Məhkəmə qərarları › İş №e-2-2(119)-73/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-73/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-73/2021 13.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-dən ümumilikdə 407.945,00 manat əsas borcun, 175.602,75 manat cərimənin və 30 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 28.04.2020-ci il tarixində cavabdeh “Kaspian Group LTD” (“xxxx”) MMC ilə iddiaçı “xxxx” MMC (“Alıcı”) arasında KGL/2804 saylı alğı-satqı müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən xxxx təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - Razılaşma Protokolları ilə müəyyən olunan malları Müqavilə ilə razılaşdırılmış şərtlərlə Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib qarşılığında Müqavilə ilə razılaşdırılmış pul məbləğini (Malların dəyəri) xxxxya ödəməyi öhdəsinə götürür. Həmin Müqaviləyə 08.06.2020-ci il tarixli 01 saylı Razılaşma Protokolu bağlanmışdır. 01 saylı Protokolun şərtlərinə əsasən Cavabdeh MMC “xxxx” MMC-yə tonu 2100 manat olmaqla, ümumilikdə 200 ton preslənmiş alüminium məftil satmağı, “xxxx” MMC isə əvəzində ümumilikdə ƏDV xaric 420.000 (dörd yüz iyirmi min) manatı həcmində məbləği Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 01 saylı Protokol üzrə ödəniş şərti “xxxxnın təqdim etdiyi bank qarantiyası (126.000 AZN dəyərində) əsasında, həmin bank qarantiyası təqdim edildikdən sonra 30% avans ödəniş, qalıq 70% ödəniş isə mal Alıcıya tam təhvil verildikdən sonra” qaydasında razılaşdırılmışdır. 01 saylı Protokolun şərtlərinə əsasən X2 qüvvəyə mindikdən sonra 25 təqvim günü müddətində çatdırılmalı idi. Bank qarantiyası təqdim edilməməsinə baxmayaraq, Alıcı tərəfindən xxxxya 01 saylı Protokol üzrə 126.000,00 (yüz iyirmi altı min) manatı məbləğində avans ödəniş edilmişdir. 01 saylı Protokolun “xxxx” MMC tərəfindən 18.06.2020-ci il tarixində imzalanması ilə qüvvəyə minməsi nəzərə alınmaqla, Mallar 14.07.2020 tarixinədək Alıcıya çatdırılmalı idi. Lakin, bugünkü tarixədək 01 saylı Protokol üzrə razılaşdırılmış mallar Alıcıya çatdırılmamış, beləliklə, xxxx öhdəliklərini icra etməmişdir. Hazırda 01 saylı Protokol üzrə xxxx öhdəliklərini icra etmədiyinə görə Alıcıya 126.000,00 (yüz iyirmi altı min) manatı avans olaraq ödənilmiş məbləği, eləcə də Müqavilənin 6.6-cı bəndinə uyğun olaraq, pretenziya məktubunun tərtib olunduğu 25.08.2020-ci il tarixinədək (42 gecikmə günü üçün) hesablanmış 88.200,00 (səksən səkkiz min iki yüz) manatı cərimə məbləğini ödəməlidir. İddia ərizəsində daha sonra göstərilir ki, 16.06.2020-ci il tarixdə müqaviləyə 02 saylı Razılaşma Protokolu bağlanmışdır. 02 saylı Protokolun şərtlərinə əsasən Cavabdeh MMC “xxxx” MMC-yə tonu 2.819,45 manatı olmaqla, ümumilikdə 200 ton Alüminium A8 (99.86% külçə) satmağı, “xxxx” MMC isə əvəzində ümumilikdə ƏDV xaric 563.890,00 (beş yüz altmış üç min səkkiz yüz doxsan) manatı məbləğini Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 02 saylı Protokol üzrə ödəniş şərti “50% avans ödəniş, qalıq 50% ödəniş mal Alıcıya tam təhvil verildikdən sonra” qaydasında razılaşdırılmışdır. 02 saylı Protokolun şərtlərinə əsasən X2 qüvvəyə mindikdən sonra 30 gün müddətində çatdırılmalı idi. Alıcı tərəfindən xxxxya 02 saylı Protokol üzrə 281.945,00 (iki yüz səksən bir min doqquz yüz qırx beş) manatı məbləğində avans ödəniş edilmişdir. 02 saylı Protokolun “xxxx” MMC tərəfindən 25.06.2020-ci il tarixində imzalanması ilə qüvvəyə minməsi nəzərə alınmaqla, Mallar 25.07.2020-ci il tarixinədək Alıcıya çatdırılmalı idi. Lakin, bugünkü tarixədək razılaşdırılmış mallar alıcıya çatdırılmamış, xxxx 02 saylı Protokol üzrə də öhdəliklərini icra etməmişdir. Hazırda 02 saylı Protokol üzrə xxxx öhdəliklərini icra etmədiyinə görə Alıcıya 281.945 (iki yüz səksən bir min doqquz yüz qırx beş) manat avans ödənilmiş məbləği, eləcə də Müqavilənin 6.6-cı bəndinə uyğun olaraq, Pretenziya məktubunun tərtib olunduğu 25.08.2020-ci il tarixədək (31 gecikmə günü üçün) hesablanmış 87.402,75 (səksən yeddi min dörd yüz iki manatı, yetmiş beş qəpik) manat cərimə məbləğini ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetrilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və Müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Müqavilə üzrə öhdəliklərini pozduğuna görə cavabdehə 25.08.2020ci il tarixdə KGL/2804/PT/01 saylı pretenziya məktubu ünvanlanmış və həmin məktubunun alındığı tarixdən etibarən 5 (beş) təqvim günü ərzində “xxxx” MMC-nin Müqavilədə qeyd edilmiş bank hesabına ümumilikdə 407.945,00 (dörd yüz yeddi min doqquz yüz qırx beş manat, 00 qəpik) manat məbləğində əsas borcun, 175.602,75 manat məbləğində cərimənin ödənilməsi tələb olunmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən pretenziya məktubunda tələb edildiyi kimi iddiaçının hesabına hər hansı ödəniş mədaxil edilməmişdir. Pretenziya məktubundan sonra cavabdeh tərəfindən 09.09.2020-ci il tarixdə “xxxx” MMC-nin ünvanına 07.09.2020-ci il tarixli 0012 saylı müraciət məktubu daxil olmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin kobud şəkildə pozulması nəticəsində “xxxx” MMC-yə ciddi maddi ziyan dəymiş, çoxsaylı müştəriləri qarşısında qeyd olunan səbəbə görə öhdəliklərinin yerinə yetirilməməsi iddiaçını çətin vəziyyətə salaraq istehsal prosesini ləngitmişdir. Bu kimi hallar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin malik olduğu nüfuzuna ciddi zərbə vurur və qəbuledilməzdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Səfərli iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, Çin Xalq Respublikasında yerləşən şirkətin Cavabdeh MMC qarşısında olan öhdəliklərini yerinə yetirmədiyindən onların da öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyini, hazırda öhdəliyi yerinə yetirmək üçün Ukraynada yerləşən hüquqi şəxslə müqavilə bağlanıldığını və ödənişlərin edildiyi bildirərək iddianın təmin olunmamasını məhkəmədən edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx”) arasında bağlanmış 28.04.2020-ci il tarixli KGL/2804 nömrəli alqı-satqı müqaviləsi nin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xxxx təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - Razılaşma Protokolları ilə müəyyən olunan malları Müqavilə ilə razılaşdırılmış şərtlərlə Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib qarşılığında Müqavilə ilə razılaşdırılmış pul məbləğini (Malların dəyəri) xxxxya ödəməsi təşkil edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən malları müqavilə ilə razılaşdırılmış müddətdə, mallara dair təhvil təslim aktını və elektron qaimə-fakturanı alıcıya təhvil vermək xxxxnın öhdəlikləridir. Həmin müqavilənin 5.2.3 –cü bəndinə əsasən təhvil aldığı malların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək alıcının ödəliyidir. Həmin müqavilənin 6.2 və 6.3-cü bəndlərinə əsasən tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyindən, müqavilədən və alqı-satqının mahiyyətindən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə və müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.6 –cı bəndinə əsasən xxxx müqavilə üzrə malların verilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə müvafiq mallara görə ödənilməli olan məbləğin 0,5 (sıfır tam onda beş) faiz həcmində alıcıya cərimə ödəməlidir. Cərimənin ödənilməsi xxxxnı müqavilə üzrə digər öhdəliklərin icrasından azad etmir. İş materiallarında olan 08.06.2020-ci il tarixli 01 nömrəli razılaşma protokolundan görünür ki, “xxxx” Cavabdeh MMC “Alıcı” “xxxx” MMC-yə tonu 2100,00 manatı olmaqla, ümumilikdə 200 ton preslənmiş alüminium məftil satmağı, “xxxx” MMC isə əvəzində ümumilikdə 420.000 (dörd yüz iyirmi min) manatı (ƏDV xaric) həcmində məbləği «Cavabdeh” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin protokolun ödəniş şərtinə əsasən xxxxnın təqdim etdiyi bank qarantiyası (126.000 AZN dəyərində) əsasında, həmin bank qarantiyası təqdim edildikdən sonra 30% avans ödəniş, qalıq 70% ödəniş isə mal “Alıcı”ya tam təhvil verildikdən sonra həyata keçirilir. Həmin protokola əsasən mallar “Alıcı”ya protokol qüvvəyə mindikdən sonra 25 təqvim günü müddətində çatdırılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş “xxxx” ASC vasitəsi ilə həyata keçirilmiş 19.06.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 126.000 manat ödənilmişdir. Bundan əlavə, iş materiallarında olan 16.06.2020-ci il tarixli 02 nömrəli razılaşma protokolun şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə tonu 2.819,45 manatı olmaqla, ümumilikdə 200 ton alüminium A8 (99.86% külçə) satmağı, “xxxx” MMC isə əvəzində ümumilikdə 563.890 (beş yüz altmış üç min səkkiz yüz doxsan) manatı (ƏDV xaric) məbləğini Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Həmin protokol üzrə ödəniş şərti “50% avans ödəniş, qalıq 50% ödəniş mal Alıcıya tam təhvil verildikdən sonra” qaydasında razılaşdırılmışdır. Həmin protokolun şərtlərinə əsasən mallar “Alıcı”ya protokol qüvvəyə mindikdən sonra 30 gün müddətində çatdırılmalıdır. “xxxx” ASC vasitəsi ilə həyata keçirilmiş 29.06.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 281.945 manat ödənilmişdir. İşin yuxarıda qeyd edilən hallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən 28.04.2020-ci il tarixli KGL/2804 nömrəli alqı-satqı müqaviləsi, habelə 08.06.2020-ci il tarixli 01 nömrəli və 16.06.2020-ci il tarixli 02 nömrəli razılaşma protokollarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, yəni mallar alıcıya təhvil verilməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru F.Əliyev tərəfindən “xxxx” MMCə ünvanlanmış 07.09.2020-ci il tarixli 0012 nömrəli müraciətdə yuxarıda qeyd edilən müqavilənin və razılaşmaların bağlanılması, habelə “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ösənişlərin edilməsi təsdiq olunaraq, Cavabdeh MMC tərəfindən Çin Xalq respublikası ilə 21.05.2020-ci il KGBZ 2105 nömrəli 21.05.2020-cii il tarixli müqavilə bağlandığı, həmin müqaviləyə əsasən “XİNGTAİ BAOZHUO METAL MATERİAL SALES CO.LTD” şirkətinə 25 iyun 2020-ci il tarixdə 68.800( altmış səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində alüminum məftil üçün ödəniş olunduğu, 07.07.2020-ci il tarixdə 89.440 (səksən doqquz min dörd yüz qırx) ABŞ dolları məbləğində alüminum külçə üçün ödəniş olunduğu, lakin, şirkət tərəfindən dəfələrlə olunan rəsmi müraciətlərə baxmayaraq Çin Xalq Respublikasında yerləşən zavod tərəfindən malların göndərilməsi ilə əlaqədar gecikdirmələr olduğu göstərilmişdir. Məktubda daha sonra göstərilir ki, bu gecikdirmələrdən sonra Çin Xalq Respublikasının Azərbaycanda yerləşən konsulluğuna və Ticarət Palatasına müraciət edilmişdir ki, malları və ya ödənilən məbləğlər geri qaytarılsın. Həmin məktubda Cavabdeh MMC şirkəti iddiaçıya Rusiya Federasiyasından Alüminium məftil qırıntısı təklifi etmiş, Rusiya Federasiyası ilə rəsmi danışıqlar aparıldığı, danışıqların nəticəsi barədə bir neçə günə «xxxx» MMC-yə məlumat veriləcəyi bildirilmiş, bu təklifin nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə xxxx əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə xxxx verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 407.945 (dörd yüz yeddi min doqquz yüz qırx beş) manat əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddianın “175.602,75 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi həmin maddədə mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 6.6-cı bəndində xxxxnın müqavilə üzrə malların verilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə müvafiq mallara görə ödənilməli olan məbləğin 0,5 (sıfır tam onda beş) faiz həcmində alıcıya cərimə ödəməli olması müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla tərəflər arasında razılaşdırılmışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hətta iddiaçı tərəfindən təqdim edilmiş və mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş cavabdeh təşkilatın rəhbəri Əliyev Firdovsinin adından mailto:kaspiangroop@mail.ruElektron ünvan elektron poçt ünvanından iddiaçı təşkilatın təchizat qrup rəhbəri Elşən Mirzəyevin məktubuna 2 iyun 2020-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, KGL/2804 saylı alğı-satqı müqaviləsinin 6.6 bəndini nəzərə alaraq malın çatdırılmasında geçikmələr olarsa Cavabdeh şirkəti gecikdirilən hər günə görə müvafiq mallara görə ödənilməli olan məbləğin 0,5 (sıfır tam onda beş) faizində cərimə olması ilə razılaşır. İşin qeyd edilən hallarından çıxış edərək məhkəmə bir tərəfdən hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğinin onun öz pul vəsaiti olmasını və hazırkı iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsinədək uzun müddət ərzində həmin pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmamasını, eyni zamanda bu halın cavabdehin dəlillərində göstərilən hallarla bağlı olmasının (üçüncü tərəfin öz öhdəliklərini icra etməməsi) istisna olunmadığını nəzərə alaraq həm kreditorun əmlak mənafelərini, həm də borclunun mənafeyini nəzərə almaqla tələb olunan 175.602,75 manat cərimə məbləğinin azaldılaraq 40.000 (qırx min manat) müəyyənləşdirilməsini qanuni və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 407.945 (dörd yüz yeddi min doqquz yüz qırx beş) manat əsas borc, 40.000 (qırx min) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumulikdə 447.975 (dörd yüz qırx yeddi min doqquz yüz yetmiş beş) manat pul vəsaiti tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (ay) müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar