Məhkəmə qərarları › İş №e-2-2(119)-640/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-640/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-640/2025 13.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Nümayəndə1 nümayəndəsi Nümayəndə4 iştirakı ilə iddiaçı Nümayəndə1 Cavabdeh Ağamirzə qızına qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Nümayəndə1 sadələşdirilmiş icraat qaydasında Cavabdeh Ağamirzə qızına qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağamirzə qızından 4721,10 (dörd min yeddi yüz iyirmi bir manat on qəpik) manat əsas borc məbləği və 70 (yetmiş) manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 4791,10 (dörd min yeddi yüz doxsan bir manat on qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı Nümayəndə1nə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə1 MMC ilə X2 arasında 12 sentyabr 2022-ci il tarixli 427/NHFM22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 12 sentyabr 2022-ci il tarixli 427/NHFM22 nömrəli alqı-satqı müqaviləsinin əlavəsində göstərilən mallar X2 tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə X1 Nümayəndə1 MMC-yə 4721,10 (dörd min yeddi yüz iyirmi bir manat on qəpik) manat borcu mövcuddur. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir.

3. Məhkəmənin 04 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçı Nümayəndə1 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh Ağamirzə qızına qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 nümayəndəsi Nümayəndə4 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. 07 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh Ağamirzə qızının qanuni nümayəndəsi Ali Cosgun izahatında iddia ərizəsində qeyd edilən borcu qəbul etdiklərini, maddi vəziyyəti ilə əlaqədar həmin borcu ödəyə bilmədiklərini, bununla bağlı iddiaçıdan vaxt istədiyini bildirmişdir. O, həmçinin Türkiyə vətəndaşı olduğu üçün vergi ödəyicisi kimi qeydə alına bilmədiyindən müqavilənin onun həyat yoldaşı Cavabdeh Ağamirzə qızı ilə bağlandığını qeyd etmişdir.

6. Lakin Cavabdeh Ağamirzə qızı məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

9. Belə ki, iş materiallarında olan satıcı Nümayəndə1 ilə alıcı Cavabdeh Ağamirzə qızı arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli 427/NHFM22 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

10. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən mallar alıcının sifarişi əsasında 2 (iki) iş günü ərzində satıcı tərəfindən satıcının hesabına çatdırılır.

11. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən mallann təhvil - təslim zamanı qablaşdırılmasında zədə və ya qüsur olduğu halda alıcı tərəfindən satıcıya yerində dərhal irad bildirilməli, həmin məhsul aktlaşdırılmalı, qəbul edilməyib geri qaytarılmalı və yenisi ilə əvəz edilməsi haqqında satıcıya müraciət edilməlidir.

12. Həmin müqavilənin 1.10-cu bəndinə əsasən alıcı ödənişi malı təhvil aldığı tarixdən 15 (on beş) təqvim günü müddətində həyata keçirməyi öz üzərinə götürür.

13. 10. İş materiallarında olan tərəflər arasında imzalanmış 18 aprel 2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, Cavabdeh Ağamirzə qızının Nümayəndə1nə 4921,1 manat məbləğində borcunun olduğu müəyyənləşdirilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı Nümayəndə1 ilə Cavabdeh Ağamirzə qızı arasında 12 sentyabr 2022-ci il tarixli 427/NHFM22 nömrəli alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Nümayəndə1 üzərinə düşən öhdəlikləri icra edərək Cavabdeh Ağamirzə qızına müvafiq mallar satmış, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmiş və tərəflər arasında 18 aprel 2024-cü il tarixə cavabdehin iddiaçıya 4921,10 manat məbləğində borcunun olduğunu təsdiq edən “Qarşılıqlı üzləşmə aktı” imzalanmışdır. Buna görə iddiaçı Nümayəndə1 Cavabdeh Ağamirzə qızına qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh Ağamirzə qızı ilə iddiaçı Nümayəndə1 arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 4721,10 (dörd min yeddi yüz iyirmi bir manat on qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.

23. İddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 67,21 (altmış yeddi manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

25. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4721,10 (dörd min yeddi yüz iyirmi bir manat on qəpik) manat məbləğində borc və 67,21 (altmış yeddi manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4788,31 (dörd min yeddi yüz səksən səkkiz manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

30. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Ağamirzə qızından 4721,10 (dörd min yeddi yüz iyirmi bir manat on qəpik) manat məbləğində borc və 67,21 (altmış yeddi manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4788,31 (dörd min yeddi yüz səksən səkkiz manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Nümayəndə1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar