Məhkəmə qərarları › İş №e-2-2(119)-65/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-65/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-65/2025 14.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi vəkil Nümayəndə1 və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada avtomobilin istifadədə olduğu müddətdə 2585,34 manat əsas borc, 1971,38 manat faiz borcu, 244,41 manat dəbbə pulunun, “Lexus LS 460” minik markalı **- PG-*** dövlət qeydiyyat nişanlı, JTHDL46F905006537 ban nömrəli qara rəngli avtomobilin bərpası üçün tələb olunan 10567 manat məbləğindəki dəymiş zərərin, ödənilmiş 137 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X1 arasında bağlanmış11 noyabr 2021-ci il tarixli 299/21 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2014-cü il buraxılışlı, “LEXUS LS 460” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, JTHDL46F905006537 ban nömrəli, qara rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LM-299-4/23 nömrəli öhdəliyin icrası ilə bağlı sazişə əsasən 11 noyabr 2021-ci il tarixli 299/21 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüşdür. 27 dekabr 2023-cü il tarixli LM-299- 3/23 nömrəli daxili maliyyə lizinq müqaviləsinin lizinq ödənişləri cədvəlinə (11 noyabr 2021ci il tarixli 299/21 nömrəli daxili maliyyə lizinq müqaviləsinə Əlavə 4) əsasən lizinq alan illik 18% hesablanmaqla 36 aylıq müddətə hər ay 2192,92 manat sabit pul məbləği olmaqla, ümumilikdə 60657,41 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh2 arasında 27 dekabr 2023-cü il tarixli, LM-299-4/23 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı ASC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2023-cü il tarixli, təhvil-təslim aktna əsasən təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqların müəyyən olunmadığı və lizinq predmetinin tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğunluğu lizinq alan tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “LEXUS LS 460” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, JTHDL46F905006537 ban nömrəli, qara rəngli avtomobilə xx.xx.2024-cü il tarixli, 0001 nömrəli "xxxx" MMC tərəfindən tərtib olunmuş təmir aktına əsasən 10567 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Lizinq alanın 11 iyun 2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 2585,34 manat əsas borcu, 1971,38 manat faiz borcu, 244,41 manat dəbbə pulu olmaqla, ümumi borcu 4801,13 manat təşkil edir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2023-cü il tarixli, LM-299-4/23 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinin tələbinə əsasən zamin öz öhdəsinə götürür ki, lizinq alan müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərcləri və ümumilikdə digər zərərlərin əvəzinin ödənilməsinə görə liziq verən qarşısında lizinq alanla eyni məsuliyyəti daşıyır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin tələbi pozulduğu halda lizinq verən həm borclu, həm də zaminə qarşı müqavilə üzrə tələblərini irəli sürür.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi vəkil Nümayəndə1 lizinq obyektinin Cavabdeh1 deyil, Elnur adlı şəxsdən geri təhvil alındığını, lakin həmin şəxsin 01 may 2024-cü il tarixli təhvil-təslim aktını imzalamaqdan imtina etdiyini bildirmişdir. Nümayəndə1, həmçinin qeyd etmişdir ki, Elnur adlı şəxs Cavabdeh1 aldatmış olsa belə, sonuncu Elnurun ona 500 manat ödəniş edəcəyi vədi ilə razılaşaraq Elnura köməklik göstərmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, Cavabdeh2 və Samirənin tanışı Elnur adlı şəxs onu aldadaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ofisinə gedib sadəcə olaraq sənədlərə qol çəkəcəyini bildirmiş və bunun müqabilində 1 həftə sonra nəqliyyat vasitəsini satıb ona 500 manat məbləğində pul verməyi vəd etmişlər. O, bu təkliflə razılaşmış, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ofisinə gedərək bir sıra sənədləri imzalamış, ancaq imzalanmamış bir sənəd qalmışdır. Növbəti gün gəlib həmin sənədi imzalamaqla avtomobili təhvil ala biləcəyi ona bildirilmiş, lakin o, səhhəti ilə bağlı olaraq ofisə gedə bilməmiş, avtomobil ona təhvil verilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən lizinq obyektini təhvil almasına dair təhvil-təslim aktı olsa da, lizinq obyekti ona təhvil verilməmişdir. Avtomobili geri təhvil verən şəxsin şəxsiyyəti iddiaçı "xxxx" ASC tərəfindən müəyyənləşdirilməmişdir. Bu isə "xxxx" ASC-nin əməkdaşı ilə Elnur adlı şəxsin əlbir olduğunu deməyə əsas verir. Göstərilənlərə əsasən o, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

6. Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

9. Belə ki, lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X1 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli, 299/21 nömrəli Daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqverən lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə “Əlavə 2” -də qeyd olunmuş, ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.

10. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən qiymətin 18700 (on səkkiz min yeddi yüz) manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 64600 (altmış dörd min altı yüz) manat hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir.

11. Həmin müqavilənin 3.2-ci bəndinə görə bu müqaviləyə əsasən lizinq verən tərəfindən lizinq obyektinin satın alınması üçün çəkdiyi bütün xərclər lizinq üzrə kredit məbləği hesab edilir. Lizinq haqları həmin kredit məbləğinə lizinq verənin gəliri olaraq qalıq dəyərinə illik 23 % faiz dərəcəsi əlavə etməklə sabit lizinq haqları olaraq hesablanır.

12. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə edilməsinə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlində (Əlavə 1) tam əks edilir.

13. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqaviləyə Əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixlərdə lizinq alan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə, ödənişin pozulması baş verir. Bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi, ödəyəcək.

14. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış 27 dekabr 2023-cü il tarixli L/M-299-4/23 nömrəli Öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 icrasını qəbul etdiyi, 11 noyabr 2021-ci il tarixli, 299/21 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən İddiaçı ASC-yə 27 dekabr 2023-cü il tarixinə olan borcu 60657,41 (altmış min altı yüz əlli yeddi manat, qırx bir qəpik) manat təşkil edir. Qeyd edilən məbləğ L/M 299-4/23 saylı daxili lizinq müqaviləsinə əlavə olunmuş qrafik üzrə illik 18 % faizi hesablanmaqla hər ay 2192,92 (iki min yüz doxsan iki manat doxsan iki qəpik) manat olmaqla 36 ay müddətinə tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququ İddiaçı ASC -yə məxsusdur. Cavabdeh1 lizinq ödəniş cədvəlinə əsasən öhdəliyini tam icra edənədək lizinq obyekti olan avtomobilin texniki və kosmetik işlərinə avtomobilin tam sazlığına cavabdehdir. Cavabdeh1 daxili maliyyə lizinq müqaviləsi üzrə ödənişi hər ayın 27-i tarixindədir. Ödəniş günündən 30 təqvim günü ərzində Cavabdeh1 ödəniş etməzsə, İddiaçı ASC lizinq obyekti olan avtomobili mübahisəsiz geri almaq hüququna malikdir. Cavabdeh1 lizinq obyekti olan avtomobilə mülkiyyət hüququ lizinq obyektinin dəyəri lizinq verənə tam şəkildə ödənildikdən sonra yaranır.

15. İş materiallarında olan lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 və lizinq alan Cavabdeh1 arasında imzalanmış 27 dekabr 2023-cü il tarixli LM- 299-4/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin lizinq verən qarşısında lizinq alanın 27 dekabr 2023-ci il tarixli 299-4/23 saylı illik 18% (on səkkiz) faiz, 60657,41 (altmış min altı yüz əlli yeddi manat qırx bir qəpik) manat məbləğində, 36 ay müddətinə daxili maliyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür.

16. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən zamin lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə lizinq verən qarşısında lizinq alan ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən lizinq müqaviləsinin icra etmədiyi və ya lazımınca icra elmədiyi halda həm borclu, həm də zaminə qarşı lizinq müqaviləsi üzrə öz tələblərini irəli sürür.

18. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli, 299/21 nömrəli Daxili maliyyə lizinq müqaviləsinin 4 nömrəli əlavəsi olan 27 dekabr 2023-cü il tarixli ödəniş cədvəlində Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun son ödəniş tarixi 27 dekabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.

19. İş materiallarından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 11 noyabr 2021-ci il tarixli, 299/21 nömrəli daxili maliyə lizinqi müqaviləsinə əsasən ona lizinqə verilmiş buraxılış ili 2014-cü il olan, “Lexus LS 460” minik markalı, ban nömrəsi JTHDL46F905006537 olan qara rəngli avtomobilə görə qrafik üzrə hər ayın 27-si ödəniş edəcəyi, 30 gün ərzində ödənişi gecikdirəcəyi təqdirdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmasına heç bir etirazının olmaması barədə 27 dekabr 2023-cü il tarixli iltizam imzalamışdır.

20. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli, L/M 299-4/23 saylı təhviltəslim aktından görünür ki, 2014-cü il buraxılışlı, “Lexus LS 460” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi JTHDL46F905006537 olan qara rəngli avtomobil lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinq alan Cavabdeh1 təhvil verilmişdir. Təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır, lizinq predmeti tam saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur.

21. İş materiallarında olan 01 may 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 27 dekabr 2023-cü il tarixli, LM-299-4/23 nömrəli öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş 2014-cü il buraxılışlı, “LEXUS LS 460” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, JTHDL46F905006537 ban nömrəli, qara rəngli avtomobil N.Nərimanov prospektində (Nərimanov heykəlinin yaxınlığından) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən götürülmüşdür. Avtomobili idarə edən başqa şəxs olmuş və akta imza etməkdən imtina etmişdir. Avtomobilin təhvili zamanı ciddi qüsur və nasazlıqlar aşkar edilmişdir.

22. İş materiallarında olan 01 may 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 27 dekabr 2023-cü il tarixli, LM-299-4/23 nömrəli öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş 2014-cü il buraxılışlı, “LEXUS LS 460” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, JTHDL46F905006537 ban nömrəli, qara rəngli avtomobil N.Nərimanov prospektində (Nərimanov heykəlinin yaxınlığından) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən götürülmüşdür. Avtomobili idarə edən başqa şəxs olmuş və akta imza etməkdən imtina etmişdir. Avtomobilin təhvili zamanı ciddi qüsur və nasazlıqlar aşkar edilmişdir.

23. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə göndərilmiş 05 fevral 2025-ci il tarixli, 3-16-16/2- 9/9507-9/9550/2024 nömrəli məktuba əlavə edilmiş “Məlumat”dan görünür ki, iş materiallarında olan 2016-cı il buraxılışlı “Lexus LS460” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ziyan aktında göstərilən ehtiyat hissələrinin qeyd edilən göstəricilər üzrə və həmin tarix üzrə satışı barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin digər əməkdaşı 01 may 2024-cü il tarixli təhvil-təslim aktını imzalayan Əşrəfzadə Kamran ona Cavabdeh1 ilə danışdığını və Təbrizin avtomobili başqasına satdığını demişdir. Əşrəfzadə Kamran avtomobili təhvil almalı olduqlarını bildirmiş, onlar 2024-cü ilin təxminən aprel-may aylarında naviqasiya sistemi vasitəsi ilə "LEXUS LS 460” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nərimanov rayonu ərazisində olduğunu müəyyən edərək birlikdə həmin əraziyə getmişdir. X2 zəng etdikdən sonra Elnur avtomobilin açarını təhvil vermişdir. Təhvil verilərkən avtomobil yaxşı vəziyyətdə olmamışdır. Onlar avtomobili evakuator vasitəsi ilə aparmışdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

30. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

31. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

32. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.

33. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

34. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

35. Mülki Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

36. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir.

37. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

38. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış Öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 icrasını qəbul etdiyi, 11 noyabr 2021-ci il tarixli, 299/21 saylı daxili maliyyə lizinq müqaviləsi əsasında iddiaçı tərəfindən lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Lexus LS 460” minik markalı, ban nömrəsi JTHDL46F905006537 olan qara rəngli avtomobil cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Lakin Cavabdeh1 müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək lizinq ödənişlərini tam ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ofisinə gedərək sənədlər imzaladığını, lakin lizinq obyektini təhvil almadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

39. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış Öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 icrasını qəbul etdiyi, 11 noyabr 2021-ci il tarixli, 299/21 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 2585,34 (iki min beş yüz səksən beş manat otuz dörd qəpik) manat əsas borc, lizinq verənin gəliri olaraq hesablanmış 1971,38 (min doqquz yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat faiz borcu və 244,41 (iki yüz qırx dörd manat qırx bir qəpik) manat dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

41. 27 dekabr 2023-cü il tarixli LM-299-4/23 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 27 dekabr 2023-cü il tarixli L/M-299-4/23 nömrəli Öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 icrasını qəbul etdiyi, 11 noyabr 2021-ci il tarixli, 299/21 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə lizinq verən qarşısında məsuliyyəti öz üzərinə götürmüşvə lizinq alan ilə birlikdə lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

44. İddia tələbinin “10567 manat məbləğindəki dəymiş zərərin ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, əvvəla, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən və ya işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana məhkəməyə lizinq obyektinin Cavabdeh1 geri alınması barədə hər hansı sübut təqdim edilməmiş, yalnız 14 mart 2025-ci il tarixli məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi tərəfindən 01 may 2024-cü il tarixli təhvil-təslim aktı təqdim olunmuşdur. Həmin akt lizinq alan Cavabdeh1 tərəfindən imzalanmamış, aktda avtomobili idarə edənin başqa şəxs olduğu və həmin şəxsin aktı imzalamaqdan imtina etdiyi, avtomobildə ciddi qüsur və nasazlıqlar aşkar olunduğu qeyd edilmiş və sözügedən akt İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iki əməkdaşı tərəfindən imzalanmışdır. Lakin 01 may 2024-cü il tarixli aktda həmin ciddi qüsur və nasazlıqların nədən ibarət olduğu konkret göstərilməmiş, sözügedən qüsurlarla bağlı akta hər hansı sübut (video, fotoşəkil və.s) əlavə edilməmişdir. Bundan başqa iddiaçı “Lexus LS 460” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı, JTHDL46F905006537 ban nömrəli qara rəngli avtomobilə 10567 manat ziyan dəyməsi ilə bağlı məhkəməyə "xxxx" MMC tərəfindən tərtib edilmiş 07 may 2024-cü il tarixli 0001 nömrəli təmir aktını təqdim etmişdir. Lakin məhkəmə hesab edir ki, həmin akt tərtib edilərkən lizinq obyektinin normal köhnəlməsi nəzərə alınmamış, həmçinin aktda avtomobilin təmir-bərpası üçün hesablanmış 10567 manat məbləğində pul vəsaitinin xərclənməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan təmir aktı həmin zərərin lizinq obyektinin Cavabdeh1 istifadəsində olduğu dövrdə yarandığını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, təhvil-təslim aktında lizinq obyektinin 01 may 2024-cü il tarixdə iddiaçıya təhvil verildiyi qeyd olunmuş, təmir aktı isə 07 may 2024-cü il tarixdə tərtib edilmişdir. Bu hal isə doğurdan da zərər mövcud olduğu halda avtomobilə dəymiş həmin zərərin lizinq obyektinin iddiaçıya qaytarılmasından sonra yaranmasını istisna etmir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “10567 manat məbləğindəki dəymiş zərərin ödənilməsi” hissəsi hissəsində rədd edilməlidir.

45. İddia tələbinin 137 (yüz otuz yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə uyğun hesablanmış 68,01 (altmış səkkiz manat bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

46. Eləcə də iddiaçı tərəfindən ödənilmiş 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

52. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

53. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2585,34 (iki min beş yüz səksən beş manat otuz dörd qəpik) manat əsas borc, 1971,38 (min doqquz yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat faiz borcu, 244,41 (iki yüz qırx dörd manat qırx bir qəpik) manat dəbbə pulu, ödənilmiş 68,01 (altmış səkkiz manat bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 4869,54 (dörd min səkkiz yüz altmış doqquz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2585,34 (iki min beş yüz səksən beş manat otuz dörd qəpik) manat əsas borc, 1971,38 (min doqquz yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat faiz borcu, 244,41 (iki yüz qırx dörd manat qırx bir qəpik) manat dəbbə pulu, ödənilmiş 68,01 (altmış səkkiz manat bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 4869,54 (dörd min səkkiz yüz altmış doqquz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar