Məhkəmə qərarları › İş №e-2-2(119)-620/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-620/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-620/2021 16.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar vurulmuş ziyanın tutulması tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-dən 10.10.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən vurulmuş ziyanın əvəzi kimi 125.145,90 (yüz iyirmi beş min yüz qırx beş manat doxsan qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, “Satıcı” qismində Cavabdeh MMC ilə “Alıcı” qismində İddiaçı MMC arasında bağlanılmış 10.10.2018-ci il tarixli CGSA-002/2018 alğı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya, “Alıcı”nın sifarişlərinə əsasən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən qaydada ödəyir. Həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən qiymətlərin razılaşdırılması protokolu imzalanmış və satılan malların qiyməti həmin protokolla razılaşdırılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə sifariş verilən malların pulu təqdim edilmiş ödəmə sənədlərinə əsasən ödənilir və sifariş verənə mallar alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil-təslim aktına əsasən təhvil verilir. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Mallar”ı Əlavələr ilə müəyyən edilmiş vaxt ərzində “Alıcı”nın müəyyən etdiyi yerdə “Alıcı”ya təhvil verir. İddia tələbi onunla əsaslandırılır ki, daxili yoxlama aparılarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən 125.145,90 manat dəyərində olan malların pulu ödənilsə də, həmin mallar iddiaçıya təhvil verilməmişdir. Yəni cavabdeh 125.145,90 manat dəyərində malları alıcıya təhvil vermədiyi üçün, iddiaçıya həmin məbləğdə ziyan dəymişdir. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulduğu üçün və bu hərəkətlər nəticində şirkətə ziyan vurulduğu üçün, həmin ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ödənilmiş 125.145,90 manat məbləğində pulun geri qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmişdir. Eyni zamanda cavabdehlə müqavilə üzrə ödənilmiş malların təhvil verilməməsi ilə bağlı şifahi danışıqlar aparılmışdır. Lakin, cavabdeh pulu ödənilmiş malların iddiaçıya təhvil verildiyini və bu səbəbdən hər hansı öhdəliyinin olmadığını iddia etmişdir. Buna baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübutu təqdim edə bilməmişdir. Müqavilə üzrə mübahisəli mallardan başqa digər malların təhvil-təslimi təsdiq olunsa da və bununla bağlı müvafiq sənədləşdirmələr mövcud olsa da, məhz dəyəri 125.145,90 manat olan malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi hər hansı sənədlə təsdiq olunmur. Lakin, cavabdeh bunu inkar edir və iddiaçı tərəfindən göndərilən pretenziya məktubunu alsa da, bu vaxtadək həmin pretenziyaya cavab verməmişdir. İddia ərizəsində daha sonra göstərilir ki, iddiaçı şirkətin artıq həmin mallara marağı itmişdir və həmin malların cavabdeh tərəfindən təhvil verilməsinə lüzum yoxdur. Bu səbəbdən alıcı olaraq iddiaçının ödənilmiş pulun vurulmuş ziyan kimi geri tələb etmək hüququ var. Beləliklə cavabdehin müqavilə üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi səbəbindən iddiaçıya vurulmuş ziyan cavabdehdən tutularaq ödənilməlidir. Məhkəmə iclaslarında iştirak edən, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Vəliyev iddia tələbini qəbul etməyərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11.06.2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” İş materiallarından olan, “Satıcı” Cavabdeh MMC ilə “Alıcı” İddiaçı MMC arasında bağlanmış 10.10.2018-ci il tarixli, CGSA-002/2018 saylı alğı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya “Alıcı”nın sifarişlərinə əsasən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Qeyd edilən müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə alınan mallar alıcı tərəfindən satıcının elektron poçt ünvanına göndərdiyi sifarişlərdə göstərilir və bu müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılığı ilə bu sifarişlər müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavələrin bağlanması yolu ilə rəsmiləşdirilir. Həmin müqavilənin malların qəbul edilməsi və çatdırılması şərtlərini müəyyənləşdirən 2.1-2.4-cü bəndlərinin tələblərinə əsasən satıcı malları əlavələri ilə müəyyən edilmiş vaxt ərzində alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil verir. Satıcı malların təhvil verilməsi tarixi barədə alıcıya azı 3 təqvim günü əvvəl bu müqavilədə göstərilən poçt ünvanına və ya faks nömrəsinə və ya elektron ünvanına göndərməklə yazılı məlumat verir. Satıcı malları müvafiq hesab-faktura, mənşə, keyfiyyət və uyğunluq sertifikatıları ilə birgə alıcıya təhvil verir. Təhvil-təslim tərəfləri səlahiyyətli şəxslərin müvafiq aktını imzalamaqla rəsmiləşdirilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərərə görə məsuliyyət daşıyır. Bundan əlavə, “Satıcı” Cavabdeh MMC ilə “Alıcı” İddiaçı arasında CGSA-002/2018 saylı, 10.10.2018-ci il tarixli, alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə - 10.10.2018-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu bağlanmışdır. Həmin protokola əsasən Əlavədə göstərilən qiymətlər CGSA-002/2018 saylı 10.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində dəyişməz olaraq qalır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən müqavilə və tərəflərin nümayəndələrinin izahatları ilə iddiaçı ilə cavabdeh arasında karton məhsullarının alğı-satqısına dair müqavilə münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır. İddiaçı qeyd edilən 10.10.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında yalnız 125.145,90 manat məbləğində malların cavabdeh tərəfindən təhvil verilmədiyini mübahisələndirərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı 125.145,90 manat məbləğində malların cavabdeh tərəfindən təhvil verilməməsi barədə dəlillərini MMC-də daxili yoxlamanın aparılması ilə əsaslandırmış və bunu təsdiq edən sübut kimi 09.03.2021-ci il tarixli audit yoxlamasının nəticələrinə dair aktı məhkəməyə təqdim etmişdir. Həmin aktda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin auditoru tərəfindən Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 03.03.2021-ci il tarixli 21/12 saylı müqaviləyə əsasən 10.10.2018-ci il tarixdən 26.12.2019-ci il tarixə qədər alğısatqı müqaviləsinə dair audit yoxlaması aparılmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 10.10.2018-ci il tarixdən 26.12.2019-cu il tarixə qədər müxtəlif tarixlərdə 19 halda 254858 manat 89 qəpik məbləğində karton məhsulları almaq məqsədi ilə pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC-nin təqdim etdiyi sənədlərdən və "xxxx" ASC-nin qeyri tütün materialları anbarının nəzarətçisi Məhluqə Abbasovanın izahatından görünür ki, 10.10.2018-ci il tarixdən 26.12.2019-cu il tarixə kimi Cavabdeh MMC-dən cəmisi müxtəlif tarixlərdə 15 halda 131615 manat 39 qəpik məbləğində mal (karton məmulatları) alınmışdır. Ümumilikdə isə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yuxarıda qeyd olunan elektron qaimələr ilə ödənilmiş 125145 manat 90 qəpik məbləğində mal "xxxx" ASC-nin anbarına daxil olmamışdır. Nəticədə 10.10.2018-ci il tarixli CGSA-002/2018 alğısatqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 125145 manat 90 qəpik məbləğində borcu qalmışdır. Faktla əlaqədar olaraq "xxxx" MMC-nin (İddiaçı MMC-yə maliyyə, mühasibatlıq və sair xidmətlər göstərən şirkət) mühasibi Kərimova Sona audit yoxlanmasına təqdim etdiyi izahatında göstərmişdir ki, 2018 və 2019-cu illər ərzində Cavabdeh MMC-yə "xxxx" ASC-nin təchizat üzrə mütəxəssisi Şükürov Elvin tərəfindən göndərilmiş e-maillər əsasında xammal alışı üçün İddiaçı MMC-dən ödənişlər etmişdir. İddiaçının yuxarıda qeyd edilən dəlillərini qəbul etməyən və malların şəxsən özünün imzaladığı malların təhvil-qəbul aktına əsasən iddiaçının səlahiyyətli nümayəndəsi olan Elvin Şükürova təhvil verildiyini bildirən cavabdehin nümayəndəsi Z.Ağazadə məhkəməyə 11.01.2019-cu il tarixli 232053 nömrəli, 28.02.2019-cu il tarixli 232056 nömrəli, 08.01.2019-cu il tarixli 232051 nömrəli, 08.01.2019-cu il tarixli 232052 nömrəli, 13.03.2019-cu il tarixli 232060 nömrəli, 29.03.2019-cu il tarixli 232061 nömrəli, 23.04.2019-cu il tarixli 232064 nömrəli, 08.04.2019-cu il tarixli 232062 nömrəli, 02.07.2019-cu il tarixli 232078 nömrəli, 18.07.2019-cu il tarixli 232080 nömrəli, 13.12.2019-cu il tarixli 232092 nömrəli, 26.12.2019-cu il tarixli 232093 nömrəli malların təhvil-qəbul aktlarının əslini təqdim etmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş "xxxx" MMC- 16.07.2021-ci il tarixli 47 nömrəli məktubunda isə "xxxx" MMC (HHƏ 232051-232100, 50 ədəd) HHƏ 232068, HHƏ 232090, HHƏ 232074, HHƏ 232070 və HHƏ 232085 seriyalı (FORMA MTQA-1) “Malların təhvil-Təslim Aktı” adlı ciddi hesabat blanklarını 2021-ci ilin yanvar ayında aldığı göstərilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin 01.09.2020-ci il tarixli 114/Ş saylı əmrinin surətindən görünür ki, "xxxx" ASC-nin satınalmalar üzrə mütəxəssisi E.Şükürovla bağlanmış əmək müqaviləsi 01.09.2020-ci il tarixdən xitam verilmişdir. İşin qeyd edilən halları ilə əlaqədar verilmiş suallara cavab olaraq cavabdehin nümayəndəsi həmin ciiddi hesabat blanklarının alınması tarixini dəqiq xatırlamadığını, daha sonra isə həmin təhvil-qəbul aktlarının məhz alıcının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından “korlanmış sənəd”lər olduğunu bildirmiş, daha sonra isə müqavilə üzrə təhvil verilən bütüm mallara görə həmin mallar yola salınmazdan əvvəl elektron qaimənin tərtib edilərək cavabdehə göndərildiyini və həmin elektron qaimələrin də hamısının iddiaçı tərəfindən təsdiqlənilərək ödənildiyini, ödənişlərin heç birinin avans ödənişi olmadığını bildirmişdir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə bütün ödənişlərin həyata keçirildiyini qəbul etməklə, iddiaçının tələb etdiyi 125.145,90 manat məbləğdə malların da iddiaçıya təhvil verildiyini, bunun müvafiq elektron qaimələrlə təsdiq olunduğunu bildirir. Tərəflər arasında müqavilə münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının (həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli 26№-li qərarı ilə yeni “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar qüvvədən düşmüşdür) 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaiməfakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin qaydaların 3.7-ci bəndinə əsasən vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş 11.01.2019cu il tarixli, 111944 nömrəli, 02.07.2019-cu il tarixli, 575181 nömrəli, 18.07.2019-cu il tarixli, 333308 nömrəli, 13.12.2019-cu il tarixli, 828743 nömrəli, 11.10.2018-ci il, 764349 nömrəli, 16.11.2018-ci il tarixli, 660225 nömrəli, 08.01.2019-cu il tarixli, 003233 nömrəli, 08.01.2019-cu il tarixli, 003242 nömrəli, 28.02.2019-ci il tarixli, 010978 nömrəli, 25.04.2019-cu il tarixli, 581592 nömrəli, 29.03.2019-cu il tarixli, 275392 nömrəli, 08.04.2019-cu il tarixli, 741802 nömrəli, 07.08.2019-cu il tarixli, 238999 nömrəli, 26.12.2019-cu il tarixli, 400770 nömrəli, 13.03.2019-cu il tarixli, 62200 nömrəli elektron qaimələrin təsdiq edilmiş surətlərinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə həmin elektron qaimələrdə göstərilən mallar təqdim olunmuşdur. Lakin, iddiaçı 09.03.2021-ci il tarixli aktda qeyd olunmuş 13.05.2019-cu il tarixli EAAU 083924 saylı, 22.05.2019-cu il tarixli EAAU 759950 saylı, 19.06.2019-cu il tarixli EAAV 938946 saylı, 30.07.2019-cu il tarixli EAAX 501389 saylı, 16.12.2019-cu il tarixli EBAD 474870 saylı elektron qaimələr üzrə malların təqdim edilmədiyini bildirdiyindən həmin elektron qaimələrdə göstərilən malların həqiqətən də İddiaçı MMC-yə təqdim edilməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Tərəflər arasında bağlanılmış 10.10.2018-ci il tarixli alğısatqı müqaviləsində isə təhvil-təslimin tərəflərin səlahiyyətli şəxslərinin müvafiq aktı imzalamaqla rəsmiləşdirilməli olduğu razılaşdırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin nümayəndəsinin dəyəri 125.145,90 manat məbləğdə malların elektron qaimələr əsasında cavabdehə təhvil verilməsi barədə dəlillərini qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda mallar göndərilən (verilən) vaxt, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaiməfakturanı təqdim etməlidir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsi mülki dövriyyə iştirakçıları arasında müqavilə münasibətləri üzrə öhdəliklərin icrasına dair münasibətləri deyil, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi, yığılması və sair qaydaları müəyyən edən normativ hüquqi aktdır. Vergi Məcəlləsi mülki dövriyyə iştirakçıları arasında müqavilə münasibətləri üzrə öhdəliklərin icrasına dair münasibətləri deyil, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edən normativ hüquqi akt olduğundan cavabdehin 125.145,90 manat məbləğində malları elektron qaimələr əsasında təqdim edilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin əşyaların miqdarı haqqında şərtin pozulmasının nəticələri adlanan 578-ci maddəsinin şərtlərinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər (maddə 578.1). İşin yuxarıda qeyd edilən hallarına və istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdehndən 125.145,90 (yüz iyirmi beş min yüz qırx beş manat 90 qəpik) manat pulun tutulması barədə iddia tələbi əsaslıdır və tam təmin olunmalıdır. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehndən 125.145,90 (yüz iyirmi beş min yüz qırx beş manat 90 qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumulikdə 125.175,90 (yüz iyirmi beş min yüz yetmiş beş manat 90 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (ay) müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar