Məhkəmə qərarları › İş №e-2-2(119)-681/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-681/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-681/2022 04.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh qanuni təmsilçisi Rüstəmov İlkin Əjdər oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən daşıma xidmətləri üzrə xidmət haqqı olaraq 9125 manat borc və ödənilmiş 57 manat dövlət rüsumu olmaqla, cəmi 9182 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında bağlanmış 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsinə uyğun olaraq icraçı Sifarişçinin sifarişinə əsasən yüklərin daşınması, yüklərin kəmiyyət və keyfiyyətinin yoxlanılması, yüklərin anbarda saxlanılması və digər əməliyyatları yerinə yetirməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində icraçıya muzd ödəməyi öhdələrinə götürmüşlər. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış 25 avqust 2020-ci il tarixli X2 əsasən daşıma xidmətləri üzrə xidmət haqqı 9125 manat təşkil etmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 27 avqust 2020-ci il tarixli Daşıma xidməti müqaviləsinin 2.1-ci bəndinə əsasən Sifarişçi təhvil-təslim aktı imzalandıqdan və qanunvericilikdə tələb olunan sənədlər - faktura, ƏDV fakturası təqdim olunduqdan 5 təqvim günü ərzində daşıyıcının hesabına keçirmək yolu ilə həyata keçirilməsi və eyni zamanda, tərəflər arasında olan razılaşmaya əsasən malın dəyəri təqdim olunduğu gün ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.2-ci bəndinə əsasən xidmət haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, Tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0,01%-i məbləğində dəbbə ödəyəcəkdir. İcraçı İddiaçı MMC tərəflər arasında bağlanmış 27 avqust 2020-ci il tarixli Daşıma xidməti müqaviləsinin tələblərinə əməl olunaraq öz üzərinə düşən öhdəlikləri tam olaraq icra etmişdir. Lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq sifarişçi Cavabdeh MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, müqaviləyə əsasən daşınma xidməti üzrə ödənişi bu günə kimi etməmişdir. Hətta, mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediatora müraciət olunsa da, tərəflər arasında razılıq əldə edilməmiş və bununla əlaqədar 03 mart 2022-ci il tarixli arayış verilmişdir. Cavabdeh tərəfindən 31 may 2022-ci ildə məhkəməyə “iddia tələbinə Etiraz” təqdim edilərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 27 avqust 2020-ci il tarixli Müqaviləyə uyğun olaraq 981849 nömrəli qaimə həcmində həyata keçirilmiş yeganə daşıma xidməti üzrə yekun məbləğ 9125 manat təşkil etmişdir. Qeyd olunan qaimə üzrə ödəniş Müqavilədə göstərilən İddiaçı MMC-yə məxsus rekvizit üzrə 19 mart 2021 tarixində “AZ0000001” nömrəli ödəniş tapşırığı ilə sonuncunun hesabına köçürülmüşdür (müvafiq ödəniş tapşırığı və elektron qaydada imzalanmış qaimə “Etiraza” əlavə edilmişdir). Bu baxımdan iddiaçının tələbi əsassızdır. 27 avqust 2020-ci il tarixli Müqavilənin 6.1-ci bəndinə müvafiq olaraq, müqavilə üzrə yaranan mübahisələrin yarandığı gündən etibarən 7 iş günü ərzində iradlar tərəfə təqdim olunmalıdır. Lakin, qarşı tərəf daşıma xidmətinin 26 fevral 2021-ci ildə həyata keçirilməsinə baxmayaraq, məhkəməyə qədər mübahisənin həlli prosedurlarının həyata keçirilməsi üçün təklifi ilk dəfə 26 yanvar 2022-ci ildə yazılı şəkildə göndərmişdir. Bununla da iddiaçı tərəf Müqavilədə təsbit olunmuş mübahisənin məhkəməyəqədər həlli prosedurunu Müqavilə üzrə razılaşdırılmış müddətinə əməl olunmadan həyata keçirmişdir. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən “Sifarişçi ödənişi ... faktura, ƏDV fakturası təqdim olunduqdan 5 (beş) təqvim günü ərzində ... köçürmə yolu ilə həyata keçirir”, “... tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0,01%-i məbləğində dəbbə ödəyəcəkdir”. Yalnız 03 mart 2022-ci ildə keçirilmiş ilkin mediasiya iclasından sonra qarşı tərəfin hesabına müqaviləyə əsasən ödənişin gecikdirilməsilə əlaqədar olaraq sifarişçi Cavabdeh MMC tərəfindən dəbbə pulu da ödənilmişdir. Yəni, 26 fevral 2021-ci il tarixili daşıma xidməti üzrə ödəniş 19 mart 2021-ci ildə həyata keçirilmiş olduğundan, qarşı tərəfin Müqavilədə göstərilən hesabına “AZ0010001” nömrəli ödəniş tapşırığı ilə 22 manat dəbbə pulu da köçürülmüşdür. İddiaçının elektron məhkəmə informasiya sistemində yerləşdirdiyi “İnvoys” başlığı ilə qeyd olunan sübutun isə nə ilə əsaslandırıldığı göstərilmədiyindən, bu sənədlə bağlı hər hansı mülahizənin bildirilməsinə imkan yoxdur. Həmin sənəd istənilən şəxs tərəfindən “Microsoft Office” proqramları vasitəsilə hazırlanaraq, qeyri-müəyyən şəxslərə qarşı istifadə edilə bilər. Bu baxımdan bu sənədin sübut kimi istifadə edilməsi tamamilə əsassızdır. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən 05 iyul 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh MMC-dən daşıma xidmətləri üzrə xidmət haqqı olaraq 7425,84 (yeddi min dörd yüz iyirmi beş manat 84 qəpik) manat pul və ödənilmiş 111 manat dövlət rüsumu olmaqla, cəmi 7536,84 manat pulun alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə iki dəfə daşıma xidmətinin həyata keçirilməsi, birinci daşıma xidməti üzrə nəzərdə tutulan xidmət haqqının 9125 manat, ikinci halda isə daşınma xərclərinin 7425,84 manat təşkil etməsi və birinci daşıma xərci tam olaraq ödənilsə də, ikinci daşıma xidməti üzrə hesablanmış 7425,84 manat pul vəsaitinin ödənilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh "xxxx" MMC tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 06 iyul 2022-ci ildə məhkəməyə “iddia tələbinin azaldılması barədə ərizəyə Etiraz” təqdim edilərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı MMC müvafiq iş üzrə iddia ərizəsində cavabdehin xidmət haqqı olaraq 9125 manat borcunun olmasını iddia etmiş və iddiasının əsasını elektron məhkəmə sisteminə yerləşdirdiyi “İnvoys” adlı sənədlə göstərmişdir. İddiaçı həmçinin iddia predmetinin dəyişdirilməsilə bağlı ərizəsində də eyni sənədi sübut kimi təqdim etmişdir. Lakin, bu dəfə iddia predmetinin əsası kimi “ikinci daşıma xidməti üzrə ... ödənilməli olan 7425,84 manat pul vəsaiti” olmasını göstərmişdir. İddiaçının eyni sənədlə müxtəlif predmetli tələbləri irəli sürməsi sübut kimi təqdim olunan sənədin həqiqiliyinə əsaslı şübhə yaratmaqla birlikdə, gələcəkdə də fərqli iddianın əsası kimi istifadə olunma ehtimalını yaratmaqdadır. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh tərəf hesab edir ki, iddaçı tərəfindən “sübut” kimi təqdim edilən, “İnvoys” adlı sənəd əsassız olduğundan - məhkəmə tərəfindən həmin sənəd sübut kimi qəbul edilməməlidir. Çünki, Müqavilədə ödənişin həyata keçirilməsi üçün tələb olunan sənədləri iddiaçı tərəf məhkəməyə təqdim etməmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Sifarişçi ödənişi təhvil-təslim aktı imzalandıqdan və qanunvericiliklə tələb olunan sənədləri - faktura, ƏDV fakturası təqdim olunduqdan 5 təqvim günü ərzində Daşıyıcının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir. İddiaçı, həm də müqavilədə tələb olunan sənədləri təqdim etmədiyinə görə ərizədə uydurma “nüans” da qeyd etmişdir. Belə ki, “... və eyni zamanda aramızda olan razılaşmaya əsasən malın dəyəri təqdim olunduğu gün ərzində...” sənədlərin təqdim olunması ilə birlikdə malın dəyərinin təqdim olunması nüansını tərəflər arasında olan əqd kimi qeyd etmişdir ki, bu fakt ümumiyyətlə Daşıma müqaviləsində nəzərdə tutulmamışdır və əqdin müddəalarına ziddir. İddiaçı qeyd edir ki, “... ikinci daşıma xidməti üzrə isə ödənilməli olan 7425,84 manat pul vəsaiti bu günə kimi ödəməmişdir...”. Lakin, iddiaçı tərəfin eyni məbləğdə cavabdeh tərəfə göndərilən 08 aprel 2021-ci il tarixli №: 859901 saylı Elektron Qaimə isə 20 aprel 2021-ci il tarixində “Belə bir əməliyyat baş tutmayıb” əsası ilə elə iddiaçının özü tərəfindən də ləğv edilmişdir (bununla əlaqədar olaraq sübutlar qoşmaya əlavə olunub). Bundan sonra, cavabdeh "xxxx" MMC tərəfindən 29 iyul 2022-ci ildə məhkəməyə ərizə təqdim edilərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Ərizə” onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi 16 aprel 2021-ci il tarixli gömrük bəyannaməsinə istinad edərək iddia tələbini əsaslandırması aşağıdakı səbəblərdən mümkün deyildir. İddiaçının iddiasının əsası kimi məhkəməyə təqdim etdiyi iki sənəd - “Daşıma Xidməti Müqaviləsi” və “İnvoys” başlığı altnda qeyd olunan sənədlərdən sonuncuya dair cavabdehin mövqeyi 31 may 2022-ci və 06 iyul 2022-ci il tarixli elektron məhkəmə sisteminə əlavə olunmuş etirazlarda açıq şəkildə qeyd edilmişdir. Belə ki, 16 aprel 2021-ci il tarixli gömrük bəyannaməsində qeyd olunan əməliyyatın 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsinə uyğun həyata keçirilməsi mümkün deyildir. Birinci növbədə, müvafiq daşıma Müqavilənin tərəfi olan Sifarişçinin-cavabdehin deyil, fiziki şəxsin xeyrinə aparılmışdır. Bu barədə sübutlar 25 iyul 2022-ci ildə keçirilən hazırlıq iclasında məhkəməyə təqdim edilmişdir. Belə ki, 16 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisinə bu haqda cavabdehin rəsmi yazılı müraciəti olmuşdur (Məktub ərizəyə əlavə olunmuşdur). Digər nüans isə, müvafiq Müqavilənin 1.1-ci bəndinə əsasən "... Hər bir əməliyyat üzrə xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır... ”. Müqavilənin 25 avqust 2020-ci il tarixli yeganə Əlavəsinin xidmət növü sırasında daşınma xidmətinin Bakı Karqo Terminalına həyata keçirilməsi öhdəlik kimi qeyd olunmuşdur. Yuxarıda göstərilən nüansları nəzərə alaraq iddia tələbinin istinad olunduğu əməliyyatın müvafiq müqavilədə tərəf olan Cavabdeh MMC-nin deyil, fiziki şəxs kimi Qanuni nümayəndə1 adına və Bakı Karqo Terminalına deyil, Bakı İpəkyolu Terminalına həyata keçirilməsi və bununla iddiaçının istinad etdiyi halların müqaviləyə uyğunsuzluğu qarşı tərəfin iddialarının əsassız olmasını sübut edir. Cavabdeh "xxxx" MMC tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 27 sentyabr 2022-ci ildə də məhkəməyə ərizə təqdim edilərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Ərizə” onunla əsaslandırılmışdır ki, Gömrük Komitəsi tərəfindən təqdim edilmiş sənədlərdən - “CMR”-də daşıma xidmətinin “X5.”-un əməkdaşlıq etdiyi "xxxx" Şirkətinin tapşırığı ilə həyata keçirildiyi təsbit olunmuşdur. Qarşı tərəfə müvafiq çatdırılma üçün ödəniş isə Gömrük Komitəsi tərəfindən təqdim olunmuş sənədlər arasında olan “EE Distribution İnvoice”-a əsasən edilmişdir. Ödəniş tapşırığı da Komitənin təqdim etdiyi sənədlər siyahısındadır. İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi 2849,98 ABŞ dolları məbləğindəki sənədin cavabdeh Şirkətin gömrük sənədləri sırasında olmasını sübut etmək üçün verilmişdir. İddiaçı tərəfin təqdim olunan sənədlərə əsasən 7425,84 manat pul vəsaitini tələb etməsi isə ümumiyyətlə absurddur. Birincisi, iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi sənəddə məbləğ 2849,98 ABŞ dolları təşkil edir və bu məbləğin iddia tələbində qeyd olunan məbləğlə nə əlaqəsi olduğu bildirilmir. İkincisi, iddiaçı tərəf “7425,84 manat məbləğli” iddia tələbini İddiaçının özünün rəhbər şəxsi tərəfindən ləğv edilmiş, yəni təsdiq olunmamış elektron qaiməyə uyğunlaşdırır. Qarşı tərəfin iddiasının əsaslandığı yeganə hüquqi sənəd müvafiq Daşıma Xidməti Müqaviləsidir. Lakin, iddiaçı iddia məbləğini bu Müqavilə ilə də əsaslandıra bilməz. Çünki, Gömrük Komitəsinin təqdim etdiyi “CMR” adlı sənəddə və Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumat sənədində göndərilən yükün 297,1 kiloqram olduğu göstərilmişdir və müqavilədə hər bir kiloqram üçün 6 dollar qiymət nəzərdə tutulmuşdur. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən daşıma xidmətləri üzrə xidmət haqqı olaraq 7425,84 manat məbləğində borc və ödənilmiş 111 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7536,84 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, tərəflər arasında bağlanmış 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsi üzrə cəmi iki dəfə daşıma olmuşdur və 1-ci daşımanın pulu tam ödənilmişdir. İddia ərizəsində tələb olunan 7425,84 manat məbləğində pul vəsaiti isə 2021-ci ilin aprel ayında baş tutmuş 2-ci daşımanın puludur. Həmin 2-ci daşımaya görə təqdim olunan elektron qaimə cavabdeh tərəfin xahişi əsasında iddiaçı MMC-nin rəhbərinin özü tərəfindən ləğv olunmuşdur. Yəni, 2-ci daşımaya görə icraçı İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh MMC-yə 7425,84 manat məbləğində pulun ödənilməsi barədə elektron qaimə verilmiş olsa da, sonuncunun direktorunun xahişi ilə həmin elekton qaimə İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə2 özü tərəfindən ləğv olunmuşdur. Bununla belə, 2ci daşıma üzrə mallar gəlmiş və həmin mallar Cavabdeh MMC tərəfindən qəbul olunmuşdur. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etirazlar”da və ərizələrdə göstərilənlərə uyğun izahat verərək, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsi üzrə həyata keçirilmiş 1-ci daşımanın 9125 manat məbləğində pulu və eyni zamanda, həmin ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləği qarşı tərəfin hesabına tam ödənilmişdir. Lakin, məlum Müqavilə üzrə həyata keçirilən 2-ci daşıma ilk növbədə sifarişçi Cavabdeh MMC-nin adına deyil, fiziki şəxsin adına idxal olunmuş və sifarişçinin öz təşəbbüsü ilə Gömrükdə müvafiq qaydada bu səhv aradan qaldırılaraq, həmin mallar qəbul edilmişdır. Bundan əlavə, 2-ci daşıma üzrə 7425,84 manat pul vəsaitinin tələb edilməsi barədə icraçı İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh MMC-yə elektron qaimə verilmiş olsa da, həmin daşımada icraçı İddiaçı MMC-nin yol verdiyi ciddi qüsurlara və elektron qaiməyə səhv məlumatlar daxil edildiyinə görə həmin elekton qaimə elə İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə2 özü tərəfindən də ləğv edilmişdir. Həmin ləğv olunan Elektron qaimədə daşınan yükün çəkisi “1248 kiloqram”, daşıma xidmət haqqı isə “7425,84 manat” məbləğində olduğu qeyd olunsa da, Gömrük sənədlərinə görə 2-ci daşıma ilə cəmi 297,1 kiloqram yük daşındığı müəyyən olunur. Tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə görə isə yükün qablaşdırılması, anbardan hava limanına çatdırılması və Bakı Karqo terminalına daşınmasına görə hər “kq” üzrə 6 ABŞ dolları məbləğində və konteynerlərdə qablaşdırma və ölçünün dəyişdirilməsi xidmətləri hər “bağlama” üzrə 2 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu isə heç bir halda 2-ci daşıma üzrə gətirilmiş 297,1 kiloqram yükə görə xidmət haqqının 7425,84 manat məbləğində olmasını təsdiq etmir və bu məbləğ həddindən artıq şişirdilmiş məbləğ olmuşdur. Buna görə də, Elektron qaimə ləğv olunduqdan sonra 2-ci dəfə malların fiziki şəxs olaraq onun adına gəlməsi nəzərə alınaraq, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə2 öz ailə üzvünün bank hesabının nömrəsini ona vermiş və o, da 2-ci daşıma üzrə Gömrük sənədlərində göstərilən faktiki olaraq gətirilmiş 297,1 kiloqram yükə görə hesablanan daşıma xidmət haqqını hissə-hissə olmaqla ödəmə aparatları vasitəsi ilə Qanuni nümayəndə2 ailə üzvünün bank hesabına ödəmişdir. Belə ki, o, 2-ci daşımaya görə ödəməli olduğu pul vəsaitini İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə2 ailə üzvünün bank hesabına 2021-ci ilin iyul-sentyabr aylarında 1000 manat, 500 manat və 2000 manat olmaqla, cəmi 3500 manat məbləğində pul ödəmiş, 1400 manat pul məbləğini isə 2-ci daşıma zamanı İddiaçı MMC-nin ona vurmuş olduğu zərərin əvəzi kimi ödəməmişdir. Çünki, Qanunveriliciyin tələblərinə görə elektron qaydada qısa idxal bəyənnaməsi məhsullar gömrüyə çatmamış bəyan olunmalı və həmin sənədə “brutto” və “netto” çəkilər barədə məlumatlar da daxil edilməlidir. Lakin icraçı İddiaçı MMC qeyd olunan məlumatları vaxtında sifarişçi Cavabdeh MMC-yə təqdim etmədiyindən, mallar Gömrük sərhədinə daxil olanadək sonuncu 2-ci daşıma ilə əlaqədar qısa bəyənnaməni vaxtında verə bilməmiş və buna görə də, Cavabdeh MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 1500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Yəni, iddiaçı tərəf cavabdehə Amerikadakı anbarında məhsulların yenidən paketlənməsi xidmətini həyata keçirdiyinə görə sifariş verildikdən sonra anbara girdikdən və çıxdıqdan sonrakı məhsulların həcmi və çəkisi dəyişir. Paketləmə xidmətinin icra olunmasına iddiaçı tərəf məsul olduğundan, paketləmədən sonra məhsulun mövcud “butto” və “netto” çəkiləri barədə məlumatları da iddiaçı tərəf cavabdehə təqdim etməli idi. Lakin, iddiaçı Şirkət bu məlumatları mallar Gömrüyə çatanadək cavabdeh Şirkətə təqdim etmədiyindən, cavabdeh tərəf də vaxtında gömrük orqanına qısa idxal bəyənnaməsini verə bilməmişdir. Odur ki, iddiaçı tərəfin hərəkətlərinə görə Cavabdeh MMC-yə 1500 manat məbləğində cərimə tətbiq olunduğu üçün onun tərəfindən də 1400 manat məbləğində qalıq borc ödənilməmişdir və qeyd olunan zərərin əvəzi olaraq həmin pul ödənilməməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı etirazlari və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsinə əsasən, İcraçı Sifarişçinin sifarişinə əsasən daşıma xidmətlərini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin xidmətlər müqabilində İcraçıya muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Sifarişçi ödənişi təhvil-təslim aktı imzalandıqdan və qanunvericiliklə tələb olunan sənədlər: faktura, ƏDV fakturası təqdim olunduqdan 5 (beş) təqvim günü ərzində Daşıyıcının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir. Təhvil-təslim aktı yalnız yüklər təyinat yerinə çatdırıldıqdan sonra imzalanacaqdır. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, müqaviləyə əsasən yaranan mübahisələr yarandığı gündən etibarən 7 (yeddi) iş günü ərzində Tərəfə təqdim olunmalıdır. İş materiallarında olan icraçı İddiaçı (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında imzalanmış 25 avqust 2020-ci il tarixli X1 görünür ki, anbar/yükləməboşaltma xidmətləri, yükün qablaşdırılması, anbardan hava limanına çatdırılması və Bakı Karqo terminalına daşınması hər kq üzrə 6 ABŞ dolları məbləğində və konteynerlərdə qablaşdırma/ölçünün dəyişdirilməsi xidmətləri (müraciətə əsasən) hər bağlama üzrə 2 ABŞ dolları məbləğində olması razılaşdırılmışdır. İş materiallarında olan gömrük sənədləri ilə müəyyən olunur ki, mübahisə tərəflərinin 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsi əsasında “2-ci daşıma” kimi qeyd olunan daşıma üzrə 2021-ci ilin aprel ayında icraçı İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh MMC üçün “netto” çəkisi 297,1 kq olan yük daşınması həyata keçirilmişdir. İş materiallarında olan "**********-Daşıma Xidməti" qeydi aparılmış 08 aprel 2021-ci il tarixli EBAZ seriyalı 859901 nömrəli Elektron Qaimədən görünür ki, icraçı "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsi üzrə “1248 kiloqram” yükün daşınması ilə əlaqədar cəmi 7425,84 (yeddi min dörd yüz iyirmi beş manat 84 qəpik) manat məbləğində xidmət haqqı pulunun ödənilməsi ilə əlaqədar 08 aprel 2021-ci il tarixli EBAZ seriyalı 859901 nömrəli elektron qaimə təqdim olunmuşdur. Lakin, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, həmin 08 aprel 2021-ci il tarixli EBAZ seriyalı 859901 nömrəli Elektron Qaimə onu təqdim etmiş icraçı İddiaçı MMCnin özü tərəfindən “belə bir əməliyyatın baş tutmaması” əsası ilə ləğv edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) Qanuni nümayəndə2, cavabdeh "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) isə Qanuni nümayəndə1dur. Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) tərəfindən məhkəməyə təqdim olunmuş "e-Manat" ödəniş terminalı vasitəsi ilə həyata keçirilmiş 29 iyul 2021-ci il tarixli 43203 nömrəli ödəniş qəbzindən görünür ki, 29 iyul 2021-ci il saat 1005-də X3 "Birbank" hesabına 1000 (min) manat məbləğində ödəniş həyata keçirilmişdir (iş materialları və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla müəyyən olunur ki, X4 İddiaçı qanuni təmsilçisi, yəni direktoru olan Qanuni nümayəndə2 ailə üzvüdür və cavabdehin qanuni təmsiçisi Qanuni nümayəndə1 da məhkəmə iclasında bu fakt barədə məlumat vermişdir). İş materiallarından görünür ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Beləliklə də, məhkəmə araşdırması zamanı iş materialları, tərəflərin izahatları və işin konkret halları ilə müəyyən edilir ki, icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsi bağlanmış və həmin Müqavilə üzrə İcraçı tərəfindən Sifarişçi üçün iki dəfə daşıma xidməti həyata keçirilərək, ölkə xaricindən sifariş edilmiş yük daşınmışdır. Birinci daşınma üzrə müvafiq qaydada təqdim olunan elektron qaimə əsasında xidmət haqqı ödənmiş və bununla əlaqədar müqavilə tərəfləri arasında heç bir mübahisə yoxdur. Lakin, 2021-ci ilin aprel ayında həyata keçirilmiş 2-ci daşınma üzrə isə qüvvədə olan müvafiq qaydada verilmiş elektron qaimə mövcud olmadığından, həmin daşımaya görə haqqın ödənilməli olub-olmaması və hansı məbləğdə ödənilməli olması – işin mübahisəli halıdır. Çünki, 2-ci daşıma ilə əlaqədar təqdim edilmiş 08 aprel 2021-ci il tarixli EBAZ seriyalı 859901 nömrəli Elektron Qaimə onu vermiş icraçı (iddiaçı) İddiaçı MMC-nin özü tərəfindən “belə bir əməliyyatın baş tutmaması” əsası ilə ləğv edilmiş olduğundan, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq “İcraçı” kimi iddiaçının həmin daşıma üzrə pul tələb etməsi hüququ üzrə mübahisə yaranmışdır. Lakin, iş materiallarında olan gömrük sənədləri və “sifarişçi” olan cavabdeh tərəfin izahatları ilə təsdiq olunur ki, 2-ci daşınma üzrə sonuncuya 297,1 kq çəkidə yük daşınmışdır (məlum Müqavilə şərtlərinə görə tərəflər arasında anbar/yükləmə-boşaltma xidmətləri, yükün qablaşdırılması, anbardan hava limanına çatdırılması və Bakı Karqo terminalına daşınması hər kq üzrə 6 ABŞ dolları məbləğində və konteynerlərdə qablaşdırma/ölçünün dəyişdirilməsi xidmətləri (müraciətə əsasən) hər bağlama üzrə 2 ABŞ dolları məbləğində olması razılaşdırılmışdır). Bununla belə, iddiaçı (icraçı) tərəfindən bu daşımaya görə qanunvericiliyin tələblərinə uyğun olaraq və müqavilə şərtlərinin tələb etdiyi qaydada müvafiq maliyyə-mühasibatlıq sənədləri tərtib edilmədiyindən və elektron qaimə verilmədiyindən - həmin daşıma üzrə hansı məbləğdə ödənilməli olan daşıma xərcinin hesablanması və ödənilməli olan pulun hansı hissədə ödənilməmiş qalmasını təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Lakin, cavabdeh (sifarişçi) tərəf məhkəmə araşdırması zamanı təqdim etmiş olduğu yazılı etiraz və ərizələrində, eləcə də məhkəmə iclaslarında vermiş olduğu izahatlarında 2-ci daşıma üzrə daşınmış yükün cavabdehə çatdırıldığından, həmin yükün gömrük sənədlərində qeyd olunan 297,1 kq çəkisinə müvafiq olaraq iddiaçı tərəfin direktoru Qanuni nümayəndə2 ilə razılaşdırılmış məbləğin 1000 manat, 500 manat və 2000 manat olmaqla, cəmi 3500 manat hissəsini sonuncunun ailə üzvünün ona təqdim edilmiş bank hesabına ödəmiş olduğunu, 1400 manat hissəsini isə iddiaçı MMC-nin həmin daşıma xidmətini həyata keçirərkən yol verdiyi qüsurlara görə Gömrük Qanunvericiliyinin tələblərinin pozulması səbəbindən sifarişçi Cavabdeh MMC-yə 1500 manat məbləğində cərimə cəzası tətbiq edildiyi üçün ödəmədiyini bildirməklə, faktiki olaraq qeyd olunan daşınma xidmətinə görə iddiaçıya pul ödəmiş olduğunu, ancaq həmin pulun 1400 manat hissəsini ödəmədiyini etiraf etmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə ödənilməli borcun miqdarının mötəbər sənədlər əsasında hesablanması mümkün olmadığı, cavabdeh tərəf isə bu daşıma üzrə ümumilikdə 3500 manat (1000 manat, 500 manat və 2000 manat) məbləğində pul ödəyib, yalnız 1400 manat məbləğində pulu ödəmədiyini etiraf etdiyi üçün - tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla, işin halları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 27 avqust 2020-ci il tarixli Daşıma Xidməti Müqaviləsi əsasında 2021-ci ilin aprel ayında həyata keçirilmiş 2-ci daşıma üzrə 1400 manat məbləğində ödənilməmiş daşıma xidməti haqqı borcunun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, iddiaçı tərəf iddia tələbində 2-ci daşımaya görə 7425,84 manat məbləğində borcun ödənilməsini tələb etsə də, həmin daşıma üzrə verilmiş 08 aprel 2021ci il tarixli EBAZ seriyalı 859901 nömrəli Elektron Qaimə iddiaçının özü tərəfindən “belə bir əməliyyatın baş tutmaması” əsası ilə ləğv edilmiş olduğundan, iddia tələbi cavabdeh tərəfin işin konkret halları ilə ziddiyyət təşkil etməyən etirafı üzrə qismən əsaslı, yəni 2-ci daşıma üzrə “cəmi 1400 manat məbləğində ödənilməmiş daşıma xidməti haqqı borcunun olması” hissəsində əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 1400 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının əvəzi və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1400 (min dörd yüz) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 34 (otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1534 (min beş yüz otuz dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar