Məhkəmə qərarları › İş №e-2-2(119)-56/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-56/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-56/2020 04.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə, 90 (doxsan) manat vəkilə ödənilmiş xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Cavabdeh (VÖEN: **********) (“İcraçı”) ilə İddiaçı (“Sifarişçi”) arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 19-0054 saylı xidmət müqaviləsi mövcuddur. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “X1” adlanan təsərrüfat obyektində həmin Mərkəzin müştərilərinə məxsus nəqliyyat vasitələrinə xidmət göstərmək barədə öhdəlik götürmüşdür. Müqavilənin 11-ci bəndinin 6-cı abzasına əsasən xəbərdarlıq müddətini gözləmədən müqaviləyə xitam verdikdə və ya üzrsüz səbəbə müqavilə öhdəliklərinin icrasından 2 (iki) gündən artıq yayındıqda “İcraçı” (Cavabdeh) “Sifarişçi”yə (İddiaçı MMC-yə) 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə ödəməlidir. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxxx 2019-cu ildə cavabdehə çatdırılmış pretenziya məktubundan görünür ki, cavabdehə üç iş günü ərzində müqavilə öhdəliyinin pozulmasının üzrlü səbəbləri barədə Cəmiyyətin baş ofisinə sübutlarla birgə yazılı izahat təqdim edilməli və ya müqavilə ilə müəyyən edilmiş 4800 manat məbləğində cərimənin ödənilməsi təmin olunmalıdır. Lakin, cavabdeh buna əhəmiyyət verməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)- 56/2020 nömrəli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. İddiaçı nümayəndəsi Vəkil isə xx xxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və eyni zamanda, həmin ərizəsində Cavabdeh iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin xx xxxx 2020-ci il tarixli ərizəsi nəzərə alınaraq, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Sifarişçi” - hüquqi şəxs İddiaçı ilə “İcraçı” - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında xx xxxx 2019-cu il tarixli 19-0054 saylı Xidmət Müqaviləsi bağlanmış və həmin Müqavilənin 11-ci bəndinə əsasən “İcraçı” Cavabdeh bu Müqavilənin 15-ci bəndində göstərilən xəbərdarlıq müddətini gözləmədən müqaviləyə xitam verdikdə və ya üzrsüz səbəbə müqavilə öhdəliklərinin icrasından 2 (iki) gündən artıq yayındıqda “sifarişçi” İddiaçınə 4800 (dörd min səkkiz yüz) manat cərimə ödəməlidir. Həmin Müaqvilənin 15-ci bəndinə əsasən, bu Müqavilə xx xxxxxx 2019-cu il tarixinədək bağlanmışdır və tərəflərdən hər biri digərini 1 ay öncədən xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müqaviləyə xitam verilməsi tələb olunmadıqda, Müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İddia ərizəsinə əlavə edilmiş “sifarişçi” İddiaçı tərəfindən “icraçı” Cavabdeh ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli 02/19 №-li “pretenziya” məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 19-0054 saylı xidmət müqaviləsi üzrə yaranmış mübahisənin həlli və həmin Müqavilənin 11-ci bəndinin tələblərinə əsasən 4800 (dörd min səkkiz yüz) manat cərimə ödənilməli olması barədə Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən,öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimənin tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 4800 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətlərə görə ödənilmiş 90 (doxsan) manat məbləğində pul vəsaitidə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Çünki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən hüquqi xidmətlərə görə 90 (doxsan) manat və dövlət rüsumu kimi 30 (otuz) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 241, 242, 244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə, hüquqi xidmətə görə ödənilmiş 90 (doxsan) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaiti iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 253-cü maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar