Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-563/2021 30.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Zakir oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2020-ci il tarixli 06/00173 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 (üç min beş yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3530 (üç min beş yüz otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı “xxxx” Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 21 may 2020-ci il tarixli 06/00173 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd SR-2045 markalı, 701205 şassi nömrəli, E48192 mühərrik nömrəli taxılyığan kombayn 2020-ci il taxıl biçini mövsümü ərzində iki ay müddətinə sonuncunun istifadəsinə verilmişdir. Həmin Müqaviləyə əsasən iki aylıq istifadə üçün müəyyən edilmiş 7000 (yeddi min) manat məbləğində istifadə məbləğindən Cavabdeh 3500 (üç min beş yüz) manat ödəniş etmiş olsa da, onun 3500 (üç min beş yüz) manat borcu qalmışdır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu tam qaytarmadığından, İddiaçı Açıq Səhmdar Cəmiyyəti dəfələrlə borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan 3500 (üç min beş yüz) manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 21 may 2020-ci il tarixli 06/00173 nömrəli operativ lizinq müqaviləsinə əsasən iki ay müddətinə istifadəyə verilmiş kombaynın istifadəsi ilə əlaqədar ödənilməmiş 3500 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3530 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “istifadəyə verən” “xxxx” Açıq Səhmdar Cəmiyyəti (indiki adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istifadəçi” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 21 may 2020-ci il tarixli 06/00173 nömrəli Müqaviləyə əsasən “istifadəyə verən” “xxxx” ASC-nin mülkiyyətində olan bir ədəd SR-2045 markalı taxılyığan kombayn 2020-ci il taxıl biçini mövsümü ərzində 01 iyun 2020-ci il tarixindən 31 iyul 2020-ci il tarixinədək iki ay müddətinə “istifadəçi” Cavabdeh istifadəsinə verilmiş və həmin Müqaviləyə əsasən istifadəyə verilən kombayndan iki aylıq istifadə üçün ümumi istifadə (icarə) haqqı 7000 (yeddi min) manat məbləğində müəyyən edilmişdir. Həmin kombayn 13 avqust 2020-ci ildə “istifadəçi” Cavabdeh tərəfindən “istifadəyə verən” “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qaytarılmışdır. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 21 may 2020-ci il tarixli 06/00173 nömrəli Müqavilə üzrə iki aylıq istifadə üçün müəyyən edilmiş 7000 (yeddi min) manat məbləğində istifadə haqqından “istifadəçi” Cavabdeh tərəfindən 3500 (üç min beş yüz) manat məbləğində ödəniş edilmiş olsa da, onun həmin Müqavilə üzrə 3500 (üç min beş yüz) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Təsvir olunanlarla müəyyən olunur ki, 21 may 2020-ci il tarixli 06/00173 nömrəli Müqavilə üzrə müvafiq qaydada ödənişlər aparılmadığına görə 19 fevral 2021-ci il tarixinə Cavabdeh 3500 manat məbləğində ödənilməmiş istifadə (icarə) haqqı borcu yaranmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 21 may 2020-ci il tarixli 06/00173 nömrəli Müqavilə üzrə Cavabdeh 19 fevral 2021-ci il tarixinə hesablanmış cəmi 3500 manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 3500 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 3500 (üç min beş yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3530 (üç min beş yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-563/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-563/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver