Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-557/2025 18.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 17 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 10166,22 (on min yüz altmış altı manat, iyirmi iki qəpik) manat məbləğində vergi borcunun, İcbari Tibbi Sığorta Fonduna 102,57 (yüz iki manat, əlli yeddi qəpik) manat məbləğində borcun, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 45,83 (qırx beş manat, səksən üç qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - 02 iyun 1986-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirdi ki, ərizədə qeyd edilmiş borcların ödənilməsi ilə bağlı ödəniş qəbzləri “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə iclaslarından sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə, eyni zamanda həmin Xidmətin X1 ilə iş şöbəsinə və digər şöbəsinə bir neçə dəfə müraciətlər edilmişdir. Həmin orqanlar tərəfindən ona 6402,42 manat məbləğində olan borcun azaldılmış məbləğ olması və bu məsələnin onların səlahiyyətində olmadığı, bu məsələ ilə bağlı işin X1 ilə iş şöbəsi tərəfindən həll edilməli olduğu ilə bağlı məlumat bildirilmişdir. Bununla bağlı da o, Dövlət Vergi Xidmətinin X1 ilə İş Şöbəsi ilə yenidən əlaqə saxlamış və məhkəməyə təqdim edilməsi üçün borcun olmaması ilə bağlı arayış da istəmişdir. Həmin orqandan ona bununla bağlı cavabın 15 gün müddətində veriləcəyi bildirilmişdir. Bu səbəbdən həmin arayışı hazırda məhkəməyə təqdim edə bilmir. Ərizədə qeyd edilən bütün borclar ödənilmişdir, müvafiq ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. Hazırda borcu yoxdur, yalnız azaldılmalı, təsdiqlənməmiş olan məbləğ vardır ki, bu məbləğ də 6402,42 manat təşkil edir. Həmin məbləğdə olan borc təsdiqini tapmadığından ödəniş həyata keçirilə bilmir. 07 aprel 2025-ci il tarixinda şəxsi məqsədlər üçün xarici ölkəyə getməyi planlaşdırır. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 11 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında maraqlı şəxs izahatında bildirmişdir ki, fiziki şəxs olaraq adına hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 64 manat məbləğində olan borcunu ödəmişdir və bu, şəxsi hesab vərəqəsində də öz əksini tapmışdır. Eyni zamanda "xxxx" MMC-yə məxsus olan borclar da ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kameral yoxlamalar aparılmaqdadır. Bununla bağlı ötən məhkəmə iclası təxirə salınmışdır. Bu müddət ərzində ərizə verən orqana dəfələrlə müraciət etsə də, bu məsələ barəsində hələ də araşdırılma aparıldığı və araşdırmanın yekunlaşmadığı bildirilmişdir. Hazırda yalnız kameral yoxlanmalı olan məbləğlə bağlı hissənin aydınlaşması məsələsi hələ də araşdırılma predmeti olaraq qalır. Maraqlı şəxs qeyd edilən məsələnin araşdırılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 24 fevral 2025-ci il tarixli 3-21-2-3/2-X-3xx-xx/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Cəmiyyətin ƏDV depozit hesabında yaranmış texniki nasazlığın aradan qaldırılması məsələsinə Baş İdarə tərəfindən baxılır. Aparılan araşdırma zamanı yarana biləcək məsələlərin aydınlaşdırılması zərurəti yaranarsa, bu barədə tərəflərindən rəsmi qaydada müraciət olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi Xidmətinin rəsmi portalından əldə edilmiş "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinin (çap olunma tarixi: xx.xx.2025) “Vergilər üzrə vərəqə” bölməsinin “Əməliyyat növü” və “Miqdar (Manat)” sütunlarından görünür ki, müəssisənin adına 18 fevral 2025-ci il tarixində hesablanmış 2029,96 (507,49x4=2029,96) manat məbləğində pul vəsaiti azalma məbləği kimi qeyd edilmişdir. Həmin tarix üçün şəxsi hesab vərəqəsinin “Qalıq” sütununda hansısa məbləğ göstərilməmişdir. Həmin şəxsi hesab vərəqəsinin istinad edilən bölməsinin “Ödəmə tarixi” və “Miqdar (Manat)” sütunlarından görünür ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 2200 manat məbləğində pul ödənilmişdir (bu barədə müvafiq qəbz iş materiallarına əlavə edilmişdir). “Artıq ödəmə” sütununda qeyd edilən tarixə 24,09 manat məbləğində artıq ödəniş edildiyi öz əksini tapmışdır. Həmin şəxsi hesab vərəqəsinin 14-cü (sonuncu) vərəqəsində “təsdiqlənməmiş azalmalar”ın 6426,51 manat məbləğində təşkil etdiyi qeyd edilmişdir. Həmin şəxsi hesab vərəqəsinin İcbari Tibbi Sığorta Fonduna olan borc və ödənişlərlə bağlı müvafiq bölməsinin “Ödəmə tarixi” və “Miqdar (Manat)” sütunlarından görünür ki, 21 fevral 2025-ci il tarixində 239 manat və 04 mart 2025-ci il tarixində 7,6 manat məbləğində olmaqla, cəmi 246,6 manat məbləğində pul ödənilmişdir (məhkəməyə təqdim edilmiş ərizədə müəssisənin 17 yanvar 2025-ci il tarixinə hesablanmış İcbari Tibbi Sığorta Fonduna olan borcunun 102,57 manat məbləğində olması qeyd edilmişdir). Ərizəçi tərəfindən iş materiallarına 18 mart 2025-ci il tarixdə əlavə edilmiş "xxxx" MMC-nin 16 vərəqlik şəxsi hesab vərəqəsinin, sonuncu vərəqində “kameral yoxlanılmalı məbləğ”in 6426,51 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi Xidmətinin rəsmi portalından əldə edilmiş Maraqlı şəxs şəxsi hesab vərəqəsinin (çap olunma tarixi: xx.xx.2025) “Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə” bölməsinin “Ödəmə tarixi” və “Miqdar (Manat)” sütunlarından görünür ki, 04 mart 2025-ci il tarixində 45 manat və 16,66 manat məbləğində olmaqla, cəmi 61,66 manat məbləğində pul ödənilmişdir (məhkəməyə təqdim edilmiş ərizədə müəssisənin 17 yanvar 2025-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan borcunun 45,83 manat məbləğində olması qeyd edilmişdir). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmənin mövqeyi: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən göründüyü kimi, vergi, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi əsas gətirilərək Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 10166,22 manat məbləğində vergi borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 102,57 manat məbləğində borcunun, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 45,83 manat məbləğində borcunun olması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi, 18 fevral 2025-ci il tarixində hesablanmış 2029,96 manat məbləğində pul vəsaiti “azalma” məbləği kimi qeyd edilmişdir. Həmçinin məhkəmə proseslərinin gedişi dövründə cavabdeh tərəfindən dövlət büdcəsinə olan borc üzrə 2200 manat məbləğində ödəniş həyata keçirilmişdir. Şəxsi hesab vərəqəsinin sonunda 6426,51 manat məbləğin “təsdiqlənməmiş azalmalar” (digər şəxsi vərəqədə “kameral yoxlanılmalı məbləğ”) olduğu qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, 6426,51 manat məbləğində borcun mövcudluğu təsdiqlənmədiyindən (və ya borcun mövcudluğu müvafiq vergi orqanı tərəfindən aparılan yoxlamanın nəticəsindən asılı olduğundan), hazırda həmin məbləği maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olacaq borc kimi qiymətləndirmək düzgün olmaz. Bundan əlavə, məhkəməyə təqdim edilmiş ərizədə "xxxx" MMC-nin 17 yanvar 2025ci il tarixinə hesablanmış İcbari Tibbi Sığorta Fonduna olan borcunun 102,57 manat məbləğində olması qeyd edilmişdir. Müəssisənin şəxsi hesab vərəqəsindən göründüyü kimi, 21 fevral 2025-ci il tarixində 239 manat və 04 mart 2025-ci il tarixində 7,6 manat məbləğində olmaqla, cəmi 246,6 manat məbləğində pul ödənilmişdir. Belə ki, müəssisənin İcbari Tibbi Sığorta Fonduna olan borcu tam şəkildə ödənilmişdir. Ərizədə vergi ödəyicisi kimi Maraqlı şəxs özünün Dövlət Sosial Müdafiə Fonduna 45,83 manat məbləğində borcunun olması qeyd edilmişdir. Maraqlı şəxs şəxsi hesab vərəqəsindən görünür ki, 04 mart 2025-ci il tarixində 45 manat və 16,66 manat məbləğində olmaqla, cəmi 61,66 manat məbləğində pul ödənilmişdir. Belə ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan borcu tam şəkildə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni hazırkı ərizədə qeyd olunan icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borc artıq mövcud olmadığından, həmçinin "xxxx" MMC-nin vergi üzrə hesablanmış borc məbləğinin 6426,51 manatlıq hissəsinin mövcud olması təsdiqləmədiyindən (və ya mövcudluğu müvafiq yoxlamanın nəticəsindən asılı olduğundan) həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-557/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-557/2025
18.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver