Məhkəmə qərarları › İş №e-2-2(119)-677/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-677/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-677/2021 28.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Südeyib oğlunun iştirakı ilə, İddiaçı Cavabdeḣnə qarşı borcun tutulması tələbinə dair idda ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeḣndən 31996.29 (otuz bir min doqquz yüz doxsan altı manat iyirmi doqquz qəpik, 18% ƏDV ilə) AZN borcun, 3200 AZN dəbbə pulunun və 30 (otuz) AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 14 yanvar 2020-ci il tarixli 02/20 saylı müqavilə imzalanmışdır. Müqavilənin 2.3-cü maddəsinə görə müqavilə qüvvəyə mindikdən sonra 15 (on beş) gün ərzinidə Alıcı köçürmə yolu ilə ödəniş aparmalıdır. Ödəniş vaxtı pul vəsaitinin “Satıcı”- nın hesablaşma hesabına daxil olma günü hesab olunur. 13.04.2020- ci il tarixində Cavabdehnə Miüqavilənin 1 saylı əlavəsi üzrə 137.00 ədəd Warmhaus 22\500\800 X2 (hər birinin dəyəri 56.00 AZN), 24.00 ədəd radiator 500*22*800 (hər birinin dəyəri 56.00 AZN), 5.00 ədəd radiator klapanı (hər birinin dəyəri 4.50 AZN) göndərilmişdir. Müqavilə üzrə göndərilən malların əsas məbləği 9038.50 AZN, əlavə dəyər vergisi üzrə 1626.93 AZN cəmi məbləğ- 10665.43 AZN təşkil edir. 23.09.2020-ci il tarixində isə Cavabdehnə müqavilənin 2 saylı əlavəsi üzrə 54.00 ədəd radiator 500*22*1500 (hər birinin dəyəri 105.00 AZN), 78.00 ədəd Warmhaus 22\500\1500 X2 (hər birinin dəyəri 105.00 AZN), 1.00 ədəd Panel radiator 50x 1600 (hər birinin dəyəri 112.00 AZN), 2.00 ədəd Radiator 500*22*1600eg (hər birinin dəyəri 90.00 AZN), 39 ədəd Panel radiator 550x2000 (hər birinin dəyəri 138.00 AZN), 9.00 ədəd Radiator 500*22*2000eg (hər birinin dəyəri 110.00 AZN), 5.00 ədəd Warmhaus 22\500\600 X2 (hər birinin dəyəri 45.00 AZN), 1.00 ədəd radiator 500x22x1400(1) (hər birinin dəyəri 98.00 AZN), 64.00 ədəd Warmhaus 22\500\1400 X2 (hər birinin dəyəri 97.95.00 AZN) göndərilmişdir. Müqaviləyə əsasən cavabdehə əsas məbləğ üzrə 36154.00 AZN, əlavə dəyər vergisi üzrə 6507.72 AZN cəmi- 42661.72 AZN məbləğində mal göndərilibdir. Cavabdeh isə əsas məbləğ üzrə 9038.50 AZN və əlavə dəyər vergisi üzrə 1626.93 AZN cəmi-10665 AZN 43 qəpik məbləğində ödəniş edibdir. Lakin, Cavabdeh yuxarıda qeyd edilən müqavilənin şərtlərini pozaraq "xxxx" MMC tərəfindən göstərilən malları təhvil almasına baxmayaraq 14 yanvar 2020-ci il tarixli 02/20 saylı müqavilə üzrə əsas məbləğ üzrə 27115.50 AZN, Əlavə dəyər vergisi üzrə 4880.79 AZN- cəmi 31996.29 AZN dəyərində qalıq borcu yaranmışdır. İddia ərizəsində Mülki Məcəllənin 385.1, 386.1 və 442-ci maddələrinə istinad edilməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeḣndən İddiaçı MMC-nin xeyrinə 25961.50 manat əsas borc, 4673.07 manat ƏDV, 3000 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxırılmasını məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş 06.07.2021-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 idda tələbini qəbul etməyərək iddiaçı ilə cavabdeh arasında ümumiyyətlə müqavilə bağlanılmadığını bildirmiş, iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarından görünür ki, “Alıcı” Cavabdeh (VÖEN:**********) ilə “Satıcı” İddiaçı (VÖEN:**********) arasında 14.01.2020-ci il tarixli 02/20 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində və müqavilənin müddəti ərzində “Alıcının” sifarişi əsasında özünə məxsus olan və bu müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokolunda göstərilmiş malı və ya malları “Alıcıya” satmağı, “Alıcı” isə həmin malları qəbul edib onların dəyərini “Satıcıya” ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinin tələblərinə əsasən malın təhvil-təslim tarixindən 15 (on beş) gün ərzində köçürmə yolu ilə ödəniş aparılmalıdır. Ödəniş vaxtı pul vəsaitinin satıcının hesablaşma hesabına daxil olma günü hesab olunur. İş materillarında olan 14.01.2020-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən “Alıcı” "xxxx" Şirkət ilə “Satıcı” İddiaçı arasında 14.01.2020-ci il tarixli müqavilə üzrə 9 adda malın cəmi məbləği 36154 manat (ƏDV xaric), ƏDV məbləği 6507,72 manat, yekun məbləğ isə 42661,72 manat razılaşdırılmışdır. İş materiallarında olan 13.04.2020-ci il tarixli 306868 nömrəli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri 10665.43 manat (ƏDV daxil) mal Cavabdeh nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. İş materiallarında olan 23.09.2020-ci il tarixli 306930 nömrəli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri 31996.29 manat (ƏDV daxil) mal Cavabdeh nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. İş materiallarında olan 13.04.2020-ci il tarixli, EBAİ724268 seria nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 9038.50 (ƏDV xaric) manat olan mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 23.09.2020-ci il tarixli, EBAQ375263 seria nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 27115.50 (ƏDV xaric) manat olan mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan müqavilə üzər tərəflərin baş mühasibləri tərəfindən imzalanmış və direktorları tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 22.06.2021-ci il tarixli borcların qarşılıqlı üzləşdırılməsinə dair akta əsasən 22.06.2021-ci il tarixə Cavabdeh İddiaçınə 25961.50 manat (ƏDV xaric) borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından görünür ki, Cavabdeḣnin 14.01.2020-ci il tarixli 02/20 nömrəli alğı-satqı müqaviləsi üzrə 25961,50 (iyirmi beş min doqquz yüz atmış bir manat 50 qəpik) manat əsas borc, 4673,07 (dörd min altı yüz yetmiş üç manat 07 qəpik) manat isə əlavə dəyər vergisi üzrə icra olunmamış borc öhdəliyi qalmışdır. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəyə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yuxarıda qeyd edilən sübutlardan görünür ki, cavabdeh "xxxx" Şirkəti alğı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, yəni 25961,50 (iyirmi beş min doqquz yüz atmış bir manat 50 qəpik) manat əsas borc, 4673,07 (dörd min altı yüz yetmiş üç manat 07 qəpik) əlavə dəyər vergisini müqavilə ilə müəyyən edilən müddətdə ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh "xxxx" Şirkətindən 25961,50 (iyirmi beş min doqquz yüz atmış bir manat 50 qəpik) manat əsas borc, 4673,07 (dörd min altı yüz yetmiş üç manat 07 qəpik) əlavə dəyər vergisinin tutulmasına dair hissədə iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 3000 manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeḣndən cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnam əsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeḣndən 25961,50 (iyirmi beş min doqquz yüz atmış bir manat 50 qəpik) manat əsas borc, 4673,07 (dörd min altı yüz yetmiş üç manat 07 qəpik əlavə dəyər vergisi, 1000 manat dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 31664,57 (otuz bir min altı yüz altmış dörd manat 57 qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar