Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-705/2021 29.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehdən 4000 (dörd min) manat məbləğində pulun və hər gecikdirilən gün üçün müqavilədə qeyd olunan məbləğin 0.01 % məbləğində cərimənin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək ödənilməli ümumi məbləğin 4109,2 (dörd min yüz doqquz manat 20 qəpik) manat olduğunu göstərmişdir. İddia tələbi onunla əsaslandırılımışdır ki, iddiaçı ilə cavabdeh arasında xırda dənəvərli polipropilen tozunun alığı-satqısı ilə əlaqədar 17.08.2020-ci il tarxli, 20/17 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh hər tonu 1088 manata olmaqla ümumi dəyəri 46784 manat olan 43 ton “xırda dənəvərli polipropilen tozu”nu satmağı öz üzərinə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərində də qeyd olunmuşdur ki, satıcı 10 gün ərzində satdığı malı təhvil verməli və satdığı malın kəmiyyət və keyfiyyətində qüsurlar aşkar edilərsə, satıcı tərəfindən bütün qüsurlar aradan qaldırılmalıdır. Lakin cavabdeh müqavilə öhdəliklərindən boyun qaçırmışdır. 21.08.2020-ci il tarixdə "xxxx" ASC-də iddiaçının adına olan AZ46JBBK**********21423A67 nömrəli hesab nömrəsindən cavabdehin adına olan “X16 Azərbaycan” bankında AZ93KABA**********2921 nömrəli hesab nömrəsinə iddiaçı tərəfindən 4000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı göstərir ki, pulun köçürülməsinə baxmayaraq nəzərdə tutulan malı bu günə qədər almamışdır. Bir müddət gözlədikdən sonra iddiaçı cavabdehə ödədiyi pulun geri qaytarılması ilə bağlı sifarişli xəbərnamə göndərmiş, xəbərnaməni aldıqdan sonra iddiaçı ilə cavabdeh arasında telefon danışıqları olmuşdur. Buna baxmayaraq cavabdeh yenə borcunu ödəmək istəmir. Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, tərəflərdən biri müqavilə öhdəliyini pozarsa günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün müqavilənin ümumi dəyərinin 0.01 % məbləğində cərimə ödəməlidir. İddiaçı cavabdehlə heç bir razılığa gələ bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi L.Hüseynov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. L.Hüseynov verilmiş suallara cavab olaraq cavabdehdən iki ton 200 kq malın alındığını, lakin bunun yuxarıda qeyd edilən müqavilə ilə bağlı olmadığını, eyni zamanda cavabdehin nümayəndəsi Nadir Şiriyevdən 500 manat nağd pul aldığını, lakin bu məbləğin də müqaviləyə aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Şiriyev iddia tələbini qismən qəbul edərək, iddiaçının nümayəndəsi (atası) Lətif Hüseynovu 20 ildən artqıdır ki, tanıdığını və aralarında əvvəllər də işgüzar münasibətlərin olduğunu, həqiqətən iddiaçının oğlu ilə öz oğlu X7 arasında xırda dənəvərli polipropilen tozunun alğı-satqısı ilə bağlı müqavilə bağlanıldığını və bu müqavilə üzrə 4000 manat pulun bank hesabına köçürüldüyünü, lakin qeyd edilən müqavilə üzrə malların iddiaçının sifarişinə və tələbinə uyğun qablaşdırılmasına baxmayaraq idddiaçının müxtəlif bəhanələrlə həmin malları vaxtında təhvil almadığını, daha sonra isə həmin müqavilə üzrə iki ton 200 kq malı iddiaçıya verdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi daha sonra iddiaçının nümayəndəsi Lətif Hüseynovun müraciəti əsasında öz iş yerində kabinetində mal üçün köçürülmüş məbləğdən 500 manat nağd pulu ona qaytardığını, həmin məbləğin də cavabdehə satılmış iki ton 200 kq malın dəyərinin üzərinə əlavə edilərək 01.04.2001-ci il tarixdə cəmi 2894,08 manatlıq elektron qaimə tərib edildiyini, həmin elektron qaimənin cavabdeh tərəfindən ləğv edilmədiyini, sistem tərəfindən təsdqiləndiyini bildirərək ödənilmiş 4000 manat vəsaitdən yuxarıda qeyd edilən iki ton 200 kq malın dəyəri və qaytardığı 500 manat çıxıldıqdan sonra qalan hissəsini də qaytarmağa hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 cavabdehin sexində operator işlədiyini, iddiaçının nümayəndəsi Lətif Hüseynovu yaxşı tandığını, Nadir müəllimin göstərişinə əsasən onun sifariş etdiyi malları şəxsən çeşidləyərək tələb olunan formada qablaşdırdığını, lakin həmin malların uzun müddət anbarda və sexin həyətində qalmasına baxmayaraq Lətif müəllimin həmin malları aparmadığını, 3-4 ay əvvəl Lətif müəllimin müraciətinə əsasən ümumi çəkisi iki ton iki yüz kq. olan 88 meşok 25 kiloqramlıq polipropilen tozunun onun gətirdiyi yük maşınına yüklənilməklə təhvil verildiyini, hətta yükləmədə özünün də iştirak etdiyini bildirmişdir. Şahid Ş.Əbilova eyni zamanda X10 Hüseynova öz ofisində, kabinetdə 500 manat pul verdiyinin də şahidi olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İş materiallarında olan (“Satıcı”) X9 ilə (VÖEN: **********) ilə (“Alıcı”) İddiaçı (VÖEN: **********) arasında bağlanmış 17.08.2020-ci il tarixli, 20/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 46784 manat olmaqla tonu 7088 manat olan 43 ton xırda dənəvərli polipropilen tozunu satıcı alıcıya təqdim edir. Həmin müqavilənin 3.4-cü bəndinə əasən tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni mal və materialların təqdim edilməsi satıcı tərəfindən, ödəniş isə alıcı tərəfindən gecikdirilərsə, günahkar tərəfə digər tərəfə geciktirilən hər gün üçün müqavilənin ümumi dəyərinin 0.01 faizi məbləğincə cərimə ödəməlidir. İş materiallarında olan 21.08.2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən X5 hesabına 4000 (dörd min) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 01.04.2021-ci il tarixli, 507645 nömrəli elektron qaiməyə əsasən 2894.08 manat dəyərində polipropilen tozu X7 tərəfindən İddiaçı təhvil verilmişdir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31.05.2006-cı il tarixli qərarında göstərilir ki, “...məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Məhkəmə qeyd edir ki, iş üzrə araşdırma zamanı yuxarıda qeyd edilən yazılı sübutlara, habelə tərəflərin nümayəndələrinin izahatlarına və şahid ifadələrinə əsasən müəyyən olundu ki, cavabdeh tərəfindən 17.08.2020-ci il tarixli, 20/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 2.200 kq polipropilen tozu verilmiş, bundan əlavə cavabdehin nümayəndəsi iddiaçının nümayəndəsinə köçürülmüş 4000 manat puldan 500 manatı nağd olaraq geri qaytarmışdır. İddiaçının iddia ərizəsində və iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı çıxışında və verilmiş suallara cavabında qeyd edilən müqavilə üzrə malların cavabdehin təqsiri səbəbindən müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilmədiyi, habelə alınmış 2.200 kq malın və 500 manat pulun qeyd edilən müqaviləyə aidiyyəti olmadığı göstərilsə də, iddiaçı tərəf bu halları təsdiq edən hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə iddiaçının həmin dəlilləri cavabdehin nümayəndəsinin izahatı, şahid ifadəsi və digər iş materialları ilə ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni zamanda Mülki Məcəllənin 427.2ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin “kreditorun icranı gecikdirməsi” adlanan 466-cı maddəsinin tələblərinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun (maddə 446.1 və 446.4). İşin yuxarıda qeyd edilən hallarına və Mülki Məcəllənin istinad olunan normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin borclunun (satıcı X5) təqsiri ucbatından lazımınca icra edilməməsi iş materialları ilə təsdiqini tapmadığından, əksinə kreditorun (alıcı İddiaçı) malları vaxtında təhvil almaması səbəbindən müqavilə nəzərdə tutulmuş müddətdə (31.12.2020-ci il tarixədək) icra olunmadığından, eyni zamanda hazırda cavabdehin nümayəndəsinin iddiaçıya qeyd edilən müqavilə üzrə köçürülmüş 4000 manat vəsaitdən müvafiq olaraq 2.200 kq malın pulu və 500 manat verilmiş nağd pulu çıxmaq şərti ilə qalan məbləği qaytarmağa hazır olduğunu bildirdiyindən iddia qismən təmin edilməklə, cavabdehdən 1106,40 (min yüz altı manat 40 qəpik) (2.200 kq x 1088= 2393,6+500=2893,6; 4000-2893,6=1106,40) manat tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilməli, 10 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh X2 1106,40 (min yüz altı manat 40 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilsin, 10 manatı isə cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-705/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-705/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver