Məhkəmə qərarları › İş №e-2-2(119)-691/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-691/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-691/2022 16.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən cavabdeh "xxxx" Firmasına qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi 17 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin satın alınmasına dair” 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00003 vəSOCAR**********00300076X00050 nömrəli müqavilələrə əsasən satın alınmış istifadəyə yararsız metal boru hissələrinə görə 50093,33 manat əsas borc və borcun üzərinə hesablanmış 2504,67 manat dəbbə pulu olmaqla, cəmi 52598 (əlli iki min beş yüz doxsan səkkiz) manat məbləğində borcun və mediasiya üçün ödənilmiş ilkin mediasiya xərci olan 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi ilə alıcı "xxxx" Firması (VÖEN **********) arasında “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi” haqqında 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00003 nömrəli və “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi” haqqında 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00050 nömrəli Müqavilələr bağlanmışdır. Həmin Müqavilələr üzrə alıcı "xxxx" Firması satıcı “Qaz İxrac” İdarəsinə məxsus istifadəyə yararsız metal boru hissələrindən ibarət əmlakı (sonradan mətndə “Mal” adlanacaq) qəbul edib, əvəzində həmin əmlakın dəyərinin “Qaz İxrac” İdarəsinə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa, Müqavilələrin 2.4.4-cü bəndinə görə "xxxx" Firması satın alınan malların (metal boru hissələrinin) sökülməsini, doğranılmasını, yüklənilməsini (boşaldılmasını), daşınmasını və “Qaz İxrac” İdarəsinin nümayəndəsinin iştirakı ilə tərəzidə çəkilməsini öz qüvvəsi və vəsaiti hesabına həyata keçirməlidir. Malların dəyəri Müqavilələrin 4.1-ci bəndində qeyd edilmişdir. Belə ki, müqavilələrdə malın 1 (bir) tonunun qiyməti X4 (ƏDV) daxil olmaqla 73,50 (yetmiş üç manat 50 qəpik) manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Müqavilələrdə müəyyən olunmuş şərtlərə əsasən Tərəflər arasında hesablaşmaların ödəniş üçün vergi-hesab faktura təqdim edildiyi gündən 10 (on) iş günü müddətində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, "xxxx" Firması malları təhvil almasına baxmayaraq, onların dəyərini ödəməkdən yayınmış, nəticədə hər iki müqavilə üzrə satıcı “Qaz İxrac” İdarəsinə cəmi 50093,33 (əlli min doxsan üç manat 33 qəpik) manat məbləğində borcu yaranmışdır. Qeyd etmək lazımdır ki, satıcı “Qaz İxrac” İdarəsi ilə alıcı "xxxx" Firması arasında 29 iyul 2021-ci il tarixində imzalanmış X2 əsasən "xxxx" Firması tərəfindən təhvil alınmış metal boru hissələrinə görə satıcı “Qaz İxrac” İdarəsinə cəmi 50093,33 (əlli min doxsan üç manat 33 qəpik) manat əsas borc məbləğinin olması etiraf edilmişdir. Bundan başqa, Müqavilələrin 6.2-ci bəndinə əsasən həmin məbləğin üzərinə 2504,67 (iki min beş yüz dörd manat 67 qəpik) manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə, "xxxx" Firmasının “Qaz İxrac” İdarəsinə 50093,33 (əlli min doxsan üç manat 33 qəpik) manat əsas borcu və həmin Müqavilələrin 6.2-ci bəndinə əsasən borcun üzərinə hesablanmış 2504,67 (iki min beş yüz dörd manat 67 qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 52598 (əlli iki min beş yüz doxsan səkkiz) manat borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı “Qaz İxrac” İdarəsi 18 fevral 2022-ci il tarixli SOCAR**********30490075X00061 nömrəli məktubla "xxxx" Firmasına müraciət edərək borc məbləğinin 28 fevral 2022-ci il tarixinədək ödənilməsini xahiş etmişdir. Lakin, satıcı “Qaz İxrac” İdarəsinin borcun ödənilməsi ilə bağlı məktubuna alıcı "xxxx" Firması tərəfindən heç bir münasibət bildiririlməmiş və borc məbləği ödənilməmişdir. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, alıcı "xxxx" Firması ilə mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Buna görə də, Mediasiya təşkilatı tərəfindən "xxxx" MMC-nin mediasiya sessiyasında iştirak etməməsi barədə “Qaz İxrac” İdarəsinə 15 aprel 2022-ci il tarixli MŞB\2-00555 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmiş və ilkin mediasiya sessiyası üçün nəzərdə tutulan 400 (dörd yüz) manat məbləğində xidmət haqqı “Qaz İxrac” İdarəsi tərəfindən ödənilmişdir. "xxxx" Firmasının heç bir səbəb göstərmədən mediasiya prosesində iştirak etmədiyini nəzərə alaraq, “Qaz İxrac” İdarəsi tərəfindən borcun qaytarılması ilə bağlı mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında həll edilməsi üçün tədbirlərin görülməsinə başlanmış və bununla əlaqədar “Qaz İxrac” İdarəsi tərəfindən 29 aprel 2022-ci ildə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış P348/2022 qeydiyyat nömrəli “Borcun ödənilməsi” haqqında Pretenziya məktubu həmin sistem, eləcə də İnternet Vergi İdarəsinin “Onlayn Kargüzarlıq” sistemi vasitəsilə (qeydiyyat nömrəsi: 1679255) "xxxx" Firmasına təqdim edilərək, bu bərədə qarşı tərəfin e-mail ünvanına müvafiq məlumat göndərilmişdir. Buna baxmayaraq, "xxxx" Firması həmin pretenziyada müəyyən olunmuş müddət ərzində tələb olunan borca münasibət bildirməmiş və borcun ödənilməsi ilə bağlı tədbirlər görməmişdir. Göründüyü kimi, borcun ödənilməsi ilə bağlı “Qaz İxrac” İdarəsi tərəfindən "xxxx" Firmasına ünvanlanmış müraciətlər heç bir nəticə verməmiş və eyni zamanda, borcun qaytarılması ilə bağlı mübahisənin məhkəməyəqədər nizamlanması (pretenziya) ilə bağlı tədbirlərin görülməsinə baxmayaraq, borcun ödənilməsi təmin olunmamışdır. Bu səbəbdən də “Qaz İxrac” İdarəsi tərəfindən 10 may 2022-ci ildə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış P364/2022 qeydiyyat nömrəli “Müqavilə üzrə yaranmış əsas borcun və dəbbə pulunun ödənilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri həmin sistem, eləcə də İnternet Vergi İdarəsinin “Onlayn Kargüzarlıq” sistemi vasitəsilə (qeydiyyat nömrəsi: 1691412) "xxxx" Firmasına təqdim edilərək, bu bərədə qarşı tərəfin e-mail ünvanına müvafiq məlumat göndərilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən 21 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz ixrac" İdarəsi ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin satınalınmasına dair” 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00003 nömrəli və SOCAR**********00300076X00050 nömrəli Müqavilələrə əsasən satın alınmış istifadəyə yararsız metal boru hissələrinə görə 45093,33 (qırx beş min doxsan üç manat 33 qəpik) manat əsas borc və 2504,67 (iki min beş yüz dörd manat 67 qəpik) manat dəbbə pulu olmaqla, cəmi 47598 (qırx yeddi min beş yüz doxsan səkkiz) manat məbləğində borcun və mediasiya üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində ilkin mediasiya xərcinin cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - hazırkı iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh "xxxx" Firması tərəfindən əsas borc üzrə 5000 manat ödənilsə də, 45093,33 manat məbləğində əsas borcun və 2504,67 manat məbləğində dəbbə pulunun ödənilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz ixrac" İdarəsi ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin satınalınmasına dair” 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00003 nömrəli və 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00050 nömrəli Müqavilələrə əsasən satın alınmış istifadəyə yararsız metal boru hissələrinə görə 45093,33 manat əsas borc və 2504,67 manat dəbbə pulu olmaqla, cəmi 47598 manat məbləğində pul vəsaitinin və mediasiya üçün ödənilmiş 400 manat məbləğində ilkin mediasiya xərcinin cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Firması məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi (VÖEN **********) ilə alıcı "xxxx" Firması (VÖEN **********) arasında bağlanmış 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00003 nömrəli “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi” haqqında və 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00050 nömrəli “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi” haqqında Müqavilələrin şərtlərinə görə, “Satıcı” istifadəyə yararsız metal boru hissələrindən ibarət olan əmlakını (bundan sonra “Mal” adlanacaq) “Alıcı” ya təhvil verməyi, “Alıcı” isə malı qəbul edib, əvəzində bu Müqavilələrin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi “Satıcı"ya ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilələrin 2.1.1-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən malı qaimə-faktura əsasında Satıcının strukturuna daxil olan təşkilatların ərazisində Alıcıya təhvil verir. Həmin Müqavilələrin 5.1-ci bəndinə əsasən, hazırkı müqavilənin qüvvədə olma müddəti imzalandığı gündən 1 (bir) il müddətində müəyyən edilir. Həmin Müqavilələrin 6.2-ci bəndinə əsasən, “Alıcı” hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərinin gecikdirilməsinə görə “Satıcı”ya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,5% həcmində dəbbə pul ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 5% həddində müəyyən edilir. İş materiallarından görünür ki, 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00003 nömrəli “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi” haqqında müqavilənin 4.1-ci bəndinə əsasən malın 1 (bir) tonunun qiyməti 73 manat (ƏDV daxil) məbləğində və 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00050 nömrəli “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi” haqqında Müqavilənin 4.1-ci bəndinə əsasən isə Malın 1 (bir) tonunun qiyməti 73,50 manat (ƏDV daxil) məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən alıcı "xxxx" Firmasına 30 avqust 2018ci il tarixli EAAL 666142 nömrəli Elektron Qaimə üzrə 17916,73 manat dəyərində, 26 sentyabr 2018-ci il tarixli EAAM 348593 nömrəli Elektron Qaimə üzrə 5907,86 manat dəyərində, 30 oktyabr 2018-ci il tarixli EAAN 181877 nömrəli Elektron Qaimə üzrə 20340,29 manat dəyərində və 28 noyabr 2018-ci il tarixli EAAN 920110 nömrəli Elektron Qaimə üzrə 15139,03 manat dəyərində olmaqla, ümumilikdə cəmi 59303,91 manat məbləğində istismara yararsız metal boru hissələri satılmışdır. İş materiallarında olan satıcı “Qaz İxrac” İdarəsi ilə alıcı "xxxx" Firması tərəfindən tərtib edilərək imzalanmış 29 iyul 2021-ci il tarixli X1 görünür ki, alıcı "xxxx" Firmasının 01 iyul 2021-ci il tarixinə satıcı “Qaz İxrac” İdarəsinə cəmi 50093,33 (əlli min doxsan üç manat 33 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi” haqqında 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00003 nömrəli və SOCAR**********00300076X00050 nömrəli Müqavilələr üzrə almış olduğu mallara görə ümumilikdə hesablanmış borcun cəmi 45093,33 (qırx beş min doxsan üç manat 33 qəpik) manat məbləğində hissəsi alıcı "xxxx" Firması tərəfindən satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməmişdir. Buna görə də, hazırkı ilkin iddia ərizəsindən sonra məhkəməyə təqdim olunmuş “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə ödənilməmiş 45093,33 (qırx beş min doxsan üç manat 33 qəpik) manat məbləğində əsas borcun və 2504,67 (iki min beş yüz dörd manat 67 qəpik) manat məbləğində dəbbə pulunun cavabdeh "xxxx" Firmasından tutulması xahiş olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və eyni zamanda, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Firması ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan borcun məhkəmədənkənar ödənilməsi qaydası və üsulu ilə əlaqədar cavabdeh "xxxx" Firmasının təklifləri iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi tərəfindən qəbul edilməmiş və məhkəmə araşdırması zamanı da iddiaçı iddia tələbini müdafiə edərək, mübahisə üzrə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Firması iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsi ilə bağlanmış “Təkrar istifadəyə yararsız metal boru hissələrinin özgəninkiləşdirilməsi” haqqında 16 aprel 2018-ci il tarixli SOCAR**********00300076X00003 nömrəli və SOCAR**********00300076X00050 nömrəli Müqavilələr üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, həmin Müqavilələr üzrə ödənilməmiş 45093,33 (qırx beş min doxsan üç manat 33 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən “2504,67 (iki min beş yüz dörd manat 67 qəpik) manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilələr üzrə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də yüksək həddə artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin xeyrinə cavabdeh "xxxx" Firmasından 45093,33 manat məbləğində əsas borc və 500 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı da cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinə ödənilməlidir. Həmçinin, cavabdeh "xxxx" Firmasından dövlət nəfinə 226,78 (iki yüz iyirmi altı manat 78 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Firmasından 45093,33 (qırx beş min doxsan üç manat 33 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 45993,33 (qırx beş min doqquz yüz doxsan üç manat 33 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Firmasından dövlət nəfinə 226,78 (iki yüz iyirmi altı manat 78 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar