Məhkəmə qərarları › İş №e-2-2(119)-717/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-717/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-717/2024 09.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə 7780 (yeddi min yeddi yüz səksən) manat məbləğində borc, 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 389 (üç yüz səksən doqquz) manat məbləğində faiz borcu və 110 (yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 9057 (doqquz min əlli yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş tələb üzrə ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli e-2-2(119)-542/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış və bunun, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. Həmin qərardadda göstərilən nöqsanlardan “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin cavabdehə çatdırılmasını təsdiq edən sənədin iş materiallarına əlavə olunmaması” halı aradan qaldırılaraq müvafiq sənəd iş materiallarına əlavə olunsa da, digər nöqsan olan “cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasına riayət olunmasını təsdiq edən müvafiq sənədin iş materiallarına əlavə olunmamaması” halı aradan qaldırılmamışdır. Belə ki, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə qeyd olunan sistem vasitəsilə cavabdehə göndərilməsi nəzərdə tutulmuş, pretenziya məktubunu əlavə etmişdir. Lakin “AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən müəyyən olunur ki, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti yoxdur. Belə olduğu təqdirdə qeyd olunan sənədlərin cavabdeh tərəfindən elektron qaydada təhvil alınması öz təsdiqini tapmır. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasına riayət olunmasını təsdiq edən müvafiq sənəd elektron qaydada verilən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 22 yanvar 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.12-ci bəndinə əsasən, həmin Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.6-cı maddələsində imperativ qaydada təsbit olunmuşdur. Lakin yuxarıda qeyd olunan sənəd cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş və bununla da, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar