Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-574/2025 04.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 245630 (iki yüz qırx beş min altı yüz otuz) manat məbləğində əsas borcun, 12281 (on iki min iki yüz səksən bir) manat məbləğində cərimənin və 547,91 (beş yüz qırx yeddi manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 14 mart 2023cü il tarixli, xx/xx/2023 nömrəli aqrokimyəvi maddələrin satışına dair müqavilə bağlanaraq İddiaçı tərəfindən ümumi dəyəri 245630 (iki yüz qırx beş min altı yüz otuz) manat olan müvafiq mallar Cavabdehnə təhvil verilmişdir. Sözügedən malların təhvil verilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən bu günədək 245630 (iki yüz qırx beş min altı yüz otuz) manat məbləğində borcun ödənilməsi təmin edilməmişdir. Bundan başqa cavabdeh iddiaçıya 12281 (on iki min iki yüz səksən bir) manat dəyərində cərimə məbləği ödəməlidir. Göstərilənlərə əsasən cavabdehdən 245630 (iki yüz qırx beş min altı yüz otuz) manat məbləğində malların dəyəri və 12281 (on iki min iki yüz səksən bir) manat dəyərində cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 14 mart 2023-cü il tarixli xx/xx/2023 nömrəli aqrokimyəvi maddələrin satışına dair müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya əlavədə göstərilən aqrokimyəvi maddələri satmağı, alıcı isə satın aldığı malların dəyərini bu müqaviləyə və əlavələrinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı bu müqavilənin əlavə razılaşmasında göstərilən qiymətlər əsasında malın dəyərini tam şəkildə müəyyən olunmuş müddətdə və ödənişin gecikdirildiyi halda hesablanmış dəbbə məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən alıcı müqavilənin tərkib hissəsi olan razılaşma protokolunun şərtlərinə əsasən malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə satıcıya ödənilməli olan məbləğin 2%-i məbləğində dəbbə pulu ödəməlidir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli 1 saylı qiymət razılaşdırılması protokoluna əsasən İddiaçı tərəfindən Cavabdeh X1 vahidinin qiyməti 500 manat olmaqla 8 ton miqdarında cəmi 4000 manat məbləğində karbamidin (Socar) satılması razılaşdırılmışdır. Həmin protokolun 4-cü bəndinə əsasən alıcı protokolun ümumi dəyərinin 100%-ni 2023-cü ilin iyun ayının 1-dək satıcının bank hesabına ödəməlidir. İş materiallarında olan 19 may 2023-cü il tarixli 1 nömrəli malların təhvil-təslim aktına əsasən İddiaçı tərəfindən Cavabdeh X1 vahidinin qiyməti 500 manat olmaqla 8 ton miqdarında cəmi 4000 manat dəyərində karbamid (Socar) təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 4000 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDG seriyalı 025921 nömrəli, 53500 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBEA seriyalı 390808 nömrəli, 27870 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBEA seriyalı 388622 nömrəli, 89117 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBEA seriyalı 373538 nömrəli, 60539 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBEA seriyalı 391689 nömrəli, 584 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBEA seriyalı 391078 nömrəli, 10020 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBEA seriyalı 389383 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 14 mart 2023-cü il tarixli xx/xx/2023 nömrəli aqrokimyəvi maddələrin satışına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 245630 (iki yüz qırx beş min altı yüz otuz) manat dəyərində aqrokimyəvi maddələr satılmış, lakin cavabdeh üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 14 mart 2023-cü il tarixli xx/xx/2023 nömrəli aqrokimyəvi maddələrin satışına dair müqavilə üzrə ödənilməmiş 245630 (iki yüz qırx beş min altı yüz otuz) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 12281 (on ikimin iki yüz səksən bir) manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 8000 (səkkiz min) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddia tələbinin “547,91 (beş yüz qırx yeddi manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 543,63 (beş yüz qırx üç manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 245630 (iki yüz qırx beş min altı yüz otuz) manat məbləğində əsas borc, 8000 (səkkiz min) manat məbləğində cərimə və 543,63 (beş yüz qırx üç manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 254173,63 (iki yüz əlli dörd min yüz yetmiş üç manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 245630 (iki yüz qırx beş min altı yüz otuz) manat məbləğində əsas borc, 8000 (səkkiz min) manat məbləğində cərimə və 543,63 (beş yüz qırx üç manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 254173,63 (iki yüz əlli dörd min yüz yetmiş üç manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-574/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-574/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver