Məhkəmə qərarları › İş №e-2-2(119)-579/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-579/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-579/2021 13.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən yaranmış 2232,27 AZN məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 172,68 AZN cərimə faizinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış inşaat materiallarının alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilə əsasında tərtib olunan və elektron vergi sistemindən təqdim edilən 12.09.2019-cu il tarixli 758573, 759999 və 757395 nömrəli elektron qaimə sənədlərinə əsasən, ümumilikdə 8993,60 AZN dəyərində mal müştəriyə təhvil verilmişdir. “X1” MMC aldığı malların dəyərinin bir hissəsini ödəsə də 2232,27 (iki min iki yüz otuz iki manat, iyirmi yeddi qəpik) AZN məbləğində icra olunmamış borc öhdəliyi hələ də qalmaqdadır. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. 11.12.2019 və 29.02.2020-ci il tarixlərində “X1” MMC-nin ünvanına rəsmi qaydada pretenziya məktubları göndərilmiş və qalıq borcun ödənilməsi tələb olunmuşdur. Lakin, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. İddiaçı tərəfindən bütün öhdəliklər tamamilə icra olunsa da cavabdeh “X1” MMC öz öhdəliklərini tam yerinə yetirməmişdir. Bu da iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh müəssisənin tikinti materiallarından yararlanaraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. İddia ərizəsində Mülki Məcəllənin 21.2, 385.1, 425, 445, 448, 449 və 600-cü maddələrinə istinad edilməklə iddianın təmin olunması barədə qətnamə qəbul olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul edərək iddiaçının müqaviləyə uyğun mallar göndərmədiyi üçün malların bir hissəsinin qəbul edildiyini, qalan hissəsinin isə geri qaytarıldığını, qəbul edilmiş malların isə istifadə müddətinin bitməsinə az qaldığından sonradan onların satılmadığını, yaranmış borcun iddia tələbi həcmində olmadığını, buna görədə borc məbləğinin dəqiqləşdirilməli olduğunu bildirmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İddiaçı iddia ərizəsində tərəflər arasında alğı-satqı müqaviləsinin bağlandığını və həmin müqaviləyə uyğun olaraq cavabdehə malların təqdim edildiyini göstərsə də, tərəflər arasında yazılı formada tərtib edilmiş alğı-satqı müqaviləsini məhkəməyə təqdim etməmişdir. Bununla belə, cavabdehin nümayəndəsi tərəflər arasında alğı-satqı münasibətlərinin mövcudluğunu inkar etməmiş, əksinə iddiaçıdan müəyyən malların aılındığını bildirmişdir. İddiaçının nümayəndəsi eyni zamanda satılmış malların dəyərinin bir hissəsin ödənilmədiyini bildirmiş, cavabdeh isə həmin məbləğin dəqiqləşdirilməli olmasını göstərmişdir. Beləliklə hazırkı işdə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olması işin mübahisəsiz halıdır. İş materiallarında olan 12.09.2019-cu il tarixli, 758573 nömrəli, 12.09.2019-cu il tarixli, 759999 nömrəli və 12.09.2019-cu il tarixli, 757395 nömrəli elektron qaimələrdən görünür ki, müqaviləyə əsasən dəyəri müvafiq olaraq 1665,45 manat, 2513,40 manat və 2513, 40 manat cəmi - 8993,60 AZN olan mallar İddiaçı tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı tərəfindən alğı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi – yəni malların cavabdehə verilməsi müvafiq elektron qaimələrlə, habelə cavabdehin həmin elektron qaimələr üzrə borcun əhəmiyyətli hissəsini ödəməsi ilə sübuta yetirir. Cavabdehin nümayəndəsi isə izahatında borcun məbləğini mübahisələndirsə də, izahatında göstərdiyi halları təsdiq edən hər-hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından görünür ki, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2232,27 (iki min iki yüz otuz iki manat, 27 qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır və həmin borca görə iddiaçı tərəfindən əlavə illik 5% olmaqla, cəmi 172,68 manat məbləğində əldən çıxmış faydaya görə pul hesablanmışdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə İddiaçı xeyrinə cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2232,27 (iki min iki yüz otuz iki manat 27 qəpik) manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidır. Lakin, məhkəmə araşdırması zamanı əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında hesablanmış 172,68 manat pulun tutulması hissəsində isə iddia tələbinin əsaslılığı sübuta yetirilməmişdir. Bununla yanaşı, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2232,27 (iki min iki yüz otuz iki manat 27 qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar