Məhkəmə qərarları › İş №e-2-2(119)-551/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-551/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-551/2024 30.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3414,99 (üç min dörd yüz on dörd manat doxsan doqquz qəpik) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54,14 (əlli dörd manat on dörd qəpik) manat məbləğində rüsumu olmaqla, cəmi 3469,13 (üç min dörd yüz altmış doqquz manat on üç qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında dondurulmuş balıq və ət məhsullarının satılmasına dair 28 dekabr 2019-cu il tarixli 124 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı müxtəlif növ dondurulmuş balıq və ət məhsullarını Cavabdeh təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən isə cavabdeh qeyd olunan malların dəyərini 30 gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilədən əmələ gələn öhdəliklərini tam yerinə yetirərək müxtəlif vaxtlarda cavabdehə yüksək keyfiyyətdə dondurulmuş balıq və ət məhsulları təhvil vermişdir. Mallar təhvil verildikdən sonra qanunun tələblərinə uyğun olaraq İddiaçı tərəfindən müxtəlif tarixlərdə elektron qaimələr Cavabdeh elektron kabinetinə göndərilmiş və təsdiq olunmuşdur. Eyni zamanda malların təhvil verilməsini təhvil-təslim zamanı tərtib olunmuş yazılı qaimələr də sübut edir. Lakin cavabdeh qeyd olunan qaimələr üzrə təhvil aldığı malların dəyərini müxtəlif bəhanələr ilə ödəməmişdir. Daha sonra cavabdehlə İddiaçı arasında 22 dekabr 2022-ci il tarixli üzləşmə aktı tərtib olunmuş, cavabdeh İddiaçınə olan borcunu bir daha təsdiq etmişdir. Lakin bu günə kimi borcunu ödəməmişdir. Nəticədə Cavabdeh İddiaçınə ümumilikdə təhvil verilmiş mallar üzrə 3414,99 (üç min dörd yüz on dörd manat doxsan doqquz qəpik) manat borcu yaranmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 124 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərlərlə dondurulmuş balıq, ət və toyuq məhsulunu təhvil verməyi, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə görə alıcı bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini 30 gün ərzində ödəməklə malı qəbul edir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə hesablaşma köçürmə yolu ilə aparılır. İş materiallarında olan İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmış 28 dekabr 2022-ci il tarixli “Qarşılıqlı üzləşdirmə aktı”ndan görünür ki, cavabdehin iddiaçıya borcu 1861,75 (min səkkiz yüz altmış bir manat yetmiş beş qəpik) manat və 1553,24 (min beş yüz əlli üç manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 3414,99 (üç min dörd yüz on dörd manat doxsan doqquz qəpik) manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 08 may 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı tərəfindən Cavabdeh 28 dekabr 2019-cu il tarixli müqavilə əsasında müxtəlif növ dondurulmuş balıq və balıq məhsulları satılmışdır. Həmin satılmış mallara dair yaranmış borcla əlaqədar Cavabdeh ilə İddiaçı arasında 28 dekabr 2022-ci il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Cavabdeh xx.xx.2024-ci il tarixə ona təhvil verilmiş mallara görə İddiaçınə ümumilikdə borcu 3414,99 (üç min dörd yüz on dörd manat doxsan doqquz qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə alıcı Cavabdeh arasında 28 dekabr 2019-cu il tarixli 124 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh müxtəlif növ məhsullar satmış və bu müqavilə üzrə Cavabdeh cəmi 3414,99 (üç min dörd yüz on dörd manat doxsan doqquz qəpik) manat məbləğində borcu qalmışdır. Buna görə də, İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 3414,99 (üç min dörd yüz on dörd manat doxsan doqquz qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “54,14 (əlli dörd manat on dörd qəpik) manat məbləğində rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54,14 (əlli dörd manat on dörd qəpik) manat məbləğində rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3414,99 (üç min dörd yüz on dörd manat doxsan doqquz qəpik) manat məbləğində borc və 54,14 (əlli dörd manat on dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3469,13 (üç min dörd yüz altmış doqquz manat on üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3414,99 (üç min dörd yüz on dörd manat doxsan doqquz qəpik) manat məbləğində borc və 54,14 (əlli dörd manat on dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3469,13 (üç min dörd yüz altmış doqquz manat on üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar