Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-635/2024 23.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 (bir) ədəd “10049 Agritrac” markalı traktorun, 1 (bir) ədəd 2000lt dərmansəpənin, 1 (bir) ədəd diskli mala avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və 12072,34 (on iki min yetmiş iki manat, otuz dörd qəpik) manat məbləğində borcun, 4129,79 (dörd min yüz iyirmi doqquz manat, yetmiş doqquz manat) məbləğində cərimənin və 138,61 (yüz otuz səkkiz manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçi ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə əsasən ödəniş tapşığına uyğun olaraq 48 ay müddətinə ödəmə şərti ilə 26416,01 manat kredit məbləğində kənd təsərrüfatı texnikası həmin cavabdehə lizinqə verilmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 13455 manat, ilkin ödəniş və 264,16 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası iddiaçının xeyrinə ödənilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə lizinq müqaviləsi üzrə 12072,34 gecikdirilmiş borcu yaranmışdır. Həmin lizinq müqaviləsinin təminatı olaraq, iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli GZ131 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehlərə xx.xx.2024-cü il tarixinə 4129,79 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək və iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh1 yaşadığı ünvana getmiş, onun qonşularından aldığı məlumata görə, Cavabdeh1 xarici ölkəyə getmişdir. Cavabdeh1 atası ilə görüş zamanı o, borcun hissəhissə ödəniləcəyini bildirmiş, borc məbləğinin digər Cavabdeh2 əməkhaqqından tutulmamasını, oğlu işlədiyi halda borc məbləğinin onun əmək haqqından tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən, lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarına uygun olaraq lizinq alanın istifadəsinə təqdim edir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin 20% hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, lizinq ödənişi yalnız lizinq verənin yazılı razılığı ilə gecikdirə bilər. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən, lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesah edibıı günə düşdüyü hallar istisna olmaqla) lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gccikdirilən lizinq ödənişinin 0.1%-nə (silir tam onda bir faiz) bərabər həcmdə dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, lizinq obyektinin lizinq verən tərəfindən lizinq alana təhvil verilməsi lizinq verənin və lizinq alanın səlahiyyətli nümayəndələri tərəfindən təhvil-təslim protokolunun imzalanması ilə həyata keçirilir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, lizinq alan qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə hər hansı səbəbdən zəruri ödənişləri, xərcləri, köçürmələri, cərimələri və digər ödənişləri həyata keçirmirsə lizinq verən öz müstəsna mülahizəsinə və seçiminə uyğun olaraq bu cür ödənişləri edə və onların əvəzinin ödənilməsini ödənişin həyata keçirilməsini təsdiq edən sənədlərin kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq lizinq alandan tələb edə bilər Lizinq verən bu cür sənədləri hətta lizinq alanın adına rəsmiləşdirdiyi hallarda belə, həmin sənədlər ödənişlərin lizinq verən tərəfindən həyata keçirilməsini təsdiq edən sübut kimi istifadə oluna bilər. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilədə və qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərin lizinq alan tərəfindən pozulması nəticəsində lizinq verənin məruz qaldığı hər lıaıısı növdən olan itkilər və zərərlərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır və lizinq verənə bu cür zərər və ilkilərin əvəzinin ödənilməsi üçün tam şəkildə kompensasiya ödəməlidir. Həmin müqavilənin 19.2-ci bəndinə, 19.2.1-ci, 19.2.2-ci, 19.2.3-cü və 19.2.4-cü yarımbəndlərinə əsasən, defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququnu malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz, olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin (o cümlədən heç bir məhdudiyyət qoyulmadan həmin tarixədək ödənilməli olan lizinq ödənişlərini, dəbbə pulu və lizinq verənin faktiki olaraq çəkdiyi bütün xərclər) lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi əsasında lizinq obyektinin bu müqavilədə müəyyən edilmiş ödənilməli olan lizinq ödənişləri, defolt halı ilə bağlı olaraq bu müqaviləyə xitam verilməsi ilə əlaqədar lizinq verənin faktiki olaraq çəkdiyi bütün xərc, ödənişlər və əldən çıxmış fayda, bu müqavilədə müəyyən edilmiş miqdarda dəbbə pulu və texnikanın dəyərinin 10%i məbləğində cərimə məbləğlərinin tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq alan tərəfindən alınmasını tələb edə bilər. Həmin müqavilənin 21.1-ci bəndinə əsasən, müqavilənin 19.2-ci maddəsinə uyğun olaraq defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Lizinq obyektinin sökülməsi, daşınması, daşıma sığorta haqları, yükləmə xərcləri, müvafiq səlahiyyətli orqanda qeydiyyat xərcləri/qeydiyyatdan çıxarma xərcləri və hər hansı bu cür xərclər lizinq alanın vəsaiti hesabına ödənilməlidir. lizinq obyekti bu maddəyə əsasən geri alındıqda lizinq alan çəkdiyi hər hansı xərclərin əvəzinin ödənilməsini lizinq verəndən tələb etmək hüququna malik deyildir. İş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə eynitarixli 1 saylı əlavəyə əsasən, 1 ədəd dəyəri 41200 manat olan “10049 Agritrac” markalı traktoru, 1 ədəd dəyəri 9785 manat olan 2000lt dərmansəpəni, 1 ədəd dəyəri 9270 manat olan diskli mala avadanlığı lizinq obyektinin predmetini təşkil edir. İş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə 3 saylı əlavə olan Təhvil-təslim protokoluna əsasən, 1 ədəd “10049 Agritrac” Traktor (Seriya XLTGAKİ004SK3320007 Motor X2P490-00040), 1 ədəd dərman səpən 2000 İt (Seriya İ-9264) və 1 ədəd diskli mala (Seriya **********) Cavabdeh1 təqdim edilmişdir. İş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinin ödəniş cədvəlinə əsasən Cavabdeh1 müqavilə üzrə sonuncu ödəniş tarixi 28 oktyabr 2024-cü il tarixidir. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli GZ131 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin (Cavabdeh2), lizinq müqaviləsi üzrə lizinq alanın (Cavabdeh1) bütün öhdəliklərinin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən (İddiaçı ASC) qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən,bu müqavilə üzrə zamin lizinq alanın lizinq müqaviləsi üzrə bütün öhdəliklərinin lizinq müqaviləsində nəzərdə tutulmuş həcmdə və qaydada tamamilə icrası üçün lizinq verən qarşısında tam məsuliyyət daşıyır. İş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli AS1345 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, əsasən satıcı ("xxxx" MMC) lizinq obyektini bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya (İddiaçı QSC-yə) satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, alqı-satqı olunacaq mallara 1 ədəd dəyəri 40000 manat olan “10049 Agritrac” markalı traktoru, 1 ədəd dəyəri 9500 manat olan 2000lt dərmansəpəni, 1 ədəd dəyəri 9000 manat olan diskli mala avadanlığı daxildir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli 41 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh1 28 oktyabr 2020-ci il tarixli GL 542 nömrəli lizinq müqaviləsi üzrə iddiaçıya 12072,34 manat məbləğində gecikdirilmiş əsas borcu vardır və 4129,79 manat məbləğində cərimə hsablanmışdır. Mübahisə üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədilə, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsi üzrə ilkin ödəniş və güzəşt məbləği də nəzərə alınmaqla tələb edilən borcun və cərimənin iddiaçı tərəfindən düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 04 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 29 avqust 2024-cü il tarixli 9/4664 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, iş materiallarında olan ödənişlərə dair çıxarış, ilkin ödəniş, maliyyə arayışı məlumatları, ödəniş qrafiki və 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 12072,34 manat məbləğində gecikdirilmiş əsas borcu və 4129,79 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə əsasən lizinq alan qismində çıxış edən Cavabdeh1 1 ədəd “10049 Agritrac” Traktor (Seriya XLTGAKİ004SK3320007, Motor X2P490-00040), 1 ədəd dərman səpən 2000 İt (Seriya İ- 9264), 1 ədəd diskli mala (Seriya **********) avadanlığı lizinqə verilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək lizinq ödənişlərini tam olaraq həyata keçirməmiş və onun xx.xx.2024-cü il tarixinə lizinq verən qismində çıxış edən iddiaçıya 12072,34 manat məbləğində borcu yaranmışdır. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da iddiaçı qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 12072,34 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən 4129,79 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, lizinq müqaviləsi üzrə Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (lizinq müqaviləsinin 4.9-cu bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsi və lizinq predmetlərinin işlək vəziyyətdə iddiaçıya qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 19.2ci bəndinə əsasən, defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququnu malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz, olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin (o cümlədən heç bir məhdudiyyət qoyulmadan həmin tarixədək ödənilməli olan lizinq ödənişlərini, dəbbə pulu və lizinq verənin faktiki olaraq çəkdiyi bütün xərclər) lizinq verənə tam şəkildə ödənilməsini ... tələb edə bilər. Həmin müqavilənin 21.1-ci bəndinə əsasən, müqavilənin 19.2-ci maddəsinə uyğun olaraq defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Digər tərəfdən, Mülki Məcəllənin yuxarıda istinad edilmiş 748-1.12.4-cü maddəsinin tələbinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göründüyü kimi, lizinq alan olan Cavabdeh1 lizinq müqaviləsi üzrə ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq yerinə yetirmədiyindən istər tərəflər arasında bağlanmış müqavilənin şərtləri, istərsə də mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normaları baxımından iddia tələbinin lizinq müqaviləsinə xitam verilməsi və lizinq predmetlərinin işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə hissəsi də əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 138,61 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 01 mart 2024-cü il tarixli ********* nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edən zaman iddiaçı tərəfindən 138,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 138,61 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2024-cü il tarixli 9/4664 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Hazırkı ərizə təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməli və lizinq predmeti olan 1 (bir) ədəd “10049 Agritrac” markalı traktor, 1 (bir) ədəd 2000lt dərmansəpən və 1 (bir) ədəd diskli mala avadanlığı işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalı, həmin müqavilə üzrə 12072,34 manat məbləğində borc, 4129,79 manat məbləğində cərimə və 138,61 (yüz otuz səkkiz manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16340,74 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsinə xitam verilsin və lizinq predmeti olan 1 (bir) ədəd “10049 Agritrac” Traktor (Seriya XLTGAKİ004SK3320007, Motor X2P490- 00040), 1 ədəd dərman səpən 2000 İt (Seriya İ-9264) və 1 ədəd diskli mala avadanlığı (Seriya **********) işlək vəziyyətdə iddiaçıya geri qaytarılsın. 28 oktyabr 2020-ci il tarixli GL542 nömrəli lizinq müqaviləsi üzrə 12072,34 (on iki min yetmiş iki manat, otuz dörd qəpik) manat məbləğində borc, 4129,79 (dörd min yüz iyirmi doqquz manat, yetmiş doqquz manat) manat məbləğində cərimə və 138,61 (yüz otuz səkkiz manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16340,74 (on altı min üç yüz qırx manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-635/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-635/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver