Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-68/2021 10.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakları ilə iddiaçı "İddiaçı2" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6232 (altı min iki yüz otuz iki) manat məbləğində əsas borc, 300 (üç yüz) manat cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq İddiaçı2 MMC-yə ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Tapşırıq” müqaviləsinə əsasən cavabdehə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, mağazada satmaq məqsədilə aktla mallar verilmişdir. Cavabdehlə bağlanmış “Tapşırıq” müqaviləsinin 3.1.4-cü maddəsinə əsasən hesabatı tələb etdikdə cavabdeh bundan yayınmışdır və iddiaçı tərəfindən verilmiş mallara görə cavabdehin 6232 (altı min iki yüz otuz iki) manat borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməyərək aldığı əşyaları üçüncü şəxslərə satmasina baxmayaraq həmin pulu qaytarmayaraq ödəməkdən yayınmışdır. Cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi İddiaçı2 MMC-nin pul itkisinə yol açmışdır. “Tapşırıq” müqaviləsinə əsasən tapşırıqalan əşyaları üçüncü şəxslərə razılaşdırılmış qiymətlərə satışını təşkil etməkdən və həmin satışdan əldə olunmuş gəlirin 2-3 %-ni qonarar şəklində qəbul etməkdən, qalan pulu isə “tapşırıq verən”ə ödəməkdən ibarətdir. Həmin müqavilənin 3.1.3-ci bəndinə əsasən “tapşırıq alan” müqavilənin müddəti bitdikdən sonra satılmamış əmlakı ona verilən anda olduğu vəziyyətdə geri qaytarmalıdır. Lakin “tapşırıq alan” nə malı nədə qalan pulu verməmiş, bununlada müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək İddiaçı2 MMC-nin biznes fəaliyyətinə ziyan vurmuşdu. Müqavilənin 5.1-ci bəndinə əsasən “tapşırıq alan” müqavilənin tələblərini lazımınca yerinə yetirmədikdə malın dəyərinin 1% həcmində dəbbəpulu ödəyir. Eyni zamanda “Tapşırıq alan” müqavilə üzrə öhdəliklərini pozaraq satdığı əşyaların pulunu qanunsuz və əsassız olaraq mənimsəməklə, sahibkarın biznes fəaliyyətinə 300 (üç yüz) manat məbləğində ziyan vurmuş və həmin pulunda borcludan tutulmalı olduğunu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək həqiqətən iddiaçı şirkətlə əməkdaşlıq etdiyini və vaxtaşırı müqavilə üzrə ödənişlər etdiyini, lakin sonradan müflis olduğundan 6232 (altı min iki yüz otuz iki) manat borcunu qaytara bilmədiyini, həmin borcu qəbul etdiyini, razılıq olarsa hissə-hissə ödəmək istədiyini, cəriməni isə qəbul etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Tapşırıq” müqaviləsinə əsasən “tapşırıqalan” Cavabdeh tapşırığa əsasən satış məqsədi ilə “Tapşırıq verən” İddiaçı2 MMC tərəfindən etibar edilmiş bütün malların satış nöqtəsində satışını təmin etməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.3-cü maddəsinə əsasən mütəmadi olaraq tapşırıqla bağlı “Tapşırıq alan” ona satış məqsədi ilə verilmiş malın alqı-satqısı barədə məlumatı “Tapşırıq verən”-ə vermək və satılmayan malları isə “Tapşırıq verən”-in ilk tələbinə əsasən onu geri qaytarmaq “Tapşırıq alan”-nın vəzisfəsidir. Həmin müqavilənin 4.2.1-ci maddəsinə əsasən müqailə ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada “Tapşırıq alan”-a tapşırığın icrası ilə bağlı pul vəsaitini ödəmək “Tapşırıq verən”-nin vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında “təhvil-qəbul haqqında” xx.xx.2018-ci tarixli akt tərtib edilmiş və akta əsasən ümumi məbləği 6232 manat olan məişət texnikaları Cavabdeh tərəfindən təhvil alınmışdır. Məhkəmə iclasında Cavabdeh həmin aktda olan imzanın onun tərəfindən icra edildiyini və aktda göstərilən məişət texnikasını qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.Həmin Məcəllənin 782.1 və 782.2-ci maddələrinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur və vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə iddia tələbi İddiaçı2 xeyrinə Cavabdeh 6232 manat məbləğində əsas borcun tutulmalı olması hissəsində əsaslıdır. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin hesablanmış 300 manat cərimə hissəsində əsaslılığı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 6232 manat məbləğində əsas borc İddiaçı2 xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə isə əsaslılığı sübuta yetmədiyinə görə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 6232 (altı min iki yüz otuz iki) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı2" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-68/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-68/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver