Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-598/2021 29.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 22 aprel 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 17 avqust 2020-ci il tarixli Alqı-satqı müqaviləsinə və ona edilmiş 1 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş 6380,40 manat məbləğində əsas borc, 5910 manat məbləğində penya borcu, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 12820,40 (on iki min səkkiz yüz iyirmi manat 40 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə İddiaçı tərəfindən 02 iyun 2021-ci ildə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh 17 avqust 2020-ci il tarixli Alqı-satqı müqaviləsinə və ona edilmiş 1 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş 5380,40 (beş min üç yüz səksən manat 40 qəpik) manat məbləğində əsas borc, 5910 (beş min doqquz yüz on) manat məbləğində penya borcu, 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə cəmi 11820,40 (on bir min səkkiz yüz iyirmi manat 40 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17 avqust 2020-ci il tarixli 2020\7805-57 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı İddiaçı MMC Argentina mənşəli “soya şrotunu” (230400000 TNVD kodu) alıcı X1 17 avqust 2020-ci il tarixli müqavilə şərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 17 avqust 2020-ci il tarixli 1 saylı Əlavəsinə əsasən ümumi dəyəri 19710,40 (on yeddi min yeddi yüz on manat 40 qəpik) manat olan “soya şrotu” Cavabdeh satılmışdır. Müqavilə üzrə qeyd olunan malların satılması elektron qaimə (Seriya: EBAN № 725802, 17.08.2020; 19710,40 manat dəyərində) ilə təsdiq olunur. Cavabdehə göndərilmiş elektron qaimələrə dair heç bir mübahisə olmamışdır. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Tərəflər arasında bağlanmış Müqavilə üzrə ümumilikdə 19710,40 (on yeddi min yeddi yüz on manat 40 qəpik) manat dəyərində olan “soya şrotu” cavabdehə satılmış və cavabdeh tərəfindən həmin məhsula görə iddiaçıya cəmi 14330 (on dörd min üç yüz otuz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Hazırda cavabdehin müqavilə şərtlərinə əsasən əsas borc üzrə 5380,40 (beş min üç yüz səksən manat 40 qəpik) manat və 5910 (beş min doqquz yüz on) manat penya borcu vardır. Alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən tərəflər arasında imzalanmış Müqavilənin şərtləri cavabdeh tətəfindən pozulmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda, birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. Ona görə də, Müqavilə üzrə penyanın məbləği 17 avqust 2020-ci il tarixdən (sonuncu elektron qaimə verildiyi tarix) 09 mart 2020-ci il tarixədək olan dövr üzrə 5910 (beş min doqquz yüz on) manat təşkil etməkdədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı MMC ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair 04 mart 2021-cu il tarixli 520 saylı müqavilə və 04 mart 2021-ci il tarixli 696272/00783 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 17 avqust 2020-ci il tarixli Alqı-satqı müqaviləsinə və həmin Müqaviləyə edilmiş 1 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş 5380,40 manat məbləğində əsas borc, 5910 manat məbləğində penya borcu, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə cəmi 11820,40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, fərdi sahibkar olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlanmış 17 avqust 2020-ci il tarixli 2020/7805-57 nömrəli müqaviləyə əsasən ona satılan “soya şrotu” məhsullarına görə hal-hazırda iddiaçıya cəmi 5380,40 manat məbləğində borcunun qaldığını təsdiq etdi və eyni zamanda, iddia tələbi üzrə 5380,40 manat məbləğində borcun ondan iddiaçının xeyrinə tutulmasına etiraz etməsə də, həmin borca görə hesablanmış penya məbləği ilə razı olmadığını və həmin penya məbləğinin və eləcə də, hüquqi yardıma görə vəkilə ödənilmiş pulun ondan tutulmasına etiraz etdi. Məhkəmə iclasında Cavabdeh suallara cavab olaraq bildirdi ki, ölkədə COVİD-19 virusu ilə əlaqədar yaranmış pandemiya vəziyyətinə görə iddiaçı ilə bağlanmış 17 avqust 2020-ci il tarixli müqavilə əsasında alınmış “soya şrotu” məhsullarının istifadə edildiyi toyuqçuluq müəssisələri tərəfindən yetişdirilən toyuqların satışında və pulunun yığılmasında çətinliklər yarandığından, həmin məhsulların pulunu vaxtında ödəmək mümkün olmamışdır. Bununla belə, o, heç bir vaxt müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmamış və müqavilə üzrə ödəməli olduğu cəmi 19710,40 manat məbləğində pulun 14330 manatını hissə-hissə olmaqla iddiaçıya ödəmiş, qalan 5380,40 manat hissəsini də tezliklə ödəyəcəkdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 17 avqust 2020-ci il tarixli 2020/7805-57 nömrəli Alqı-Satqı müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış 17 avqust 2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh cəmi 19710,40 (on yeddi min yeddi yüz on manat 40 qəpik) manat dəyərində “soya şrotu” satılmış olsa da, həmin pulun cəmi 5380,40 (beş min üç yüz səksən manat 40 qəpik) manat hissəsi Alıcı (cavabdeh) tərəfindən Satıcıya (iddiaçıya) ödənilməmişdir. 17 avqust 2020-ci il tarixli 2020/7805-57 nömrəli Alqı-Satqı müqaviləsində tərəflərin bu Müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri halda, hər gecikdirilən gün üçün ödənilməmiş malın dəyərinin 0,2%-i miqdarında penya ödənilməsi nəzərdə tutlmuşdur (təsvir olunan hallar tərəflərin izahatları və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə, elektron qaimə və digər sənədlərlə təsdiq olunur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 17 avqust 2020-ci il tarixli 2020/7805-57 nömrəli Alqı-satqı Müqaviləsi və həmin Müqavilənin 17 avqust 2020-ci il tarixli 1 saylı Əlavəsi üzrə almış olduğu “soya şrotu” məhsullarına görə alıcı Cavabdeh tərəfindən cəmi 5380,40 (beş min üç yüz səksən manat 40 qəpik) manat məbləğində borc satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, iddiaçının iddia tələbində ödənilməmiş 5380,40 (beş min üç yüz səksən manat 40 qəpik) manat məbləğində borcun və həmin borc üzrə ödənişin gecikdirildiyinə görə hesablanmış 5910 (beş min doqquz yüz on) manat penyanın cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh İddiaçı MMC ilə bağlanmış 17 avqust 2020-ci il tarixli 2020/7805-57 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 5380,40 (beş min üç yüz səksən manat 40 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən “5910 manat məbləğində penyanın tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya məbləği azaldılaraq, cavabdehdən cəmi 350 (üç yüz əlli) manat məbləğində penya tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış penya məbləği azaldılarkən - tərəflər arasında bağlanmış Alqısatqı Müqaviləsinin tələbləri, həmin Müqavilə üzrə ödənilməli olan cəmi 19710,40 manat məbləğində pulun cəmi 5380,40 manat hissəsinin ödənilməməsi, ölkədə COVİD-19 virusu ilə əlaqədar yaranmış pandemiya vəziyyətinin sahibkarlıq fəaliyyətinə etdiyi təsiri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara da pandemiyanın təsirsiz ötüşmədiyi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” tutulması hissəsi isə qismən əsaslıdır. Belə ki, iddiaçı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə İddiaçı MMC tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hüquqi xidmətə görə 500 (beş yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 04 mart 2021-ci il tarixli 696272/00783 nömrəli Ödəniş Tapşırığı əlavə edilmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə də, hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 300 (üç yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh (VÖEN **********) 5380,40 manat məbləğində əsas borc, 350 manat məbləğində penya və hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqı tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 5380,40 (beş min üç yüz səksən manat 40 qəpik) manat məbləğində əsas borc, 350 (üç yüz əlli) manat məbləğində penya, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla – cəmi 6060,80 (altı min altmış manat 80 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-598/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-598/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver