Məhkəmə qərarları › İş №e-2-2(119)-550/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-550/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-550/2024 08.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12000 (on iki min) manat məbləğində əsas borcun və 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli, DXM 069/2023 nömrəli yük daşıma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi üzrə Sumqayıt Kimya parkının ərazisindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Qubadlı rayonu, Güləbuird kəndi ərazisinə 1920 mm, 1820 mm, 1620 mm üstü izolyasiyalı polad borularının daşınma xidmətlərini göstərməyi, sifarişçi isə icraçıya təhvil-təslim aktlarına əsasən göndərilmiş elektron qaiməyə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 2.1-cü bəndinə əsasən xidmət haqqı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən hər təqvim ayının sonunda həmin xidmət ayı üzrə göstərilən daşıma xidmətinin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Sözügedən müqavilə üzrə tərtib edilmiş və hər iki tərəfdən imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktı, xx.xx.2023-cü il tarixli hesab faktura və xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən Cavabdehnə iddiaçı tərəfindən ümumi dəyəri 21000 (iyirmi bir min) manat dəyərində yükdaşıma xidməti göstərilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödəniş təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə görə hesab-faktura sifarişçiyə təqdim edildikdən sonra 25 gün ərzində bank köçürmə yolu ilə həyata keçiriləcəkdir. Lakin cavabdeh qeyd olunan məbləğin yalnız 9000 (doqquz min) manatlıq hissəsini ödəmiş, borcun qalan hissəsini isə bugünkü günə qədər ödəməmişdir. 04 aprel 2022-ci il tarixli, DXM 069/2023 nömrəli yük daşıma müqaviləsi üzrə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu 12000 (on iki min) manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil 06 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə təqdim edərək 12000 (on iki min) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində dəbbə pulu, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 14426 (on dörd min dörd yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin və “iddia tələbinin həcminin artırılması barədə” ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 08 may 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 aprel 2023-cü il tarixli DXM 065/2023 nömrəli yük daşıma müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi üzrə Sumqayit Kimya parkının ərazisindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Qubadlı rayonu Güləbird kəndi ərazisinə 1920 mm, 1820 mm, 1620 mm üstü izolyasiyalı polad borularının daşınma xidmətlərini göstərməyi, sifarişçi isə icraçıya təhvil-təslim aktlarına əsasən göndərilmiş elektron qaiməyə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı, bu müqvailənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. Qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər ödəmələr icraçıya aiddir. Hər təqvim ayının sonunda həmin xidmət ayı üzrə göstərilən daşıma xidmətinin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Bu müqavilə üzrə ödəniş, təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura sifarişçiyə təqdim olunandan sonra, 25 gün ərzində bank köçürmə yolu ilə həyata keçiriləcəkdir. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 aprel 2023-cü il tarixli DXM 065/2023 nömrəli müqaviləyə 1 nömrəli Əlavəyə əsasən "xxxx" MMC-dən Qubadlı rayonu Güləbird kəndi ərazisinə üstü izolyasiyalı polad boruların daşınma qiyməti (bütün vergilər daxil) 1 reys üçün 600 manat müəyyən edilmişdir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 30 iyun 2023-cü il tarixli ALB 06/2023 nömrəli akta əsasən müəyyən olunur ki, 04 aprel 2023-cü il tarixli DXM 065/2023 nömrəli müqaviləyə əsasən 2023-cü ilin iyun ayında icraçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 21000 (iyirmi bir min) manat təşkil edir. İş materiallarından görünür ki, 04 aprel 2023-cü il tarixli DXM 065/2023 nömrəli müqavilə üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sifarişçi Cavabdehnə 21000 (iyirmi bir min) manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı 30 iyun 2023-cü il tarixli hesab faktura təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 21000 (iyirmi bir min) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 iyul 2023-cü il tarixli EBDJ seriyalı 788250 nömrəli elektron qaimə göndərilmişdir. İş materiallarında olan 616183 nömrəli ödəniş tapşırığından görünür ki, 12 iyul 2023cü il tarixli EBDJ seriyalı 788250 nömrəli elektron qaimə üzrə daşıma xidməti üçün 13 iyul 2023-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 9000 (doqquz min) manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 04 aprel 2023-cü il tarixli DXM 065/2023 nömrəli yük daşıma müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sifarişçi Cavabdehnə 21000 (iyirmi bir min) manat dəyərində xidmət göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının bank hesabına 9000 (doqquz min) manat məbləğində ödəniş edilmiş, cavabdehin 12000 (on iki min) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş daşıma xidmətlərinin dəyəri olan 12000 (on iki min) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin “2000 (iki min) manat məbləğində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı dəbbə pulu tutulması tələbini irəli sürsə də, tərəflər arasında bağlanılmış 04 aprel 2023-cü il tarixli DXM 065/2023 nömrəli yük daşıma müqaviləsində sifarişçi Cavabdeh dəbbə pulu ödəməsi ilə bağlı hər hansı qeyd nəzərdə tutulmamış, eyni zamanda iddiaçı bu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, habelə qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Buna görə məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. İddiaçı iddia tələbində hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə hüqiq yardıma görə 300 (üç yüz) manat ödənilməsini nəzərdə tutan “Hüquqi yardımın göstərilməsi haqqında” 29 mart 2024-cü il tarixli 301 nömrəli müqaviləni əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin “ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman dövlət büdcəsinə ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi də, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 12000 (on iki min) manat məbləğində borc, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 126 (yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12426 (on iki min dörd yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 12000 (on iki min) manat məbləğində borc, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 126 (yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12426 (on iki min dörd yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar