Məhkəmə qərarları › İş №e-2-2(119)-61/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-61/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-61/2024 31.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qasımova Nərmin Elmar qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 19 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 may 2022-ci il tarixli 07/02156 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2450 (iki min dörd yüz əlli) manat məbləğində borc və 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2520 (iki min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 31 may 2022-ci il tarixli 07/02156 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd SR-2045 markalı taxılyığan kombaynı istifadə üçün icarəyə götürmüş və həmin Müqaviləyə əsasən 4500 (dörd min beş yüz) manat məbləğində ödənilməli olduğu icarə pulundan cəmi 2050 (iki min əlli) manat məbləğində ödəniş etmişdir. Buna görə də, həmin Müqavilə üzrə Cavabdeh iddiaçı Cəmiyyətə cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Lakin, Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından, iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh Müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən, texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, cavabdeh texnikanı qeyd-şərtsiz geri qaytarmaqla birlikdə, borc məbləğinin ödənilməsinə dair öhdəlik daşıyır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 31 may 2022-ci il tarixli 07/02156 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2450 manat məbləğində borcun və 70 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “istifadəyə verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istifadəçi” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 31 may 2022-ci il tarixli 07/02156 nömrəli " İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə" Müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd **-AB-*** dövlət qeydiyyat nömrəli, “SR-2045” markalı taxılyığan kombayn (buraxılış ili - 2014-cü il, Şassi № 561245) 01 iyun 2022-ci il tarixindən 31 iyul 2022-ci il tarixinədək iki ay müddətinə “istifadəçi” Cavabdeh istifadəsinə verilmiş və həmin Müqaviləyə əsasən istifadəyə verilən texnikadan iki aylıq istifadə üçün ümumi istifadə (icarə) haqqı 4500 (dörd min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir. Həmin Müqavilənin 2.1.4-cü bəndinə əsasən, Lizinq alan (istifadəçi) tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə, lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, Lizinq alan (istifadəçi) texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublika daxili daşınma, saxlanma, boşaltma xərclərini texnikanın İstifadəsi ilə bağlı sahibkarlıq fəaliyyətinə görə bütün vergilərin və digər tədiyələrin ödənilməsini öz üzərinə götürür. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, ödəniş məbləğini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öz üzərinə götürür. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən, Lizinq alan (istifadəçi) texnikanın istifadəsinə görə bu müqaviləyə uyğun ödənişi həyata keçirmədikdə, lizinqə (istifadəyə) verənin tələbi ilə qeyd-şərtsiz texnikanı geri qaytarır və borc məbləğini ödəyir. Həmin Müqavilənin 2.2.8-ci bəndinə əsasən, Lizinq alan (istifadəçi) bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda Lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyri-şərtsız üzərinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, texnikaya mülkiyyət hüququ "xxxx" ASCyə məxsusdur. Bu Müqavilənin qüvvədə olduğu müddətdə Lizinq alan (İstifadəçi) texnikadan müvəqqəti istifadə huququna malikdir. İş materiallarından görünür ki, “istifadəyə verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istifadəçi” Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli 07/02156 nömrəli "İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi” barədə Müqavilə üzrə tərtib olunmuş 01 iyun 2022-ci il tarixli İltizamdan və 01 iyun 2022-ci il tarixli 07/02156 nömrəli Aktdan görünür ki, həmin Müqavilədə nəzərdə tutulan 1 (bir) ədəd **-AB-*** dövlət qeydiyyat nömrəli “SR-2045” markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan "Texnikanın rayon bölməsinə geri qaytarılması" barədə 22 avqust 2022-ci il tarixli 07/02156 nömrəli Aktdan görünür ki, mexanizator Cavabdeh 31 may 2022-ci il tarixli 07/02156 nömrəli Müqavilədə nəzərdə tutulan 1 (bir) ədəd **-AB-*** dövlət qeydiyyat nömrəli “SR-2045” markalı taxılyığan kombayn (buraxılış ili - 2014-cü il, Şassi № 561245) saz vəziyyətdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qobustan Regional Nümayəndəliyinin Şamaxı rayon Bölməsinin rəhbəri X1 təhvil verilmişdir. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 31 may 2022-ci il tarixli 07/02156 nömrəli müqavilə üzrə Lizinq alan (istifadəçi) Cavabdeh tərəfindən cəmi 2050 manat məbləğində ödəniş edilmiş və 12 oktyabr 2023-cü il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə cəmi 2450 (iki min dörd yüz əlli) manat ödənilməmiş əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, “istifadəyə verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “istifadəçi” Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli 07/02156 nömrəli Müqaviləsi üzrə 01 iyun 2022-ci il tarixindən 31 iyul 2022-ci il tarixinədək “İstifadəçi”nin istifadəsinə verilmiş texnikaya, yəni bir ədəd **-AB-*** dövlət qeydiyyat nömrəli “SR-2045” markalı taxılyığan kombayna görə aylıq istifadə (icarə) haqqı “İstifadəyə verən”ə ödənilməmişdir. Ona görə də, bununla əlaqədar “İstifadəyə verən” tərəfindən yuxarıda qeyd olunan texnika üçün cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində hesablanmış borcun ödənilməsi tələb olunur. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 70 (yetmiş) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, işin konkret hallarından və təsvir olunanlardan görünür ki, 31 may 2022ci il tarixli 07/02156 nömrəli Müqavilə üzrə Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi tam təmin olunmalıdır. Eyni zamanda, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində isə qismən təmin edilməli və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh iddiaçının xeyrinə mediatora ödənilmiş 70 (yetmiş) manat məbləğində xidmət haqqının 35 (otuz beş) manat hissəsi tutulmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında təşkil olunmuş ilkin mediasiya sessiyasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilə yanaşı, Cavabdeh da iştirak etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 2450 manat borc və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 35 manat hissəsi olmaqla, cəmi 2485 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 44,5 (qırx dörd manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 2450 (iki min dörd yüz əlli) manat borc və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 35 (otuz beş) manat hissəsi olmaqla, cəmi 2485 (iki min dörd yüz səksən beş) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 44,5 (qırx dörd manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar