Məhkəmə qərarları › İş №e-2-2(119)-672/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-672/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-672/2021 17.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 qızının iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borcun və 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın tulularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 19 iyun 2019-cu il tarixli SA-486 saylı Alqı-satqı müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıdan ümumilikdə 1092,64 ton həcmində, 392257 (üç yüz doxsan iki min iki yüz əlli yeddi) manat dəyərində buğda və sair məhsullar almışdır. Alınmış məhsullar Müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin, Cavabdeh ASC-nin müqaviləyə əsasən 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində borcu yaranmışdır ki, həmin borc bu günə qədər ödənilməmişdir. Cavabdeh borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrlə cavabdeh Şirkətlə borcun qaytarılması ilə əlaqədar əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş və danışıqların heç bir nəticəsi olmamış, Cavabdeh ASC iddiaçıya olan 231954 manat məbləğində borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı tərəf pozulmuş hüquqların müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin Müqavilə üzrə ödənilməmiş 231954 manat məbləğində pulun geri qaytarılması ilə bərabər, öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. İddiaçı cavabdeh tərəfindən ona qaytarılmalı olan 231954 manat məbləğində pulun əsassız olaraq cavabdeh tərəfindən saxlanmaqla iddiaçıya daha çox zərər vurulduğunu qeyd edir. Belə ki, iddiaçı 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində pulu Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya və belə olan halda isə artıq bir il müddət ərzində minimum 15 % olmaqla həmin məbləğdən bir ilə 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat gəlir əldə edə bilərdi. Cavabdeh borcunu ödəmədiyindən İddiaçı həmin gəlirdən də məhrum olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia tələbində Cavabdeh ASC-dən 231954 manat məbləğində əsas borcun və 34793 manat məbləğində əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəla, iddia ərizəsində göstərilən satıcı İddiaçı və alıcı Cavabdeh ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı Alqı-satqı müqaviləsi üzrə ümumilikdə 1092,64 ton həcmində, 392257 (üç yüz doxsan iki min iki yüz əlli yeddi) manat dəyərində buğda məhsulu alınması fikri doğru deyildir. Çünki, faktiki olaraq İddiaçı Müqavilənin 3 və 4 nömrəli Əlavələrinə əsasən Cavabdeh ASC-yə buğda məhsulu satacağı barədə tərəflər arasında razılıq olduğu görünsə də, ancaq həmin məhsulun həqiqətən də Cavabdeh ASCyə təqdim edilməsinə və təhvil verilməsinə dair hər hansı bir təsdiqedici sənəd mövcud deyildir. İddiaçının nə özü, nə də nümayəndəsi tərəfindən məhkəməyə məhsulun doğrudan da Cavabdeh ASC tərəfindən qəbul edilməsinə dair hər hansı bir sənəd təqdim edilməmişdir. Düzdür, məhsulun satışı barədə “elektron qaimələr” mövcuddur. Ancaq, bu elektron qaimələr məhsulun Müqavilə üzrə alıcı Cavabdeh ASC-yə həqiqiətən də təqdim edilməsini sübut etmir. Çünki, satıcı İddiaçı və alıcı Cavabdeh ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı Alqı-satqı müqaviləsinin 2.2.6-cı bəndində göstərilib ki, Alıcıya mallar təhvil verilərkən, təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da Satıcı təqdim etməlidir. Halbuki, Cavabdehin İddiaçıya borcu olduğunu təsdiq etmək üçün malın həqiqətən də təhvil verildiyini təsdiq edən nə belə bir qaimə-fakturalar, nə də təhvil-təslim aktları mövcud deyildir. Elektron qaimələri təsdiq edən isə Cavabdehin həmin məhsulu birbaşa qəbul edən nümayəndəsi yox, kompyüter arxasında əyləşib, ofisdə çalışan əməkdaşı olub. Burada həmin elektron qaimələr virtual qaydada təsdiq edildiyi zaman, məhsulun həqiqətən də təhvil verilməsini təsdiq edən “qaimə-fakturaların”, “təhvil-təslim aktının” olub-olmamasına baxılmayıb. İddianın araşdırılması ilə əlaqədar Cavabdeh ASC-nin Daxili Audit və Nəzarət Departamenti tərəfindən Şirkətin həm elektron baza arxivinin, həm də fiziki arxivinin araşdırılması həyata keçirilmiş və həmin audit nəticəsində iddiaçının bildirdiyi alışları təsdiq edən hər hansı bir sənədə rast gəlinmədiyi barədə “Audit rəyi” tərtib olunmuşdur. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcının əşyanı vermək vəzifəsi qeyd olunub və göstərilib ki, Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Cavabdehə təqdim edilməsi faktı İddiaçı tərəfindən sübut edilməyən məhsula görə ondan əsas borc ilə yanaşı, üstəlik əldən çıxmış faydanın da tələb edilməsi absurddur və qəbul edilməzdir. Həmçinin, nəzərə almaq lazımdır ki, əldən çıxmış faydanın hesablanması zamanı aparılan hesablama da yanlışdır. Belə ki, əldən çıxmış fayda borcun yaranmasından bir il müddətinə olan dövr üçün hesablanıb. Halbuki, mövcudluğu sual doğuran borcun yaranmasından iddianın verildiyi anadək olan müddət hesablama ilə uyğun gəlmir. Göründüyü kimi, İddiaçı borcun həqiqətən də yaranması faktını təsdiq edən qaiməfakturaların, yaxud təhvil-təslim sənədlərinin nə iddia ilə birlikdə, nə də məhkəmə baxışı zamanı təqdim edilməməsi - iddiaçının iddiasının əsassız olduğunu sübuta yetirir. Həmçinin, tərəflər arasında borcun olmasını təsdiq edən “üzləşmə aktı”nın olmaması və məhkəməyə təqdim edilməməsi də İddiaçının tələbinin faktiki sübutu olmadığını göstərir. Məhkəmə iclaslarında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və cavabdeh tərəfin bu mövqeyini onunla əsaslandırdı ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı Alqı-satqı Müqaviləsinin 2.2.6-cı bəndinin tələblərinə görə müqavilə üzrə Alıcıya mallar təhvil verilərkən, təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da Satıcı təqdim etməli idi. Lakin, həmin Müqavilə üzrə verildiyi iddia edilən məhsullarla əlaqədar hər hansı bir qaimə-faktura və yaxud, təhvil-təslim aktları mövcud deyildir. Cavabdeh ASC-nin əvvəlki İdarə Heyəti tərəfindən məlum Müqavilə əsasında müəyyən məbləğdə pul ödənişi aparılmış olsa da, yeni X7 nəzərdə tutulan məhsulların həqiqətən də alınıb-alınmamasının müəyyən edilməsi üçün Audit keçirilməsi qərarına gəlmiş və buna görə də, auditin nəticələri müəyyən edilənədək ödənişləri dayandırmışdır. Lakin, keçirilmiş Audit nəticəsində satıcı İddiaçı tərəfindən 19 iyun 2019-cu il tarixli SA-486 saylı Alqı-satqı Müqaviləsində nəzərdə tutulan məhsulların alıcı Cavabdeh ASC-yə faktiki olaraq təhvil verilməsi, yəni həqiqətən də satılması öz təsdiqini tapmamışdır. İddiaçı tərəf öz iddia tələbini yalnız elektron qaimələrlə sübut edir. Halbuki, həmin “elektron qaimələr” elektron qaydada mühasibatlığa təqdim edilən elektron sənədlərdir və həmin sənədlər heç bir halda Müqavilədə nəzərdə tutulan məhsulların faktiki satışını, yəni Müqavilədə nəzərdə tutulan malların Alıcıya təhvil verilməsini təsdiq etmir. İddia ərizəsində göstərilən miqdarda və məbləğdə malların Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə verilməsini təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə və cavabdehə təqdim olunmamışdır. Tərəflər arasında bağlanmş məlum Müqavilədə də göstərilir ki, malların verilməsini təsdiq edən “qaimə-fakturalar” olmalı və həmin “qaimə-fakturalar” da malla birlikdə Alıcıya verilməlidir. Lakin, bu sənədlər isə yoxdur. Yəni, elektron qaimə olsa da, məlum Müqavilədə malların verilməsinin təsdiqini nəzərdə tutan qaimə-faktura sənədləri və yaxud, təhvil-təslim aktları yoxdur. Hazırkı məhkəmə prosesi başlandıqdan sonra keçirilən Audit zamanı Cavabdeh ASC-də iddianın əsaslı olub-olmaması ilə bağlı araşdırmalar aparılsa da, Müqavilədə nəzərdə tutulan malların verildiyini təsdiq edən sənədlər tapılmamışdı. “Elektron qaimə”lər Dövlət Vergi Xidmətinin elektron sistemi vasitəsi ilə mühasibatlığa verilir. Amma malların faktiki qəbulu başqa işçilər tərəfindən həyata keçirilir. Müqavilə şərtlərinə görə “elektron qaimələr” malların alınmasını, yəni Satıcı tərəfindən malların Alıcıya verilməsini təsdiq edən sənəd ola bilməz. Mühasib Baş Ofisdə oturur, mallar isə rayonda qəbul edilir. Adətən borcun tanınması ilə bağlı üzləşmə aktı da bağlanır. Bu işdə “üzləşmə aktı” da yoxdur. Cavabdeh tərəfin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia tələbinə Etirazı və Audit Rəyini İddiaçı tərəf görsə də, iddiaçı tərəf bunu təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdi. Halbuki, cavabdeh tərəfin etirazına və audit rəyinə görə İddiaçı tərəfindən qaimə-fakturalar və ya təhvil-təslim aktları məhkəməyə təqdim edilməli idi. Əvvəlki ödənişlər də köhnə rəhbərlik tərəfindən elektron qaimələrə və X6 əsasən edilib. Lakin, həmin rəhbərlik artıq cavabdeh Şirkətdə çalışmır. Cavabdehə qarşı hazırkı iddia verildikdən sonra Şirkətin Hüquq şöbəsində də araşdırma aparılmış və həmin araşdırma zamanı da iddiaçıya edilmiş əvvəlki ödənişin heç bir əsaslar olmadan edildiyi müəyyən olunmuşdu. Halbuki, Satıcı tərəfindən “elektron qaimələr” malların qəbul edilməsi ilə əlaqədar tərtib edilmiş təhvil-təslim aktı və yaxud, qaiməfakturalar əsasında göndərilməli idi. Malların təhvil-təslimini təsdiq edən sənədlər olmadan, iddiaçı tərəfin təqdim etdiyi “elektron qaimələrin” əsaslılığı müəyyən oluna bilməz. İş üzrə 24 iyun 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 231954 manat məbləğində əsas borcun və 34793 manat məbləğində əldən çıxmış faydanın tulularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və eyni zamanda, o, həmin iclasda verilən suallara cavab olaraq bildirmişdi ki, İddiaçı ticarət fəaliyyəti ilə məşğul olur və satdığı məhsulların dəyərinin vaxtında ödənilməsi iddiaçı üçün önəmlidir. Əgər ödəniş vaxtında edilsə idi, iddiaçı pulu dövriyyəyə buraxıb gəlir əldə edə bilərdi. Mallar qaimə-fakturalarla təhvil verilib, X5 da var. İddiaçı əldən çıxmış faydanı bu cür qiymətləndirir. Əldən çıxmış fayda bir il müddətinə 15 %-lə hesablanıb. Ödəniş bir aya olmalı idi. 27 avqust 2020-ci il və 08 sentyabr 2020-ci il tarixli X5 var. Məhsullar müxtəlif vaxtlarda elektron qaimələrlə verilib. Bəzi məhsulların alınmasından bir il keçir, bəzilərindən isə bir illik müddət keçmir. İddiaçı tərəf əldən çıxmış faydanın bir ilə hesablanmalı olduğunu düşünür. Cavabdehin borcu Müqavilə və X5 ilə öz təsdiqini tapır. Əldən çıxmış fayda 19 iyun 2019-cu il tarixli müqavilənin 7.4-cü bəndində nəzərdə tutulub. Cavabdeh Şirkətdə daxili Audit yoxlamasının aparılmasının iddiaçıya aidiyyatı yoxdur. X5 ilə yalnız qiymətlər müəyyənləşdirilib, satış olmayıb. Həmin Müqavilə üzrə təhvil-təslim aktları yoxdur. Lakin, təqdim olunan “Elektron qaimələr” malların təhvil-təslimini də təsdiq edir. Qarşı tərəf elektron qaiməni qəbul etdiyi halda mallar təhvil verilmiş hesab edilir. Lakin, iş üzrə 15 iyul 2021-ci il və 17 avqust 2021-ci il tarixlərinə təyin edilmiş məhkəmə baxış iclaslarına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi gəlmiş olsa da, həmin məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı və yaxud, iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə1 həmin məhkəmə iclaslarına gəlməmişdir. Lakin, İddiaçı nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə 14 iyul 2021-ci il və 17 avqust 2021-ci il tarixlərində yerləşdirilmiş ərizələrlə məhkəməyə müraciət edərək, həmin ərizələrində iddia tələbini müdafiə etdiyini və iddiaçı tərəfindən məhkəməyə bütün sübutlar təqdim edildiyini bildirib, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə, cavabdehin nümayəndəsinin razılığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfin iştirakı olmadan kommersiya işi üzrə məhkəmə prosesinin davam etdirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclaslarında vermiş olduğu izahatları, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və iş materiallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndində göstərilir ki, bu Müqaviləyə əsasən Satıcı Müqavilə qüvvədə olduğu müddətdə, Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndindən görünür ki, tərəflərin razılığına əsasən, malların Satıcı tərəfindən Alıcıya təhvil verilməsi müddəti Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilir. Həmin Müqavilənin 2.2-cı bəndinin tələblərinə görə, malı Müqavilə ilə müəyyən edilmiş müddətdə Alıcının mülkiyyətinə vermək (2.2.1.), Alıcıya üçüncü şəxslərin hüquqlarından azad mal vermək (2.2.2.), Alıcıya tərəflər arasında bu Müqavilə ilə razılaşdırılmış çeşiddə, ölçüdə, miqdarda, müddətdə, keyfiyyətdə olan mal vermək (2.2.3.), Alıcıya əşyaları onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək (2.2.4.), Alıcıya mallarla birgə, qanunvericilikdə tələb olunan və həmçinin Alıcı üçün zəruri olan sertifikatları da (gigiyenik, uyğunluq və s.) təqdim etmək (2.2.5.) və Alıcıya mallar verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da təqdim etmək (2.2.6.) Satıcının müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 2.3.5-ci bəndinə əsasən, mallarla birgə hər dəfə qaiməfakturaların da verilməsini tələb etmək, əgər qaimə-faktura təqdim edilməzsə qaiməfaktura verilənədək malların qəbulundan imtina etmək – Alıcının hüququ kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə qüvvədə olduğu müddətdə, mallar Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən ünvanda Satıcı tərəfindən Alıcıya təhvil veriləcəkdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, Alıcı malın dəyərinin ödənilməsini Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən şərtlərə uyğun həyata keçirir. Həmin Müqavilənin 7.4-cü bəndinə əsasən, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə tərəflər məsuliyyət daşıyır. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. İş materiallarında olan 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020-ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli X1 görünür ki, ümumilikdə dəyəri 359000 (üç yüz əlli doqquz min) manat məbləğində olan cəmi 1000 ton miqdarında buğda məhsullarının satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satılması barədə razılığa gəlinmişdir. Həmin X4 1-ci bəndlərinə əsasən, mallar - sifariş verildikdən sonra 1 (bir) iş günü ərzində Satıcının Giləzi rayonunda yerləşən ünvanında Satıcı tərəfindən Alıcıya təhvil verilir. Həmin X4 2-ci bəndlərinə əsasən, malların dəyəri - mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 (otuz) gün ərzində köçürmə yolu ilə Alıcı tərəfindən Satıcıya ödənilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən “buğda” satışı ilə əlaqədar ödənilməli olan müxtəlif məbləğlərdə pul vəsaitlərinin (ƏDV hesablanmayıb) göstərildiyi və “Əsas” qrafasında (sətrində) “Müqaviləyə əsasən” qeydi aparılmış 2020-ci ilin sentyabr ayına aid Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməsi məqsədilə elektron qaydada Elektron Qaimələr tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Daxili Audit və Nəzarət Departamentinin direktoru tərəfindən imzalanaraq möhürlənmiş 17 iyun 2021-ci il tarixli Audit Rəyi ilə müəyyən olunur ki, 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satılması nəzərdə tutulan malların alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilməsini təsdiq edən sənədlər audit araşdırması zamanı aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020-ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli X3 əsasən ümumi dəyəri 359000 (üç yüz əlli doqquz min) manat məbləğində olan cəmi 1000 ton miqdarında buğda məhsullarının satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satılması barədə razılığa gəlinmişdir. Eyni zamanda, həmin Müqavilənin 2.2.6-cı bəndinin tələblərinə görə “Alıcıya mallar verilərkən Satıcı tərəfindən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturalar da təqdim edilməli idi”. Həmçinin, həmin X4 1-ci bəndlərinə əsasən “mallar - sifariş verildikdən sonra 1 (bir) iş günü ərzində Satıcının Giləzi rayonunda yerləşən ünvanında Satıcı tərəfindən Alıcıya təhvil verilməli” və 2-ci bəndlərinə əsasən isə “malların dəyəri - mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 (otuz) gün ərzində köçürmə yolu ilə Alıcı tərəfindən Satıcıya ödənilir”. Göründüyü kimi, tərəflər arasında bağlanmış Müqavilənin və X4 şərtlərinə görə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “elektron qaimələr” həmin alqı-satqı üzrə malların Alıcıya təhvil verilməsini təsdiq etmir və yuxarıda qeyd olunan məlum müqavilə şərtlərinə görə malların Alıcıya təhvil verilməsi faktı “təhvil-təslim prosesini təsdiq edən qaimə-fakturalar” ilə təsdiq olunmalıdır. Lakin, məhkəmə araşdırması zamanı həmin Müqavilə şərtlərində nəzərdə tutulan sənədlər, yəni “təhvil-təslim prosesini təsdiq edən qaimə-fakturalar” məhkəməyə təqdim olunmamışdır. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında “təhvil-təslimlə” bağlı digər sənədlərin olmadığını və malların Alıcıya təhvil verilməsi faktının Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməsi məqsədilə elektron qaydada tərtib olunmuş 2020-ci ilin sentyabr ayına aid “Elektron Qaimələrlə” təsdiq edildiyini bildirmişdir. Cavabdeh tərəf isə məlum “Elektron Qaimələrin” Müqavilədə nəzərdə tutulan malların həqiqətən də Alıcıya təhvil verilməsi faktını təsdiq etmədiyini və cavabdeh Müəssisədə aparılan Audit araşdırması zamanı həmin “Elektron Qaimələr”də nəzərdə tutulan malların faktiki olaraq Alıcıya təhvil verilmədiyinin müəyyən olunduğunu bildirmiş və bununla bağlı Cavabdeh ASC-nin Daxili Audit və Nəzarət Departamenti tərəfindən tərtib olunmuş 17 iyun 2021-ci il tarixli Audit Rəyini “iddia tələbinə qarşı yazılı Etiraz”la birlikdə 11 avqust 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində iddiaçı tərəfindən yaradılmış elektron kabinetə yerləşdirməklə, məhkəməyə təqdim etmişdir. Qeyd etmək lazımdır ki, bundan sonra 17 avqust 2021-ci ildə keçirilən məhkəmə baxış iclasınadək kifayət qədər müddət olmasına baxmayaraq iddiaçı tərəf həmin Audit Rəyini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir (halbuki, iddiaçı tərəf həmin sübutları “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə də təqdim edə bilərdi). Yəni, iddiaçı tərəf malların təhvil verilməsinin “Elektron Qaimələr” vasitəsi ilə təsdiq olunması barədə mövqeyində qalmışdır. Buna görə də, ilk növbədə iddiaçı tərəfin istinad etdiyi “Elektron Qaimə” və tərəflər arasında bağlanmış məlum Müqavilə üzrə alqı-satqı zamanı malların təhvil verilməsi xüsusatlarına aydınlıq gətirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.1-ci yarımbəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci yarımbəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.3-cü yarımbəndinə əsasən, bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Həmin Qaydaların 2.1-ci yarımbəndinə əsasən, elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.2-ci yarımbəndindən görünür ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə (1 nömrəli əlavə) elektron qaimə-faktura tərtib edilir (2.2.1.). Həmin Qaydaların 2.3-cü yarımbəndində elektron qaimə-fakturada hansı məlumatların əks etdirilməli olduğu göstərilmişdir. Həmin Qaydaların 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Həmin Qaydaların 3-cü bəndinin tələblərinə görə vergi ödəyicisi elektron qaiməfakturanı elektron formada göndərir (3.1.); Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir (3.2.); Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər (3.3.); malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir (3.4.). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, ediləcək pul ödənişləri ilə əlaqədar elektron qaimə-faktura (elektron qaimə) satılan mallar barədə məlumatları özündə əks etdirən sənədlər, yəni təhvil-təslim aktları və s. əsasında doldurularaq elektron qaydada qarşı tərəfə təqdim olunan sənəddir və elektron qaiməfaktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin sənəd proqram təminatı tərəfindən təsdiq edilir. Yəni, elektron qaimə elektron qaydada göndərilir və 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin sənəd proqram təminatı tərəfindən təsdiq edilir və həmin sənəddə satılan malların faktiki olaraq təhvil verilməsi və alınması öz əksini tapmır. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçı tərəfin təqdim etdiyi həmin elektron qaimələrin “Əsas” sətrində (qrafasında) malların təhvil verilməsi və qəbul edilməsi barədə sənədin adı və digər rekvizitləri göstərilməmişdir. Yəni, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş elektron qaimələrin “Əsas” sətrində (qrafasında) malların təhvil-təslimini təsdiq edən sənəd barədə hər hansı bir məlumat göstərilməmişdir. Həmin elektron qaimələrin “Əsas” sətrində (qrafasında) “Müqaviləyə əsasən” qeydi aparılmışdır ki, bu qeyd də məlum Qaydaların tələblərini əks etdirməməklə yanaşı, həm də malların təhvil verilmə faktını təsdiq etmir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.5.3-cü yarımbəndi). Bütün bu hallara görə də, həmin “elektron qaimələr” məlum Müqavilənin 2.2.6-cı yarımbəndində nəzərdə tutulan “qaimə-fakturanı” əvəz edə bilməz. Çünki, məlum Müqavilədə nəzərdə tutulan qaimə-fakturada malın təhvil verilməsi (malın qəbul edilməsi) öz təsdiqini tapmalı idi. İddiaçı tərəfin təqdim etdiyi elektron qaimələrdə isə Müqavilədə nəzərdə tutlan malların Alıcıya təhvil verilməsi öz təsdiqini tapmamışdır. Halbuki, Müqavilədə nəzərdə tutulan malların təhvil verilməsi - müvafiq qaydada tərtib edilərək, hər iki tərəfin səlahiyyətli əməkdaşları tərəfindən imzalanan və məzmunu ilə hansı miqdarda malın, nə vaxt, harada, kim tərəfindən təhvil verilməsi və kimin tərəfindən qəbul edilməsi kimi məlumatları özündə əks etdirən qaimə-faktura (təhviltəslim aktı) ilə müəyyən oluna bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020-ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli X3 əsasən nəzərdə tutulan malların həqiqətən də Satıcı (iddiaçı) tərəfindən Alıcıya (cavabdehə) təhvil verilməsi barədə sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməsi məqsədilə satıcı İddiaçı tərəfindən elektron qaydada tərtib olunmuş 2020-ci ilin sentyabr ayına aid “Elektron Qaimələr” isə malların həqiqətən də verilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Çünki, ilk növbədə ödəniləcək pul vəsaitləri barədə məlumatı əks etdirən və heç bir halda məlum Müqavilə şərtlərinə uyğun olaraq malların həqiqətən də verilməsi məlumatlarını özündə əks etdirməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə Müqavilədə nəzərdə tutulan malların Alıcıya təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Halbuki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı Müqavilədə nəzərdə tutulan malların təhvil verilmədiyini bildirib, həmin təkzibi ilə əlaqədar Audit Rəyini məhkəməyə təqdim etmiş və eyni zamanda, məlum Müqavilə üzrə müəyyən məbləğlərdə pul ödənilməsini isə əvvəlcədən heç bir araşdırma aparılmadan ödəniş edilməsi ilə əsaslandırmışdır. Qeyd etmək lazımdır ki, iddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbi öz xarakterinə görə yazılı sübutlar hesab edilən sənədlər əsasında sübut edilməli olduğuna görə, ilk növbədə məhkəməyə tərəflər arasında bağlanmış Müqavilədə nəzərdə tutulan malların həqiqətən də təhvil verilməsini təsdiq edən yazılı sübutlar (qaimə-faktura, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim olunmalı idi. Yəni, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı tərəf iddia tələbinin sübut edilməsində istifadə oluna biləcək sənədləri təqdim etməklə, üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020-ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli X3 əsasən ümumi dəyəri 359000 manat məbləğində olan cəmi 1000 ton miqdarında buğda məhsullarının satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satılması barədə razılığa gəlinmiş olsa da, həmin malların Müqavilə şərtlərinə və Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq Satıcı tərəfindən Alıcıya təhvil verilməsi, yəni malların faktiki alqı-satqısının baş tutması mötəbər sübutlar əsasında öz təsdiqini tapmamışdır. Halbuki, alqı-satqı müqaviləsi üzrə alıcı almış olduğu malların razılaşdırılmış dəyərinin satıcıya ödənilməsi vəzifəsini daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı iddia tələbinin, yəni “Cavabdeh ASC-dən 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borcun və 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın tulularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “Cavabdeh ASCdən 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borcun və 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın tulularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar