Məhkəmə qərarları › İş №e-2-2(119)-635/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-635/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-635/2025 03.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 436,6 (dörd yüz otuz altı manat, altmış qəpik) manat məbləğində pul vəsaitinin və 30,4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, Cavabdeh1 MMC-yə məxsus olan **-PZ-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtomobil 16 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə edilərkən "xxxx" MMC-yə məxsus olan "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığortalanmış **- PB-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN POLO” markalı avtomobillə toqquşaraq maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri təqsirli bilinmiş və X3 Polisi tərəfindən 20 iyun 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 29 aprel 2022-ci il tarixli PAZ ********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsindən müəyyən olunur ki, **-PZ-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtonəqliyyat vasitəsinin sürücüsün və mülkiyyətçisinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. Həmçinin əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” (Forma 4) və 20 iyun 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, 16 iyun 2022-ci il tarixdə Cavabdeh1 MMC-nin balansında olmuş, Cavabdeh2 tərəfindən idarə edilən **-PZ-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobil və "xxxx" MMC-nin balansında olmuş X1 idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 332.1-ci və 327.1-cı maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin əlavə olunmuş “X4” MMC-nin yekun aktından və 11 avqust 2022-ci il tarixli elektron qaimədən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-PB-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” markalı avtomobilə 436,6 manat məbləğində zərər vurulmuşdur. "xxxx" ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, **-PB-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 436,6 manat məbləğində pul vəsaiti zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir. Baş vermiş sığorta hadisəsinə görə dəymiş zərərlə bağlı 436,6 manat məbləğində vəsait "xxxx" ASC-nin hesabından "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Bununla əlaqədar cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli CML-0036/2024-AKT239/24 nömrəli "xxxx" ASC tərəfindən təsdiqlənmiş sığorta aktından görünür ki, sığorta hadisəsi 16 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində baş vermiş, Cavabdeh1 MMC-yə məxsus olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobil "xxxx" MMC-yə məxsus olan **-PB-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” markalı avtomobillə toqquşmuş və 436,6 manat məbləğində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsin”dən görünür ki, Cavabdeh1 MMC-yə məxsus olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sığortalanmışdır. İş materiallarında olan “X4” MMC tərəfindən tərtib edilmiş 08 iyul 2021-ci il yekun aktdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-PB-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” markalı avtomobilə 16 iyun 2022-ci il tarixli hadisə nəticəsində 436,6 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan 02 sentyabr 2022-ci il tarixli **********0 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 436,6 manat məbləğində pul vəsaiti “X4” MMC-nin bank hesabına ödənilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli MCL-324/22 nömrəli "xxxx" ASC və "xxxx" MMC tərəfindən təsdiqlənmiş sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən 436,6 manat məbləğində pul vəsaiti “X4” MMC-nin bank hesabına ödənilmişdir. İş materiallarında olan 17 iyun 2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 MMC Cavabdeh2 15 iyul 2022-ci il tarixinədək **-PZ-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtomobili idarə etmək hüququ vermişdir. İş materiallarında olan M0390/21 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsi”ndən görünür ki, "xxxx" MMC-yə məxsus olan avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, mülkiyyətçisi Cavabdeh1 MMC olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobili idarə edən sürücü Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmuş, həmçinin avtomobili etibarnəmə olmadan idarə etmişdir. İş materiallarında olan X3 Polisi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 16 iyun 2022ci il tarixli yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri təqsirli bilinmiş və onun barəsində 40 manat məbləğində cərimə növündə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 436,6 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən. əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 16 iyun 2022-ci il tarixində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Cavabdeh1 MMC-yə məxsus olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobillə **-PB-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtomobil toqquşmuş, nəticədə "xxxx" ASC tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı avtomobilə 436,6 manat məbləğində maddi zərər dəymişdir. Həmin maddi zərərin əvəzi "xxxx" ASC tərəfindən ziyan dəymiş avtomobilin məxsus olduğu hüquqi şəxsə ödənilmiş, eyni zamanda "xxxx" ASC tərəfindən həmin məbləğdə pul vəsaiti "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə uyğun olaraq iddiaçının subroqasiya qaydasında Cavabdeh1 MMC-dən həmin məbləğin əvəzini tələb edib almaq hüququ yaranmışdır. İddia tələbinin 436,6 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunu və iş materiallarından göründüyü kimi, iddiaçının subroqasiya hüququnun yaranmasının əsası olan razılaşma, yəni “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi Cavabdeh1 MMC və "xxxx" ASC arasında bağlanmışdır. Buna görə də, həmin məbləğin digər cavabdehdən tutulması hissəsində iddia təmin edilməməlidir. Məhkəmə, eyni zamanda Mülki Məcəllənin 1114.1-ci maddəsində müəyyən edilmiş qaydanı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən Qərarında təsbit edilmiş hüquqi mövqeni rəhbər tutaraq bildirir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 436,6 manat məbləğində borc məbləği Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 28 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman 30,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən 30 manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh1 MMCdən dən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 436,6 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 466,6 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 436,6 (dörd yüz otuz altı manat, altmış qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 466,6 (dörd yüz altmış altı manat, altmış qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar