Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-684/2024 17.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “GİANTİ LOGİSTİCS AZERBAİJAN" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış nəqliyyat ekspedisiya müqaviləsi üzrə 4361,76 (dörd min üç yüz altmış bir dollar, yetmiş altı sent) ABŞ dolları məbləğində borc, 8,72 (səkkiz dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 4370.48 (dörd min üç yüz yetmiş dollar, qırx səkkiz sent) ABŞ dolları məbləğində borcun, həmçinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 manat məbləğində pul vəsaitinin və 95 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 07 mart 2023cü il tarixli nəqliyyat ekspedisiya müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişlərinə əsasən yüklərin daşınması xidmətini həyata keçirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə bunun müqabilində iddiaçıya xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilmiş xidmətlər müqabilində ödəməli olduğu ödənişləri tam ödəməyərək müqavilə öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış 07 mart 2023-cü il tarixli nəqliyyat ekspedisiya müqaviləsinin 1.1-ci bəndinə əsasən, ekspeditor (iddiaçı “GİANTİ LOGİSTİCS AZERBAİJAN" MMC) sifarişçinin (Cavabdeh) sifarişinə əsasən yüklərin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, xidmət haqqı bu müqaviləyə əlavədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, tərəf gecikməyə görə ümumi məbləğin 0.2 %-i məbləğində penya ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli GLA230150 nömrəli invoysa əsasən iddiaçı tərəfindən cavabdehə məxsus yükün daşınmasına görə 4500 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli GLA230256 nömrəli invoysa əsasən isə 4100 ABŞ məbləğində xidmət haqqları müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 18 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli invoys üzrə 261,76 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli invoys üzrə isə 4100 ABŞ dolları məbləğində borcu, həmçinin 8,72 ABŞ dolları faiz borcu olmaqla cəmi 4370,48 ABŞ dolları məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 07 mart 2023-cü il tarixli nəqliyyat ekspedisiya müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə ekspeditor qismində çıxış edən iddiaçı cavabdehin sifarişləri əsasında müxtəlif yüklərin daşınmasından və ya onların daşınmasının təşkil edilməsindən ibarət olan müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh göstərilən xidmətlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya 4361,76 ABŞ dolları məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə üzrə 4361,76 ABŞ dolları məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 8,72 ABŞ dolları məbləğində penyanın tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (nəqliyyat ekspedisiya müqaviləsinin yuxarıda istinad edilmiş 2.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı ilə “PRESEDENT” Vəkil bürosu arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 29 mart 2024-cü il tarixli 0085 nömrəli müqavilə əsasında həmin tarixli EBEB seriyalı 110863 nömrəli elektron qaimə ilə həmin vəkil bürosunun hesabına 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi qismən təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat pul vəsaitinin yarısının, yəni 250 manatının əvəzinin cavabdehdən tutulması ağlabatan hesab edilməli və həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iddia tələbinin ödənilmiş 95 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 95 manat məbləğində dövlət rüsumu ödənilmişdir (xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 07 mart 2023-cü il tarixli nəqliyyat ekspedisiya müqaviləsi üzrə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 4361,76 ABŞ dolları məbləğində borc, 8,72 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 4370.48 ABŞ dolları məbləğində borc, həmçinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar 250 manat məbləğində pul vəsaitinin və 95 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 345 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 07 mart 2023-cü il tarixli nəqliyyat ekspedisiya müqaviləsi üzrə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 4361,76 (dörd min üç yüz altmış bir dollar, yetmiş altı sent) ABŞ dolları məbləğində borc, 8,72 (səkkiz dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 4370.48 (dörd min üç yüz yetmiş dollar, qırx səkkiz sent) ABŞ dolları məbləğində borc, həmçinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin və 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-684/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-684/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver