Məhkəmə qərarları › İş №e-2-2(119)-573/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-573/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-573/2025 13.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “malların təhvil alınması və dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “malların təhvil alınması və dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçındən müqavilə üzrə 62770,10 (altmış iki min yeddi yüz yetmiş manat on qəpik) manat dəyərində malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsi vəzifəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması və ödənilmiş 278,31 (iki yüz yetmiş səkkiz manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “X2” QSC arasında 12 sentyabr 2023-cü il tarixli AS/SH-39/0923 saylı alqı-satqı müqaviləsi bağlanmşdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə mehmanxana otaqları üçün ləvazimatları satır, cavabdeh isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Malların adı, miqdarı, çeşidi və xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 də müəyyən edilmişdir. Müqavilənin 01 saylı əlavəsinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil 129882,60 manat təşkil edir. Bu qiymətə malların çatıdırılması ilə bağlı xərclər və sair məcburi ödənişlər daxil olmuşdur. Beləliklə, satıcı üzərinə düşən öhdəlikləri icra etmiş və müqavilə ilə müəyyən edilmiş qaydada ƏDV daxil 66286,56 manat dəyərində malları alıcıya təhvil vermişdir. Həmin malların dəyəri alıcı tərəfindən ödənilmiş və malların keyfiyyətinə dair hər hansı şikayət daxil olmamışdır. Qeyd olunan hallar elektron qaimə-faktura və hesab-fakturalar ilə təsdiq edilir. Lakin alıcı müqavilə ilə müəyyən öhdəliklərini pozaraq malların digər hissəsini - ƏDV daxil 62770,10 manat dəyərinə malları qəbul etməkdən imtina edir. Həmin mallar xüsusi olaraq alıcının tələbinə uyğun sifariş edilib və malların üzərində “Şahdağ” loqosu vurulmuşdur. Bu o deməkdir ki, malların qəbul edilməməsi satıcını ciddi zərərə salır və həmin malların başqa şəxslərə satılması mümkün deyil. Beləliklə, müqavilə üzrə alıcı tərəfindən alınmalı lakin təhvil alınmayan malların dəyəri ƏDV daxil 62770,10 manat təşkil edir və bu mallar alıcı tərəfindən təhvil alınmalı, dəyəri ödənilməlidir. Hal-hazırda, mallar satıcının icarəyə götürdüyü obyektdə saxlanılır və "xxxx" MMC həmin malların saxlanılması ilə bağlı icarə haqqı ödəyir. İddiaçı malların qəbul edilməsi ilə bağlı alıcıya müraciət etsə də, alıcı tərəfindən hər hansı tədbir görülməmişdir. Sonuncu dəfə satıcı 28 dekabr 2024-cü il tarixli məktubla alıcıya rəsmi müraciət etmiş, lakin bunun nəticəsi olmamışdır.

3. 07 mart 2025-ci il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddiaçı "xxxx" MMC tərəfindən verilmiş iddia ərizəsinin tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC “Mehmanxana otaqları üçün ləvazimatların satın alınması" barədə xx.xx.2023-cü il tarixində dövlət tender müsabiqəsi elan etmişdir. Təklif qiyməti 129882,60 manat (yüz iyirmi doqquz min səkkiz yüz səksən iki manat altmış qəpik) məbləğində olan dövlət tender müsabiqəsi xx.xx.2023-cü il tarixində yekunlaşmış və İddiaçı MMC müsabiqənin qalibi olmuşdur. Müsabiqənin nəticəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təsdiqi əsasında İddiaçı MMC və Cavabdeh QSC arasında 12 sentyabr 2023-ci il tarixli, AS/SH-39/0923 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, miqdarı, çeşidi və xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də müəyyən edilmişdir. Müqavilənin 2-ci maddəsinə əsasən malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən edilir. Müqavilənin qiyməti 129882,60 manat (yüz iyirmi doqquz min səkkiz yüz səksən iki manat altmış qəpik) təşkil edir. Tərəflərin hüquq və vəzifələrini təsbit edən müqavilənin 3-cü maddəsinə əsasən satıcı malı müqavilədə müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə verməli, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməlidir. Müqavilənin 5-ci maddəsinə əsasən mallar müqavilənin qüvvədə olduğu müddət ərzində alıcı tərəfindən müəyyən edilən həcmlər əsasında hissəhissə təhvil verilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixədək qüvvədədir. Müqavilədə nəzərdə tutulmuş müddətdə malların razılaşdırılmış hissəsinin çatdırılması mümkün olmadığı üçün satıcı 25 dekabr 2023-cü il tarixində alıcıya müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Alıcı satıcı ilə aralarında baş vermiş daha öncəki işgüzar münasibətləri də nəzərə alaraq müddətin uzadılması barədə razılığa gəlmişdir. Bununla da tərəflər 27 dekabr 2023-cü il tarixində, 12 sentyabr 2023-ci il tarixli AS/SH- 39/0923 saylı alğı-satqı müqaviləsinə 1 saylı Əlavə imzalayaraq müqavilənin müddətinin xx.xx.2024-cü il tarixədək uzadılmasını razılaşdırmışlar. İddiaçı cavabdeh tərəfindən malların alınmadığını və bu səbəbdən onun ciddi zərərə məruz qaldığını qeyd etdiyi halda, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini pozaraq müqavilədə müəyyən edilmiş müddətdə (və müqavilə müddəti sonunadək) malları təhvil verməmişdir. İddiaçının mövqeyinə cavab olaraq bildirilir ki, tərəflər malların müqavilənin qüvvəyə mindiyi gündən xx.xx.2023-cü il tarixədək hissə-hissə çatdırılmasını razılaşdırmışlar. Daha sonra satıcı sifariş edilmiş malların Azərbaycan Respublikası ərazisinə 2024-cü ildə gətiriləcəyini qeyd edərək, müqavilə müddətinin uzadılmasını xahiş etmişdir. Bununla da, tərəflər müqavilə müddətinin xx.xx.2024-cü il tarixədək uzadılmasına dair razılıq əldə etmiş, alıcı qeyd edilən tarixədək satıcı tərəfindən çatdırılmış bütün malları təhvil almış və müvafiq ödənişləri həyata keçirmişdir. Həmin tarixədək satıcı tərəfindən ümumilikdə 118064,90 manat (yüz on səkkiz min altmış dörd manat doxsan qəpik) dəyərində mallar təhvil verilmişdir. Çatdırılmış malların dəyəri və həyata keçirilmiş ödənişlərin məbləği elektron qaimələr və pul köçürmələri üzrə bank əməliyyatlarında öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, alıcı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli 988-V1Q №-li Qanununa uyğun səkildə müsabiqə elan edərək alğı-satqı münasibətlərinə daxil olur və dövlət büdcəsindən maliyyələşərək, həmin maliyyə vəsaitlərini yalnız "Dövlət satınalmaları" haqqında qanunvericiliyə əsasən istifadə edə bilir. Alıcı təhvil verilməmiş mallara dair ödəniş etmiş olduğu halda qanunla müəyyən edilmiş inzibati məsuliyyət daşıyır. İddiaçı ərizəsində cavabdehin ƏDV daxil 62770,10 manat dəyərində malları qəbul etməkdən imtina edərək, müqavilə üzrə öhdəliyini pozduğunu qeyd etdiyi halda, cavabdeh tərəfindən 118064,90 manat dəyərində mallar qəbul edilərək müvafiq ödəniş həyata keçirilmişdir. Müqavilənin 27 dekabr 2023-cü il tarixli 1 saylı Əlavəsində qeyd edilən tarixədək satıcı tərəfindən çatdırılan bütün mallar alıcı tərəfindən təhvil alınmış və onların dəyərinə uyğun olaraq ümumilikdə 118064,90 manat (yüz on səkkiz min altmış dörd manat doxsan qəpik) məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı ərizəsində cavabdeh tərəfindən təhvil alınmayan malların dəyərini düzgün qeyd etməyərək 62770,10 manat (altmış iki min yeddi yüz yetmiş manat on qəpik) göstərərək vicdanlılıq prinsipini pozmuş və bunu iddia ərizəsində alıcının müqavilə üzrə öhdəliklərini pozması kimi qələmə vermişdir. Halbuki müqavilənin qüvvədə olma müddətindən, yəni 31 mart 2024-cü il tarixindən sonra, qalan malların təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı hərəkətlər edilməmişdir. Əlavə olaraq bildirilir ki, yeni büdcə ilinə görə 28 avqust 2024-cü il tarixində "X1” QSC tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq malların alınması ilə bağlı yeni tender keçirilmiş, İddiaçı MMC həmin tenderdə iştirak etmiş, lakin həmin tenderin qalibi seçilməmişdir. Bununla belə, 07 dekabr 2024-cü il tarixində eyni predmetlə bağlı yeni tender elan edilmiş, İddiaçı MMC isə yeni elan edilmiş tenderdə iştirak etməmiş və məhz bu tarixlərdən sonra əsassız olaraq hüquqlarından sui-istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi, iddiaçı prosessual hüquqlarından sui-istifadə edərək müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirmədiyi halda, vicdanlılıq prinsipinə zidd olaraq və dövlət satınalmaları haqqında mövcud qanunvericiliyin tələblərini pozaraq 62770,10 manat dəyərində malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsi vəzifəsinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə və ödənilmiş 278,31 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini tələb etmişdir.

4. 07 may 2025-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək 12 sentyabr 2023-cü il tarixli AS/SH-39/0923 saylı alqı-satqı müqaviləsi üzrə dəyəri 3079,80 manat olan 40 ml həcmli 14500 ədəd losyon, dəyəri 3250,90 manat olan 14500 ədəd 40 ml həcmli saç kremi, dəyəri 442,50 manat olan 2500 ədəd “pilka”, dəyəri 442,50 manat olan 2500 ədəd tikiş dəsti, dəyəri 619,50 manat olan 3500 ədəd duş üçün papaq, dəyəri 1085,60 manat olan 4000 ədəd daraq, dəyəri 2070,90 manat olan 4500 ədəd ayaqqabı cilası, dəyəri 826 manat olan 5000 ədəd qulaq çöpü olmaqla, ümumilikdə dəyəri 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat olan malların İddiaçı MMC-dən təhvil alınması və həmin malların dəyərinin ödənilməsi vəzifəsinin cavabdeh "X1" QSC-nin üzərinə qoyulması və ödənilmiş 278,31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması barədə” ərizədə yazılanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Bundan əlavə o, 2024-cü ilin sentyabr ayında da cavabdehin iddiaçıdan mal aldığını, 10 sentyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə 3310,2 manat dəyərində malların satılması ilə bağlı MT2409 seriyalı 10652681 nömrəli elektron qaimə təqdim edildiyini, lakin 6 gün sonra cavabdehin müqavilə müddətinin bitməsi səbəbindən bundan imtina etdiyini bildirmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, müqavilənin müddəti bitdiyi üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti 11817,70 manat dəyərində loqolu malları təhvil ala bilmir. 28 mart 2024-cü il tarixində mallar təhvil alınmış, 04 aprel 2024-cü il tarixli elektron qaiməyə əsasən isə 20 aprel 2024-cü il tarixində ödəniş edilmişdir. Müqavilə 2023-cü ilin büdcəsi üçün nəzərdə tutulsa da, 2024-cü ilin büdcəsindən də istifadə olunmuşdur.

7. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

8. Belə ki, iş materiallarında olan satıcı - İddiaçı ilə alıcı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı alıcıya mehmanxana otaqları üçün ləvazimatları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

9. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, çeşidi və xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən edilir.

10. Həmin müqavilənin 2.1-ci bəndinə görə malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən edilir.

11. 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə görə müqavilənin qiyməti 129882,60 (yüz iyirmi doqquz min səkkiz yüz səksən iki manat altmış qəpik) manat təşkil edir. Malların qablaşdırılması, çatdırılması və bütün digər xərclər, həmçinin vergilər və digər məcburi ödənişlər müqavilənin qiymətinə daxildir.

12. Həmin müqavilənin 5.1-ci bəndinə görə mallar müqavilənin qüvvədə olduğu müddət ərzində alıcı tərəfindən müəyyən edilən həcmlər əsasında hissə-hissə təhvil verilməlidir.

13. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir.

14. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqısatqı müqaviləsinə 12 sentyabr 2023-cü il tarixli 1 nömrəli Əlavədə satılacaq malların ümumi qiyməti 129882,60 (yüz iyirmi doqquz min səkkiz yüz səksən iki manat altmış qəpik) manat müəyyən olunmuşdur.

15. İş materiallarından görünür ki, 25 dekabr 2023-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət olunaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən sifariş edilmiş malların dekabr ayının sonuna ölkəyə idxalı nəzərdə tutulmuş, ancaq daşınmanı edən "xxxx" MMC rəsmi məktubla İddiaçınə müraciət edib malların söz verilən tarixə ölkəyə gətirilə bilməyəcəyini qeyd etmişdir. Səbəb kimi Qırmızı dənizdə gəmilərə edilən hücumlar səbəbindən gəmi şirkətlərinin cədvəlində dəyişiklik edildiyi göstərilmişdir. Bu səbəbdən malların 2024-cü il tarixində ölkəyə idxal ediləcəyini nəzərə alaraq müqavilənin müddətinin uzadılması Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən xahiş olunmuşdur.

16. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqısatqı müqaviləsinə 27 dekabr 2023-cü il tarixli 1 nömrəli Əlavəyə əsasən 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqı-satqı müqaviləsinin 10.1-ci bəndində dəyişiklik edilmiş, müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2024-cü il tarixədək uzadılmışdır.

17. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 513,30 manat, xx.xx.2023-cü il tarixdə 435 manat, xx.xx.2023-cü il tarixdə 513,3 manat, xx.xx.2023-cü il tarixdə 2548,8 manat, xx.xx.2023-cü il tarixdə 991,2 manat, xx.xx.2023-cü il tarixdə 2053,2 manat, xx.xx.2023-cü il tarixdə 2230,2 manat, xx.xx.2023-cü il tarixdə 4814,4 manat, xx.xx.2023-cü il tarixdə 11422,4 manat, xx.xx.2023-cü il tarixdə 16968,4 manat, xx.xx.2023-cü il tarixdə 8212,8 manat, xx.xx.2024-cü il tarixdə 1600 manat, xx.xx.2024-cü il tarixdə 36597,7 manat, xx.xx.2024-cü il tarixdə 2053,2 manat, xx.xx.2024cü il tarixdə 495,6 manat, xx.xx.2024-cü il tarixdə 19012,632 manat dəyərində mallar Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmişdir.

18. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə 513,3 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 513,3 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 2548,8 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 991,2 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 2053,2 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 2230,2 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 4814,4 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 11422,4 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 7835,2 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 16968,4 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 1888 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 36597,7 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 2053,2 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 8127,37 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 19508,23 manat dəyərində malların satılması ilə bağlı xx.xx.2024-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.

19. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, alıcı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satıcı İddiaçınə xx.xx.2023-cü il tarixdə 513,3 manat, xx.xx.2023-cü il tarixdə 513,3 manat, xx.xx.2023-cü il tarixdə 5593,2 manat, xx.xx.2023-cü il tarixdə 7044,6 manat, xx.xx.2023-cü il tarixdə 11422,4 manat, xx.xx.2024-cü il tarixdə 7835,2 manat, xx.xx.2024-cü il tarixdə 16968,4 manat, xx.xx.2024-cü il tarixdə 1888 manat, xx.xx.2024-cü il tarixdə 36597,7 manat, xx.xx.2024-cü il tarixdə 2053,2 manat, xx.xx.2024-cü il tarixdə 8127,37 manat, xx.xx.2024-cü il tarixdə 19508,23 manat məbləğində ödəniş olunmuşdur.

20. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə3310,2 manat dəyərində malların satılması ilə bağlı 10 sentyabr 2024-cü il tarixdə MT2409 seriyalı 10652681 nömrəli elektron qaimə təqdim edilmiş və həmin malların Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə 10 sentyabr 2024-cü il tarixli qaimə-faktura tərtib olunmuşdur.

21. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ümumi dəyəri 118064,90 manat olan mallar satılmış və ödənişi edilmişdir. Lakin 12 sentyabr 2023-cü il tarixli AS/SH-39/0923 saylı alqı-satqı müqaviləsi üzrə 12 sentyabr 2023-cü il tarixli AS/SH-39/0923 saylı alqı-satqı müqaviləsi üzrə dəyəri 3079,80 manat olan 40 ml həcmli 14500 ədəd losyon, dəyəri 3250,90 manat olan 14500 ədəd 40 ml həcmli saç kremi,dəyəri 442,50 manat olan 2500 ədəd “pilka”, dəyəri 442,50 manat olan 2500 ədəd tikiş dəsti, dəyəri 619,50 manat olan 3500 ədəd duş üçün papaq, dəyəri 1085,60 manat olan 4000 ədəd daraq, dəyəri 2070,90 manat olan 4500 ədəd ayaqqabı cilası, dəyəri 826 manat olan 5000 ədəd qulaq çöpü olmaqla, ümumilikdə dəyəri 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat olan mallar "X1" QSC tərəfindən bu günədək təhvil alınmamış və həmin malların dəyəri bu günədək ödənilməmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

25. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. Mülki Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

31. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

32. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

33. Mülki Məcəllənin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

35. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -39.2-ci maddəsinə əsasən satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma komissiyası tərəfindən şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır. -39.3-ci maddəsinə əsasən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ təchizatçıya ödənilir. -39.4-ci maddəsinə əsasən müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər təchizatçı tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 (on beş) iş günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur.

36. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında ümumilikdə 129882,60 (yüz iyirmi doqquz min səkkiz yüz səksən iki manat altmış qəpik) manat dəyərində malların satılmasına dair 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən malların bir hissəsi cavabdehə hissə-hissə təhvil verilərək dəyəri cavabdeh tərəfindən ödənilmiş, lakin cavabdeh sifariş verilən malların qalan hissəsi təhvil alaraq dəyərini ödəməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə etiraz təqdim edərək tərəflər arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddətdə İddiaçı tərəfindən ümumilikdə 118064,90 manat dəyərində malın təhvil verildiyi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin də həmin malları qəbul edərək müvafiq ödəniş həyata keçirdiyini, qalan malların isə müqavilə müddəti bitdikdən sonra təhvil verilməsi səbəbi ilə təhvil alınmadığı və dəyərinin ödənilmədiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ümumilikdə 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat dəyərində malın təhvil alınmadığı işin mübahisəsiz halıdır (129882,60 manat-118064,90 manat=11817,70 manat). Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti 11817,70 manat dəyərində malın iddiaçı tərəfindən müqavilə müddəti bitdikdən sonra təhvil verildiyini əsas gətirərək ona məxsus loqolu həmin malları təhvil almaqdan və dəyərini ödəməkdən imtina etsə də, məhkəmə hesab edir ki, müqavilə müddətinin bitməsi həmin malların təhvil alınmasından və dəyərinin ödənilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqı-satqı müqaviləsi üzrə malların satılması ilə bağlı xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə elektron qaimə təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə həmin qaimə üzrə 19508,23 manat məbləğində ödəniş olunmuşdur. Bundan əlavə məhkəmə hesab edir ki, 12 sentyabr 2023-cü il tarixli, AS/SH-39/0923 nömrəli alqı-satqı müqaviləsində onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olacağı şərti göstərilmədiyindən, həmin müqavilənin müddətinin bitməsi öhdəliklərin xitamına səbə olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 12 sentyabr 2023-cü il tarixli AS/SH-39/0923 saylı alqı-satqı müqaviləsi üzrə dəyəri 3079,80 manat olan 40 ml həcmli 14500 ədəd losyon, dəyəri 3250,90 manat olan 14500 ədəd 40 ml həcmli saç kremi,dəyəri 442,50 manat olan 2500 ədəd “pilka”, dəyəri 442,50 manat olan 2500 ədəd tikiş dəsti, dəyəri 619,50 manat olan 3500 ədəd duş üçün papaq, dəyəri 1085,60 manat olan 4000 ədəd daraq, dəyəri 2070,90 manat olan 4500 ədəd ayaqqabı cilası, dəyəri 826 manat olan 5000 ədəd qulaq çöpü olmaqla, ümumilikdə dəyəri 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat olan malların İddiaçındən təhvil alınması öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, həmin malların dəyəri olan 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. İddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 278,31 (iki yüz yetmiş səkkiz manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və hazırkı iddia tələbinin həcminə uyğun hesablanan 125,45 manat (yüz iyirmi beş manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 12 sentyabr 2023-cü il tarixli AS/SH-39/0923 saylı alqı-satqı müqaviləsi üzrə dəyəri 3079,80 manat olan 40 ml həcmli 14500 ədəd losyon, dəyəri 3250,90 manat olan 14500 ədəd 40 ml həcmli saç kremi,dəyəri 442,50 manat olan 2500 ədəd “pilka”, dəyəri 442,50 manat olan 2500 ədəd tikiş dəsti, dəyəri 619,50 manat olan 3500 ədəd duş üçün papaq, dəyəri 1085,60 manat olan 4000 ədəd daraq, dəyəri 2070,90 manat olan 4500 ədəd ayaqqabı cilası, dəyəri 826 manat olan 5000 ədəd qulaq çöpü olmaqla, ümumilikdə dəyəri 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat olan malların İddiaçındən təhvil alınması öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, həmin malların dəyəri olan 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 125,45 manat (yüz iyirmi beş manat qırx beş qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

41. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 12 sentyabr 2023-cü il tarixli AS/SH-39/0923 saylı alqı-satqı müqaviləsi üzrə dəyəri 3079,80 manat olan 40 ml həcmli 14500 ədəd losyon, dəyəri 3250,90 manat olan 14500 ədəd 40 ml həcmli saç kremi,dəyəri 442,50 manat olan 2500 ədəd “pilka”, dəyəri 442,50 manat olan 2500 ədəd tikiş dəsti, dəyəri 619,50 manat olan 3500 ədəd duş üçün papaq, dəyəri 1085,60 manat olan 4000 ədəd daraq, dəyəri 2070,90 manat olan 4500 ədəd ayaqqabı cilası, dəyəri 826 manat olan 5000 ədəd qulaq çöpü olmaqla, ümumilikdə dəyəri 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat olan malların İddiaçındən təhvil alınması öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Həmin malların dəyəri olan 11817,70 (on bir min səkkiz yüz on yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 125,45 manat (yüz iyirmi beş manat qırx beş qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar