Məhkəmə qərarları › İş №e-2-2(119)-643/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-643/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-643/2024 01.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 29 mart 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 may 2023-cü il tarixli, GARA-28427-3402 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 1110,40 (bir min yüz on manat, qırx qəpik) manat məbləğində borcun, həmçinin 32,40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 22 may 2023-cü il tarixli GARA-28427-3402 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən cavabdehin istifadəsinə ban nömrəsi JTDKN3DU5C1566291, buraxılış ili 2012-ci il olan **-AT-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı nəqliyyat vasitəsi verilmiş, müqavilə şərtlərinə əsasən cavabdehin aylıq 873 manat məbləğində pul ödəməsi razılaşdırılmışdır. Cavabdeh öhdəliklərinə riayət etmədiyindən 31 avqust 2023-cü il tarixində müqavilə ləğv edilmişdir. Həmin tarixədək yaranmış 1110,40 manat lizinq borcu hazırkı vaxtadək ödənilmədiyindən və cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan iddiaçı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 22 may 2023-cü il tarixli GARA-28427-3402 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini - xüsusi texnikanı - avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin predmetini xetçbek tipli, ban JTDKN3DU5C1566291, M.İ.H. 1798 sm3, tünd göy metallik rəngli, buraxılış ili 2012-ci il, Toyota Prius (Hibrid) minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təşkil edir. Həmin müqavilənin 2-ci hissəsinin müvafiq bəndlərindən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 24844,38 manat, lizinq verənin mükafatı 5344,38 manat, avans məbləği 3900 manat, lizinqin məbləği 15600 manat təşkil edir. Həmin müqavilənin 9.1.8-ci yarımbəndinə əsasən, lizinq verən bu müqavilə üzrə ödənişlər 5 təqvim günündən artıq gecikdirildikdə, lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc lizinq alan tərəfindən ödənilir. Həmin müqavilənin 10.2.1-ci yarımbəndinə əsasən, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə miiəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən lizinq obyektinin istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə miiəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə liziinq və digər ödənişləri özünün bank hesabından lizinq verənin bank hesabına köçürməklə ödəməlidir. Həmin müqavilənin 20.12-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənə qaytarılması və ya lizinq verən tərəfindən geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. İş materiallarında olan satıcı, lizinq verən (iddiaçı) və lizinq alan (cavabdeh) arasında bağlanmış 22 may 2023-cü il tarixli, GARA-28427-3402 nömrəli lizinq obyektinin alqısatqısı müqaviləsindən görünür ki, ban nömrəsi JTDKN3DU5C1566291, buraxılış ili 2012ci il olan **-AT-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı nəqliyyat vasitəsi satıcı lizinq verənə satır, lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinqə verəmk üçün əldə edir və razılaşdırılmış haqqı satıcıya ödəyir. İş materiallarında olan 22 may 2023-cü il tarixli, İT0011579 nömrəli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən lizinq obyektinin sahibi Ruslan İsazadəyə 15600 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 22 may 2023-cü il tarixli, GARA-28427-3402 nömrəli təhviltəslim aktına əsasən, ban nömrəsi JTDKN3DU5C1566291, buraxılış ili 2012-ci il olan **- AT-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. İş materiallarında olan ödəniş qrafikinə əsasən cavabdehin 22 may 2023-cü il tarixli GARA-28427-3402 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə aylıq ödəniş məbləği 873 manat olmaqla son ödəniş tarixi 22 may 2025-ci ildir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 22 may 2023-cü il tarixli GARA-28427-3402 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə həmin tarixə 1110,40 manat borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01 sentyabr 2023cü il tarixli bildirişin məzmunundan görünür ki, lizinq müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edildiyi barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, göstərilənlərlə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini - aylıq 873 manat məbləğində olan lizinq ödənişlərini ödəmək vəzifəsini vaxtında və ardıcıl olaraq ödəməyərək lazımınca icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 22 may 2023-cü il tarixli,GARA- 28427-3402 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1110,40 manat lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən müqavilə üzrə yaranmış 1110,40 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia tələbinin 32,40 (otuz iki manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsinə gəldikdə, iş materiallarında olan 27 mart 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı məhkəməyə müraciət edərkən 32 manat məbləğində dövlət rüsumu ödədiyindən iddia tələbinin 32,40 manat məbləğində məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsi qismən təmin olunmalı, cavabdehdən 32 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 22 may 2023-cü il tarixli,GARA-28427-3402 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1110,4 manat lizinq müqaviləsi üzrə borc və 32 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 1142,4 (min yüz qırx iki manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1110,40 (min yüz on manat, qırx qəpik) manat məbləğində lizinq borcu və ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1142,4 (min yüz qırx iki manat, qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar