Məhkəmə qərarları › İş №e-2-2(119)-613/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-613/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-613/2025 20.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh X şirkətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 347100 (üç yüz qırx yeddi min yüz) ABŞ dolları məbləğində borcun, 312390 (üç yüz on iki min üç yüz doxsan) ABŞ dolları məbləğində cərimənin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 1400 (min dörd yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 may 2024-cü il tarixli müqavilə və müqavilə əlavəsi üzrə iddiaçı tərəfindən cavabdehə, ümumilikdə 347100 ABŞ dolları məbləğində avans ödəniş həyata keçirilmişdir. Cavabdeh İran ilə olan ticarət əlaqələrinə və Türkiyə dövləti ilə problemlər yaşadığına görə malları göndərə bilməyəcəyini və aldığı avans ödənişini geri qaytaracağını bildirsə də, mallar iddiaçıya təhvil verilməmiş, həmçinin avans ödəniş geri qaytarılmamışdır. Beləliklə, cavabdehin iddiaçıya 347100 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçı təşkilat kabel istehsalı ilə məşğul olan bir şirkətdir. Xammal alışlarından biri də metal alışı ilə bağlıdır. Cavabdehlə də metal alışının həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı və cavabdeh 694200 ABŞ dolları məbləğində ödəniş olunacağı barədə razılığa gəlmişdirlər. xx.xx.2024-cü il tarixli müqaviləyə 1 saylı əlavədə ilkin olaraq iddiaçı tərəfindən 347100 dollar məbləğdə ödəniş həyata keçirilməsi nəzərdə tutulmuş və həmin məbləğ cavabdehə ödənilmişdir. Xammal tam hazır olduğu zaman ödənişlər tam şəkildə iddiaçı tərəfindən ödənilməli idi. İddiaçı ödənişi etdikdən 10-15 gün ərzində cavabdeh tərəfindən xammalın tamamilə hazır olması nəzərdə tutulmuşdur. Lakin cavabdeh malı göndərə bilməyəcəyini və edilən ödənişlərin geri qaytarılacağını bildirmişdir. İddiaçı və cavabdeh arasında saziş də imzalanmış, həmin sənəddə cavabdeh borcun məbləğini və yaranma səbəbini də etiraf etmişdir. Cavabdeh iddiaçıdan 10 fevral 2025-ci il tarixinə qədər borcunu qaytarmaq üçün vaxt istəmiş, həmin müddət ərzində də borc qaytarılmadığı üçün məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 24 may 2024-cü il tarixli MQV-T/GC-68/05/24 nömrəli mal tedariki sözleşmesinin 1.1-ci bəndinə əsasən, satıcı (cavabdeh X şirkəti) bu müqavilənin tərkib hissələri sayılan Əlavələrdə göstərilmiş texniki xarakteristikalara, miqdara və qiymətlərə uyğun olaraq alıcını (İddiaçı MMC-ni) “mallar” adlandırılacaq müxtəlif materiallarla təchiz etməyi, alıcı isə onları qəbul edib, qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, malların qiyməti və ödəniş qaydası bu müqavilənin Əlavələrində göstəriləcək və tərəflər müvafiq Əlavəni imzaladığı tarixdən etibarən dəyişdirilməyəcəkdir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyi halda gecikdirən tərəf hər bir gecikdirilən gün üçün digər tərəfə malların qiymətinin 0.5%-i həcmində cərimə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci, 8.2-ci və 8.3-cü bəndlərinə əsasən, bu müqavilədən, yaxud onunla əlaqədar yaranan bütün anlaşmazlıqlar mümkün olduğu təqdirdə qarşılıqlı müzakirələrlə həll olunur. Danışıqlar yolu ilə mübahisələrdə razılığa nail olunmadıqda hazırkı müqavilənin icrası ərzində meydana çıxa bilən istənilən münaqişələr, ixtilaflar və ya mübahisəli vəziyyətlərə iddiaçının ölkəsinin məhkəməsində baxılacaqdır. Tətbiq olunan qanun iddiaçının ölkəsinin qanunvericiliyidir. İş materiallarında olan 24 may 2024-cü il tarixli MQV-T/GC-68/05/24 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə tərəflər malların ümumi dəyərinin 694200 ABŞ dolları məbləğində olması və İddiaçı MMC tərəfindən 100 faiz avans ödənilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan “Satınalma sifariş mektubu” adlı sənəddən görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh X şirkətinə 801300 ABŞ dolları dəyərində olan “ALUMİNİUM KULÇE” adlı material sifariş verilmişdir. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh X şirkətinin bank hesabına 347100 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli razılaşma müqaviləsinin 1-ci bəndinə əsasən, 24 may 2024-cü il tarixli MQV-T/GC-68/05/24 nömrəli müqaviləyə uyğun olaraq alıcı İddiaçı LLC 347100 USD məbləğindəki avans ödənişi xx.xx.2024-cü il tarixində satıcı X şirkətinə ödəmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, X şirkəti isə beynəlxalq iqtisadi vəziyyətlə əlaqədar müqavilə əsasında malları göndərə bilməmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, tərəflərin razılığı əsasında xx.xx.2025-ci il tarixinə qədər İddiaçı LLC X şirkətinə qarşı hər hansı bir hüquqi tədbir görməyəcəkdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, X şirkəti 347100 USD məbləğindəki avans olaraq ödənilmiş pulu xx.xx.2025-ci il tarixinə qədər İddiaçı LLC-yə geri ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 30 aprel 2025-ci il tarixli məktubun məzmununda İddiaçı MMC-nin "xxxx" ASC-də mövcud olan hesablarına xx.xx.2024-xx.xx.2025-ci tarixlərini əhatə edən dövr ərzində X şirkəti tərəfindən vəsait daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 21 may 2025-ci il tarixli məktubun məzmununda İddiaçı MMC-nin "xxxx" ASC-də mövcud olan hesablarına xx.xx.2024-xx.xx.2025-ci tarixlərini əhatə edən dövr ərzində X şirkəti tərəfindən vəsait daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan vergi cədvəlinə əsasən, X şirkəti hüquqi ünvanı “Koza mah. 1638 sk. Ciğdem H2 Blok No 5 iç kapı No 2 Esenyurt/İstanbul” olmaqla Esenyurt vergi idarəsində qeydiyyata alınmışdır, VÖEN nömrəsi **********, əsas fəaliyyət növü əlvan metal filizlərinin və konsentratlarının topdan satışı (aluminyum, mis, nikel, qurğuşun, sink, qalay və s. filizlər daxil olmaqla, uran və torium filizləri və qiymətli metal filizləri istisna olmaqla)-dır. İş materiallarında olan "xxxx" MMC-dən təqdim edilmiş 14 fevral 2025-ci il tarixli, 29 mart 2025-ci il tarixli, 16 may 2025-ci il tarixli arayışlardan görünür ki, iddiaçı tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatları əks etdirən bildirişlər, o cümlədən məhkəmə baxışı iclasının təyin edilməsi barədə qərardad cavabdehə çatdırılmışdır. Tətbiq edilən hüquq: “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü maddəsinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli qərarının 2.1-ci bəndinə əsasən, məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Həmin Qərarın 2.2-ci bəndinə əsasən, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Həmin Qərarın 5.6-cı və 5.7-ci bəndlərinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi). Tətbiq edilməli olan maddi hüququn seçilməsinə dair tərəflərin razılığı ayrıca müqavilə formasında və ya hər hansı müqavilənin şərtlərindən biri kimi ifadə edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü və 24.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 28-ci və 440.1-ci maddələrinə və tərəflər arasında bağlanmış 24 may 2024-cü il tarixli MQV-T/GC-68/05/24 nömrəli müqavilənin 8.1-ci, 8.2-ci və 8.3-cü bəndlərinə əsasən, hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətə malikdir və mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir. İstinad edilən normaların dispozisiya şərtlərinə və tərəflərin razılaşdırdıqları müqavilə şərtlərinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun və bu kimi işlərə tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxılır. Tərəflər müqavilə ilə mübahisəli vəziyyətlərə iddiaçının ölkəsinin məhkəməsində baxılacağı və tətbiq olunan qanunun iddiaçının ölkəsinin qanunvericiliyi olması ilə bağlı razılığa gəlmişdirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 24 may 2024-cü il tarixli MQV-T/GC-68/05/24 nömrəli müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan cavabdeh alıcı qismində olan iddiaçını həmin müqavilənin predmeti olan mallarla təmin etməyi, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş ödəniş tapşırığı və 03 dekabr 2024-cü il tarixli razılaşma müqaviləsinin məzmunu ilə iddiaçının 347100 ABŞ dolları məbləğində vəsaiti avans şəkildə cavabdehə ödədiyi, cavabdehin beynəlxalq iqtisadi vəziyyətlə əlaqədar müqavilə əsasında malları göndərə bilmədiyi və 10 fevral 2025-ci il tarixinə qədər iddiaçıya ödənilmiş avansı geri ödəməyi öhdəsinə götürdüyü müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 347100 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, işə əlavə edilmiş poçt şirkətinin müvafiq arayışlarına əsasən, işin məhkəmədə baxılmağa hazırlanması ilə əlaqədar keçirilmiş iclasların, o cümlədən məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdeh təşkilat əvvəlcədən məlumatlandırılmış və hazırkı iddia ilə bağlı məhkəməyə hər hansı etiraz və ya təkzibedici sübutlar daxil olmamışdır. İddia tələbinin cavabdehdən 312390 ABŞ dolları məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini pozduğu işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (24 may 2024-cü il tarixli müqavilənin yuxarıda istinad edilmiş 6.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 312390 ABŞ dolları məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 10450 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 320 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 18 fevral 2025-ci il tarixli **********82 nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 22 saylı Vəkil bürosunun hesabına 320 manat məbləğində pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin 1400 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 14 fevral 2025-ci il tarixli **********97 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 1400 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 897,84 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 347100 ABŞ dolları məbləğində əsas borc, 10450 ABŞ dolları məbləğində cərimə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 897,84 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X şirkətindən 347100 (üç yüz qırx yeddi min yüz) ABŞ dolları məbləğində əsas borc, 10450 (on min dörd yüz əlli) ABŞ dolları məbləğində cərimə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 897,84 (səkkiz yüz doxsan yeddi manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar