Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-74/2024 05.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, Maraqlı şəxsin iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 31 oktyabr 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 58916,86 (əlli səkkiz min doqquz yüz on altı manat, səksən altı qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 1986-cı il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə maraqlı şəxsin icra orqanının rəhbəri olduğu hüquqi şəxsin borclarının ödənilməməsi ilə əsaslandırılmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında maraqlı şəxs ərizədə qeyd olunan "xxxx" MMC barədə məlumatının olmadığını, xəbəri olmadan həmin şirkətin icra orqanının rəhbəri təyin edildiyini, bu məsələdən vergi orqanından borcunun olması barədə bildiriş gəldikdən sonra məlumatlı olduğunu, hazırkı vaxtadək hər hansı şəxsə etibarnamə əsasında səlahiyyətlərini ötürmədiyini, tanıdığı şəxslər arasında hüquqi şəxs sahibi olan kimsə olmadığını, məsələnin araşdırılması üçün Quba rayon prokurorluğuna müraciət etdiyini bildirmişdir. Maraqlı şəxs, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Elektron kabinet” vasitəsilə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizədəki imza ilə tanış olduqdan sonra bildirdi ki, ərizədə qeyd olunan imza onun tərəfindən icra olunmamış, həmin imza onun şəxsiyyət vəsiqəsindəki imzaya oxşadılaraq çəkilmişdir və məhkəmədən ərizədəki imzanın araşdırılmasını və iş üzrə müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin izahatını nəzərə alaraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi ödənişlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1986-cı il təvəllüdlü Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin 03 noyabr 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 58916,86 manat məbləğində vergi borcu vardır və ona həmin borcun ödənilməsinə dair ona xəbərdarlıq edilmişdir. Maraqlı şəxsin müraciəti nəzərə alınaraq Sumqayıt Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2-2(119)-1459/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2024-cü il tarixli 4/2027 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 07 mart 2023-cü il tarixli **********040900 nömrəli “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizənin 3-cü vərəqinin aşağı sağ hissəsində “15.4 rəhbər (qanuni təmsilçi və ya onun səlahiyyətli nümayəndəsinin imzası (imzaları)” qrafasında olan imza- Maraqlı şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC vergi öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2024-cü il tarixli 4/2027 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 124 manatdır. Hazırkı ərizə təmin olunduğundan aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaiti maraqlı şəxsdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 31 oktyabr 2023-cü il tarixinə hesablanmış 58916,86 (əlli səkkiz min doqquz yüz on altı manat, səksən altı qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri – xx xxxxxx 1986-cı ilil təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-74/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-74/2024
05.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver