Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-661/2021 11.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 iyun 2018-ci il tarixdə fərdi sahibkar (VÖEN: **********) X5 oğlu ilə "İddiaçı" MMC arasında 42 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Sonra, eyni tərəflər arasında müqaviləyə əlavələr kimi 11 iyun 2018-ci il və 01 noyabr 2018-ci il tarixli qiymətlərin razılaşdırma protokolları imzalanmışdır. Həmin protokollara əsasən, cavabdeh iddiaçıdan 10000 kq X6 - limon turşusu, 1100 kq Sorbitol Neosorb 70/70 və 1320 kq Propilenqlikol sifariş vermiş və onun əvəzinə iddiaçıya 20.000 (iyirmi min) manat və 11.000 (on bir min) manat dəyəri ödəməyə öz öhdəsinə götürmüşdür. Mallar cavabdehə müqavilənin şərtlərinə uyğun vaxtında çatdırılmasına baxmayaraq, cavabdeh ödənişin yalnız bir hissəsini icra edib, qalan hissəni isə indiyə qədər ödəməyib. Ərizəyə əlavə edilmiş müxtəlif tarixdə verilmiş kassa mədaxil orderlərinə və 15.03.2021-ci il tarixli hesabdan çıxarışa əsasən, cavabdeh iddiaçıya müxtəlif tarixlərdə 5.000 (beş min) manat, 2.650 (iki min altı yüz əlli) manat, 2.000 (iki min) manat və 4.590 (dörd min beş yüz doqsan) manat pul ödəmişdir. İddiaçı müqavilə üzrə üzləşmə aktı tərtib etmiş, akta əsasən cavabdehin cəmi 16.760 (on altı min yeddi yüz altmış) manat borcu olduğu müəyyən edilmişdir. Həmin üzləşmə aktı cavabdehin ünvanına göndərilməsinə baxmayaraq, cavabdeh aktın imzalanmasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Müqavilənin 4.2-ci maddəsinə əsasən, qaimə-faktura tərtib olunduqdan və imzalandıqdan sonra mallar qəbul edilmiş hesab edilir və bundan sonra alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Beləliklə, iddiaçı tərəfindən hazırlanmış və iddia ərizəsinə əlavə edilmiş 11 iyun 2018-ci il tarixli 42 nömrəli alqı-satqı müqaviləsi üzrə maliyyə arayışına əsasən cavabdehin cəmi 16.760 (on altı min yeddi yüz altmış) manat borcu yaranmışdır. Bununla əlaqədar, iddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə cavabdehə 12 aprel 2021ci il tarixdə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu cavabdeh tərəfindən 15 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından hələ də yayınımaqdadır. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdeh X5 oğlundan 16.760 (on altı min yeddi yüz altmış) manat məbləğində borcun və 30 (otuz) məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh X4 izahat verərək bildirdi ki, "İddiaçı" MMC ilə əməkdaşlıq edərək mallar alıb, borcunun bir qismini ödəsə də, iddiaçıya ödənilməmiş təxminən 16.000 manat borcu qalıb. Sonda o, iddianı qəbul etdiyini, lakin borcunu birdəfəyə ödəyə bilməyəcəyini qeyd etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan 11 iyun 2018-ci il tarixli, 42 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı - "İddiaçı" MMC müqaviləyə Əlavə(lər)də nəzərdə tutulmuş malları alıcıya satmağı, alıcı - X5 oğlu isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 iyun 2018-ci il tarixli, 42 nömrəli alqı-satqı müqaviləsinə 2 nömrəli əlavədən (qiymətlərin razılaşdırma protokolu) görünür ki, satıcı ümumi dəyəri 20.000 manat (ƏDV ilə birlikdə) olan malları alıcıya satmağı, alıcı isə malların dəyərini 30 gün ərzində satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 iyun 2018-ci il tarixli, 42 nömrəli alqı-satqı müqaviləsinə 3 nömrəli əlavədən(qiymətlərin razılaşdırma protokolu) görünür ki, satıcı ümumi dəyəri 11.000 manat (ƏDV ilə birlikdə) olan malları alıcıya satmağı, alıcı isə malların dəyərini 30 gün ərzində satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bu, iş materiallarında olan elektron qaimələrdən və hesab-fakturalardan görünür ki, cavabdehə 11.000 manat və 20.000 manat məbləğlərində mallar təqdim olunmuşdur. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, X5 oğlu "İddiaçı" MMC-dən aldığı mallara görə 2019-cu ilin fevral-mart aylarında cəmi 9.990 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 oğlunun "İddiaçı" MMC-yə 11 iyun 2018-ci il tarixli, 42 nömrəli müqavilə üzrə 26.04.2021-ci il tarixə 16.760 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə X4 arasında 11 iyun 2018-ci il tarixli, 42 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı nəzərdə tutulmuş malları alıcıya satmağı, alıcı- X5 oğlu isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh iddiaçıya olan borcunun bir hissəsini ödəmiş, 16.760 manat məbləğini isə ödəməmişdir. Bu hal iş materialları və cavabdehin etirafı ilə təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdeh X1 16.760 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X1 16.760 manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-661/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-661/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver