Məhkəmə qərarları › İş №e-2-2(119)-739/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-739/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-739/2025 15.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat məbləğində əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində sığorta haqqı borcu, 180 (yüz səksən) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzi, lizinq obyektinin satışından yaranmış 3513,17 (üç min beş yüz on üç manat on yeddi qəpik) manat fərq məbləği olmaqla, cəmi 4867,29 (dörd min səkkiz yüz altmış yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində borcun və 68,67 (altmış səkkiz manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alan X5 arasında bağlanmış 03 iyun 2022-ci il tarixli BAKU1-53840- 20977 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən X3 istifadəsinə sedan tipli, ban KNAFT41BEAA001135, M.İ.H. 1598 sm3, gümüşü metallik rəngli, buraxılış ili 2009-cu il, “Kia Forte minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 19586,06 (on doqquz min beş yüz səksən altı manat altı qəpik) manat, onlardan 11000 (on bir min) manat lizinqin məbləği, 2100 (iki min yüz) manat avans məbləği və 6486,06 (altı min dörd yüz səksən altı manat altı qəpik) manat lizinq verənin mükafatı təşkil etmişdir. Tərəflər arasında imzalanmış 03 iyun 2022-ci il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində X5 tərəfindən aylıq 485 (dörd yüz səksən beş) manat ödənilməsi müəyyən olunmuşdur. 26 dekabr 2022-ci il tarixində X5 ilə Cavabdeh arasında 03 iyun 2022-ci il tarixli BAKU1-53840-20977 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair Saziş” bağlanmış və ilkin lizinq alanın hüquq və öhdəlikləri sonrakı lizinq alan Cavabdeh keçmişdir. Daha sonra Cavabdeh ilə qeyd edilən sazişi həmçinin iddiaçı imzalamış və sonrakı lizinq alana lizinq predmetinin yeni sahibi barədə məlumat AR DİN BDYPİ-nə təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 29 may 2023-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat cari əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat cari faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi bir qəpik) manat iddiaçı tərəfindən ödənilmiş kasko sığorta haqqı borcu və “Yol hərəkəti qaydaları haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimə borcu üzrə ödənilmiş 180 (yüz səksən) manat əvəzi olmaqla, cəmi 1354,12 (min üç yüz əlli dörd manat on iki qəpik) manat borc qaytarılmamışdır. Daxili maliyyə lizinqi müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada 29 may 2023-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmış, lakin müvafiq akt imzalanmamışdır. Lizinq verən lizinq obyektini geri aldıqda ödənilməmiş əsas borc 8843,17 (səkkiz min səkkiz yüz qırx üç) manat təşkil etdiyi üçün iddiaçı həmin dəyərlə balansına qəbul etmişdir. Daha sonra lizinq obyektini ƏDV daxil 6500 (altı min beş yüz) manata, yəni 1170 (min yüz yetmiş) manat ƏDV ödəməklə əslində 5330 (beş min üç yüz otuz) manata satmışdır. Bu zaman 3513,17 (üç min beş yüz on üç) manat fərq yaranmışdır. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsi qüvvədə olduğu müddətdə yol hərəkət qaydalarını pozmuş və buna görə də tətbiq edilən cərimələri ödəməmişdir. Cavabdeh eyni zamanda müqavilə şərtlərinə uyğun olaraq lizinq obyektini kasko sığorta etdirmək vəzifəsini də icra etməmişdir. Beləliklə, cavabdeh müqavilənin 10.2.8 və 10.2.10-cu bəndlərinin tələbini pozmuşdur. Daxili maliyyə lizinqi müqaviləsinin 9.1.6-cı bəndinə əsasən lizinq verən lizinq obyektinin sığortalanması üzrə, 9.1.9-cu bəndinə əsasən isə yol hərəkəti qaydalarının pozulması ilə bağlı özünün çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Daxili maliyyə lizinqi müqaviləsinin 20.7-ci bəndinin tələbinə görə “lizinq obyektinin satışından əldə edilən məbləğ lizinq müqaviləsinin ləğvi məbləğindən azdırsa, lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir, lizinq müqaviləsinin ləğvi məbləğinin izahı daxili maliyyə lizinqi müqaviləsinin 7-ci bəndində verilmişdir. Həmin bənddə göstərilir ki, lizinq müqaviləsinin ləğvi məbləğləri – lizinq alanın öhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq оbyеktinin cari dəyəri, lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv еdilməsi gününə lizinq alan tərəfindən ödənilməli оlan cərimə və/və ya pеnya, lizinq оbyеktinin gеri alınması və satışı, müqavilənin icrası nəticəsində lizinq vеrənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı lizinq vеrənin zərər və itkilərinin ödənilməsi üçün lazım оlan məbləğ daxildir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 28 aprel və 12 avqust 2025-ci il tarixlərdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələr təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat məbləğində əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində sığorta haqqı borcu, 180 (yüz səksən) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzi, lizinq obyektinin satışından yaranmış 7404,56 (yeddi min dörd yüz dörd manat əlli altı qəpik) manat fərq məbləği olmaqla, cəmi 8758,68 (səkkiz min yeddi yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində borcun və 107,6 (yüz yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 24 iyun 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh Əlisafa oğlu iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2023-cü ilin sonlarında buraxılış ili 2009-cu il olan, “Kia Forte” minik markalı nəqliyyat vasitəsini aylıq istifadəyə götürülməsinə dair razılığa gəlmişlər. Tərəflər arasında razılığa əsasən onun aylıq ödənişi 602 manat məbləği civarında olmuş və avtomaşını idarə etmək üçün iddiaçı hər ay ona etibarnamə verilmişdir. O, 4 ay müddətində ödəniş qrafiki üzrə hər ay 602 manat, cəmi isə 2408 manat iddiaçıya ödəmiş, daha sonra isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə yekun vuraraq, avtomaşını texniki cəhətdən saz və qüsursuz vəziyyətdə onun Bakı şəhərində (28 Mayda) yerləşən mərkəzi ofisinə apararaq duracağa qoymuş, iddiaçının əməkdaşları avtomaşını hərtərəfli müayinə edərək heç bir iradlarının olmamasını və sonda razılaşmaya (öhdəliyə) xitam verildiyini bildirmişlər. İddiaçı özü də iddia ərizəsində daxili maliyyə lizinqi müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada 29 may 2023-cü il tarixdə ləğv edildiyini və lizinq obyekti qaytarıldığını, lakin müvafiq akt imzalanmadığını qeyd edir. İddiaçı tərəfindən ona hər hansı bir aktın imzalanması təklif edilməmişdir. Bundan başqa, iddiaçının guya onun tərəfindən ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılmasının dəfələrlə pozulmasına dair qeyd etdikləri həqiqəti özündə əks etdirmir. Eyni zamanda cavabdehin “Yol hərəkəti qaydaları haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı ona tətbiq edilmiş inzibati cərimə borcunun iddiaçı tərəfindən ödənilməsi ilə bağlı qeyd edir ki, sozügedən avtomaşının onun istifadəsində olan 4 ay ərzində onun tərəfindən heç bir yol hərəkəti qaydası pozulmamışdır. Əgər iddiaçının tətbiq edilən cərimənin onun işlədiyi dövrə (2023cü ilin yanvar-aprel ayları) aid olmasına dair hər hansı bir sübutu varsa, onda onu məhkəməyə təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin iddiaçının lizinq obyektinin satışından yaranmış fərq məbləğini cavabdehdən tələb etməsi də absurd tələbdir. Həmin məhkəmə iclasında Cavabdeh Əlisafa oğlu verdiyi izahatında iddia tələbini yalnız 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat məbləğində əsas borcun və 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində qəbul etdiyini, qalan hissələrdə razı olmadığını bildirmişdir. O, 26 dekabr 2022-ci il tarixdə iddiaçı ilə X5 arasında Əlavə saziş imzalanaraq lizinq müqaviləsinin ümumi məbləği 23787,94 manat razılaşdırılmasından məlumatı olmadığını qeyd etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15 yanvar 2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh Əlisafa oğlu və üçüncü şəxs X5 məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələri, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alan X5 arasında bağlanmış 03 iyun 2022-ci il tarixli BAKU1-53840-20977 nömrəli daxili maliyyə lizinq müqaviləsinin 1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri: markası və modeli Kia Forte minik, tipi sedan, rəngi gümüşü metalik, buraxılış ili 2009, ban nömrəsi KNAFT41BEAA001135, mühərrikin həcmi 1598, qeydiyyat nişanı **-PU-***. Həmin müqavilənin 2-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 19586,06 manat, lizinq verənin mükafatı 6486,06 manat, avans məbləği 2100 manat, lizinqin məbləği 11000 manat təşkil edir. Həmin müqavilənin 9.1.6-cı bəndinə əsasən lizinq verən lizinq alandan bu müqavilə ilə şərtləndirilmiş qaydada və məbləğdə avansın və kasko sığorta üzrə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 9.1.9-cu bəndinə əsasən lizinq verən lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələr lizinq alan tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə lizinq alana lizinq obyektinin idarə edilməsi üçün yeni etibarnamənin verilməsindən imtina edə bilər. Bundan əlavə, lizinq verən lizinq alanı xəbərdar etmədən və onun razılığı olmadan lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələri öz hesabına ödəyə bilər və həmin ödənilmiş məbləği lizinq ödənişləri hesabına ödəmək hüququna malikdir. Həmin müqavilənin 10.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 10.2.8-ci bəndinə əsasən lizinq müqaviləsində göstərilən şərtlərlə lizinq obyektini lizinq müqaviləsinin qüvvədə olduğu müddətə sığortalamaq və ya lizinq verənin kasko sığorta üzrə çəkdiyi xərci ən geci ilk lizinq ödənişi ilə birlikdə qaytarmaq lizinq alanın vəzifəsidir. Həmin müqavilənin 10.2.10-cu bəndinə əsasən lizinq obyektinə aid olan bütün məsələlər və hallar barədə vaxtında məlumat vermək, lizinq obyektinin istifadəsi ilə bağlı yol hərəkət qaydalarının pozulması ilə əlaqədar yaranan cərimələri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəmək lizinq alanın vəzifəsidir. Həmin müqavilənin 20.9-cu bəndinə əsasən lizinq obyekti satıldığı halda onun satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa, lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 20.10-cu bəndinə əsasən lizinq obyekti yenidən lizinqə verildiyi halda lizinq obyektinin yenidən qiymətləndirilməsi zamanı müəyyən edilən dəyəri əvvəlki lizinq müqaviləsinin ləğvi məbləği ilə müqayisə edilir. Lizinq obyektinin dəyəri lizinq müqaviləsinin ləğvi məbləğindən az olduqda lizinq alan yaranmış fərqi lizinq verənə ödəməyə borcludur. İş materiallarında olan lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alan X5 arasında imzalanmış 26 dekabr 2022-ci il tarixli Əlavə sazişdən görünür ki, 03 iyun 2022-ci il tarixli BAKU1-53840-20977 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə “lizinq müqaviləsinin ümumi məbləği 23787,94 manat, lizinq verənin mükafatı 7687,94 manat, lizinqin müddəti 42 ay” olaraq razılaşdırılmışdır. İş materiallarında olan sonrakı lizinq alan Cavabdeh Əlisafa oğlu, lizinq verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ilkin lizinq alan X5 arasında bağlanmış 26 dekabr 2022ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərin verilməsinə dair sazişə əsasən ilkin lizinq alan lizinq verənin razılığı ilə 03 iyun 2022-ci il tarixli BAKU1- 53840-20977 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini sonrakı lizinq alan verir, sonrakı lizinq alan isə bu sazişlə müəyyən edilmiş haqqı ilkin lizinq alana ödəyərək bütün hüquq və öhdəlikləri qəbul edir. İş materiallarında olan Cavabdeh Əlisafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X7 tərəfindən imzalanmış 26 dekabr 2022-ci il tarixli GARA-22381-21909 nömrəli təhvil-təslim aktından görünür ki, 26 dekabr 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərin verilməsinə dair sazişə əsasən ilkin lizinq alan X7 “Kia Forte” minik markalı, sedan tipli, gümüşü metallik rəngli, buraxılış ili 2009, ban nömrəsi KNAFT41BEAA001135, qeydiyyat nişanı **-PU-*** olan nəqliyyat vasitəsini sonrakı lizinq alan Cavabdeh Əlisafa oğluna təhvil verir, sonrakı lizinq alan isə həmin obyekti qəbul edir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh Əlisafa oğlunun hər ay 602 manat olmaqla 36 ayadək, yəni 26 dekabr 2025-ci il tarixədək cəmi 14774,46 manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X6 arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Kia Forte” minik markalı, sedan tipli, gümüşü metallik rəngli, buraxılış ili 2009, ban nömrəsi KNAFT41BEAA001135, qeydiyyat nişanı **-PU-*** olan nəqliyyat vasitəsini ƏDV daxil 6500 manata X1. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin təhvil-təslim edilməsi haqqında aktdan görünür ki, “Kia Forte” minik markalı, sedan tipli, gümüşü metallik rəngli, buraxılış ili 2009, ban nömrəsi KNAFT41BEAA001135, qeydiyyat nişanı **- PU-*** olan nəqliyyat vasitəsi X4 təhvil verilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli **********3 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən “Kia Forte” minik markalı, qeydiyyat nişanı **- PU-*** olan nəqliyyat vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində 14000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan 25 may 2023-cü il tarixli C42860646 nömrəli invoys sənədində göstərilir ki, **********3 nömrəli sığorta müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə C42860646 saylı hesaba əsasən 571,20 manat sığorta haqqı ödənilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02 iyun 2023-cü il tarixli 001XOH********** nömrəli ödəniş sənədindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 8734,56 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 28 aprel 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 26 dekabr 2022-ci il tarixli GARA-22381-21909 nömrəli müqavilə üzrə 28 aprel 2025-ci il tarixinə Cavabdeh Əlisafa oğlunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 266,15 manat əsas borc, 336,77 manat faiz borcu, 571,2 manat sığorta haqqı, DYP cəriməsi üzrə 180 manat olmaqla, cəmi 1354,12 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, yol hərəkəti qaydalarının pozulmasına görə 07 sentyabr 2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən 45 manat məbləğində inzibati cərimə ödənilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2025-ci il tarixli 9/4370 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh 03 iyun 2022-ci il tarixli BAKU1-53840-20977 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin, BAKU1-53840- 20977 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə 26 dekabr 2022-ci il tarixli əlavə sazişin və ilkin lizinq alan (X5), sonrakı lizinq alan (Cavabdeh Əlisafa oğlu) və "xxxx" BOKT MMC (lizinq veren) arasında bağlanmış 03 iyun 2022-ci il tarixli BAKU1- 53840-20977 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə "Hüquq və öhdəliklərin verilməsinə dair" 26 dekabr 2022-ci il tarixli Saziş üzrə 25 yanvar 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək olan müddətdə ümumilikdə 2408 manat məbləğində ödəniş etmişdir. Ödəniş qrafiki məlumatlarında ümumi ödəniş məbləğinin hansı hissəsinin lizinq məbləği, hansı hissəsinin isə mükafatdan ibarət olması öz əksini tapmadığından, əsas və faiz (mükafat) borcunu ayırmaq mümkün olmadı. Cavabdeh 29 may 2023-cü il tarixə lizinq verənə olan borcu 602 manat (3010 manat - 2408 manat) məbləğində müəyyən edilir. Ödəniş qrafiki məlumatlarında ümumi ödəniş məbləğinin hansı hissəsinin lizinq məbləği, hansı hissəsinin isə mükafatdan ibarət olması öz əksini tapmadığından, əsas və faiz (mükafat) borcunu ayırmaq mümkün olmadı. Cavabdeh 03 iyun 2022-ci il tarixli BAKU1-53840-20977 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin, BAKU1-53840-20977 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə 26 dekabr 2022-ci il tarixli Əlavə Sazişin və ilkin lizinq alan (X5), sonrakı lizinq alan (Cavabdeh) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizing verǝn) arasında bağlanmış 03 iyun 2022-ci il tarixli BAKU1-53840-20977 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə "Hüquq və öhdəliklərin verilməsinə dair 26 dekabr 2022-ci il tarixli Saziş üzrə 25 yanvar 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək olan müddətdə ümumilikdə 2408,0 manat məbləğində ödəniş etmişdir, lakin ödəniş qrafikindən göründüyü kimi 26 dekabr 2025-ci il tarixədək ümumilikdə 21687,94 manat məbləğində ödəniş aparılmalı idi. Beləliklə, Cavabdeh müqavilə müddətinin bitdiyi tarixə Lizinqverǝnə olan borcu 19279,94 manat (21687,94 manat - 2408,0 manat) məbləğində müəyyən edilir. Ödəniş qrafiki məlumatlarında ümumi ödəniş məbləğinin hansı hissəsinin lizinq məbləği, hansı hissəsinin isə mükafatdan ibarət olması öz əksini tapmadığından, əsas və faiz (mükafat) borcunu ayırmaq mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. - 748-10.2-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə müəyyən edir ki, tərəflər arasında hüquq münasibətləri 03 iyun 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi, həmin müqaviləyə 26 dekabr 2022-ci il tarixli hüquq və öhdəliklərin verilməsinə dair saziş əsasında yaranmışdır. Cavabdeh qeyd olunan sazişə əsasən ilkin lizinq alanın bütün hüquq və öhdəliklərini, o cümlədən borc öhdəliklərini qəbul etmişdir ki, bu hal iş materiallarında olan yazılı sübutlarla təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən lizinq ödənişlərinin vaxtında və tam şəkildə icra edilməməsi nəticəsində iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır. Bu hal Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2025-ci il tarixli 9/4370 nömrəli ekspert rəyində də öz əksini tapmışdır. Həmin rəyə əsasən, 29 may 2023-cü il tarixinə cavabdehin lizinq verən qarşısında 602 manat məbləğində gecikmiş ödəniş borcu mövcud olmuşdur. Eyni zamanda 266,15 manat əsas borc və 336,77 manat faiz borcu cavabdeh tərəfindən məhkəmə iclasında qəbul edilmişdir. Bu baxımdan məhkəmə iddia tələbinin “266,15 manat məbləğində əsas borcun və 336,77 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsində əsaslı olduğu qənaətinə gəlir. İddia tələbinin “571,2 (beş yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində sığorta haqqı borcunun tutulması” ilə bağlı hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, daxili maliyyə lizinqi müqaviləsinin 10.2.8-ci bəndinə əsasən lizinq obyektinin kasko sığortalanması lizinq alanın vəzifəsidir. Cavabdeh bu öhdəliyi icra etmədiyindən, lizinq verən tərəfindən sığorta haqqının ödənilməsi və həmin məbləğin cavabdehdən tələb edilməsi müqavilə şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğundur. Bu səbəbdən cavabdehdən 571,20 manat məbləğində sığorta haqqının iddiaçının xeyrinə tutulması tələbi əsaslı hesab edilir. İddia tələbinin “180 (yüz səksən) manat məbləğində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilmiş inzibati cərimənin əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, daxili maliyyə lizinqi müqaviləsinin 9.1.9 və 10.2.10cu bəndlərinə əsasən lizinq obyektinin istifadəsi nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar yaranan inzibati cərimələrin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməsi lizinq alanın vəzifəsidir. Müqaviləyə əsasən lizinq verən belə cərimələri öz hesabına ödədiyi halda, həmin məbləğin lizinq alandan tutulmasını tələb etmək hüququna malikdir. Lakin mülki prosessual qanunvericiliyin tələbinə görə, iddiaçı iddia etdiyi halları sübut etməlidir. Bu baxımdan, inzibati cərimə məbləğinin cavabdehdən tutulması üçün iddiaçı həmin cərimələrin cavabdehin lizinq obyektindən faktiki istifadə etdiyi dövrə aid olmasına dair sübutlar tədim etməlidir. Məhkəməyə təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 07 sentyabr 2023-cü il tarixdə ümumilikdə 180 manat məbləğində inzibati cərimə ödənilmişdir. Lakin inzibati xəta haqqında qərarlar, həmin cərimələrin tətbiq edilmə tarixinə dair sübutlar, habelə cərimələrin cavabdehin lizinq obyektindən istifadə etdiyi dövrə aid olmasını təsdiq edən hər hansı rəsmi sənəd iş materiallarında mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, bu hissədə iddia tələbi sübut olunmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “lizinq obyektinin satışından yaranmış 7404,56 (yeddi min dörd yüz dörd manat əlli altı qəpik) manat fərq məbləğinin tutulması” hissəsinə münasibətdə həm tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin müvafiq şərtlərini, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 750-ci maddəsinin imperativ tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Daxili maliyyə lizinqi müqaviləsinin 20.9 və 20.10-cu bəndlərində lizinq obyektinin satılması və ya yenidən lizinqə verilməsi zamanı yaranan fərqin lizinq alan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Bu normadan göründüyü kimi, lizinq verənin satışdan yaranmış fərqin tutulması tələbi yalnız o halda əsaslı hesab edilə bilər ki, lizinq obyektinin qalıq dəyəri dəqiq müəyyən edilsin; satışın bazar qiymətinə uyğunluğu sübuta yetirilsin; fərqin məhz cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində yarandığı əsaslandırılsın; lizinq verənin qənaət etdiyi xərclər nəzərə alınsın. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən lizinq obyektinin qalıq dəyərinin hesablanması mexanizmi, satış qiymətinin bazar dəyərinə uyğunluğunu təsdiq edən qiymətləndirmə sənədləri, habelə lizinq obyektinin geri götürülməsi zamanı vəziyyətini əks etdirən təhvil-təslim aktı təqdim edilməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq obyekti lizinq alan tərəfindən normal köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. Lakin lizinq obyektinin qaytarılması zamanı faktiki texniki vəziyyəti, amortizasiya səviyyəsi və həmin amillərin satış qiymətinə təsiri məhkəmə üçün aydınlaşdırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, lizinq obyektinin satışından yaranmış fərqin cavabdehdən tutulması tələbi Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə uyğun olaraq kifayət qədər əsaslandırılmamış və sübut olunmamışdır. Bu səbəbdən, lizinq obyektinin satışından yaranmış fərq məbləğinin cavabdehdən tutulması tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddia tələbinin “107,6 (yüz yeddi manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 31,74 (otuz bir manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat məbləğində əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində sığorta haqqı və 31,74 (otuz bir manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1205,86 (min iki yüz beş manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (yüz) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və 100 (yüz) manat hissəsi Cavabdeh tutularaq X2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 266,15 (iki yüz altmış altı manat on beş qəpik) manat məbləğində əsas borc, 336,77 (üç yüz otuz altı manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 571,2 (beş yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində sığorta haqqı və 31,74 (otuz bir manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1205,86 (min iki yüz beş manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (yüz) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və 100 (yüz) manat hissəsi Cavabdeh tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar