Məhkəmə qərarları › İş №e-2-2(119)-576/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-576/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-576/2021 17.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Hacı Nadir Eldar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Firmasına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2020-ci il tarixli 0220-EB-GM/20 saylı Ehtiyat hissələrinin Satışı Müqaviləsinə əsasən 5300 (beş min üç yüz) manat məbləğində əsas borc, 1272 (min iki yüz yetmiş iki) manat məbləğində hesablanmış cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6602 (altı min altı yüz iki) manat məbləğində pul vəsaitinin Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, bildirdi ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir və eyni zamanda, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da iddiaçı şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. İddiaçının həmin fəaliyyəti ilə əlaqədar alıcı Cavabdeh Firması ilə satıcı İddiaçı MMC arasında 24 iyun 2020-ci il tarixli 0220-EB- GM/20 saylı Ehtiyat hissələrinin Satışı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin Əlavələrinə əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla ümumi dəyəri 5300 manat dəyərində ehtiyat hissələri satılmışdır. Ehtiyat hissələrinin Satışı Müqaviləsinin 2.6-cı bəndinə əsasən “Satıcı”nın təqdim etdiyi hesab əsasında “Alıcı” Əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra köçürmə yolu ilə 5 bank günü ərzində ödəməli idi. Lakin, qeyd olunan həmin məbləğ cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Beləliklə, Cavabdeh Firmasının bu Müqavilə üzrə əsas borcu 5300 manat təşkil edir. Eyni zamanda, Müqavilənin 4.1.3-cü bəndinə əsasən gecikdirilmiş günlərə görə hesablanmış cərimənin həcmi isə 1272 manat təşkil edir. Tərəflər arasında 21 sentyabr 2020-ci il tarixində Qarşılıqlı hesablaşmalar haqqında Üzləşmə Aktı tərtib edilmiş və bu aktda “xxxx” Firmasının İddiaçı MMC-yə olan 5300 manat məbləğindəki borcu bir daha təsdiq edilmiş və buna əsaslanaraq, cavabdehə həmin borc məbləğinin ödənilməsi tələbi ilə 26 oktyabr 2020-ci il tarixli 1603 saylı pretenziya məktubu göndərilmişdir. Lakin, bu günədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də, iddianın təmin edilməsi və İddiaçı MMC ilə Cavabdeh Firması arasında bağlanmış 24 iyun 2020-ci il tarixli 0220-EB-GM/20 saylı Ehtiyat hissələrinin Satışı Müqaviləsinə əsasən 5300 manat məbləğində əsas borc, 1272 manat məbləğində hesablanmış cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6602 manat məbləğində pul vəsaitinin Cavabdeh Firmasından tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Firması məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN: **********) ilə alıcı Cavabdeh Firması (VÖEN: **********) arasında bağlanmış 24 iyun 2020-ci il tarixli 0220- EB-GM/20 nömrəli Ehtiyat hissələrinin satişi Müqaviləsi və həmin Müqavilə üzrə tərtib edilmiş 27 iyun 2020-ci il tarixli “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi” haqqında 01 nömrəli Aktın şərtlərinə uyğun olaraq müvafiq qaydada tərtib və təqdim edilmiş elektron qaimə əsasında satıcı İddiaçı (iddiaçı) tərəfindən alıcı Cavabdeh Firmasına (cavabdehə) ƏDV daxil cəmi 5300,02 (beş min üç yüz manat 02 qəpik) manat məbləğində ehtiyat hissələri satılmışdır (4491,54 manat + ƏDV 808,48 manat = 5300,02 manat). 24 iyun 2020-ci il tarixli 0220-EB-GM/20 nömrəli Ehtiyat hissələrinin satişi Müqaviləsinin 1.1-ci bəndinə əsasən, "satıcı” İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş (bundan sonra “Əlavə”) malları “alıcı” Cavabdeh Firmasına satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən, “Alıcı” sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra “Satıcı”ya köçürmə yolu ilə 5 (beş) bank günü ərzində ödəməlidir. “Alıcı” sürətli çatdırılma xidmətindən istifadə etmiş olduğu təqdirdə, bu xidmətin ödənişini də malın dəyərinin ödənilməsi ilə eyni vaxtda həyata keçirir. Həmin Müqavilənin 4.1.3-cü bəndinə əsasən, əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında “Alıcı”ya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “Alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0,1 %-i həcmində cərimə ödəyəcək. İş materiallarında olan, 24 iyun 2020-ci il tarixli 0220-EB-GM/20 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh Firması tərəfindən tərtib edilərək imzalanmış 21 sentyabr 2020-ci il tarixli Qarşılıqlı hesablaşma haqqında Üzləşmə Aktından görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh Firması arasında bağlanmış 24 iyun 2020-ci il tarixli 0220-EB-GM/20 nömrəli Alqı-satqı müqaviləsi üzrə 19 sentyabr 2020-ci il tarixinə alıcı Cavabdeh Firmasının satıcı İddiaçınə ƏDV daxil olmaqla cəmi 5300,02 (beş min üç yüz manat 02 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli 1788 nömrəli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 24 iyun 2020-ci il tarixli 0220-EB-GM/20 nömrəli Ehtiyat hissələrinin satışı Müqaviləsinə əsasən alıcı Cavabdeh Firmasının satıcı İddiaçınə 5300 manat məbləğində əsas borcu və 1272 manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, 24 iyun 2020-ci il tarixli 0220-EB- GM/20 nömrəli alqi-satqi Müqaviləsi və 27 iyun 2020-ci il tarixli “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi” haqqında 01 nömrəli Akt üzrə almış olduğu ehtiyat hissələrinə görə ƏDV daxil cəmi 5300 (beş min üç yüz) manat məbləğində əsas borc alıcı Cavabdeh Firması tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 5300 (beş min üç yüz) manat məbləğində əsas borcun və həmin borc üzrə 22 fevral 2021-ci il tarixinədək hesablanmış 1272 (min iki yüz yetmiş iki) manat cərimənin Cavabdeh Firmasından tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Firması İddiaçı MMC ilə bağlanmış 24 iyun 2020-ci il tarixli 0220-EB-GM/20 nömrəli alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 5300 (beş min üç yüz) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 1272 manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində penya tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh Firmasından 5300 manat məbləğində əsas borc və 500 manat məbləğində cərimə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Firmasından 5300 (beş min üç yüz) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5830 (beş min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar