Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-562/2025 13.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib olunmuş 19 avqust 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və həmin tələbnamə əsasında əsassız hesablanmış 2835 (iki min səkkiz yüz otuz beş) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 aprel 2024-cü il tarixdə X2 İstismar İdarəsinin Qusar xidmət sahəsinin əməkdaşları tərəfindən Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən İddiaçındə quraşdırılmış G-6 markalı, 28026045 nömrəli qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bir müddət keçdikdən sonra onlar qaz sayğacına müdaxilə edildiyini bildirmişlər. Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının xx.xx.2024-cü il tarixli, 0710 nömrəli aktına əsasən “G-6 markalı 28026045 nömrəli sayğacın çıxış plastmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olundu. Hesablayıcı mexanizmi hərəkətə gətirən maqnit ötürücünün dişli çarxları fiziki təsir nəticəsində bir çox hissəsi kəsilib.” kimi rəy verilmişdir. Sonradan Qusar xidmət sahəsinin əməkdaşları obyektə gələrək dəymiş ziyanın bərpasına dair tələbnamə təqdim etmişdir. Həmin tələbnaməyə əsasən istifadəsində olan qaz cihazların sayına görə cəmiyyətə itirilmiş qazın həcmi 11340 m3 müəyyən edilmiş və 2835 (iki min səkkiz yüz otuz beş) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sayğac istismara yararlı vəziyyətdə xətdən çıxarılıb və sayğaca heç bir müdaxilə edilməyib. İddiaçı nümayəndəsi Qanuni nümayəndə 12 may 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 2835 (iki min səkkiz yüz otuz beş) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə 03 aprel 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddia tələbinin əsasssız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz" X1 RQİİ-nin Qusar xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan hüquqi şəxs İddiaçı avto təmir müəssisəsi əhaliyə xidmət göstərmək üçün qazpaylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq iddiaçı müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, obyektin abonent saldosunu nəzər yetirən zaman müəyyən olunur ki, müəssisədə 1 ədəd kombi, 1 ədəd PQ-4 qaz plitəsi, 1 ədəd su qızdırıcı qazan kimi qazişlədici cihazlardan istifadə olunmasına baxmayaraq sayğacın qaz sərfiyyatı hətta qış aylarında 5-10 m3-dan artıq deyildir. Buna görə də xx.xx.2024-cü il tarixdə Cavabdeh işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan obyektdə quraşdırılmış ELSTER tipli G- 6T markalı, 28026045 nömrəli qaz sayğacının keçən qazı qeydiyyata almadığı müəyyən edilmişdir. Bu səbəbdən sayğac xətdən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı aktı İddiaçı sədri heç bir irad bildirmədən imzası ilə təsdiq etmişdir. Dövlət yoxlamasında Elster tipli G-6T markalı, 18026045 nömrəli qaz sayğacının "çıxış plastmas qapağının daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu, hesablayıcı mexanizmi hərəkətə gətirən maqnit ötürücüsünün dişli çarxları fiziki təsir nəticəsində bir çox hissəsi kəsilib” rəyi barədə xx.xx.2024-cü il tarixli, 0710 nömrəli akt daxil olmuşdur. İddiaçı sayğaca müdaxilə etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. İddiaçı hüquqi şəxs olduğu üçün öz qaz sayğacının işlək vəziyyətdə saxlanmasına özü cavabdehdir. Müqavilə şərtlərinə əməl olunması barədə göstərilən yoxlama xx.xx.2024-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə salınıb və KY242135951 saylı çıxarış alınmışdır. Bu barədə abonentin tam məlumatı vardır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 aprel 2024-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən İddiaçınə məxsus olan sahibkarlıq obyektində quraşdırılmış Elster tipli, BK-G6T markalı, 28026045 nömrəli qaz sayğacı müvəqqəti xətdən açılmış və dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC-nin “Qaz sayğaclarının yoxlamadan keçirilməsi barədə” 02 avqust 2024-cü il tarixli 0710 nömrəli aktından görünür ki, 15 may 2024-cü il tarixdə X2 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş Elster tipli BK-G6T markalı, 28026045 nömrəli qaz sayğacı 10 iyun 2024-cü il tarixdə yoxlamadan keçirilmiş və yoxlamanın nəticəsi kimi “plastmas qapağın daxili qulaqcıqlarında fiziki təsir (əzik-cızıq) izləri aşkar olundu. Hesablayıcı mexanizmi hərəkətə gətirən maqnit ötürücünün dişli çarxları fiziki təsir nəticəsində bir çox hissəsi kəsilib. Xətalar normaya uyğun deyil. Sayğac minimal sərfiyyatda – 100 % nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.” qeyd olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 avqust 2024-cü il tarixli ******* nömrəli aktda qeyd olunur ki, “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC-nin “Qaz sayğaclarının yoxlamadan keçirilməsi barədə” 02 avqust 2024-cü il tarixli 0710 nömrəli aktına əsasən “ “Elster BK- G6T” markalı, 28026045 nömrəli sayğaca baxış keçirilərkən “plastmas daxili qulaqcıqlarında fiziki təsir (əzik-cızıq) izləri aşkar olundu. Hesablayıcı mexanizmi hərəkətə gətirən maqnit ötürücünün dişli çarxları fiziki təsir nəticəsində bir çox hissəsi kəsilib” kimi nöqsanlar aşkar olunmuşdur. İş materiallarında olan 19 avqust 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, kombinin maksimal qaz sərfi 5.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, digər kombinin maksimal qaz sərfi 4.3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, PQ3-ün maksimal qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 11340 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli, KY242135951 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən İddiaçınə məxsus sahibkarlıq obyektində başlama tarixi 14 avqust 2024-cü il, qurtarma tarixi 16 avqust 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin avqust ayında akt əsasında İddiaçınə məxsus abonent hesabına 2835 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdehnə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı 23 aprel 2024-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməklə çıxarılaraq dövlət yoxlamasına aparılmış, Metrologiya Departamenti tərəfindən 10 iyun 2024-cü il tarixdə sayğac yoxlamadan keçirilmiş və yoxlamanın nəticəsində 02 avqust 2024-cü il tarixli 0710 nömrəli akt tərtib olunaraq “plastmas qapağın daxili qulaqcıqlarında fiziki təsir (əzik-cızıq) izləri aşkar olundu. Hesablayıcı mexanizmi hərəkətə gətirən maqnit ötürücünün dişli çarxları fiziki təsir nəticəsində bir çox hissəsi kəsilib. Xətalar normaya uyğun deyil. Sayğac minimal sərfiyyatda – 100 % nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.” qeyd olunmuşdur. Bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 avqust 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyan 11340 m3 müəyyən edilərək cavabdeh tərəfindən iddiaçıya 2835 (iki min səkkiz yüz otuz beş) manat borc hesablanmışdır. İstinad olunan çoxsaylı normalardan görünür ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində qaz sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən 23 aprel 2024-cü il tarixdə qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına aparılmış, Metrologiya Departamenti tərəfindən həmin sayğac 10 iyun 2024-cü il tarixdə yoxlamadan keçirilmiş, nöqsanlar onun tərəfindən müəyyən edilmiş və 02 avqust 2024-cü il tarixdə yoxlamanın nəticəsi barədə akt tərtib olunmuşdur. Lakin cavabdeh tərəfindən yoxlamaların vahid məlumat reyestrində yoxlamanın başlanma tarixi 14 avqust 2024-cü il, qurtarma tarixi 16 avqust 2024-cü il göstərilmişdir. Göründüyü kimi, Metrologiya Departamenti tərəfindən aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, hansı ki, nöqsanlar həmin yoxlama ilə müəyyən edilərək iddiaçıya əlavə sərfiyyat hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz və bu yoxlama nəticəsində Cavabdeh tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçınə məxsus sahibkarlıq obyektinə (abonent kodu **********0020) 15 avqust 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 2835 (iki min səkkiz yüz otuz beş) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə məxsus sahibkarlıq obyektinə (abonent kodu **********0020) 15 avqust 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 2835 (iki min səkkiz yüz otuz beş) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-562/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-562/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver