Məhkəmə qərarları › İş №e-2-2(119)-618/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-618/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-618/2024 03.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 28 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 23305 (iyirmi üç min üç yüz beş) manat məbləğində borc, 1196 (min yüz doxsan altı) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1100 (min yüz) manat məbləğində pul vəsaiti və 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25767 (iyirmi beş min yeddi yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli ABO-002 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqaviləylə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini ödəməmiş, nəticədə cavabdehin 23305,84 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyi üçün borcun məbləğinə münasibətdə yenidən hesablanma aparıldığını, bununla əlaqədar məhkəmədən 22000,86 manat məbləğində borcun, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 1196 manat məbləğində faiz borcunun, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1100 manat məbləğində pul vəsaitinin və 166 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 sentyabr 2022-ci tarixli, ABO-002 nömrəli alqı-satqı müqaviləsinin 1-ci hissəsinə əsasən, müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 əks olunan malların satıcı (İddiaçı MMC) tərəfindən alıcının (Cavabdeh MMC-nin ) mülkiyyətinə verilməsi, alıcı tərəfindən isə bu malların haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Mallar alıcının mülkiyyətinə ödəniş olduqdan sonra 5 (beş) iş günü ərzində satıcı tərəfindən təhvil verilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifariş olunan malların dəyəri tərəflərin qarşılıqlı razılaşması əsasında müqaviləyə olan əlavələrlə müəyyənləşdirilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri təqdim olunan satış-fakturaların (elektron qaimələrin) ümumi həcmi əsasında müəyyən edilir, Müqavilə üzrə olan bütün ödənişlər nəğd və ya nəğdsiz qaydada həyata keçirilir. Ödəniş qaydaları yaxud digər şərtlər əlavədə qeyd oluna bilər. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 9075,62 manat dəyərində malın satılması ilə əlaqədar 23 yanvar 2023-cü il tarixli EBCN seriyalı 427251 nömrəli, 20373,22 manat dəyərində malın satılması ilə əlaqədar 30 yanvar 2023-cü il tarixli EBCM seriyalı 044012 nömrəli, 2862,75 manat dəyərində malın satılması ilə əlaqədar 16 fevral 2023-cü il tarixli EBDA seriyalı 069829 nömrəli, 3902,88 manat dəyərində malın satılması ilə əlaqədar 16 fevral 2023-cü il tarixli EBDA seriyalı 070152 nömrəli, 4851,01 manat dəyərində malın satılması ilə əlaqədar 19 aprel 2023-cü il tarixli EBDD seriyalı 898966 nömrəli, 1382,56 manat dəyərində malın satılması ilə əlaqədar 08 iyun 2023-cü il tarixli EBDH seriyalı 438440 nömrəli, 578,08 manat dəyərində malın satılması ilə əlaqədar 08 iyun 2023-cü il tarixli EBDH seriyalı 423370 nömrəli elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 22000,86 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 06 sentyabr 2022-ci tarixli, ABO-002 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmetini təşkil edən cihaz və avadanlıqları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 22000,86 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 06 sentyabr 2022-ci tarixli alqı-satqı müqaviləsi üzrə 23305,84 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi qismən təmin edilməli, cavabdehdən 22000,86 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehdən 1196 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən etdi ki, həmin borc Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilməkdədir. Məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, iddia tələbində cavabdehdən 1196 manat məbləğində faiz borcunun tutulması tələb edilsə də, bu məbləğin hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, tərəflər aralarında bağlanmış müqavilənin 1-ci hissəsi ilə yalnız ödəniş edildikdən sonra 5 iş günü ərzində iddiaçı tərəfindən malların cavabdehin mülkiyyətinə təhvil veriləcəyini razılaşdırmışlar. Yəni, malların təqdim edilməsinin yalnız ödəniş edildikdən sonra mümkün olacağı barədə razılığa gəlinsə də və bu razılıq müqavilədə ifadə edilsə də, iddiaçının bilavasitə özü müqavilənin həmin normasının tələblərini pozaraq ödənişləri almadan malları cavabdehə təhvil verməklə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğin tələb edilməsi hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1100 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarixli, 248096 nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən göstərilən hüquqi yardıma görə Vəkil 1100 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 1100 manat pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 1100 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 manat məbləğində pul tutulmalıdır. Bunlardan əlavə, iddia tələbinin 166 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 27 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 167,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 156 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 06 sentyabr 2022-ci tarixli, ABO-002 nömrəli alqı-satqı müqaviləsi üzrə 22000,86 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzi və 156 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 22656,86 manat məbləğində pul vəsait iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "Mİ MOBİLE” Məhdud Məsuliyyətli Cəmiyyətindən 06 sentyabr 2022-ci il tarixli ABO-002 nömrəli alqı-satqı müqaviləsi üzrə 22000,86 (iyirmi iki min manat, səksən altı qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin əvəzi və 156 (yüz əlli altı) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 22656,86 (iyirmi iki min altı yüz əlli altı manat, səksən altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar