Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-638/2024 10.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun tutulması" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı "borcun tutulması" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat əsas borcun, 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla ödəniş gününə yaranmış hər gün üçün ödəniləcək məbləğin 0,1%-i həcmində dəbbə pulunun, 87 (səksən yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzinin və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 01 sentyabr 2023-cü il tarixli TQ 321 saylı müqaviləyə əlavə olan 07 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 831213 nömrəli elektron qaiməyə əsasən Cavabdehnə 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat dəyərində “Sahnaz” düyüsü verilmişdir. Lakin həmin malın dəyəri olan 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı ödənişi bu barədə əlavə razılaşma olmadığı halda, malları təhvil aldığı tarixdən sonrakı 30 təqvim günü müddətində həyata keçirməlidir. 07 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 831213 nömrəli elektron qaiməyə əsasən sözügedən mal cavabdeh tərəfindən təhvil alınmışdır. Malın ödənişi ilə bağlı müqavilə üzrə tərəflər arasında hər hansı bir əlavə razılaşma mövcud deyildir. Dəfələrlə şifahi xəbərdarlıq olunmasına, eləcə də 15 yanvar 2024-cü il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq həmin məbləğ indiyədək ödənilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində satıcıya dəbbə pulu ödəyir. Ona görə də 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat əsas borc, 01 oktyabr 2023-cü il tarixdən ödəniş gününə yaranmış hər gün üçün ödəniləcək məbləğin 0,1%-i həcmində dəbbə pulu, eləcə də 87 (səksən yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən məhkəmə qaydasında tutularaq iddiaçıya ödənilməlidir 01 aprel 2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək bildirilmişdir ki, həmin iddia tələbi üzrə 01 oktyabr 2023-cü il tarixdən hesablanılmaqla 145 gün üçün 965,7 (doqquz yüz altmış beş manat yetmiş qəpik) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, ödənilməmiş 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat miqdarında əsas borcun hər gün üçün 0,1% həcmində ödənilməli olan dəbbə pulunun məbləği 6,66 (altı manat altmış altı qəpik) manat təşkil edir. Buna görə dəbbə pulu kimi tutulmalı olan cəmi məbləğ 145 gün x 6,66 = 965,7 manat edir. Göstərilənlərə əsasən 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat məbləğində əsas borcun, 965,7 (doqquz yüz altmış beş manat yetmiş qəpik) manat məbləğində dəbbə pulunun, 87 (səksən yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının Cavabdehndən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdehnə qarşı "borcun tutulması" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli TQ 321 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndində müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti protokol əsasında müəyyən edilir. Ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəkildə Azərbaycan manatı ilə həyata keçirilir. Alıcı ödənişi bu barədə əlavə razılaşma olmadığı halda, malları təhvil aldığı tarixdən sonrakı 30 təqvim günü müddətində həyata keçirməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində satıcıya dəbbə pulu ödəyir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 01 sentyabr 2023-cü il tarixli TQ 321 nömrəli alqı-satqı müqaviləsi üzrə 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat dəyərində malın satılması ilə əlaqədar 07 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 831213 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2023-cü il tarixli TQ 321 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdehnə müvafiq mallar satılmış, lakin cavabdeh öhdəliyini icra etməyərək satılan malların dəyərini ödəməmişdir. Buna görə də, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə ödənilməmiş 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 965,7 (doqquz yüz altmış beş manat yetmiş qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 332 (üç yüz otuz iki) manat məbləğində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin cavabdehdən “ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdehndən iddiaçı tərəfindən ödənilmiş 87 (səksən yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının tutulması” hissəsi də təmin edilməlidir. Belə ki, iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat ödənilməsini nəzərdə tutan “Hüquqi yardımın göstərilməsi haqqında” 05 fevral 2024-cü il tarixli 0029 nömrəli müqaviləni və “Leqal Servis” Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 320 (üç yüz iyirmi) manat məbləğində pul ödənilməsini təsdiq edən sənədləri əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat məbləğində əsas borc, 332 (üç yüz otuz iki) manat məbləğində dəbbə pulu, 87 (səksən yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 7391,8 (yeddi min üç yüz doxsan bir manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 6652,8 (altı min altı yüz əlli iki manat səksən qəpik) manat məbləğində əsas borc, 332 (üç yüz otuz iki) manat məbləğində dəbbə pulu, 87 (səksən yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 7391,8 (yeddi min üç yüz doxsan bir manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-638/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-638/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver