Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-724/2021 20.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının qanuni nümayəndəsi X3, cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçınə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-dən 12325 (on iki min üç yüz iyirmi beş) manat və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci il sentyabrın 07-də daşıma müqaviləsi və ona əlavə bağlanmışdır. Müqavilənin şərtlərinə görə, İddiaçı MMC Cavabdeh MMC-yə daşıma və onunla əlaqədar xidmət göstərir, Cavabdeh MMC isə bu xidmətlərin haqqını ödəyir. Müqavilə üzrə göstərilmiş daşıma xidmətlərindən biri - 2020-ci ilin dekabrında Rusiya Federasiyasına daşıma üzrə xidmət haqqı olan 12325 (on iki min üç yüz iyirmi beş) manat ödənilməmişdir. Beynəlxalq qaimədən də göründüyü kimi, yük avtomobili 2020-ci il dekabrın 15-də yüklənmiş, dekabrın 18-də Dağıstan gömrüyündən keçmiş, dekabrın 26-da təyinat yerində qəbul edilmişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən, mal yerinə çatdıqdan 5 gün sonra daşımanın ödənişi tam olmalıdır. Cavabdehə elektron kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş, pretenziya məktubuna cavab olaraq cavabdeh guya iddiaçı tərəfindən öhdəliyi (daşımanı) gecikmə ilə icra etdilməsinə görə üçüncü şirkət qarşısında zərərə məruz qaldığını əsas gətirərək, borcunu ödəməkdən imtina etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, əvvəla iddiaçı öz öhdəliyini qanuna və müqaviləyə uyğun icra etmişdir. İkincisi, müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə etirazlar səbəbi yarandığı gündən etibarən 7 gün ərzində verilməlidir. Yük təyinat məntəqəsinə 2020 -i il dekabrın 26-27-də qəbul edilsə də, yük göndərən etirazını 2021-ci il martın 24-də bildirmişdir. Üçüncüsü isə, cavabdeh iddia etdiyi zərərini sübut etməmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia ərizəsinin təsviri hissəsinə düzəliş və əlavələr haqqında ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsinin təsviri hissəsində tələb edilən xidmət haqqının bir daşıma üzrə qeyd edilməsi anlaşılmamazlıqdan yaranan texniki səhvdir, həmin borc müqavilə üzrə həyata keçirilmiş 4 daşıma üzrə yaranmışdır. Cavabdeh onlardan biri üzrə guya iddiaçının öhdəliyi icra etməməsini iddia edərək 4 daşıma üzrə borcu ödəməkdən imtina edir. Mübahisə məhz bir daşımanın necə həyata keçirilməsi ilə bağlı olduğuna görə iddia ərizəsində diqqət məkəzində məhz həmin daşıma olmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında müqaviləyə əsasən birincinin icra etdiyi, sonuncunun isə haqqını ödəmədiyi daşımalar aşağıdakılardır: 1. Xaçmaz – Novorosiysk (elektron qaimə EBAW088925, xidmət haqqı 2635 manat); 2. Xaçmaz – Mıtişin (elektron qaimə EBAW136673, xidmət haqqı 3910 manat); 3. Gəncə- Novorosiysk (elektron qaimə EBAW137736, xidmət haqqı 2890 manat); 4. Xaçmaz – Novorosiysk (elektron qaimə EBAW365410, xidmət haqqı 2890 manat). Tərəflər arasında 2021-ci il yanvarın 15-də imzalanmış əlavə ilə daşıma qiymətləri razılaşdırılmışdır. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi verərək, "xxxx" MMC-dən 6749 ABŞ dolları və ya manatla ekvivalenti, 6800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 07.09.2020-ci il tarixli 06/20 saylı müqaviləyə əsasən "xxxx" MMC razılaşdırılmış malı Rusiya Federasiyasının Novorosiysk şəhərinə çatdırmalı idi. Razılaşdırlmış mal "xxxx" MMC-nin nəqliyyat vasitəsinə dekabrın 15-də yüklənmiş dekabrın 24-də təyinat nöqtəsinə çatdırılmalı idi. Cavabdeh "xxxx" MMC üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş, malı vaxtında təyinat yerinə çatdırmamış, iki gün gecikdirmə ilə malı çatdırsa da, nəqliyyat vasitəsinin soyuducusunda nəzərdə tutulmuş temperatur rejminə əməl etməmişdir. Habelə, yükdaşıyan TİR markalı 99JC932, qoşqu 99ZE632 dövlət qeydiyyat nişanlı avtomaşın yolda sındığına görə, ehtiyyat hissələri dəyişilmiş, bu səbəbdən gecikmə olmuşdur. Qeyd edildiyi kimi soyuducuda nəzərdə tutulan temperatur rejiminə əməl edilmədiyinə görə mal zay olmuş, 18 ton məhsulun 1300kq hissəsi daşıyıcının sürücüsü olan X5 vasitəsilə geri qaytarılmışdır. Malı qəbul etməli olan RİTYEL (MAQNİT) mağazalar şəbəkəsi bu səbəbdən 5293 ABŞ dolları 84 cent Cavabdeh MMC-ni cərimə etmişdir. Bundan başqa 1300 kq məhsul sürücü tərəfindən zibilxanaya atılmışdır. Nəticədə Cavabdeh MMC-nə 5293,84 ABŞ dolları məbləğində və 1456 ABŞ dolları, cəmi 6749 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən malın satışından Cavabdeh MMC 6800 manat məbləğində gəlir götürməli idi. Həmin qazanc əldən çıxmışdır. Tərəflər arasında bağlanmış 07.09.2020-ci il tarixli müqavilənin 4.1.5-ci maddəsinə əsasən Ekspeditor (İddiaçı MMC) Müştərinin (Cavabdeh MMC) yükünə vurduğu ziyana görə öz məsuliyyyəti çərçivəsində tam cavabdehlik daşıyır. Müqavilənin 4.1.6-cı maddəsinə əsasən Ekspeditor yük tədarükü üzrə öhdəliklərin yerinə yetirməsi müddətinin yerinə yetirilməsi ilə əlaqədar Müştəri tərəfindən çəkilmiş xərcləri müştəriyə sifarişçiləri tərəfindən irəli sürülmüş cərimə miqdarında ödəyir. X2 yük daşınma müddətinin pozulması ilə bağlı itkiləri ödəyir. Müqavilənin 2.1.3-cü maddəsində nəzərdə tutulmuş 7 gün ərizəndə cavabdehin icraçı direktoru Vidadi Əsədova telefon vasitəsi ilə məlumat verilmiş, icraçı direktor bildirdi ki, onlara dəymiş zərər İddiaçı MMC tərəfindən tam şəkildə ödəniləcəkdir. X7 bundan sonra müqavilə münasibətlərinin davam etdirilməsi ilə əlaqədar təkliflərini nəzərə alaraq rəsmi surətdə müraciət edilməmişdir. Habelə icraçı direktor şəxsən xahiş etmişdir ki, bu barədə təmsil etdiyi şirkətin rəhbərliyinə (İddiaçı MMC) məlumat verilməsin. 24.03.2021-ci il tarixdə göstərilənlər barədə cavabdehə rəsmi məktub göndərilərək dəymiş ziyanın ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi İddiaçı MMC özü müqavilə şərtlərinə əməl etməyərək Cavabdeh MMC-yə zərər vurmasına baxmayaraq pul tələbinə dair əsassız iddia qaldırmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının qanuni nümayəndəsi S.Məcidov və nümayəndəsi R.Novruzəliyev isə izahatlarında iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tam, qarşılıqlı iddia isə isə qismən təmin edilməldir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından olan “Ekspeditor” İddiaçı MMC ilə “Müştəri” Cavabdeh MMC arasında bağlanmış 07.09.2020-ci il tarixli, 06/20 nömrəli daşıma və gömrük xidmətləri üzrə ümumi müqaviləyə əsasən “Ekspeditor” müqavilənin 3-cü bəndində müəyyən edilmiş pul məbləğinə və müştərinin hesabına işlər yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1.1-i bəndinə əsasən əlavə 1-də müəyyən edilmiş formada verilmiş yazılı sifarişə əsasən Müştəriyə hazır ki müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətləri əks etdirir və yüklərin daşınmasını təşkil edir. Həmin Müqavilənin 4.1.1-ci bəndinə əsasən tərəflər hazırki müqavilə ilə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmək, yaxud lazımı qaydada yerinə yetirməmək üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə meydana çıxan iddialar, etirazın verilməsi səbəbi yarandığı gündən etibarən gün ərzində irəli sürülməlidir. İş materiallarında olan 15.01.2021-ci il tarixli 01 nömrəli daşıma və gömrük xidmətləri üzrə ümumi müqaviləyə əlavə ilə tərəflər “Ekspeditor” İddiaçı MMC ilə “Müştəri” Cavabdeh müvafiq maşrutlar üzrə daşıma məbləğlərini razılaşdırmışlar. İş materiallarında olan hesab-fakturalara, habelə həmin hesab fakturalara uyğun tərtib edilmiş 13.01.2021-ci il tarixli, 088925 nömrəli elektron qaiməyə əsasən 2635 manat, 14.01.2021-ci il tarixli, 137736 nömrəli elektron qaiməyə əsasən 2890 manat, 14.01.2021-ci il tarixli, 136673 nömrəli elektron qaiməyə əsasən 3910 manat, 05.03.2021ci il tarixli, 365410 nömrəli elektron qaiməyə əsasən 2890 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 07.09.2020-ci il tarixli, 06/20 nömrəli müqaviləyə əsasən göstərilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına, tərəflərin nümayəndələrinin izahatlarına əsasən tərəflər arasında yuxarıda qeyd edilən 07.09.2020-ci il tarixli müqaviləyə əsasən daşıma münasibətlərinin mövcudluğu və İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə məxsus malların müqviq tarixlərdə Xaçmaz-Novorosiysk, Xaçmaz-Mıtişin, Gəncə- Novorosiysk və Xaçmaz-Novorosiysk maşrutları üzrə daşınması, habelə Cavabdeh MMC tərəfindən həmin daşımaların haqqının ödənilməməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru S.Məcidov həqiqətən İddiaçı MMC tərəfindən yuxarıda qeyd edilən maşrutlar üzrə Cavabdeh MMC-yə məxsus olan malların daşındığını, lakin onların haqqının qarşılıqlı iddiada göstərilən səbəblərdən, habelə tərəflər arasında razılaşma əldə edilməsi mümkün olmadığından ödənilmədiyini, bununla belə hal-hazırda da tərəflər arasında daşıma münasibətlərinin davam etdiyini, İddiaçı MMC-nin onların məhsullarını Rusiyaya daşıdığını bildirmişdir. Cavabdeh iddiaçı tərəfindən həyata keçirilmiş daşımalardan biri-2020-ci ilin dekabr ayında Xaçmaz-Novorosiysk maşrutu üzrə həyata keçirilmiş daşımanın vaxtında icra edilməməsi, malın vaxtında təyinat yerinə çatdırılmaması, malın bir hissəsinin zay olması, malı qəbul etməli olan mağazalar şəbəkəsinin bu səbəbdən Cavabdeh MMC-ni 5293 ABŞ dolları 84 cent cərimə etməsi, nəticədə Cavabdeh MMC-nə 5293,84 ABŞ dolları məbləğində və 1456 ABŞ dolları, cəmi 6749 ABŞ dolları məbləğində maddi ziyan dəyməsi, habelə malın satışından götürüləcək 6800 manat gəlirin əldən çıxmasına dair dəlillər irəli sürərək yuxarıda qeyd edilən 4 daşımanın haqqının ödənilməsindən imtina etmiş, hazırda isə qarşılıqlı iddia ilə dəymiş zərərin əvəzinin iddiaçıdan tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11.06.2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Qeyd edilənlərə əsasən məhkəmə ilk növbədə işin yuxarıda qeyd edilən hallarından irəli gələn mübahisəni tərəflər arasında bağlanılmış 07.09.2020-ci il tarixli, 06/20 nömrəli daşıma və gömrük xidmətləri üzrə ümumi müqaviləyə əsasən həll edilməli olduğu qənaətinə gəlir. İddiaçının nümayəndəsi qarşılıqlı iddia üzrə dəlillərlə bağlı verilmiş suallara cavab olaraq həqiqətən də, 2020-ci ilin dekabr ayında Xaçmaz-Novorosiysk maşrutu üzrə həyata keçirilmiş daşıma zamanı nəqliyyat vasitəsinin xarab olduğunu, onun təmir edilib yenidən yükün təyinat yerinə çatdırıldığını, lakin bu sahədə mövcud olan təcrübəyə, habelə əksər hallarda daşıyıcının iradəsindən asılı olmayan səbəblərə görə gecikmələrin baş verə biləcəyi nəzərə alınaraq tərəflər arasında bağlanmış müqavilədə daşımanın müddəti barədə hər-hansı şərt razılaşdırılmadığını, daşıyıcı malı təyinat məntəqəsinə konkret olaraq hansı müddət ərzində çatdırılması ilə bağlı hər-hansı öhdəlik götürmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış 07.09.2020-ci il tarixli, 06/20 nömrəli daşıma və gömrük xidmətləri müqaviləsində və ona əlavələrdə yüklərin daşınmasının müddəti ilə bağlı hər-hansı müddəa nəzərdə tutulmamışdır. Qeyd edilən müqaviləyə həmin tarixli 1№-li əlavədə də yükləməyə 48 saat, boşaltmaya 72 saat vaxt verildiyi göstərilmiş, lakin yüklərin daşınmasının müddəti ilə bağlı hər-hansı müddəa nəzərdə tutulmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçının malın gec çatdırılması, bir hissəsinin xarab olması, habelə sifarişçi tərəfindən cərimələnməsi barədə müqavilədə nəzərdə tutulmuş 7 gün ərizəndə İddiaçı MMC-nin icraçı direktoru Vidadi Əsədova telefon vasitəsi ilə məlumat verilməsinə dair dəlillərinə münasibətdə isə iddiaçının nümayəndəsi E.X6 qeyd edilən məsələ ilə bağlı səlahiyyətli şəxs olmadığını, habelə V.Əsədova məxsus olduğu iddia edilən telefon danışığının səs yazısının mötəbər sübut kimi qəbul edilməsinin yolverilməz olduğunu bildirmiş, bununla belə həmin səs yazısında V.Əsədovun yalnız xarab olmuş malın pulunun veriləcəyini bildirdiyini, iddiaçının indi də cavabdehin xarab olmuş məhsulunun pulunu ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 10.10 və 200-cü maddələrinin tələblərini nəzərə almaqla qarşılıqlı iddia üzrə iddiaçının qanuni nümayəndəsi S.Məcidovun onunla İddiaçı MMC-nin icraçı direktoru olduğunu bildirdiyi Vidadi Əsədov arasında olan telefon danışığının səs yazısını həmin danışığın predmetinin hər hansı şəxsi xarakterli müzakirələr deyil, yalnız tərəflər arasında mövcud daşıma münasibətləri ilə bağlı məsələnin müzakirə edilməsi barədə olmasına dair izahatını, habelə V.Əsədovun hazırkı işdə har-hansı prosessual statusda iştirak etməməsini nəzərə almaqla məhkəmə iclasında tərəflərin iştirakı ilə dinləsə də, həmin sübutu (səs yazısını) tərəflər arasındakı müqavilənin 5.1, 5.2 və 6.4-cü bəndlərinin tələbləri baxımından müştərinin (Cavabdeh MMC) ekspeditora (İddiaçı MMC) qarşı iddiasının müqavilə ilə müəyyən edilmiş müddət ərzində və müəyyən edilmiş qaydada irəli sürməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, qeyd edilən bəndlərin şərtlərinə əsasən müqavilə üzrə meydana çıxan iddialar etirazın verilməsi səbəbi yarandığı gündən etibarən 7 gün ərzində irəli sürülməlidir. İddianın verilmə tarixi, məktubu qəbul etmiş poçt təşkilatının vurduğu ştempelin tarixi sayılır. Bundan əlavə, müqaviləyə əsasən sifariş və digər sənədlər tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən tərəflərin müqavilədə göstərilən ünvanına göndərilməlidir. Göründüyü kimi, müqavilə şərtləri tərəflərin müvafiq iddialarını 7 gün ərzində yazılı şəkildə, səlahiyyətli nümayəndənin imzası ilə digər tərəfin müqavilədəki ünvanına göndərilməsini nəzərdə tutur. Cavabdeh MMC tərəfindən qeyd edilən şərtlərə əməl edilməklə İddiaçı MMC-yə qarşı daşıma müqaviləsindən irəli gələn yuxarıda qeyd edilən tələblərin irəli sürülməsi iş materialları ilə öz təsdiqini tapmır. İşin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilmiş sübutlar, habelə tərəflərin nümayəndələrinin izahatları ilə ilkin iddia tələbi öz təsdiqini tapdığından, qarşılıqlı iddia tələbində göstərilən dəlillər isə təkzib olunduğundan İddiaçı MMC –nin Cavabdeh MMC-dən 12325 (on iki min üç yüz iyirmi beş) manat tutulmasına dair ilkin iddiası təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh MMC-nin qarşılıqlı iddiasının müvafiq dəlilləri işin yuxarıda təsvir edilən hallarına görə öz təsdiqni tapmadığından, bununla belə ilikin iddia üzrə iddiaçının nümayəndəsinin İddiaçı MMC-nin Cavabdeh MMC-nin xarab olmuş məhsullarının dəyərinin ödənilməsinə əvvəlcədən razı olduğunu bildirməsini nəzərə alaraq, habelə təqdim olunmuş sənədlər əsasında və tərəflərin nümayəndələrinin izahatlarına əsasən xarab olmuş 1278,8 kq xurma məhsulunun dəyərinin 1432,26 ABŞ dolları (1 kq 1,120 ABŞ dolları olmaqla) olmasını nəzərə almaqla, qarşılıqlı iddia qismən, yəni İddiaçındən 1432,26 (min dörd yüz otuz iki dollar 26 sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq Cavabdehnə ödənilməsinə dair hissədə təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı göndərilən malı qəbul etməli olan mağazalar şəbəkəsinin Cavabdeh MMC-ni 5293 ABŞ dolları 84 cent cərimə etməsi barədə müvafiq sənədlərin surətlərini təqdim etsə də, həmin halların məhz İddiaçı MMC-nin müqavilə şərtlərinə əməl etməməsi nəticəində baş verməsi ilə bağlı mötəbər sübutları, habelə bu barədə iddialarının (dəymiş zərərin ödənilməsinə dair tələbin) müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada İddiaçı MMC-yə qarşı irəli sürülməsini təsdiq edən hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehndən 12325 (on iki min üç yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 12355 (on iki min üç yüz əlli beş) tutularaq İddiaçınə ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1432,26 (min dörd yüz otuz iki dollar 26 sent) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 4 manatı İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-724/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-724/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver