Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-57/2021 13.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal xidmətləri İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı 13.02.2019-cu il il tarixli, 0016-STİ-GM/19 saylı “Ehtiyat hissələrinin satışı müqaviləsi”nə və 20.08.2018-ci il il tarixli, 0043- İTAİ-GM/18 saylı “Ehtiyat hissələrinin satışı müqaviləsi”-nə əsasən 15416,44 (on beş min dörd yüz on altı, 44) manat məbləğində əsas borcun, 7795,51 (yeddi min yeddi yüz doxsan beş, 51 qəpik) manat məbləğində cərimə borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 23.241,95 (iyirmi üç min iki yüz qırx bir, 95) manat məbləğində vəsaitin cavabdeh “Abşeron rayon MKTİİTB”-nin Abadlıq və Kommunal xidmətləri İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin idxalını və satışını həyata keçirir. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsi ilə bağlanmış 20.08.2018-ci il il tarixli, 0043-İTAİ-GM/18 saylı “Ehtiyat hissələrinin satışı müqaviləsi”-nə əsasən 25281,69 manat dəyərində ehtiyat hissələri satılmışdır. Həmin məbləğdən hissə-hissə ödəniş aparldıqdan sonra 29.09.2020-ci il tarixə 2781,89 manat pul məbləği ödənilməmiş olaraq qalmışdır. Bu borc məbləği ilə bağlı elektron qaimələr göndərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin X3 İdarəsi ilə bağlanmış 13.02.2019-cu il tarixli, 0016-STİ-GM/19 saylı “Ehtiyat hissələrinin satışı müqaviləsi”-nə əsasən 28469,72 manat dəyərində ehtiyat hissələri satılmışdır. Həmin məbləğdən hissə-hissə ödəniş aparıldıqdan sonra 29.09.2020-ci il tarixə 12634,55 manat pul məbləği ödənilməmiş olaraq qalmışdır. Bu borc məbləği ilə bağlı elektron qaimələr göndərilmiş və 10.09.2019-cu il tarixində tərəflər arasında qarşılıqlı hesablaşmaların üzləşmə aktı bağlanılmışdır. Buna əsaslanaraq, 17 iyun 2020-ci il tarixində borcun qaytarılması ilə bağlı adı çəkilən idarələrə 1276 və 1277 nömrəli pretenziya məktubları göndərilmişdir. Lakin, pretenziya məktubu çatdırıldıqdan sonra bildirilmişdir ki, bu müddət ərzində sözü gedən idarələr ləğv olunmuş və onların yerinə Abşeron rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsi yaradılmışdır. Beləliklə, Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri BirliyininAbadlıq və Kommunal Xidmətləri İdarəsi qeyd olunan idarələrin hüquqi varisi qismində çıxış edir və bu səbəbdən, göstərilən borc öhdəliklərini yetirməyə borcludur. Buna əsaslanaraq, cavabdehə hər iki idarəyə məxsus borc məbləğinin ödənilməsi tələbi ilə 17 sentyabr 2020-ci il tarixli, 1499 saylı pretenziya məktubu göndərilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. 13.02.2019-cu il tarixli, 0016-STİ-GM/19 saylı “Ehtiyat hissələrinin satışı müqaviləsi”-nin 4.1.3-cü bəndinə görə, əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında “Alıcı”ya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “Alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,1% həcmində cərimə ödəyəcək. Buna əsasən, 23 oktyabr 2020-ci il tarixinə qədər hesablanmış cərimə borcu 7795,51 manat təşkil edir. Ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Salahova iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə edərək, yeni yaradılmış Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal xidmətləri İdarəsinin, müqavilələrin bağlandığı ləğv edilən hüquqi şəxslərin öhdəlikləri üçün cavabdehlik daşıdığını, müqavilələr üzrə ödənilməmiş məbləğlərin təqdim edilmiş sübutlarla tam təsdiqini tapdığını bildirərək iddianın təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Novruzov iddia tələbinin Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal xidmətləri İdarəsinə qarşı yönəlmədiyini, həmin idarənin ləğv edilmiş hüquq şəxslərin hüquqi varisi olmadığını, habelə tələb edilən borc məbləğinin sübuta yetirilmədiyini, iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktlarının sonradan saxtalaşdırıldığını bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Satıcı” İddiaçı ilə “Alıcı” Abşeron Rayon İcra Hakimiyyətin Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsi arasında bağlanmış 20.09.2018-ci il tarixli 0043- İTAİ-GM/18 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı”, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı”nı istifadəyə uyğun mallarla təmin edilməsi, malları “Alıcı”ya müqavilə üzrə müəyyən edilmiş keyfiyyətə və standartlara uyğun və tamamlanmış formada təqdim edilməsi “satıcı”nın öhdəlikləridir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən təqdim edilmiş malları qəbul edilməsi və müqaviləyə əsasən vaxtında ödəniş edilməsi “Alıcı”nın öhdəlikləridir. Bundan əlavə, iş materiallarında olan “Satıcı” İddiaçı ilə “Alıcı” Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin X3 İdarəsi arasında 13.02.2019-ci il tarixli 0016-STİ-GM/19 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı”, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı”nı istifadəyə uyğun mallarla təmin edilməsi, malları “Alıcı”ya müqavilə üzrə müəyyən edilmiş keyfiyyətə və standartlara uyğun və tamamlanmış formada təqdim edilməsi “satıcı”nın öhdəlikləridir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən təqdim edilmiş malları qəbul edilməsi və müqaviləyə əsasən vaxtında ödəniş edilməsi “Alıcı”nın öhdəlikləridir. İş materiallarında olan “sifarişçi” Abşeron Rayon İcra Hakimiyyətin Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin İstisaslaşdırılmış Təmir Abadlıq İdarəsi ilə “satıcı” İddiaçı MMC arasında bağlanılmış 22.11.2018-ci il tarixli 0043-İTAİ-GM/18 saylı Alqı-satqı müqaviləsinə dair 29.08.2019-cu il tarixli 18 nömrəli “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” akta əsasən ümumi dəyəri 495.75 manat olan “KİXXHD 15W-40 CF-4 20L” markalı 5 ədəd mühərrik yağı, ümumi dəyəri 406.80 manat olan “LUKOİL AVANTGARDE 20W-50CF-4SG 18L” markalı 6 ədəd mühərrik yağı, ümumi dəyəri 78.81 manat olan “LUKOİL AVANTGARDE EXTA 10W-40CH-4/CG-4/SJ 18L Kanistr” markalı 1 ədəd mühərrik yağı, ümumi dəyəri 91.53 manat olan “GENESİS ADVANCED 10W-40 SN/CF 5 L” markalı 3 ədəd mühərrik yağı, ümumi dəyəri 144.07 manat olan “6st-100 Battery-ECONOMY SERİ-PLUSPOWER(SMFE100L5-0)” markalı 1 ədəd akkumulyator batereyası olmaqla cəmi 1436.01 manat (ƏDV daxil) dəyərində mallar “satıcı” tərəfindən “alıcı”ya təhvil verilmişdir. İş materiallarında olan “sifarişçi” Abşeron Rayon İcra Hakimiyyətin Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin İstisaslaşdırılmış Təmir Abadlıq İdarəsi ilə “satıcı” İddiaçı MMC arasında bağlanmış 22.11.2018-ci il tarixli 0043-İTAİ-GM/18 saylı alqı-satqı müqaviləsinə dair 13.09.2019-cu il tarixli 19 nömrəli “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” akta əsasən ümumi dəyəri 63.54 manat olan “LUKOİL TOSOL SUPER A40” markalı 6 ədəd, ümumi dəyəri 203.40 manat olan “LUKOİL 46QEYSER 19,5L Kanistr ” markalı 3 ədəd, ümumi dəyəri 161.01 manat olan “6st- 100Battery-ECONOMY SERİ-PYUSPOWER (SMFE1000L5-0)” markalı 1 ədəd, ümumi dəyəri 343.22 manat olan “12-16.5SEHA LASTİK BL 800A TL İndustrial” markalı 1 ədəd, ümumi dəyəri 169.49 manat olan “235/75R17 5 ANNAİTE 366A TL Trucks” markalı 1 ədəd, ümumi dəyəri 200 manat olan “260R508 Altayşin ИH-142Б A TT Trucks” markalı 1 ədəd mal olmaqla cəmi 1345.98 manat (ƏDV daxil) dəyərində mallar “satıcı” tərəfindən “alıcı”ya təhvil verilmişdir. Yuxarıda qeyd edilən hər iki akt satıcının səlahiyyətli nümayəndəsi, habelə alıcı müəssisənin rəisi Ş.M.Əhmədov tərəfindən imzalarla və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, həmin aktlarda malların təhvil alınması barədə də imza edilmişdir. İş materiallarında olan 10.09.2019-cu il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən 10.09.2019-cu il tarixə Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin X3 İdarəsi” MMC-nin İddiaçı MMC-yə 17545.72 manat borcu vardır. Həmin üzləşmə aktı da, satıcının səlahiyyətli şəxsi, habelə alıcının rəhbəri və baş mühasibi tərəfindən imzalarla və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24.12.2019-cu il tarixli 303№-li Sərəncamından görünür ki, həmin Sərəncamla rayon ərazisində həyata keçirilən abadlıq işlərinin, yaşıllaşdırma, işıqlandırma, sanitar-təmizlik və digər kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi və bu sahədə operativ idarəetmənin təşkili məqsədi ilə Rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin tabelyində Abadlıq və Kommunal xidmətləri İdarəsinin yaradılması və 01.01.2020-ci il tarixdən fəaliyyətə başlaması qərara alınmışdır. Bundan əlavə, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.12.2019-cu il tarixli 304№-li Sərəncamından görünür ki, həmin sərəncamla Rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin tabelyində fəaliyyət göstərmiş İxtisaslaşdırılmış Təmir Abadlıq və Sanitar Təmizlik idarələrinin fəaliyyətinə 31.12.2019-cu il tarixdən xitam verilmişdir. Həmin sərəncamın 3-cü bəndində fəaliyyətinə xitam verilmiş MMC-lərin balansında və istifadəsində olan bina, inventar, avadanlıq, maşın və mexanizmlərin yeni yaradılmış Abadlıq və Kommunal xidmətləri İdarəsinin balansına verilməsinin təmin edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən isə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı “Elektron Məhkəmə İnformasiya Sistemi” üzrə vergi ödəyicilərinin məlumatları bölməsindən sorğu edilməklə müəyyən olunmuşdur ki, yuxarıda qeyd edilən müqavilələrin tərəfi (alıcı) olan Abşeron Rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin tabelyində fəaliyyət göstərmiş İxtisaslaşdırılmış Təmir Abadlıq və Sanitar Təmizlik idarələri hüquqi şəxs (MMC) kimi ləğv edilmiş, yeni yaradılmış Abşeron Rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi Abadlıq və Kommunal Xdmətləri İdarəsi isə 27.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN №**********). Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İ.Quluyevin 02.12.2020-ci il tarixli sorğuya 15.02.2021-ci il tarixdə verilmiş 264 saylı cavab məktubundan görünür ki, Abşeron rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Təmiri Birliyinin tabeliyində olmuş İxtisaslaşdırılmış Təmir Abadlıq və Sanitar Təmizlik idarələrinin təşkilatlarla bağladığı mülki-hüquqi müqavilələr əsasında öhdəliklər Abadlıq və Kommunal Xidməti İdarəsinə verilmişdir (əsas: Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25 dekabr 2019-cu il tarixli, 304 saylı Sərəncamı). Beləliklə, iş materiallarında olan 29.08.2019-cu il tarixli 18 nömrəli akta əsasən Abşeron Rayon İcra Hakimiyyətin Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin İstisaslaşdırılmış Təmir Abadlıq İdarəsinin 1436.01 manat (ƏDV daxil), 13.09.2019-cu il tarixli 19 akta əsasən isə 1345.98 manat (ƏDV daxil), cəmi 2781,99 manat borcu mövcud olmuşdur. Habelə, iş materiallarında olan 10.09.2019-cu il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə” aktına əsasən Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin X3 İdarəsi” MMC-nin İddiaçı MMC-yə 17545.72 manat borcu olduğu müəyyən olunur. İddiaçı iddia ərizəsində həmin borcdan müəyyən ödənişlərin edildiyini və 29.09.2020-ci il tarixə 12634,55 manat ödənilməmiş borcun qaldığını göstərir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25 dekabr 2019-cu il tarixli, 304 saylı Sərəncamına əsasən hazırda həmin borcların ödənilməsi cavabdeh Abşeron Rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi Abadlıq və Kommunal Xdmətləri İdarəsindən tələb olunur. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələblərinin əsası kimi yuxarıda sadalanan müqavilə və aktlara istinad edir. Cavabdehin nümayəndəsi 29.08.2019-cu il tarixli 18 nömrəli və 13.09.2019-cu il tarixli 19 nömrəli “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” aktlarda, habelə 10.09.2019-cu il tarixli “qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında nəzərdə tutulmuş malların əslində alınmadığını və yeni yaradılmış Abadlıq və Kommunal xidmətləri İdarəsinin balansına qəbul edilmədiyini, həmin aktların sonradan tərtib edilməklə saxtalaşdırıldığı bildirsə də qeyd edilən dəlillərini təsdiq edəcək hər-hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 29.08.2019-cu il tarixli 18 nömrəli və 13.09.2019-cu il tarixli 19 nömrəli “qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” aktların Abadlıq və Kommunal xidmətləri İdarəsində olan nüsxələrinin alıcı müəssisə tərəfindən təsdiq edilməməsi qeyd edilən aktların iddiaçı tərəfindən təqdim edilmiş və hər iki tərəfin təsdiqlədiyi nüsxələrinin mötəbərliyini şübhə altına almır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal xidmətləri İdarəsindən 15.416,44 (on beş min dörd yüz on altı manat 44 qəpik) manat əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "7795,51 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 1500 (min beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal xidmətləri İdarəsindən 15.416,44 (on beş min dörd yüz on altı manat 44 qəpik) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 16.946,44 (on altı min doqquz yüz qırx altı manat 44 qəpik) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-57/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-57/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver