Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-627/2021 27.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 05 avqust 2020-ci il tarixdə 2020\7805-56 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Ukrayna və Argentina mənşəli soya şrotunu (230400000 TNVD kodu) alıcı Cavabdeh 05 avqust 2020-ci il tarixli müqavilə şərtlərinə uyğun satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 05 avqust 2020-ci il tarixli 1 saylı, 13 oktyabr 2020-ci il tarixli 2 saylı və 29 oktyabr 2020-ci il tarixi 3 saylı əlavələrinə əsasən ümumi dəyəri 46455,00 (qırx altı min dörd yüz əlli beş) manat olan soya şrotu Cavabdeh satılmış və mallar göndərilmişdir. Müqavilə üzrə qeyd olunan malların satılması və cavabdehə göndərilməsi bu sənədlərlə təsdiq olunur: – Elektron qaimə, Seriya: EBAN № 246241, 05.08.2020-20319,00 manat dəyərində – Elektron qaimə, Seriya: EBAR № 357913, 16.10.2020-14036,00 manat dəyərində – Elektron qaimə, Seriya: EBAR № 891629, 29.10.2020-6094,00 manat dəyərində – Elektron qaimə, Seriya: EBAS № 282216, 06.11.2020-6006,00 manat dəyərində. Cavabdehə göndərilmiş elektron qaimələrə dair heç bir mübahisə olmamışdır. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə ümumilikdə 46455,00 (qırx altı min dörd yüz əlli beş) manat dəyərində olan soya şrotu cavabdehə satılmış və bu müqavilə, onun əlavəsinə əsasən sonuncu tərəfindən 15 mart 2021-ci il tarixdə iddiaçıya 32924,00 (otuz iki min doqquz yüz iyirmi dörd) manat vəsait ödənilmişdir. 15 mart 2021-ci il tarixdə pretenziya göndərildikdən sonra, cavabdeh bu müqavilə və onun əlavələri üzrə qalıq qalan 13521,00 (on üç min beş yüz otuz bir) manat əsas borcunu tam olaraq ödəmişdir. Cavabdehin müqavilə şərtlərinə əsasən 2835,00 (iki min səkkiz yüz otuz beş) manat penya borcu qalmışdır. Beləliklə, alqısatqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən tərəflər arasında imzalanmış müqavilənin şərtləri cavabdeh tətəfindən pozulmuşdur. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri halda birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə penyanın məbləği 06 noyabr 2020-ci il tarixdən (sonuncu elektron qaimə verildiyi tarix) 15 mart 2020-ci il tarixədək olan dövr üzrə 2835,00 (iki min səkkiz yüz otuz beş,00) manat təşkil etməkdədir. İddiaçı MMC ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair 12 mart 2021-cu il tarixli 598 saylı müqavilə və 15 mart 2021-ci il tarixli 696272/00804 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən Cavabdeh 05 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş əlavələrə əsasən yaranmış və ödənilməmiş 2835,00 (iki min səkkiz yüz otuz beş) manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 3365,40 (üç min üç yüz altmış beş,40) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh izahat verərək bildirmişdir ki, pandemiya dövründə toyuqçuluğun vəziyyətinin pis olması və işlərində gecikmələr olması səbəbindən onun İddiaçı MMC-yə göndərilən mallar müqabilində borcu yaranmışdır. Buna baxmayaraq, borcunu ödəmişdir. Borcunu ödədikdən sonra isə ona heç bir pretenziya məktubu gəlməmişdir. Məhkəmə bildirişini aldıqda ona məlum olmuşdur ki, qarşı tərəf borc ödənildiyi halda onu məhkəməyə verib. Bununla əlaqədar telefon danışıqları zamanı isə İddiaçı MMC-nin direktoru ona mən səndən pul istəmirəm, sən əsas borcunu ödəyib qurtarmısan demişdir. Bundan başqa, Cavabdeh İddiaçı MMC tərəfindən ona göndərilmiş soya şrotunun bir tonunun mərmər tozu olduğunu, lakin bir yerdə işlədiklərindən bunu qarşı tərəfə bildirmədiyini qeyd etmişdir. Sonda cavabdeh iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 05.08.2020-ci il tarixli, 2020/7805-56 №-li alqı-satqı müqaviləsi və ona 05.08.2020-ci il tarixli 1 №-li, 13.10.2020-ci il tarixli 2 №-li, 29.10.2020ci il tarixli 3 №-li əlavələrdən görünür ki, satıcı ("xxxx" MMC) malı alıcının (fərdi sahibkar Cavabdeh) mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilənin əlavələrində müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci maddəsinə görə tərəflər bu müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri halda cərimə sanksiyaları nəzərdə tutulur. Belə ki, birinci gündən etibarən hər gecikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2%-i miqdarında penya müəyyən olunur. Penya müqavilə üzrə öhdəlik faktiki icra edilənədək hesablanır. İş materiallarına əlavə edilmiş 05.08.2020-ci il tarixli, 246241 №-li, 16.10.2020-ci il tarixli, 357913 №-li, 29.10.2020-ci il tarixli, 891629 №-li, 06.11.2020-ci il tarixli, 282216 №li elektron qaimələrdən görünür ki, cavabdehin İddiaçı MMC-yə 46455,00 manat borcu yaranmışdır. İş materiallarında olan 03/2021 №-li, 15 mart 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh həmin tarixə qədər İddiaçı MMC-yə alınmış soya şrotuna görə 13531,00 manat borcunun olması barədə xəbərdarlıq edilmişdir. İşdə olan məhkəməyə müraciət olunması ilə bağlı Cavabdeh göndərilmiş 04-2021 №-li, 13 aprel 2021-ci il tarixli iddia ərizəsində pretenziya göndərildikdən sonra cavabdehin müqavilə və onun əlavələri üzrə 13531,00 manat əsas borcunu tam ödədiyi, 2835,00 manat penya borcunun qaldığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş 696272/00804 №-li, 12 mart 2021-ci il tarixli 598 saylı müqavilə və 15 mart 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardım göstərilməsi məqsədilə vəkil Nümayəndə 500 manat pul ödənilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında malın satış qiymətini və həmin müqavilə ilə müəyyən edilmiş cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malları qəbul etməsinə dair hüququndan istifadə etmiş, yaranan cərimələri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdehdən malların alqısatqısı ilə bağlı yaranmış cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 05.08.2020-ci il tarixdə 2020/7805-56 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin İddiaçı MMC-yə 13531,00 manat əsas borc, 2835,00 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçının ona göndərdiyi pretenziya məktubunu aldıqdan sonra İddiaçı MMC-yə olan əsas borcunu tam ödədiyi halda cərimə borcunu ödəməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 13531,00 manat əsas borc olduğu halda 2835,00 manat məbləğində cərimə borcunun hesablanması tənasübsüz surətdə yüksək sayılmalıdır. Hazırkı işin konkret halları nəzərə alındıqda bu tənasübsüzlük xüsusilə aydın görünür. Belə ki, cavabehin də qeyd etdiyi kimi hazırkı borc COVİD – 19 pandemiyasının geniş yayıldığı bir dövrdə yaranmış qarşılıqlı iqtisadi münasibətlərdən irəli gəlmişdir. Məlum olduğu kimi, belə bir şəraitdə iqtisadi fəallıq son dərəcə zəifləmişdir. Belə bir vəziyyətdə yaranmış iqtisadi çətinliklərə baxmayaraq, cavabdehin borclu olduğu 13531,00 manat pulu pretenziya məktubunu aldıqdan dərhal sonra ödədiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, 13531,00 manat əsas borca münasibətdə 2835,00 manat məbləğində cərimə borcunun hesablanması tənasübsüz surətdə yüksəkdir və ona görə cərimə borcu 100 manata qədər azaldılmalıdır. İddiaçının məhkəmədə hüquqlarının və iddia tələbinin müdafiə edilməsi üçün vəkil Nümayəndə ödədiyi 500 manat pulun cavabdehdən alınması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı vəkilə hüquqi yardım və təmsil olunmağa görə 500 manat pul ödəmiş olsa da, işin konkret halları və mövcud iqtisadi şərait, işin xarakteri – hazırkı borcun COVİD – 19 pandemiyasının geniş yayıldığı bir dövrdə yaranmış qarşılıqlı iqtisadi münasibətlərdən irəli gəlməsi, belə bir vəziyyətdə yaranmış iqtisadi çətinliklərə baxmayaraq, cavabdehin borclu olduğu 13531,00 manat pulu pretenziya məktubunu aldıqdan dərhal sonra ödədiyi nəzərə alınaraq, Cavabdeh iddiaçının xeyrinə göstərilən hüquqi xidmətlərə görə ödənilən xərc ağlabatan məbləğdə - 200 manat miqdarında alınmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia cərimə tələbinə dair və hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı hissəsində qismən əsaslı olduğu üçün qismən təmin edilməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 05 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi və ona edilmiş əlavələrə əsasən hesablanmış 100 (yüz) manat məbləğində cərimə, 200 (iki yüz) manat məbləğində hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş xidmət haqqı olmaqla ümumilikdə, 300 (üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun 90%-i iddiaçıya, 10%-i cavabdehə aid edilsin. Cavabdehdən 3,04 (üç manat dörd qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-627/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-627/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver