Məhkəmə qərarları › İş №e-2-2(119)-573/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-573/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-573/2021 07.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh X3 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X5 arasında bağlanmış 01.06.2020-ci il tarixli, 06/00238 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı, 561337 şassi nömrəli, Z29712 mühərrik nömrəli taxılyığan kombayn 2020-ci il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Həmin müqaviləyə əsasən yaranmış 4.500 (dörd min beş yüz) manat borcdan 3.050 (üç min əlli) manat ödəniş edilmiş, cavabdehin iddiaçıya 1.450 (min dörd yüz əlli) manat borcu qalmışdır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından dəfələrlə ondan yaranmış borcun ödənilməsi tələb edilsə də, bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu “xxxx” ASC ilə bağladığı müqavilələrin həmin bəndləri ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 01.06.2020-ci il tarixli, 06/00238 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1.450 (min dörd yüz əlli) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1.480 (bir min dörd yüz səksən) manat pul vəsaitinin X2 tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə etdi. Məhkəmədə cavabdeh X5 izahat verərək bildirdi ki, o, İddiaçı ASC-də də cəmi 10 gün işləyib, sonra işdən azad olunub. Kənd təsərrüfatı texnikasını onun adına İddiaçı ASCdə baş mühasib vəzifəsində çalışan şəxs götürüb, pulunu ödəyəcəyini desə də, ödəməyib. Cavabdeh İddiaçı ASC-yə bununla bağlı müraciət edib, texnikanın onun adından çıxarılacağı deyilsə də, çıxarılmayıb. Hazırda həmin mühasib də işdən azad olunub. Buna görə də o, iddianı qəbul etmədiyini, pulu ödəmək imkanının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01.06.2020-ci il tarixli, 06/00238 nömrəli müqavilədən görünür ki, “xxxx” ASC ümumi dəyəri 4.500 manat olan kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 01.06.2020-ci il tarixli, 06/00238 nömrəli müqaviləyə əsasən X3 İddiaçı ASC-yə 1.450 manat borcu vardır. İş materiallarında olan 22 may 2020-ci il tarixli iltizamdan görünür ki, X5 operativ lizinq müqaviləsinə əsasən 01.06.2020-ci il tarixdən 31.07.2020-ci il tarixədək müvəqqəti istifadəyə verilmiş taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq cədvəldə nəzərdə tutulmuş məbləği (4.500 manat) lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş 28.01.2021-ci il tarixli, 23/P-170 №-li pretenziya məktubundan görünür ki, cavabdeh X5 borcunu qısa müddətdə “xxxx” ASC-yə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq “xxxx” ASC-yə ödənilməsi və tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X5 xəbərdarlığa əməl etməmiş və sözügedən müqavilə əsasında yaranmış borcu “xxxx” ASC-yə qaytarmamışdır. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh X5 lizinq müqaviləsi əsasında iddiaçı “xxxx” ASC-dən lizinq obyekti olan texnikanı istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh operativ lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikasını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, müvəqqəti istifadəyə götürülmüş texnika ilə bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehdən kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə bağlı yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” ASC ilə X5 arasında bağlanmış müqaviləyə əsasən X1 təsərrüfatı texnikasını lizinqə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 1450 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumunun tutulmasını tələb edir. Bu hal iş materialları və cavabdehin qismən etirafı ilə təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, X2 1450 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X2 01 İyun 2020-ci il tarixli, 06/00238 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1450 manat məbləğində pul tutularaq, İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar