Məhkəmə qərarları › İş №e-2-2(119)-64/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-64/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-64/2023 16.01.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 14 noyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-ci il tarixli 1793-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3890 (üç min səkkiz yüz doxsan) manat gecikdirilmiş borc və 1236,48 (min iki yüz otuz altı manat 48 qəpik) manat cərimə, xx.xx.2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 7854 (yeddi min səkkiz yüz əlli dörd) manat gecikdirilmiş borc və 3911,29 (üç min doqquz yüz on bir manat 29 qəpik) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 17391,77 (on yeddi min üç yüz doxsan bir manat 77 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1793-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli 1793-GL/16 nömrəli müqavilə üzrə 3890 manat gecikdirilmiş borcu və hesablanmış 1236,48 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilə üzrə isə 7854 manat gecikdirilmiş borcu və hesablanmış 3911,29 manat cərimə borcu yaranmışdır. Öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Qanuna uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/2-01692 nömrəli arayış tərtib edilmiş və 200 manat məbləğində mediasiyaya dair xərc Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir. Buna görə bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş və müvafiq müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 (üç yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 16 yanvar 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək xx.xx.2016-cı il tarixli 1793-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 1236,48 (bir min iki yüz otuz altı manat 48 qəpik) manat cərimə, xx.xx.2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3911,29 (üç min doqquz yüz on bir manat 29 qəpik) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 5647,77 (beş min altı yüz qırx yeddi manat 77) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əsas borcu tam ödədiyini, buna görə cərimənin və iddia ərizəsində tələb olunan digər pul vəsaitlərinin ondan tutulmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli 1793-GL/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə güzəşt müqaviləsinə, həmin müqavilənin spesifikasiyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ümumi dəyəri 21680 manat olan 1 ədəd "Belarus-1221” markalı traktor 10 il müddətinə ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2366-GL/17 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə güzəşt müqaviləsinə, həmin müqavilənin spesifikasiyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ümumi dəyəri 29070 manat olan 1 ədəd "AK-5-35” markalı 5 gövdəli asma (təkərli) kotan 2 il müddətinə, 1 ədəd "Belarus-1221” markalı traktor 10 il müddətinə ilkin dəyərinin 40%-nə güzəşt tətbiq etməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 18 avqust 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, xx.xx.2016-ci il tarixli 1793- GL/16 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 9019 (doqquz min on doqquz) manat məbləğində ödəniş edilmiş və 18 avqust 2022-ci il tarixinə lizinq alan Cavabdeh həmin müqavilə üzrə 3890 (üç min səkkiz yüz doxsan) manat ödənilməmiş əsas borcu və 1236,48 (min iki yüz otuz altı manat 48 qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 18 avqust 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, xx.xx.2017-ci il tarixli 2366- GL/17 nömrəli müqavilə üzrə 6259 (altı min iki yüz əlli doqquz) manat ödəniş edilmiş və 18 avqust 2022-ci il tarixinə lizinq alan Cavabdeh həmin müqavilə üzrə müvafiq olaraq 7854 (yeddi min səkkiz yüz əlli dörd) manat ödənilməmiş əsas borcu və 3911,29 (üç min doqquz on bir manat 29 qəpik) manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” xx.xx.2016-ci il tarixli 1793-GL/16 nömrəli və xx.xx.2017-ci il tarixli 2366- GL/17 nömrəli müqavilələr bağlanmış, lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək vaxtlı-vaxtında lizinq ödənişləri edilməmişdir. Buna görə də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 18 avqust 2022-ci il tarixinə xx.xx.2016-ci il tarixli 1793-GL/16 nömrəli müqavilə üzrə 3890 (üç min səkkiz yüz doxsan) manat məbləğində gecikdirilmiş əsas borc və 1236,48 (min iki yüz otuz altı manat 48 qəpik) manat məbləğində cərimə, xx.xx.2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilə üzrə 7854 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğində gecikdirilmiş əsas borc və 3911,29 (üç min doqquz yüz on bir manat 29 qəpik) manat məbləğində cərimə hesablanaraq həmin borcların Cavabdeh tutulması üçün məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə araşdırması gedişində cavabdeh həmin müqavilələr üzrə əsas borc məbləğlərini tam ödədiyi üçün iddiaçı tərəfindən 16 yanvar 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim olunaraq maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli 1793-GL/16 nömrəli müqavilə üzrə 1236,48 (bir min iki yüz otuz altı manat 48 qəpik) manat məbləğində cərimənin və xx.xx.2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilə üzrə 3911,29 (üç min doqquz yüz on bir manat 29 qəpik) manat məbləğində cərimənin cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ilə əlaqədar 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin halları, o cümlədən cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, cavabdehdən tələb olunan cərimə məbləğləri azaldılmalı və Cavabdeh 11 avqust 2016-cı il tarixli 1793-GL/16 nömrəli müqavilə üzrə 100 (yüz) manat və 28 noyabr 2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğləri azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, ödəniş qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən həmin müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğlərinin də yüksək həddə artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 18 avqust 2022-ci il tarixinə hesablanmış 11 avqust 2016-cı il tarixli 1793-GL/16 nömrəli müqavilə üzrə 100 (yüz) manat məbləğində cərimə və 28 noyabr 2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində cərimə olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 300 (üç yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Həmçinin Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 18 avqust 2022-ci il tarixinə hesablanmış 11 avqust 2016-cı il tarixli 1793-GL/16 nömrəli müqavilə üzrə 100 (yüz) manat məbləğində cərimə, 28 noyabr 2017-ci il tarixli 2366-GL/17 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla - cəmi 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar