Məhkəmə qərarları › İş №e-2-2(119)-68/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-68/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-68/2023 21.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 18 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli müqavilə üzrə yaranmış 6800 (altı min səkkiz yüz) manat gecikdirilmiş borc, hesablanmış 5399,20 (beş min üç yüz doxsan doqquz manat 20 qəpik) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və 200 (iki yüz) manat çəkilmiş mediasiya xərci olmaqla, cəmi 12699,20 (on iki min altı yüz doxsan doqquz manat 20 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" ASC (hal hazırda "xxxx" ASC) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında bağlanılmış 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli müqaviləyə əsasən Lizinq alan dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Lakin, lizinq alan Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun maliyyə arayışının tərtib edildiyi 13 sentyabr 2022-ci il tarixinə 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli müqavilə üzrə yaranmış 6800 (altı min səkkiz yüz) manat məbləğində gecikdirilmiş borcu və 5399,20 (beş min üç yüz doxsan doqquz manat 20 qəpik) manat cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci bəndinə əsasən Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan əsas borc məbləğini və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar iddiaçı tərəfindən 200 manat xidmət haqqı ödənilərək, mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də bu mübahisənin həll edilməsi və borcun ödənilməsi mümkan olmamışdır. Eyni zamanda, hazırkı mübahisə üzrə hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş olduğundan, hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində ödəniş aparılmışdır (Qeyd: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş (ötürülmüşdür)). Kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli müqavilə üzrə 13 sentyabr 2022-ci il tarixinə hesablanmış 6800 manat məbləğində gecikdirilmiş əsas borcun və 5399,20 manat məbləğində cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaitinin və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən, yəni müqavilə üzrə 13 sentyabr 2022-ci il tarixinə hesablanmış əsas borcun tutulması hissəsində qəbul etdiyini, cərimə məbləğinin tutulması hissəsində isə qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar onunla Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən kənd təsərrüfatı texnika və avadanlıqlarını lizinqə götürmüşdür. X1 üzrə müəyyən məbləğlərdə ödənişlər etmiş olsa da, sonradan kənd təsərrüfatı sahəsində məhsulun yetişdirilməsi ilə əlaqədar baş vermiş problemlərə görə və eləcə də, son illər yaşadığı və fəaliyyət göstərdiyi ərazidə quraqlıq olduğuna və əkin olmaması səbəbindən qazanc götürə bilmədiyinə görə X1 üzrə lizinq ödənişlərini vaxtlı-vaxtında ödəyə bilməmişdir. Lakin, o, həmin müqavilə üzrə tələb olunan əsas borcları ödəməkdən boyun qaçırmır və əsas borcları ödəyəcəkdir. Ancaq o, müqavilə üzrə hesablanmış cərimələri qəbul etmir. Ona görə də, iddia tələbində qeyd olunan 01 aprel 2016-cı il tarixli müqavilə üzrə 6800 manat məbləğində əsas borcun ondan tutulmasına etiraz etməsə də, iddia tələbində qeyd olunan cərimə borcunun ondan tutulmamasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” Müqaviləsinə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və Ödəniş Qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh ümumi dəyəri 12430 (on iki min dörd yüz otuz) manat olan “Belarus-892” markalı traktor və "KR-14" markalı 4 gövdəli asma Kotan ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə, dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, Lizinq alan ödənişlərini qrafik üzrə (Əlavə № 2) vaxtında və tam həcmdə ödəyir. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, Lizinq alan texnikanın dövlət qeydiyyatına alınmasını, təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir. Həmin Müqavilənin 2.2.11-ci bəndinə əsasən, texnikanın itirilməsi və ya funksiyalarının itirilməsi Lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən, Lizinq alan texnikanın texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan Ödəniş Qrafıkinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Lizinq alan Ödəniş Qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir. İş materiallarında olan “lizinq verən” "xxxx" ASC ilə “lizinq alan” Cavabdeh arasında bağlanmış 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli Lizinq Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilərək, hər iki müqavilə tərəfinin imzalamış olduğu 01 aprel 2016-cı il tarixli Ödəniş Qrafikindən (Əlavə № 2) görünür ki, cəmi 12430 (on iki min dörd yüz otuz) manat dəyərində qiymətləndirilmiş lizinq predmeti olan traktora və kotana görə 30 iyun 2016-cı ildən 30 iyun 2017-ci ilədək hər rüb üçün 538 (beş yüz otuz səkkiz) manat məbləğində, 30 sentyabr 2017-ci ildə 540 (beş yüz qırx) manat məbləğində və bundan sonra isə mütəmadi olaraq hər rüb üçün 400 manat məbləğində (hər rübdə bir dəfə), sonuncu ödəniş isə 30 iyun 2023-cü ildə 400 (dörd yüz) manat məbləğində olmaqla, Lizinq Alan tərəfindən lizinq ödənişlərinin ödənilməsi qaydası və məbləğləri müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, “lizinq verən” "xxxx" ASC tərəfindən ümumi dəyəri 12430 (on iki min dörd yüz otuz) manat olan bir ədəd “Belarus-892” markalı traktor (mühərrik № 861556, Şassi № 0004684) və bir ədəd "AG-14-4" markalı gövdəli asma Kotan “saz, nizamlanmış və komplekt halda” lizinq alan Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 13 sentyabr 2022-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 4030 (dörd min otuz) manat məbləğində ödəniş edilmiş və 13 sentyabr 2022-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 6800 (altı min səkkiz yüz) manat məbləğində gecikdirilmiş əsas borcu vardır və həmin borca 5399,20 (beş min üç yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “kənd təsərrüfatı texnikasının” lizinqə verilməsi ilə əlaqədar bağlanmış 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli Lizinq Müqaviləsi üzrə “lizinq alan” - Cavabdeh 13 sentyabr 2022-ci il tarixinə 6800 (altı min səkkiz yüz) manat məbləğində əsas borcu yaranmış və iddiaçı tərəfindən həmin borca 5399,20 (beş min üç yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində cərimə hesablanmışdır. İş materiallarından görünür ki, yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunaraq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) isə 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına görə müəyyən olunur ki, 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli Lizinq Müqaviləsi üzrə 13 sentyabr 2022-ci il tarixinə hesablanmış 6800 (altı min səkkiz yüz) manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın Cavabdeh iddiaçının xeyrinə 5399,20 (beş min üç yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, tələb edilən cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi (hətta, 13 sentyabr 2022-ci il tarixli Maliyyə arayışı tərtib edilənədək Lizinq alana borcun ödənilməsi ilə əlaqədar hər hansı bir rəsmi müraciətin olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır) və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və bu cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli müqavilə üzrə 13 sentyabr 2022-ci il tarixinə hesablanmış 6800 manat məbləğində gecikdirilmiş əsas borc və 100 manat məbləğində cərimə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 300 (üç yüz) manat məbləğində xidmət haqqı və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumu da Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 01 aprel 2016-cı il tarixli 944-GL/16 nömrəli müqavilə üzrə 13 sentyabr 2022-ci il tarixinə hesablanmış 6800 (altı min səkkiz yüz) manat məbləğində gecikdirilmiş əsas borc, 100 (yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 7400 (yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar