Məhkəmə qərarları › İş №e-2-2(119)-554/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-554/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-554/2021 14.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-yə məxsus Sumqayıt şəhəri, Kimyaçılar küçəsində yerləşən Sumqayıt Mebel hissələri fabrikindən 2019-2020-ci illər ərzində sahibkarlıq fəliyyətini həyata keçirmək məqsədilə təqribən 23.000 manat məbləğində xammal mebel məhsullarını (HDF, MDF, laminat və s.) almış və həmin illər ərzində qeyd edilən məbləğdən müəyyən ödənişlər etmiş, eyni zamanda da həmin ərəfədə yenidən mallar almışdır. Nəticədə, Cavabdeh İddiaçı MMC-yə 11.943 (on bir min doqquz yüz qırx üç) manat borcu yaranmışdır. Borcun tələb edilməsi ilə bağlı cavabdehdən dəfələrlə şifahi və yazılı izahatlar alınmış, lakin Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir. Borcun tələb edilməsi üçün Cavabdeh İddiaçı MMC-nin baş ofisinə dəvət olunmuş və ondan 25.08.2020-ci il tarixli yazılı izahat alınmışdır. O, izhatında İddiaçı MMC-yə olan borcunu etiraf etmiş, lakin maddi vəziyyətinin pis olduğundan ödəmə qabiliyyətinin olmadığını bildirmişdir. Borcun hissələrlə qaytarılması üçün 11.01.2021-ci il tarixli, M-1 nömrəli “Mövcud borcun etirafı haqında” müqavilə də bağlayaraq cavabdehə möhlət verilmişdir. 11.01.2021-ci il tarixli, M-1 nömrəli “Mövcud borcun etirafı haqında” müqavilənin 2-ci bəndinə əsasən borclu Cavabdeh müqavilənin 1-ci bəndində göstərilən borc məbləğini həmin müqavilə imzlandığı tarixdən başlayaraq hər növbəti ayın 5–dək 400 (dörd yüz) manat aylıq ödəniş etməklə İddiaçı MMC-yə tam qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi icra edərək, yuxarıda qeyd edilmiş xammal mebel məhsullarını Cavabdeh təhvil vermiş, lakin cavabdeh üzərində düşən öhdəliyi (aldığı malların dəyərini ödəmək) tam icra etməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh 11.943 (on bir min doqquz yüz qırx üç) manat və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 11.973 (on bir min doqquz yüz yetmiş üç) manat borcun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh mövcud borcunun silinməsi üçün 2020-ci ildə İddiaçı MMC-yə 2.500 manat dəyərində mebel təhvil vermişdir. Buna görə də onun hazırda iddiaçıya cəmi 9.443 manat borcu var. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh 9.443 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.473 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmiş, sonuncu iclasa isə İddiaçı MMC-nin nümayəndəsi gəlməmiş, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə göndərilərək iddiaçının nümayəndəsi əmək məzuniyyətində olduğundan məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini, iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh izahat verərək bildirdi ki, o, İddiaçı MMC-dən xammal alaraq mebel istehsalı və satışı ilə məşğul olur. Lakin keçən ilin noyabr ayında yağış yağması səbəbindən anbarda olan malları suyun altında qalıb. Sonra da karantin rejimi tətbiq olunduğuna görə həmin müddətdə ümumiyyətlə satış həyata keçirə bilməyib. Bu səbəbdən də borcunu ödəyə bilməyib. Əvvəllər o özü 14 ilə yaxın İddiaçı MMC-də satış koordinatoru işlədiyindən bütün prosedurları bilir. Buna görə də, özü müəssisəyə yaxınlaşıb, borcunu ödəyə bilməməsinin səbəbi ilə bağlı izahat yazıb, İddiaçı MMC-nin əməkdaşlarına bildirib ki, 500 manata kimi əlinə nə qədər pul düşsə, borcundan hissəhissə ödəyəcək, lakin onlar xırda ödənişləri qəbul etməyəcəklərini bildirib. E. Ələkbərov həmçinin qeyd etdi ki, o, qarşı tərəfə borcun əvəzi olaraq 2.500 manatlıq öz istehsalı olan yataq və qonaq dəsti mebelləri təhvil verib. Sonda o, 9.443 manat həcmində iddianı qəbul etdiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Mövcud borcun etirafı haqında” 11.01.2021-ci il tarixli, M-1 nömrəli müqavilənin 2-ci bəndinə əsasən borclu Cavabdeh müqavilənin 1-ci bəndində göstərilən borc məbləğini həmin müqavilə imzlandığı tarixdən başlayaraq hər növbəti ayın 5–dək 400 (dörd yüz) manat aylıq ödəniş etməklə İddiaçı MMC-yə tam qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdehin 25.08.2020-ci il tarixli izahatından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 9.643 manat borcunun olduğunu qəbul etmiş, həmin borcu ayda 100-500 manat aralığında olmaqla hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC-dən mallar alması iş materiallarında olan qaimələrdə öz əksini tapır. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki "İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan xammal mebel məhsulları almış, borcunun bir qismini ödəsə də, 9.443 manat məbləğini ödəməmişdir. Bu hal iş materialları və cavabdehin etirafı ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 9.443 manat məbləğində pul tutularaq "İddiaçı" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 9.443 (doqquz min dörd yüz qırx üç) manat məbləğində pul tutularaq, iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar