Məhkəmə qərarları › İş №e-2-2(119)-70/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-70/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-70/2023 21.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 18 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 4982 (dörd min doqquz yüz səksən iki) manat gecikdirilmiş əsas borc və 2853,76 (iki min səkkiz yüz əlli üç manat 76 qəpik) manat cərimə, 24 fevral 2018ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 4609 (dörd min altı yüz doqquz) manat gecikdirilmiş əsas borc və 2442,77 (iki min dörd yüz qırx iki manat 77 qəpik) manat cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 15387,53 (on beş min üç yüz səksən yeddi manat 53 qəpik) manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, lizinq verən "xxxx" ASC (hal hazırda "xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanılmış 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli lizinq müqavilələrinə əsasən Lizinq alan dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilələrin tərkib hissəsi olan ödəniş qrafiklərinə uyğun ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Lakin, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 19 sentyabr 2022-ci il tarixinə xx.xx.2015-ci il tarixli 1890- GL/15 nömrəli müqavilə üzrə 4982 manat məbləğində gecikdirilmiş borcu və 2853,76 manat məbləğində cərimə borcu, eləcə də xx.xx.2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 4609 manat məbləğində gecikdirilmiş borcu və 2442,77 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun 11 noyabr 2022-ci il tarixli MŞB/10-00173 saylı arayışı verilmişdir. Tərəflər arasında bağlanmış Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkün olmamışdır. Eləcə də, hazırkı mübahisə ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə vəkilə 300 manat məbləğində pul ödənilmiş və həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş (ötürülmüşdür)). Cavabdeh tərəfindən 14 fevral 2023-cü ildə məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə göstərilir ki, o, ot bağlayan almaq üçün 19 iyun 2015ci il tarixdə lizinq verən "xxxx" ASC-yə ilkin ödəniş olaraq 3200 manat məbləğində pul ödəmiş olsa da, sonradan həmin ot bağlayan ona verilməmiş və onun ödədiyi 3200 manat məbləğində pul vəsaiti isə qaytarılmamışdır. Lakin, bundan sonra o, 26 avqust 2015-ci ildə əlavə 8080 manat ödəyərək traktor və kotan almış, daha sonra 21 dekabr 2017-ci ildə isə 4820 manat ödəyərək ot bağlayan almışdır. Bununla belə, 19 iyun 2015-ci il tarixdə ot bağlayan almaq üçün ilkin ödəniş olaraq ödəmiş olduğu 3200 manat məbləğində pul vəsaitinə görə ona texnika verilməsə də, həmin pul ona qaytarılmamış və o, hesab etmişdir ki, həmin pul məbləği sonradan aldığı texnikaların borcuna silinmişdir. Lakin, hazırkı mübahisə üzrə məhkəməyə müraciət olunarkən ona məlum olmuşdur ki, 19 iyun 2015-ci ildə ödəmiş olduğu 3200 manat məbləğində pul vəsaiti sonradan bağladığı müqavilələrin borcuna hesablanmamışdır. Ona görə də, o, məhkəmədən iddiaçının hazırkı iddia ərizəsi üzrə hesabladığı cərimənin silinməsini və 19 iyun 2015-ci il tarixdə ot bağlayan almaq üçün ilkin ödəniş olaraq ödədiyi 3200 manat pulun isə hal-hazırda mövcud olan əsas borcundan silinməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 3032 manat məbləğində gecikdirilmiş əsas borcun və 2853,76 manat məbləğində cərimənin, 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 2659 manat məbləğində gecikdirilmiş əsas borcun və 2442,77 manat məbləğində cərimənin, hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və eyni zamanda bildirdi ki, hazırkı iddia tələbi üzrə mediasiya prosesi başlandıqdan sonra Cavabdeh oğlu tərəfindən 18 sentyabr 2015-ci il tarixli və 24 fevral 2018-ci il tarixli müqavilələrin hər biri üzrə 1950 manat məbləğində olmaqla, ümumilikdə cəmi 3900 manat məbləğində ödəniş edilmiş olduğundan və həmin ödənişlər hər iki müqavilə üzrə müvafiq qaydada əsas borclardan silindiyindən, cavabdehin iddiaçıya müvafiq olaraq 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 3032 manat məbləğində ödənilməmiş əsas borcu və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 2659 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, hazırkı iş üzrə 19 sentyabr 2022-ci il tarixli maliyyə arayışı tərtib edildikdən sonra cavabdeh 18 sentyabr 2015-ci il tarixli və 24 fevral 2018-ci il tarixli müqavilələrin hər biri üzrə cəmi 1950 manat məbləğində olmaqla, ümumilikdə 3900 manat məbləğində ödəniş etmiş və bu ödənişlər onun 19 sentyabr 2022-ci il tarixinədək olan gecikdirilmiş əsas borclarından silinmişdir. Ona görə də, bu ödənişlər nəzərə alınmaqla, cavabdehin 19 sentyabr 2022-ci il tarixinə olan 18 sentyabr 2015-ci il tarixli müqavilə üzrə əsas borcu 3032 manat, 24 fevral 2018-ci il tarixli müqavilə üzrə əsas borcu isə 2659 manat təşkil edir və cavabdehdən həmin məbləğlərdə əsas borcun ödənilməsi tələb olunur. Hər iki müqavilə üzrə tələb olunan cərimə məbləği isə olduğu kimi qalır. Məhkəməyə təqdim etdiyi cavabdehə aid Hesabdan Çıxarışda olan məlumatlarla müəyyən olunur ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında 19 iyun 2015-ci il tarixli 10441-L/15 nömrəli müqavilə bağlanaraq, həmin müqavilə üzrə sonuncu tərəfindən 19 iyun 2015-ci il tarixdə "xxxx" ASC-nin hesabına ilkin ödəniş olaraq 3200 manat məbləğində ödəniş edilmiş olsa da, həmin müqaviləyə 03 iyul 2015-ci il tarixdə xitam verilmişdir. Eyni zamanda, həmin Hesabdan Çıxarışda olan məlumatlarla və digər sənədlərlə cavabdehə həmin müqavilə üzrə hər hansı bir texnikanın verilmiş olması və yaxud, 19 iyun 2015-ci il tarixli 10441-L/15 nömrəli müqavilə üzrə ilkin ödəniş olaraq ödənilmiş 3200 manat məbləğində pul vəsaitinin isə geri qaytarılması müəyyən olunmur. Lakin, həmin pul vəsaiti hazırkı mübahisənin predmeti olan 18 sentyabr 2015-ci il tarixli və 24 fevral 2018-ci il tarixli müqavilələr üzrə hesablanan borca silinməmişdir. Qeyd etmək lazımdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Yəni, Fərmanın tələblərinə görə "xxxx" ASC ilə bağlanmış qüvvədə olan müqavilələr üzrə hüquq və öhdəliklər iddiaçıya keçmiş olduğundan, 03 iyul 2015-ci ildə xitam verilmiş 19 iyun 2015-ci il tarixli 10441-L/15 nömrəli müqavilə üzrə hüquq və öhdəliklər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməmişdir. Buna görə də, cavabdeh tərəfin 3200 manat məbləğində ödənişin hazırkı iş üzrə borca silinməsi tələbi təmin oluna bilməz. Cavabdeh həmin 3200 manat məbləğində pulu iddiaçıdan deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb edə bilər. Çünki, qüvvədə olmayan 19 iyun 2015-ci il tarixli 10441-L/15 nömrəli müqavilə üzrə ödənilmiş 3200 manat məbləğində ödəniş "xxxx" ASC-nin məsuliyyətindədir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən, yəni hər iki müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə ödənilməmiş əsas borcların tutulması hissəsində qəbul etdiyini, cərimə məbləğlərinin tutulması hissəsində isə qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlamış olduğu 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli lizinq müqavilələrinə əsasən kənd təsərrüfatı texnika və avadanlıqlarını lizinqə götürmüşdür. X1 üzrə müəyyən məbləğlərdə ödənişlər etmiş olsa da, sonradan kənd təsərrüfatı sahəsində məhsulun yetişdirilməsi ilə əlaqədar baş vermiş problemlərə görə qazanc götürə bilmədiyindən, həmin müqavilələr üzrə lizinq ödənişlərini vaxtlı-vaxtında ödəyə bilməmişdir. Lakin, ona ödənişlərlə əlaqədar heç bir xəbərdarlıq olunmamışdır. Hazırkı iş üzrə məhkəməyə müraciət olunan ərəfədə ona borcu barədə məlumat verilmiş və buna görə də, o, pul tapıb hər müqavilə üzrə ümumilikdə 1950 manar məbləğində pul ödəmişdir. Bundan əlavə o, ot bağlayan almaq üçün 19 iyun 2015-ci ildə lizinq verən "xxxx" ASC-yə ilkin ödəniş olaraq 3200 manat məbləğində pul ödəmiş olsa da, sonradan həmin ot bağlayan ona verilməmiş və ödəmiş olduğu 3200 manat məbləğində pul vəsaiti ona qaytarılmamışdır. Bundan sonra isə o, "xxxx" ASC-yə 26 avqust 2015-ci ildə əlavə 8080 manat ödəyərək 18 sentyabr 2015-ci il tarixli müqavilə əsasında traktor və kotan almış, daha sonra 21 dekabr 2017-ci ildə isə 4820 manat ödəyərək 24 fevral 2018-ci il tarixli müqavilə əsasında ot bağlayan almışdır. Lakin, 19 iyun 2015-ci il tarixdə ot bağlayan almaq üçün ilkin ödəniş olaraq "xxxx" ASC-yə ödəmiş olduğu 3200 manat məbləğində pul vəsaitinə görə ona texnika verilməsə də, həmin pul ona qaytarılmamış və bütün bu müddət ərzində o, hesab etmişdir ki, həmin pul məbləği "xxxx" ASC tərəfindən sonradan aldığı texnikaların borcuna silinmişdir. Hazırkı mübahisə üzrə məhkəməyə müraciət olunduqdan sonra ona məlum olmuşdur ki, 19 iyun 2015-ci ildə ödəmiş olduğu 3200 manat məbləğində pul vəsaiti sonradan bağladığı müqavilələrin borcuna hesablanmamışdır. Ona görə də, o, 18 sentyabr 2015-ci il tarixli müqavilə üzrə 3032 manat məbləğində əsas borcun və 24 fevral 2018-ci il tarixli müqavilə üzrə 2659 manat məbləğində əsas borcun ondan tutulmasına etiraz etməsə də, iddiaçının hazırkı iddia ərizəsi üzrə hesabladığı cərimənin ondan tutulmamasını və 19 iyun 2015-ci il tarixdə ot bağlayan almaq üçün ilkin ödəniş olaraq ödənilən 3200 manat pulun isə hal-hazırda mövcud olan əsas borcundan silinməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli Müqavilələr üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri edilmədiyindən, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə gecikdirilmiş əsas borc məbləğləri və cərimə borcları hesablanmışdır: - Yəni, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli “"xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh “Belarus-1221” markalı traktor və "AG-MP 14-5" markalı 5 gövdəli asma Kotan ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə və dəyəri tam ödənildikdən sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 19 sentyabr 2022-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 18 sentyabr 2015-ci il tarixli 1890- GL/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 5828 (beş min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində ödəniş edilmiş və 19 sentyabr 2022-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 4982 (dörd min doqquz yüz səksən iki) manat ödənilməmiş əsas borcu və 2853,76 (iki min səkkiz yüz əlli üç manat 76 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh “Karataş” markalı ot-küləş presləyən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə və dəyəri tam ödənildikdən sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 19 sentyabr 2022-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 2551 (iki min beş yüz əlli bir) manat məbləğində ödəniş edilmiş və 19 sentyabr 2022-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 4609 (dörd min altı yüz doqquz) manat ödənilməmiş əsas borcu və 2442,77 (iki min dörd yüz qırx iki manat 77 qəpik) manat məbləğində cərimə borcu vardır. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunanadək və eləcə də, iddia ərizəsi məhkəməyə təqdim olunandan sonra, Cavabdeh tərəfindən 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 4982 (dörd min doqquz yüz səksən iki) manat məbləğində əsas borcdan 1950 (min doqquz yüz əlli) manat məbləğində və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 4609 (dörd min altı yüz doqquz) manat məbləğində əsas borcdan 1950 (min doqquz yüz əlli) manat məbləğində ödəniş ödənilmişdir. Yəni, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilən 03 noyabr 2022-ci il tarixli ********** nömrəli, 15 noyabr 2022-ci il tarixli ********** nömrəli, 28 noyabr 2022-ci il tarixli ********** nömrəli, 09 dekabr 2022-ci il tarixli ********** nömrəli, 26 dekabr 2022-ci il tarixli ********** nömrəli, 26 dekabr 2022-ci il tarixli ********** nömrəli, 09 yanvar 2023-cü il tarixli ********** nömrəli və 17 yanvar 2023-cü il tarixli ********** nömrəli Ödəniş Qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilələr üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 03 noyabr 2022-ci ildə 500 (beş yüz) manat məbləğində, 15 noyabr 2022-ci ildə 500 (beş yüz) manat məbləğində, 28 noyabr 2022-ci ildə 500 (beş yüz) manat məbləğində, 09 dekabr 2022-ci ildə 500 (beş yüz) manat məbləğində, 26 dekabr 2022-ci ildə 450 (dörd yüz əlli) manat məbləğində, 26 dekabr 2022-ci ildə 450 (dörd yüz əlli) manat məbləğində, 09 yanvar 2023-cü ildə 500 (beş yüz) manat məbləğində və 17 yanvar 2023-cü ildə 500 (beş yüz) manat məbləğində olmaqla, cəmi 3900 (üç min doqquz yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir (Hazırkı iddia ərizəsi isə məhkəmənin icraatına 18 noyabr 2022-ci ildə daxil olmuşdur). Qeyd etmək lazımdır ki, məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi də həmin ödənişlərin olmasını və ödənilən pulun cavabdehin hər bir müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış əsas borclarından silindiyini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh barəsində tərtib olunmuş Ödəniş Cədvəlindən görünür ki, lizinq alan Cavabdeh tərəfindən ödəniş aparıldıqdan sonra müvafiq olaraq hər rüb üçün nəzərdə tutulan ödənişlər Ödəniş Qrafiklərində nəzərdə tutulan qaydada icra edilməmiş və bundan sonra yalnız 03 noyabr 2022-ci ildə 500 (beş yüz) manat məbləğində, 15 noyabr 2022-ci ildə 500 (beş yüz) manat məbləğində, 28 noyabr 2022-ci ildə 500 (beş yüz) manat məbləğində, 09 dekabr 2022-ci ildə 500 (beş yüz) manat məbləğində, 26 dekabr 2022-ci ildə 450 (dörd yüz əlli) manat məbləğində, 26 dekabr 2022-ci ildə 450 (dörd yüz əlli) manat məbləğində, 09 yanvar 2023-cü ildə 500 (beş yüz) manat məbləğində və 17 yanvar 2023-cü ildə 500 (beş yüz) manat məbləğində olmaqla, cəmi 3900 (üç min doqquz yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd etmək lazımdır ki, Lizinq verən və Lizinq alan arasında bağlanmış yuxarıda qeyd olunan 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli Müqavilələrin müvafiq olraq 4.2-ci bəndlərinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan Cavabdeh ilə bağlanmış bütün lizinq müqavilələri üzrə tərtib edilmiş Hesabdan Çıxarışda olan məlumatlarla müəyyən olunur ki, lizinq alan Cavabdeh tərəfindən 19 iyun 2015-ci il tarixli 1044-L/15 nömrəli Müqavilə üzrə ilkin ödəniş olaraq 3200 manat məbləğində ödəniş edilmiş, lakin həmin müqaviləyə 03 iyul 2015-ci il tarixdə xitam verilmiş və Çıxarışda müqavilənin statusu ilə əlaqədar "bağlıdır" qeydi aparılmışdır. Eyni zamanda, həmin Hesabdan Çıxarışda lizinq alan Cavabdeh ilə bağlanmış 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli Müqavilələrin statusu ilə əlaqədar isə "aktivdir" qeydi aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi ilə əlaqədar bağlanmış 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə 4982 manat məbləğində əsas borc və 2853,76 manat məbləğində cərimə borcu, 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə 4609 manat məbləğində əsas borc və 2442,77 manat məbləğində cərimə borcu hesablanaraq, həmin borcların Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunaraq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) isə 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, bu mübahisə ilə əlaqədar mediasiya prosesi başlandıqdan sonra Cavabdeh tərəfindən 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 4982 (dörd min doqquz yüz səksən iki) manat məbləğində əsas borcdan ümumilikdə cəmi 1950 (min doqquz yüz əlli) manat məbləğində və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 4609 (dörd min altı yüz doqquz) manat məbləğində əsas borcdan ümumilikdə cəmi 1950 (min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də, iddiaçının nümayəndəsi izahatında və məhkəmə çıxışında cavabdehdən iddia ərizəsində yazılmış 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 4982 manat məbləğində deyil, 3032 manat məbləğində əsas borcun və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə isə 4609 manat məbləğində deyil, 2659 manat məbləğində əsas borcun tutulmasını xahiş etmişdir. Eləcə də, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunan “19 iyun 2015-ci il tarixli 1044-L/15 nömrəli müqavilə üzrə ilkin ödəniş kimi ödədiyi 3200 manat məbləğində pul vəsaitinin hazırkı iş üzrə əsas borcdan silinməsi” barədə tələbi ilə əlaqədar aparılan məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh barəsində tərtib olunmuş Hesabdan Çıxarışda lizinq alan Cavabdeh tərəfindən 3200 manat məbləğində ödəniş olunduğu müəyyən edilsə də, həmin ödənişin təyinatı 19 iyun 2015-ci il tarixli 1044-L/15 nömrəli müqavilə üzrə həyata keçirilməsi öz təsdiqini tapmışdır. Lakin, həmin Müqaviləyə 03 iyul 2015-ci il tarixdə xitam verilmişdir və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanı qəbul edilərkən qüvvədə olmadığı üçün həmin Müqavilə üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməmişdir. Ona görə də, lizinq alan Cavabdeh tərəfindən həmin ödəniş hazırki iş üzrə mübahisə predmeti olan müqavilələrə deyil, qüvvədə olmayan başqa bir lizinq müqaviləsi üzrə həyata keçirilmiş olduğundan və həmin Müqaviləyə xitam verildikdə isə "xxxx" ASC tərəfindən həmin ödəniş iddiaçıya ötürülmüş 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilələr üzrə hesablanan ödənişlərə daxil edilmədiyindən, məlum “3200 manat məbləğində ödənilmiş pul vəsaiti” hazırki mübahisədə nəzərə alınmamalıdır. Halbuki, bu ödənişlə əlaqədar lizinq alan Cavabdeh müvafiq olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına görə müəyyən olunur ki, 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 3032 manat məbləğində əsas borcun və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 2659 manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanmış cərimə məbləğlərinin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, cərimə məbləğləri azaldılmalı və Cavabdeh 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 50 (əlli) manat və 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 50 (əlli) manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi (hətta, 19 sentyabr 2022-ci il tarixli Maliyyə arayışı tərtib edilənədək Lizinq alana borcun ödənilməsi ilə əlaqədar hər hansı bir rəsmi müraciətin olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır) və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 3032 manat məbləğində gecikdirilmiş əsas borc və 50 manat məbləğində cərimə, 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 2659 manat məbləğində gecikdirilmiş əsas borc və 50 manat məbləğində cərimə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 300 (üç yüz) manat məbləğində xidmət haqqı və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi də Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 77,91 (yetmiş yeddi manat 91 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 18 sentyabr 2015-ci il tarixli 1890-GL/15 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 3032 (üç min otuz iki) manat məbləğində gecikdirilmiş əsas borc və 50 (əlli) manat məbləğində cərimə, 24 fevral 2018-ci il tarixli 360-GL/18 nömrəli müqavilə üzrə 19 sentyabr 2022-ci il tarixinə hesablanmış 2659 (iki min altı yüz əlli doqquz) manat məbləğində gecikdirilmiş əsas borc və 50 (əlli) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 6191 (altı min yüz doxsan bir) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 77,91 (yetmiş yeddi manat 91 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar