Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-58/2023 15.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 31 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 4720 manat əsas borc, 1416 manat manat dəbbə pulu, ödənilmiş mediasiya xərcinə və dövlət rüsumuna görə 84 manat və hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat olmaqla, ümumilikdə 6420 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC (VÖEN **********) ilə alıcı "xxxx" MMC (VÖEN **********) arasında 07 dekabr 2021-ci il tarixli AZR/21-17 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” Alıcının təqdim etdiyi sifarişə uyğun olaraq tibbi sərf (malı) Alıcıya təklif edir və 1.2-ci bəndinə əsasən “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən “Satıcı” malı təhvil verərkən qaiməni Alıcıya təqdim edir və 2.2-ci bəndinə əsasən isə “Alıcı” malı müvafiq qaydada təhvil alıb, qaiməni imzaladıqdan sonra “Satıcı” müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş sayılır. Alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən ödəniş qaimə-fakturada göstərilən qiymət əsasında, nağd yolla və ya köçürmə yolu ilə “Satıcının” bank hesabına köçürülür, 3.2-ci bəndinə əsasən “Alıcıya” göndərilən malların dəyəri “Satıcı”nın təqdim etdiyi hesab fakturaya və razılaşmaya əsasən ya nağd, ya da ən geci 30 (otuz) gün ərzində ödənilir və 3.3-cü bəndinə əsasən vaxtında ödənilməyən borclarla bağlı mübahisə məhkəmə orqanlarında həll olunarsa, vaxtı ötmüş borcun hər 30 (otuz) günü üçün 3% dəbbə pulu hesablanır. Qeyd olunan Müqavilə üzrə Satıcı tərəfindən Alıcıya ümumi dəyəri 4720 manat olan tibbi sərf (mal) satılmış (**********- Elcek latex pudrasız L (100 ədəd) – 1180 manat, **********-Elcek latex pudrasız M (300 ədəd) – 3540 manat) və bununla əlaqədar elektron qaimə verilmişdir. Həmin mallar cavabdehə (Alıcıya) 09 dekabr 2021-ci il tarixdə təhvil verilmişdir. Lakin, cavabdeh bu günədək ödəniş etməmişdir və onun hal-hazırda 4720 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi, cavabdeh "xxxx" MMC alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borc məbləğinin ödənilməsindən yayınmışdır. Borcun qaytarılması ilə bağlı İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 24 avqust 2022-ci ildə kağız daşıyıcıda və 02 sentyabr 2022-ci ildə isə elektron vergi sistemi vasitəsi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl hazırkı mübahisə ilə əlaqədar Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdeh mediasiya sessiyasına gəlməmiş və ona görə də cavabdehin “ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə” 17 oktyabr 2022-ci il tarixli MŞB/5-03356 saylı arayış verilmişdir. Beləliklə, alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən ödənilmədiyindən, tərəflər arasında imzalanmış müqavilənin şərtləri cavabdeh tətəfindən pozulmuşdur. Müqavilənin 3.3cü bəndinə əsasən vaxtında ödənilməyən borclarla bağlı mübahisə məhkəmə orqanlarında həll olunarsa, vaxtı ötmüş borcun hər 30 (otuz) günü üçün 3% dəbbə pulu hesablanacaq. Hazırda cavabdeh ödənişini 10 aydır gecikdirmiş olduğundan, müqaviləyə görə hər aya görə 141,60 manat dəbbə pulu (4720 * 0,03%=141,60) olmaqla, 10 aya cəmi 1416 manat dəbbə pulu hesablanır. Məhkəmə iclasında İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış və ödənilməmiş 4720 manat məbləğində əsas borcun, 1416 manat manat məbləğində dəbbə pulunun, ödənilmiş mediasiya xərcinə və dövlət rüsumuna görə 84 manat məbləğində pulun və hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat məbləğində pulun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli AZR/21-17 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, "Satıcı" alıcının təqdim etdiyi sifarişə uyğun olaraq tibbi sərf (bundan sonra "mal") Alıcıya təklif edir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, "Alıcı" müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, "Satıcı" malı təhvil verərkən qaiməni alıcıya təqdim edir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, "Alıcı" malı müvafiq qaydada təhvil alıb, qaiməni imzaladıqdan sonra "Satıcı" müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş sayılır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, "Alıcı" tərəfindən ödəniş qaimə-fakturada göstərilən qiymət əsasında, nəğd yolla və ya köçürmə yolu ilə "Satıcının" Bank hesabına köçürülür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, "Alıcıya" göndərilən malların dəyəri "Satıcı"nın təqdim etdiyi hesab-fakturaya və razılaşmaya əsasən ya nəğd, ya da ən geci 30 (otuz) gün ərzində ödənilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, vaxtında ödənilməyən borclarla bağlı mübahisə məhkəmə orqanlarında həll olunarsa, vaxtı ötmüş borcun hər 30 (otuz) günü üçün 3% dəbbə pulu hesablanacaq. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli S-010344 nömrəli Satış Qaiməsi ilə müəyyən olunur ki, 07 dekabr 2021-ci il tarixli AZR/21-17 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə ƏDV daxil cəmi 4720 (dörd min yeddi yüz iyirmi) (4000 manat malın dəyəri + 720 manat ƏDV) manat məbləğində məhsullar (mallar) təhvil verilmişdir. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli EBBN 803899 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 07 dekabr 2021-ci il tarixli AZR/21-17 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil cəmi 4720 (dörd min yeddi yüz iyirmi) manat (4000 manat malın dəyəri + 720 manat ƏDV) dəyərində məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İddiaçı tərəfin təqdim etdiyi Maliyyə Arayışı ilə müəyyən olunur ki, satıcı "Med Product” MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli AZR/21-17 saylı alqı-satqı müqaviləsi üzrə alıcı "xxxx" MMC-nin 4720 manat əsas borcu və 1416 manat dəbbə pulu borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 07 dekabr 2021-ci il tarixli AZR/21-17 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 4720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində əsas borc alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 4720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində əsas borcun və “1416 (min dörd yüz on altı) manat məbləğində dəbbə pulunun” cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu və hazırki iddia tələbi ilə əlaqədar hüquqi yardım göstərilməsi ilə əlaqədar 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı MMC ilə bağlanmış 07 dekabr 2021-ci il tarixli AZR/21-17 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 4720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən “1416 (min dörd yüz on altı) manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4720 manat məbləğində əsas borc və 300 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Dövlət Büdcəsinə ödənilmiş 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar vəkilə (nümayəndəyə) ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 70,20 (yetmiş manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 46,20 (qırx altı manat 20 qəpik) manat məbləğində (70,20 manat – 24 manat = 46,20 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardımla əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı və 24 (iyirmi dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5304 (beş min üç yüz dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 46,20 (qırx altı manat 20 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-58/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-58/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver