Məhkəmə qərarları › İş №e-2-2(119)-72/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-72/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-72/2021 03.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 03.07.2018-ci il tarixli müqavilə üzrə yaranmış 65309 manat məbləğində əsas borc məbləğinin, 350 manat məbləğində cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC hüquqi səxsinin adından həmin vaxt İddiaçı2 MMC-nin direktoru olmuş X5 ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2018-ci il tarixli “Tapşırıq” müqaviləsinə əsasən cavabdehə sahibkarliq fəaliyyəti ilə məşğul olduğu mağazada satmaq məqsədilə müəyyən vaxtlarda mallar verilmişdir. Bir müddət birgə işlədikdən sonra cavabdeh satdığı malların pulunu gecikdirməyə başlamış, aralarında bağlanmış “Tapşırıq” müqaviləsinin 3.1.4-cü maddəsinə əsasən hesabatı tələb etdikdə cavabdeh bundan yayınmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin verilmiş mallara görə iddiaçıya 65309 manat borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməyərək aldığı əşyaları üçüncü şəxslərə satmasına baxmayaraq həmin pulu sahibkara qaytarmayaraq ödəməkdən yayınmışdır. “Tapşırıq” müqaviləsinə əsasən tapşırıq alanın öhdəliyi əşyaları üçüncü şəxslərə razılaşdırılmış qiymətlərə satışını təşkil etməkdən və həmin satışdan əldə olunmuş gəlirin 2-3%-ni qonarar şəklində qəbul etməkdən, qalan pulu isə “tapşırıq verən”ə ödəməkdən ibarətdir. İddia ərizəsində göstərilir ki, “tapşırıq alan” nə malı, nə də qalan pulu verməmiş, bununla da müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. “Tapşırıq alan” müqavilə üzrə öhdəliklərini pozaraq satdığı əşyaların pulunu qanunsuz və əsassız olaraq mənimsəməklə, sahibkarın biznes fəaliyyətinə 350 manat məbləğində ziyan vurmuşdur və iddiaçı həmin pulun da borcludan tutulmalı olduğunu hesab edir. İddiaçının direktoru R.Məmmədrzayev məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iş üzrə keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatlarında iddia tələbini qəbul etmədiyini, iş materiallarında olan müqavilə və malların təhvil-qəbul aktındakı imzaların ona məxsus olmadığını bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədiyini, borcun yaranması üçün əsas olmuş 03.07.2017-ci il tarixli müqavilənin və malların təhvil-təslim aktlarının Cavabdeh tərəfindən imzalanmadığını, ********** saylı VÖEN-in onun adına olsa da, Cavabdeh mağazada sadəcə satıcı olduğunu, həmin mağaza və digər 2 mağazanın X4 məxsus olduğunu, bütün alış-satış və pul işlərinə onun baxdığını, Cavabdeh sadəcə F.İsmayılovun göstərişlərini yerinə yetirdiyini, F.İsmayılovun təkcə iddiaçıya qarşı deyil, başqa şəxslərə qarşı da dələduzluq etdiyini, onun barəsində Sumqayıt Şəhər Məhkəməsində ittihamedici hökm çıxarılmış və 3 il müddətinə azadlıqdan məhrum edildiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanılmış 03 iyul 2018-ci il tarixli “Tapşırıq” müqaviləsinə istinad etsə də, iddiaçının nümayəndəsi məhkəməyə yalnız 03 iyul 2017-ci il tarixli “daşınar əşyalarınəmlakın icarəyə verilməsi haqqında” müqaviləsini təqdim etmişdir. İddia ərizəsində və iddiaçının nümayəndəsinin izahatında istinad olunan müqavilə şərtlərindən və işin hallarından aydın olur ki, iddiaçı məhz tərəflər arasında bağlanılmış 03.07.2017-ci il tarixli müqaviləyə istinad etməklə cavabdehdən yuxarıda qeyd edilən məbləği tələb edir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanılmış 03.07.2017-ci il tarixli müqavilədən 4 il ötdüyünü göstərərək Mülki Məcəllənini 373.2-ci maddəsinə istinad etməklə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına görə, “hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyini nəzərə alaraq məhkəmə ilk növbədə hazırkı iş üzrə Cavabdeh tərəfindən “Skyelektroniks" MMC-nin subyektiv hüququnun pozulub-pozulmaması məsələsini araşdırmağı zəruri hesab edir. İşin yuxarıda qeyd edilən hallarından və iş materiallarından göründüyü kimi iddiaçı tərəflər arasında bağlanılmış müqaviləyə və malların təhvil-qəbul aktlarına istinad etməklə cavabdehdən 65309 manat məbləğində əsas borc məbləğini və 350 manat məbləğində cərimə borcunu tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçı şirkətlə hər-hansı müqavilə bağlamadığnı və mal almadığını, iş materiallarında olan müqaviləni və malların təhvil-qəbul aktlarını imzalamadığını, həmin sənədlərdəki imzanın ona məxsus olmadığını bildirir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Mülki Məcəlləyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (331.1). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21.06.2021-ci il tarixli, 4/657 saylı ekspert rəyində ekspertizaya təqdim edilmiş, e-2-2(119)- 72/2021 saylı işin 13-16-cı vərəqlərində 03 iyul 2017-ci il tarixli "xxxx" MMC-nin hüquqi şəxsi X5 və Cavabdeh adlarından olan “daşınar əşyaların-əmlakın icarəyə verilməsi” haqqında müqavilənin sonunda “Tapşırıq alan” qrafasındakı imza; 5 iyul 2017-ci il tarixli 9063 manata dair, 27 iyul 2017-ci il tarixli 16577 manata dair, 04 avqust 2017-ci il tarixli 4280 manata dair, 28 avqust 2017-ci il tarixli 17058 manata dair, 06 sentyabr 2017-ci il tarixli 4015 manata dair, 06 sentyabr 2017-ci il tarixli 6416 manata dair, 26 sentyabr 2017ci il tarixli 2841 manata dair, 05 oktyabr 2017-ci il tarixli 2403 manata dair, 17 oktyabr 2017-ci il tarixli 2200 manata dair “Təhvil-qəbul haqqında” aktlarda “Təhvil aldı:” qrafalarında “Cavabdeh” yazılarının qarşısındakı imzalar-Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu göstərilmişdir. İşin yuxarıda qeyd edilən hallarına və ekspert rəyinə istinad etməklə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının məhz cavabdehlə müqavilə bağlayaraq ona satmaq üçün mallar verməsi mötəbər sübutlarla təsdiqini tapmadığından, cavabdehin qeyd edilən müqaviləni imzalamaması və malları təhvil almaması barədə dəlilləri isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının 03.07.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehdən 65309 manat məbləğində əsas borc və 350 manat məbləğində cərimə borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.) Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə 03.07.2017-ci il tarixdə bağlansa da, iddiaçının həmin müqavilə ilə bağlı tələbi üzrə iddia ərizəsi 26.11.2020-ci il tarixdə, yəni iddiaçının istinad etdiyi müqavilənin bağlanması tarixindən, habelə təqdim edilmiş sonuncu təhvil-qəbul haqqında aktdan 3 il keçdikdən sonra məhkəməyə daxil olmuşdur. İş materiallarında mülki qanunvericiliyin 379.1 və 380.1-ci maddələrində nəzərdə tutulmuş iddia müddətinin axımının dayandırılması və kəsilməsini sübut edən hər hansı sənəd olmadığından və iddiaçı bununla bağlı cavabdehin nümayəndəsinin vəsatətəinə münasibət bildirmədiyindən hazırkı iş üzrə iddia müddəti də keçmiş hesab edilməli və iddia tələbi həmçinin iddia müddətinin keçməsinə görə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, keçrilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat məbləğində pul da cavabdehdən tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 140 (yüz qırx) manat məbləğində pul vəsaiti İddiaçı2ndən tutularaq Məhkəmə Eksperiza X1 hesabına (AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar