmiş ƏDV daxil cəmi 44266,9 manat məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin əvəzinin” cavabdeh "xxxx" MMC-dən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi üzrə nəzərdə tutulan xidmətlərin İcraçı (cavabdeh) tərəfindən icra edilməməsi ilə əlaqədar əvvəlcədən avans qismində ödənilmiş pul vəsaitinin qaytarılması üçün cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunmuşdur (08 sentyabr 2023-cü il tarixli MŞS/MT030/2023/01822 nömrəli Mediasiya Arayışından görünür ki, mediasiya prosesi ilə əlaqədat iddiaçı tərəfindən mediatora iddia tələbində göstərilən “205 (iki yüz beş) manat” məbləğində deyil, 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir). Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən məhkəməyə "Mediasiyanın etibarsız hesab edilməsi" barədə vəsatətlə müraciət edilərək, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keşirilmiş mediasiya prosesinin etibarsız hesab edilməsi xahiş olunsa da, məhkəmə araşdırması zamanı həmin vəsatətin əsaslılığı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi Cavabdeh MMC-dən 01 noyabr 2021-ci il tarixli 43/2021 nömrəli Satınalma Müqaviləsi üzrə nəzərdə tutulan xidmətlərə görə avans qismində ödənilmiş cəmi 44266,9 manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyrinə tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, iddia tələbi “mediasiya xərci qismində ödənilən 205 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində də qismən əsaslıdır. Çünki, iş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli MŞS/MT030/2023/01822 nömrəli Mediasiya Arayışı ilə müəyyən olunur ki, mediasiya xidməti ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mediatora iddia tələbində göstərilən 205 (iki yüz beş) manat məbləğində deyil, 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir və buna görə də, mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh MMC-yə aid edilərək, sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 44266,9 manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 44466,9 manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Cavabdehndən iddianın təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 222,8 (iki yüz iyirmi iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 44266,9 (qırx dörd min iki yüz altmış altı manat 90 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 44466,9 (qırx dörd min dörd yüz altmış altı manat 90 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 222,8 (iki yüz iyirmi iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar