Məhkəmə qərarları › İş №e-2-2(119)-621/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-621/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-621/2025 30.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 06 fevral 2025-ci il tarixli 003522 nömrəli akt əsasında **********20066 nömrəli abonent hesabına qanunsuz olaraq yazılmış 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında enerjinin alqısatqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçıya məxsus restoran kimi fəaliyyət göstərən qeyri-yaşayış obyekti enerji təchizatı ilə təmin edilmişdir. Cavabdehin əməkdaşları Xaçmaz rayon, Xudat şəhəri, Xudat-Nabran yolunun üstündə, 2ci şöbə ərazisində yerləşən həmin obyektə gələrək işıq sayğacını yerindən çıxarmış və sayğaca müdaxilə edildiyini bildirmişdirlər. Onlar bununla bağlı hansısa problem olmayacağını qeyd etsələr də, bir müddət sonra sayğaca kənar müdaxilə edilməsi və sayğacın işləməməsinə görə iddiaçıya cərimə yazıldığı müəyyən edilmişdir. Halbuki iddiaçı tərəfindən sayğaca hansısa müdaxilə olunmamışdır. 06 fevral 2025-ci il tarixli 003522 nömrəli akt əsasında “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilərək **********20066 nömrəli abonent hesabına 5850 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən yoxlama tədbirləri aparılarkən həmin yoxlama tədbirləri Ədliyyə Nazirliyinin müvafiq portalında qeydiyyatdan keçirilmədən aparılmışdır. Halbuki sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar müvafiq olaraq qeydiyyatdan keçirilərək xüsusi icazə alınmalıdır. İddiaçı 14 aprel 2025-ci il tarixində iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus abonent kodunda yanlışlığa yol verildiyini bildirmiş, 06 fevral 2025-ci il tarixli 003522 nömrəli akt əsasında **********220067 nömrəli abunə koduna qanunsuz olaraq yazılmış 5850 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 14 aprel 2025-ci il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək qeyd edilmişdir ki, 06 fevral 2025-ci il tarixdə enerji təchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin uçot dəstinə baxış keçirilən zaman obyektə sayğac sxemindən kənar xətt daxil edildiyi məlum olmuşdur. Belə ki, obyektin arxa hissəsində yerləşən fərdi yaşayış evlərinin elektrik sayğaclarını qidalandıran naqilin izolyasiyası pozularaq en kəsiyi 2x16 mm-lik aliminium naqil vasitəsilə kənar xətt götürülüb obyektin elektrik işlədicilərinə verilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının (bundan sonra EEİQ) pozulması haqqında 26 fevral 2025-ci il tarixli NİQ 003522 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq 5846 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmiş, lakin iddiaçı ona aparılmış hesabatın 5850 manat olduğunu qeyd etmişdir. Aşkar olunmuş pozuntu faktının video qeydiyyatı aparılmış, həmçinin iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nin tələbinə uyğun istifadə etməli idi. EEİQ-nin 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nin 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “X3” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək həmçinin bildirmişdir ki, cavabdehin əməkdaşları mülkiyyətində olan obyektdə onun iştirakı olmadan yoxlama aparmış və hər hansı məlumat vermədən onun adına cərimə yazılmışdır. Obyekti bir müddət öncə 1 aylıq sınaq müddəti ilə başqa şəxslərə icarəyə vermişdir. Həmin icarəçilər də orada olmadan obyektdə yoxlama aparılaraq cərimə yazılmışdır. Yoxlama aparılan zaman obyektdə yalnız ofisiant kimi çalışan işçi olmuşdur. O, obyektin ərazisində yerləşən elektrik xəttinin ləğv edilməsi üçün müraciət etmiş və ona bunun üçün Quba şəhərində fəaliyyət göstərən “ASAN” xidmət mərkəzinə müraciət etməli olduğu bildirilmişdir. Həmin elektrik xəttini başqa bir elektrik ustası tərəfindən ləğv etdirə də bilər, lakin bu məsələni qanuni yollarla həll etməyi məqsədəmüvafiq bilir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, keçirilən yoxlama sahibkarlıq sahəsində yoxlamaların vahid reyestrində qeydiyyata alınmamışdır. Yoxlamalar vaxtaşırı keçirilir və sahibkarlıq fəaliyyəti ilə əlaqədar yoxlamalar qeydiyyata alınır. Məhz bu yoxlama isə qeydiyyatı aparılmadan həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 14 fevral 2025-ci il tarixli 453454 nömrəli elektrik enerjisinin alqı-satqısına dair müqavilədən görünür ki, İddiaçı məxsus ticarət obyekti kimi fəaliyyət göstərən qeyri-yaşayış obyekti elektrik enerjisi ilə təchiz olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 06 fevral 2025-ci il tarixli NİQ 003522 nömrəli aktda qeyd olunur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olmuşdur. Belə ki, obyektin arxa hissəsində yerləşən fərdi yaşayış evlərinin sayğaclarını qidalandıran naqilin izolyasiyası pozaraq en kəsiyi 2x16 mm-lik aliminum naqil vasitəsilə kənar xətt götürülüb obyektin elektrik işlədicilərinə verilmişdir. Ölçmə zamanı xətdən axan plak=7 kvt, Psay=0,6 kvt. Qoyuluş gücü kənar xəttin en kəsiyinə əsasən 12 kvt təşkil edir. Aktda kənar xəttin ləğv edilməli olduğu qeyd edilmişdir. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli NİQ 003522 nömrəli akt əsasında tərtib edilmiş 07 fevral 2025-ci il tarixli icra vərəqindən görünür ki, 12 kvt x 12 saat x 365 gün = 52560 kvts; tarif (0,11 manat) - 48240 kvts x 0,11 = 5306 manat; tarif (0,125 manat) - 4320 kvts x 0,125 = 540 manat, cəmi 5846 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, 07 fevral 2025-ci il tarixə abunə kodu **********20067 olan obyektə cəmi 5846,4 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən Xaçmaz RETSİ-nin rəisi Vüqar Kazımova ünvanlanmış məktubun məzmununda ticarət obyektinin daxili ərazisindən keçən 3 fazalı elektrik xəttinin çıxarılması üçün təcili göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış obyektində yoxlama həyata keçirilməsi ilə bağlı görüntüləri əks etdirən disk əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qərarın 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X1 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Xaçmaz rayon, Xudat şəhəri, Xudat-Nabran yolunun üstündə yerləşən qeyri-yaşayış obyektinə (abunə kodu: **********20067) 06 fevral 2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxışın nəticələrinə dair 06 fevral 2025-ci il tarixli NİQ 003522 nömrəli akt tərtib edilmişdir. Həmin aktda obyektə sayğac sxemindən kənar xətt daxil olduğu, obyektin arxa hissəsində yerləşən fərdi yaşayış evlərinin sayğaclarını qidalandıran naqilin izolyasiyası pozaraq en kəsiyi 2x16 mm-lik aliminum naqil vasitəsilə kənar xətt götürülüb obyektin elektrik işlədicilərinə verildiyi qeyd edilmiş və kənar xəttin ləğv edilməsi tələb olunmuşdur. Bununla əlaqədar 07 fevral 2025-ci il tarixli icra vərəqəsi əsasında müvafiq hesablamalar aparılmış və 5846 manat məbləğində borc hesablanmışdır. Məhkəmə müəyyən etdi ki, qeyri-yaşayış obyektinə 06 fevral 2025-ci il tarixdə baxış keçirilməsi, yəni yoxlama tədbiri - "X1 Reyestri"ndə qeydə alınmadan aparılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və qeyd edilən tarixdə aparılmış yoxlama tədbirlərinin həmin Reyestrdə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır (qeydiyyata alınmama cavabdehin nümayəndəsi tərəfindən də inkar edilməmişdir). Nəzərə alınmalıdır ki, məhz bu hərəkətlərin - elektrik sayğacına 06 fevral 2025-ci il tarixdə baxış keçirilməsinin nəticəsi olaraq 07 fevral 2025-ci il tarixli icra vərəqəsi tərtib edilmiş və onun əsasında 5846 manat məbləğində ziyan məbləği hesablanmışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdehin səlahiyyətli nümayəndələri sahibkarlıq subyekti olan iddiaçıya məxsus qeyriyaşayış obyektinə baxış keçirilərkən bu yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirməli idilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və onun əsasında qəbul edilmiş digər normativhüquqi aktların tələblərinin pozulması ilə “X1 Reyestri”ndə qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Odur ki, 06 fevral 2025-ci il tarixli 003522 nömrəli NİQ 019296 nömrəli akt əsasında 5846 manat məbləğində borc hesablandığından, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış obyektinə (abunə kodu: **********220067) hesablanmış 5846 manat məbləğində borc silinməlidir. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 78,46 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-Nabran yolu üstündə yerləşən qeyri-yaşayış obyektinin **********20067 nömrəli abunə koduna hesablanmış 5846 manat məbləğində borc silinməli və 78,46 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Xaçmaz rayonu, Xudat şəhəri, Xudat-Nabran yolu üstündə yerləşən qeyri-yaşayış obyektinin **********20067 nömrəli abunə koduna hesablanmış 5846 (beş min səkkiz yüz qırx altı) manat məbləğində borc silinsin və 78,46 (yetmiş səkkiz manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" X2 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar