Məhkəmə qərarları › İş №e-2-2(119)-621/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-621/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-621/2021 08.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1108,30 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli Subicarə Müqaviləsinə əsasən Cəmiyyət Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən mağazanın 2 kv metr sahəsini 01 sentyabr 2021-ci il tarixədək aylıq 250 AZN + 45 AZN ƏDV olmaqla, ümumilikdə 295 manata subicarəçi Cavabdeh subicarəyə vermişdir. Həmçinin, həmin Müqavilənin şərtlərinə əsasən Subicarəçi əvvəlki subicarə müqaviləsi üzrə yaranmış 518 manat 30 qəpik məbləğində borcunu da etiraf və bəyan edərək, 2 ay ərzində həmin pulu da Subicarədara ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Subicarəçi müqavilə üzrə öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə icra etməmiş və Subicarəçinin 01 sentyabr 2020-ci il tarixli Müqaviləyə əsasən Cəmiyyətə ümumilikdə 1108 manat 30 qəpik borcu yaranmışdır. Cəmiyyətə olan borcunu ödəməsi dəfələrlə Cavabdeh tələb olunmasına baxmayaraq, sonuncu tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Bununla da, Cavabdeh Mülki Məcəllənin müddəalarını, həm də onunla bağlanmış Subicarə Müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 1108,30 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək, fərdi sahibkar olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar onunla İddiaçı arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən hal-hazırda iddiaçıya 1108,30 manat məbləğində borcunun qaldığını təsdiq etdi və eyni zamanda, iddia tələbi üzrə 1108,30 manat məbləğində borcun ondan iddiaçının xeyrinə tutulmasına etiraz etməsə də, həmin borcun ondan bir dəfəyə ödənilməsinin tələb olunmasına etiraz etdi və həmin borcu hissə-hissə ödəyəcəyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı (Subicarəyə verən) ilə icarəçi Cavabdeh (Subicarəçi) arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli Subicarə Müqaviləsinə əsasən Subicarəyə verən müqavilə əsasında icarəyə götürdüyü Sumqayıt şəhəri 32-ci məhəllə Sumqayıt-1 (kod 118) ünvanında yerləşən sahənin 2 kv.mlik hissəsini (bundan sonra “Subicarə sahəsi" adlandırılacaq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi (“Qram Ətir” satışını həyata keçirmək) məqsədi ilə “Subicarəçi” Cavabdeh (VÖEN **********) subicarəyə verməyi, “Subicarəçi” isə subicarə sahəsini qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş subicarə haqqını tam şəkildə və vaxtında Subicarədara ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, subicarə sahəsinin Subicarəsinə görə 1 (bir) aylıq subicarə haqqı ayrılmış yer üçün kommunal xərclər daxil 250 AZN + 45 AZN ƏDV olmaqla müəyyən edilmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, subicarə haqqı 01.09.2020-ci il tarixindən 01.09.2021-ci il qədər hesablanılmaqla, hər növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə ödəniləcək. Subicarə haqqının ödənişi köçürmə yolu ilə hesablaşma hesabına edilməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, subicarə müqaviləsi imzalandığı gündən qüvvəyə minir. Subicarə müddətinin axımı 01.09.2020-ci il tarixindən başlayır və 1 (bir) il müddətinə müəyyən edilir. Həmin Müqavilənin 13.5-ci bəndinə əsasən, 214.02.112 kodlu caridə 01 sentyabr 2020-ci il tarixinə olan 518,30 AZN borc yeni cariyə atılacaq və 2 ay müddətində ödəniləcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli Subicarə Müqaviləsi ilə Sumqayıt şəhəri 32-ci məhəllə Sumqayıt-1 (kod 118) ünvanında yerləşən sahənin subicarəyə verilmiş 2 kv.m-lik hissəsinə görə icarəçi Cavabdeh icarəyə verən İddiaçı MMC-yə ƏDV daxil 2 ay üçün ödənilməmiş ümumilikdə ƏDV daxil 590 manat məbləğində icarə haqqı borcu və tərəflər arasında bağlanmış həmin Müqavilənin 13.5-ci bəndində nəzərdə tutulan 518,30 manat məbləğində borc olmaqla, cəmi 1108,30 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh 01 sentyabr 2020-ci il tarixli Subicarə Müqaviləsi üzrə ödənilməmiş cəmi 1108,30 manat məbləğində borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 1108,30 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 1108,30 (min yüz səkkiz manat 30 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1138,30 (min yüz otuz səkkiz manat 30 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar