Məhkəmə qərarları › İş №e-2-2(119)-624/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-624/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-624/2021 03.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “Cavabdeh“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “Cavabdeh“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" MMC-dən 4643 (dörd min altı yüz qırx üç) manat məbləğində borc, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla (3 il 1 ay) 715,80 (yeddi yüz on beş manat 80 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 5388,80 (beş min üç yüz səksən səkkiz manat 80 qəpik) manatın tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “Cavabdeh“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı sadələşdirilmiş icraat qaydasında vermiş olduğu iddia tələbində cavabdeh “Cavabdeh“ Məhdud Məsuliyyətli Cəmiyyətindən “borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla (3 il 1 ay) 715,80 (yeddi yüz on beş manat 80 qəpik) manatın” tutulmasını da xahiş etməsinə baxmayaraq, cavabdehə qarşı yönəlmiş həmin iddia tələbinin əsaslandırıldığı hallar və tələbin əsaslığını təsdiq edən sənədlər iddia ərizəsində göstərilməmiş və verilmiş həmin tələbi təsdiq edən sənədlər ərizə ilə birlikdə məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, məhkəmə iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, kommersiya mübahisələri üzrə iddia ərizəsi ilə məkəməyə müraciət olunarkən cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd (maddə 150.0.4.) və eləcə də, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (maddə 150.0.7.) iddia ərizəsinə əlavə edilməlidir. Lakin, hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi məqsədi ilə tərtib edilmiş “Xəbərdarlıq məktubu” cavabdehə təqdim olunmamışdır. Eləcə də, iddiaçı tərəfindən “xxxx” MMC-nə aid sürətli poçt göndərişinin 134397 nömrəli Qəbzi (iddia ərizəsinin surətinin cavabdehə göndərilməsinə aid) iddia ərizəsinə əlavə edilmiş olsa da, həmin Qəbz iddia ərizəsinin surətinin cavabdehə təqdim olunmasını təsdiq etmir. Çünki, həmin Qəbzlə göndərilən poçt göndərişi cavabdehə çatdırılmadan “ünvan bağlıdır” qeydi aparılaraq geri qaytarılmış olsa da, həmin “çatdırmama” aktlaşdırılaraq müvafiq qaydada sənədləşdirilməmiş və eyni zamanda, həmin Qəbzdə kuryerin ünvanda olma vaxtı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir (maddə 284-3.1), ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284- 3.2.3) və tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) göstərilir. Həmin Məcəllənin 284-4.1-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa (maddə 284-4.1.3) və yaxud, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa (maddə 284-4.1.4) - kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA A L D İ: İddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “Cavabdeh“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar