Məhkəmə qərarları › İş №e-2-2(119)-659/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-659/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-659/2022 09.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, iddiaçı "Aqroservis” X2 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə Nizami qızının iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bitki mühafizə vasitələrinin dəyəri olan 5159 manat məbləğində əsas borc və 515,90 manat məbləğində cərimə olmaqla, cəmi 5674,90 manat məbləğində pul vəsaitinin, 46,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 100 manat məbləğində mediasiya xərcinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN **********) İddiaçındən 10 may 2020-ci il, 17 may 2020-ci il və 05 iyun 2020-ci il tarixlərində müvafiq olaraq 2110 manat, 1211 manat və 1838 manat məbləğində olmaqla, cəmi 5159 (beş min yüz əlli doqquz) manat dəyərində bitki mühafizəsi vasitələrini dəyərini 3 ay müddətində hissə-hissə ödəmək şərtilə nisyə almışdır. Lakin, bu günə qədər cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı vasitələrin dəyərini ödəməmiş və buna görə də, Cavabdeh İddiaçı MMM-ə olan əsas borcu ümumilikdə cəmi 5159 manat təşkil edir. Bundan əlavə, cavabdeh 1 ildən artıq müddətdir ki, ödənişi gecikdirdiyi üçün 515,90 manat cərimə ödəməlidir (5159 x 0,1% (hər gecikdirilən gün üçün ümumi borcun 10 % keçməmək şərtilə). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisəni məhkəmədənkənar həll etmək üçün cavabdehə pretenziya məktubu göndərilmişdir. Eyni zamanda, hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün cavabdehə təklif göndərilsə də, cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məktub, telefon zəngi və votsapla məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiyasına gəlməmişdir. Ona görə də, borcun tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur və hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri - 46,75 manat məbləğində ödənilmiş dövlət rüsumundan və 100 manat məbləğində ödənilmiş mediasiya xərcindən ibarətdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh bitki mühafizə vasitələrinin dəyəri olan 5159 manat məbləğində əsas borc və 515,90 manat məbləğində cərimə olmaqla, cəmi 5674,90 manat məbləğində pul vəsaitinin, 46,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 100 manat məbləğində mediasiya xərcinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh iş üzrə 07 iyun 2022-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edərək, özündə olan müəyyən sənədlərin kserosurətlərini təqdim edib, iddia tələbini qəbul etmədiyini bildirsə də, bundan sonra iş üzrə təyin edilən məhkəmə hazırlıq və baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, növbəti məhkəmə iclaslarına gəlməmiş və iş üzrə keçirilən məhkəmə iclaslarında iştirak etməkdən və mübahisənin çəkişmə prinsipi üzrə araşdırılmasından heç bir üzürlü səbəb olmadan yayınmışdır. Qeyd etmək lazımdır ki, 07 iyun 2022-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etdikdən sonra cavabdeh məhkəməyə teleqramlarla müraciət edərək, məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş və həmin teleqramlar əsasında da məhkəmə iclasları dəfələrlə təxirə salınmışdır. Lakin, buna baxmayaraq cavabdeh yenə də hər hansı bir üzürlü səbəbin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədən, məhkəmə iclaslarına gəlməmişdir. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, şahid ifadəsini, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş İddiaçındə aqronom vəzifəsində işləyən X7 məhkəmə iclasında iddia ərizəsində yazılanlara uyğun ifadə verərək bildirmişdir ki, Xaçmaz şəhərində bitki mühafizə vasitələrinin satışı ilə məşğul olan Cavabdeh 2015-ci ildən İddiaçınə məxsus bitki mühafizə vasitələri olan müxtəlif dərmanları nisyə vermiş və bir neçə ay sonra pulunu almışdır. Lakin, 10 may 2020-ci ildə vermiş olduğu 2110 manat dəyərində, 17 may 2020-ci ildə vermiş olduğu 1211 manat dəyərində və 05 iyun 2020-ci ildə vermiş olduğu 1838 manat dəyərində bitki mühafizəsi vasitələrinin dəyərini Cavabdeh ödəməmiş və dəfələrlə tələb edilməsinə baxmayaraq o, həmin pulların ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışdır. Bununla əlaqədar o, 2020-ci ilin sentyabr ayında Cavabdeh izahatını alaraq İddiaçınə təqdim etmişdir. Həmin izahatında da Cavabdeh öz əli ilə məlum alqı-satqılara görə cəmi 5159 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Lakin, Cavabdeh bundan sonra da 10 may 2020-ci ildə vermiş olduğu 2110 manat dəyərində, 17 may 2020ci ildə vermiş olduğu 1211 manat dəyərində və 05 iyun 2020-ci ildə vermiş olduğu 1838 manat dəyərində bitki mühafizəsi vasitələrinin, yəni kənd təsərrüfatı məhsulların yetişdirilməsində istifadə olunan dərmanların pulu olan cəmi 5159 manat məbləğində borcunu ödəməmişdir. İş materiallarında olan 10 may 2020-ci il tarixli ******* nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh (VÖEN **********) cəmi 2110 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələri satılmış və həmin Qaimədə sadalanan və ümumi qiyməti 2110 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 17 may 2020-ci il tarixli ******* nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh cəmi 1211 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələri satılmış və həmin Qaimədə sadalanan və ümumi qiyməti 1211 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 05 iyun 2020-ci il tarixli ******* nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh cəmi 1838 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələri satılmış və həmin Qaimədə sadalanan və ümumi qiyməti 1838 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan və Cavabdeh adından əlyazma yazı ilə tərtib edilərək, sonuncu tərəfindən imzalanmış 09 sentyabr 2020-ci il tarixli “izahat”da qeyd olunur ki, o, "Aqroservis” Şirkətinin nümayəndəsi Şahid 3 dəfəyə (2110 m. + 1211 m. + 1838 manat) = 5159 manat dəyərində bitki dərmanları götürmüşdür". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında “satıcı” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “alıcı” Cavabdeh (VÖEN **********) arasında kənd təsərrüfatı sahəsində istifadə edilən müxtəlif adda bitki mühafizə vasitələrin alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçınə 10 may 2020-ci ildə verilmiş 2110 manat dəyərində, 17 may 2020-ci ildə verilmiş 1211 manat dəyərində və 05 iyun 2020-ci ildə verilmiş 1838 manat dəyərində bitki mühafizəsi vasitələrinin, yəni kənd təsərrüfatı məhsulların yetişdirilməsində istifadə olunan dərman və vasitələrin pulu olan ümumilikdə cəmi 5159 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 5159 (beş min yüz əlli doqquz) manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 515,90 (beş yüz on beş manat 90 qəpik) manat məbləğində cərimənin Cavabdeh tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462-ci maddəsinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 10 may 2020-ci il tarixli, 17 may 2020-ci il tarixli və 05 iyun 2020-ci il tarixli qaiməfakturalar əsasında təhvil almış olduğu müxtəlif adda bitki mühafizə vasitələrin dəyərini ödəməyərək, İddiaçı qarşısında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin qaimə-fakturalar üzrə ödənilməmiş 5159 (beş min yüz əlli doqquz) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 515,90 (beş yüz on beş manat 90 qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi isə təmin olunmamalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilməli, yəni tərəflər arasında bağlanan müqavilədə göstərilməlidir. Lakin, tərəflər arasında bağlanmış hər hansı bir müqavilə məhkəməyə təqdim olunmadığına görə Cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə cərimənin hesablanması və ödənilməsi qaydası mövcud olmamış və eləcə də, alıcı olaraq Cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu) ödəyəcəyini vəd etməmişdir. Ona görə də, tərəflər arasında tərtib edilmiş qaimə-fakturalara istinad edilməklə, hazırki iddia ərizəsi üzrə cavabdehdən hər hansı məbləğdə dəbbə pulunun (cərimənin və yaxud, penyanın) tələb edilməsinin əsaslılığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 5159 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMM tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının və 46,75 (qırx altı manat 75 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 71,59 (yetmiş bir manat 59 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 24,84 (iyirmi dörd manat 84 qəpik) manat (71,59 manat – 46,75 manat = 24,84 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 5159 (beş min yüz əlli doqquz) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 46,75 (qırx altı manat 75 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5305,75 (beş min üç yüz beş manat 75 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun qalığı kimi 24,84 (iyirmi dörd manat 84 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar